Bred Pittin təhqir olunduğu film

Bred Pittin təhqir olunduğu film
15 iyun 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Koen qardaşlarının “Oxuyandan sonra yandır” və Xuan Pablo Rebelya, Pablo Ştolun “Viski” filmlərini təqdim edir.

Amerikalı Coel və İtan Koen qardaşlarının “Oxuyandan sonra yandır” filminin premyerası 2008-ci ildə Venesiya festivalında baş tutub. Böyük Britaniya, Fransa və Amerika istehsalı olan film qara komediya janrındadır.

Süjet: Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Osborn Koks (Con Malkoviç) vəzifəsindən azad olunur. Bununla razılaşmayan Koksla rəhbərlik arasında gərgin mübahisə baş verir və o, burdakı fəaliyyəti barədə memuar yazmağa qərara alır. Onun arvadı Keti (Tilda Suinton) ərinə dövlət xəzinədarlığında işləyən Harri (Corc Kluni) ilə xəyanət edir. Keti ərindən boşanmağı düşünür. Onun memuarları olan diski oğurlayır və düşünür ki, orada Koksun bank hesabları var. Ketinin boşanma prosesi ilə məşğul olan vəkilinin katibəsi həmin diski idman zalında itirir. Disk məşqçi Çedin (Bredd Pitt) əlinə keçir. Çed və onun o qədər gənc olmayan həmkarı Linda (Frensis Makdormand) düşünürlər ki, diskdə mühüm dövlət sirləri var. Lindaya plastik əməliyyata xeyli pul lazım olur və o, lazım olan məbləği əldə etmək üçün Çedlə birlikdə Koksu şantaj edirlər. Ki, diskin müqabilində onlara pul ödəsin. Koks onların təklifindən imtina edəndə dostlar diski Rusiya səfirliyinə təqdim etməyi qərara alırlar...

Image result for Burn After Reading film

“Oxuyandan sonra