Həbsxanada oğlu tərəfindən zorlanan qadın

Həbsxanada oğlu tərəfindən zorlanan qadın
12 oktyabr 2019
# 08:58

Kulis.az “Əsl kino” layihəsində Deni Vilnyovun “Alovlar” və Rodriqo Qarsiyanın “Qadın sirləri” filmlərini təqdim edir.

Kanadalı rejissor Deni Vilnyovun 2010-cu ildə ekranlara çıxan “Alovlar” filmi Fransa və Kanadanın birgə istehsalıdır.

Süjet: Hadisələr Kanadada başlayır. Əkizlər Janna (Melissa Dezormo Pulen) və Simon (Maksim Qodett) Naval (Lyubna Azabal) adlı qadının övladlarıdır. Naval uzun illər öncə vətəni Livanı tərk edərək Kanadada yerləşib. Navalın ölümündən sonra övladları qadının son vəsiyyətini yerinə yetirməlidirlər. Bacı və qardaş öldüyünü zənn etdikləri atasını və haqlarında heç vaxt eşitmədikləri qardaşlarını axtarmalıdırlar. Simon anasının vəsiyyətini yerinə yetirməkdən boyun qaçırır, amma bacısı Janna həqiqəti bilməkdə israrlıdır. Beləliklə o, anasının vətəninə yola düşür. Gənc qız anası haqda bilmədiyi tükürpədici həqiqətləri öyrənir. Məlum olur ki, anası nikahdankənar uşağa qalıb, uşağın atası onun qohumları tərəfindən öldürülüb və uşaq doğulanda anasından alınıb. Kənd bunu rəzalət kimi qəbul edib. Sonra Naval ali təhsil alır və ölkədə vətəndaş müharibəsi zamanı sağçı xristinalara qarşı mübarizə aparır. Oğlunu axtaran Naval onu tapa bilmir. Daha sonra o, sağçı xristianların liderini öldürməyə cəhd göstərir. Onu həbsə alaraq, işgəncə verirlər. O, həbsxanada işgəncələrə etiraz kimi nəğmə oxuduğundan “oxuyan qadın” adını qazanır. Həbsxanada zorlanan qadının əkizləri Janna və Simon doğulur. Məlum olur ki, Navalı zorlayan vaxtilə əlindən alınan oğluymuş...

Film Livan əsilli Kanada yazıçısı və teatr rejissoru Vacdi Muavadinin eyniadlı pyesi əsasında çəkilib və real hadisələrə əsaslanır. Naval Soha Beçaranın prototipidir. Livan vətəndaşı olan Beçara 1988-ci ildə Cənubi Livan ordusunun generalı, sağçı xristian siyasətçi Antuan Lahadı qətlə yetirməyə cəhd göstərir. O həbs olunur, işgəncələrə məruz qalır, 1998-cı ildə isə azad olunur. Hazırda Beçara İsveçrədə yaşayır, ərdədir və iki uşaq anasıdır.

Filmə gəlincə, təqdim olunan hadisə özlüyündə tükürpədici, dəhşətlidir. Amma rejissor əhvalatı sxematik göstərir, ona daha çox fakt səviyyəsində yanaşır, yozum vermir, personajların dəhşət zamanı yaşantısını, reaksiyasını vizual qatda araşdıra bilmir, uyğun təsvir həlləri əvəzinə, seriallarda istifadə olunan fəndlərə, planlara qaçır. Misalçün, Navalın çətin situasiyalardakı davranışını, övladlarının həqiqəti bildiyi anda reaksiyalarını sonadək işləyə, onları dolğun, bədii effektik estetik təsvirlərlə çatdıra bilmir. Sadəcə planı yarıda kəsərək, emosional energetikası olmayan klişe səhnələrə keçir. Üstəlik, Navalın müdiri olmuş Janın (Remi Jirar) onları himayəsi, xeyirxah adam obrazı nağıl fəndlərini xatırladır. Hadisələr iki zamanı indini və Navalın Livandakı mübarizəsi dövrünü əhatə edir. “Alovlar” Torontoda ən yaxşı film mükafatını alıb.

Kolumbiyalı rejissor Rodriqo Qarsiyanın “Qadın sirləri” Amerika istehsalıdır və film 2000-ci ildə Kann festivalında mükafata layiq görülüb.

Süjet: Film beş epizoddan ibarətdir. Proloqda polislər ispan qadını Karmenin (Elpidiya Karrilyo) intihar səbəblərini araşdırırlar. Polislərdən biri Ketidir (Emi Brenneman). Birinci epizodda Eleyn (Qlenn Klouz) qoca anası ilə yaşayır. O evinə baxıcı Kristinanı (Kalista Flokhart) dəvət edir. Kristina onun gələcəyini söyləyir. İkinci epizodda bank meneceri Rebekka (Holli Hanter) evli kişi ilə sevgilidir. Onun hamilə qalmasını sevgilisi soyuq qarşılayır. Abort düşüncəsi qadına əzab verir. Üçüncü epizodda uşaq kitablarının müəllifi Rouz (Keti Beyker) məktəbli oğlu ilə yaşayır. Onların yeni qonşusu Karlik Albertdir (Denni Vudbern). Rouz ona cazibədar gələn bu kişiylə tanışlığa can atır. Dördüncü epzioda Kristina ağır xəstə olan sevgilisi Lilinin (Valeriya Qolino) qayğısına qalır. Beşinci epizodda polis Ketinin kor bacısı Kerolla (Kameron Dias) yaşadığını görürük. Kerol bacısından fərqli olaraq daha aktiv həyat sürür. Keti həmin gün intihar hadisəsinin araşdırması zamanı tanış olduğu tibb ekspertiylə görüşə tələsir...

“Qadın sirrləri”nin maraqlı cəhəti odur ki, burda bütün hadisələr bir-birilə kəsişir və rejissor mövzunu həssaslıqla işləyir. Personajların hər biri ayrı-ayrı peşələrdə çalışsalar da tənhalıq, məyusluq onları birləşdirir.

Rodriqo Qarsiya məşhur yazıçı Qabriel Qarsiya Markesin oğludur. O, fəaliyyətə kinooperator kimi başlayıb. Amerikada yaşayan rejissor həm də prodüserdir.

# 7314 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #