Sizə həqiqəti deyəcəyəm: “Silahlar insanı öldürməz, amerikalılar insanı öldürər”. Çünki Birinci Dünyada kütləvi halda bunu edən sadəcə biz idik.
“Oskar” mükafatlı irland əsilli amerikalı rejissor, yazıçı və politoloq Maykl Murun Türkiyənin “Radikal” qəzetində yayımlanmış yazısını təqdim edirik.
Qabilin dəli olub Habili öldürməsindən bəri, səbəbli-səbəbsiz, müvəqqəti ya da əbədi olaraq ağlını itirərək qəddarlığa, zorakılığa əl atan insanlar var. Müasir zamanda odlu silah haqqında qanunlar nə qədər sərt olursa olsun, hər cəmiyyətdən kütləvi qətl törədən bir-iki dəli çıxır. Bu sonsuz siyahıya keçən cümə günü Amerika Birləşmiş Ştatlarının Denver şəhərinin Avrora qəsəbəsindəki qatil də əlavə olundu.
Ağlını itirmiş insanlar var və həmişə də olacaq. Dünya əhalisi ilə biz amerikalılar arasında bir fərq var. Bizdə hər ilin hər günü iki Avrora faciəsi baş verir. Silahlı insanlar tərəfindən hər gün ən azı 24 (ildə 8-9 min) amerikalı öldürülür. Üstəlik silahla ehtiyatsızlıq davranmaqla ölənlər ya da silahla intihar edənlər nəzərə alınmır. Onları da nəzərə alsaq, ölənlərin sayı üçə vurularaq 25 minə çatar.
Dünyanın ən firavan 23 ölkəsindəki silahlı ölümlərin yüzdə 80-indən çoxu ABŞ-ın günahkar olduğunu deməyə əsas verir. Bu ölkələrin xalqları da bizim kimi insan olduğuna, yəni bizdən daha yaxşı ya da pis olmadığına görə, biz niyə beləyik?
Amerikalılar niyə öldürür?
ABŞ-da həm mühafizəkarlar, həm də liberallar, bu sualın “niyə” hissəsinə dair sağlam ümidlər bəsləyirlər. İki tərəfin də öz qutularından çıxaraq gerçək həll yoluna çata bilməməsi, hər birinin yarımhaqlı olmasından qaynaqlanır. Sağ cinah, ölkənin qurucu liderlərinin, arzuolunduğu qədər çox silah sahibi olmağa dair mütləq bir hüququ olduğunu və bu hüququn ilahi bir qərarla əsaslandırmasına inanır. Və dayanmadan başınıza qaxırlar ki, silahlar öz-özünə işləməz, yəni “Silahlar insanları öldürməz, insanlar insanları öldürər”. ABŞ konstitusiyasının ikinci maddəsini əsas tutarkən, intellektual tərəfdən səmimi olmadıqlarını da əlbəttə ki, bilirlər. Konstitusiyanı yazan adamlar, britaniyalılar hücum edərsə deyə əkinçilərlə tacirlər arasından tələsik milis gücü yaradacaqlarından arxayın olmaq istiyərdilər.
Lakin “Silahlar insanları öldürməz” dediklərində tam haqlı deyillər. Mən şüarı azacıq dəyişərək sizə həqiqəti deyəcəyəm: “Silahlar insanı öldürməz, amerikalılar insanı öldürər”. Çünki Birinci Dünyada kütləvi halda bunu edən sadəcə biz idik. Bu vəziyyətə səbəb kimi zorakılıq filmlərini və video oyunlarını göstərirlər. Son araşdırmamda, Yaponiyadakı film və video oyunları bizimkilərdən daha qanlı idi, ancaq Yaponiyada ildə 20-dən az adam silahla öldürülür. Hətta 2006-ci ildə bu say sadəcə 2 nəfərdir! Bu qədər qətllərə, ailələrin parçalanmasının səbəb olduğunu deyənlər də var. Bu haqda sizi xəbərdar etməyə nifrət edirəm, amma Britaniyada övladını tək böyüdən valideynlərin sayı ABŞ-dakı qədərdir, amma Britaniyada hər il silahla öldürülən adamların sayı 40 nəfərdən azdır.
Baş verənlərin həmişə ABŞ-ın silahlı adamlar, “kovboylar və hindular”, “Əvvəl vur, sonra soruş” mədəniyyəti və tarixinə sahib olmasının nəticəsi olduğunu söyləyən mənim kimi adamlar da var. Yerli amerikalıları soyqırım etmənin, üzərində ölkə qurmaq üçün çirkin bir bünövrənin təşkil etdiyi doğrudusa da, qanlı keçmişi olan və ya soyqırım edən təkcə biz deyilik.
Salam Almaniya! Bəli, sizdən və hunlardan nasistlərə qədər qırğın etməyi sevən tarixinizdən bəhs edirəm (Yaponlar və yüzlərcə il dünyanı idarə edən, çobanyastığı yetişdirməyi bacarmadıqları ortada olan britaniyalılar da eynən belə olub). Amma 80 milyon əhalisi olan Almaniyada, ildə 200-ə qədər silahlı cinayət baş verir.
Liberal yoldaşlarım sizə deyəcəklər ki, daha az silahımız olsaydı, silahlı ölüm az olardı. Riyazi hesablama ilə bu doğrudur. Su şəbəkəsində daha az arsenik olarsa, daha az insan ölər. Pis olan hər şeyin (kalorilər, siqaret, televiziya) azı daha az adam öldürər. Və bizim də avtomatik və yarıavtomatik silahlara maneələr yaradan, sürüsünə bərəkətli mərmi verən böyük jurnalların satışını qadağan edən güclü silah haqda qanunlarımız olsa, Avroradakı kimi silahlı təcavüzkarlar sadəcə bir neçə dəqiqədə bu qədər çox adamı öldürə bilməz.
Kanadada, başda ov tüfəngi olmaqla bir xeyli silah var. Lakin Kanadada ildə 200 silahlı cinayət baş verir. Əslində coğrafi yaxınlığa görə Kanadanın mədəniyyəti bizim mədəniyyətə çox bənzəyir - uşaqlar zorakılıqla dolu olan video oyunları oynayır, eyni filmləri və televiziya proqramlarını izləyir, amma bir-birlərini öldürmək üçün böyümürlər. Yer üzündə adam başına ən çox silah düşən ölkələr siyahısında İsveçrə üçüncü sıradadır, ancaq orada da cinayət fazi aşağıdır. Bəs o zaman niyə biz?
10 il əvvəl “Bowling for Columbine” (Göyərçin üçün bovlinq) filmimdə insanlara bu sualı ünvanlamışdım. Bu dəfə deyəcəyim elə bir şey yoxdu, çünki deyəcəyim hər şeyi 10 il əvvəl söylədim və elə bir işə yaramadı, film cildində kristal kürə halına gəlməkdən başqa…
İşğalın mübtəlasıyıq!
O zaman bunu demişdim və indi də deyirəm: Biz amerikalılar yaxşı qatillərik. Məqsədimizə çatmağın yeganə yolu kimi öldürməyə üstünlük veririk. Əyalətlərimizin dörddə üçü günahkarları edam edir, amma cinayət sayının aşağı olduğu yerlər əsasən ölüm cəzasının olmadığı əyalətlərdir.
Bizim cinayətlərimiz tarixdə (hinduların, qulların qətl edilməsi və vətəndaş müharibəsində bir-birimizi öldürməyimiz) qalmayıb. Xarici siyasətdə işğal faktoru: Bu gün Əfqanıstan və İraqı, əslində “vəhşi Qərb”i fəth etdiyimizdən bəri işğalçıyıq. O qədər işğalın mübtəlası olduq ki, haranı işğal edəcəyimizi (Bin Laden Əfqanıstanda yox, Pakistanda gizlənirdi) və ya nə üçün işğal etdiyimizi (Səddamın kütləvi qırğın silahı və 11 sentyabrla heç bir əlaqəsi yox idi) belə bilmirik. Aşağı siniflərimizi öldürməyə göndəririk və orada sevdiyimiz biri yoxdursa, bir gün, bir dəqiqə belə tökülən qanları düşünmürük. İndi də Las Vegasın qəsəbəsindəki havalandırma otağında məchul adamlar tərəfindən idarə edilən pilotsuz təyyarələri öldürməyə göndəririk. Bu dəlilikdir.
Qorxaq insanlarıq və bizi qorxuyla manipulyasiya etmək rahatdır. Evimizdə 300 milyon silaha sahib olmağımızı şərtləndirəcək qədər çox qorxduğumuz şey nədir? Kimin bizə ziyan vuracağını düşünürük? Niyə bu silahların çoxu ağlar yaşayan qəsəbələrdə və çöl evlərində olur? Bəlkə irqi və yoxsulluq problemimizi həll etməliyik (bu məsələlərdə yenə sənayeləşmiş dünyanın bir nömrəsiyik), bəlkə ondan sonra daha az məğlub olmuş, daha az qorxmuş, daha az hiddətli insanlar olarıq. Bəlkə də bir-birimizi daha çox düşünməliyik. Avrora və vətəndaşı olduğum şiddət dolu ölkəylə bağlı düşüncələrim ancaq bunlardır.
Tərcümə etdi:
“Biz amerikalılar yaxşı qatillərik”
2 avqust 2012
11:00
1951 dəfə oxunub
Oxşar xəbərlər
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik
09:15
11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı
10:12
10 dekabr 2024
“Boni” filminin təqdimatı keçirildi
18:40
9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq
09:15
5 dekabr 2024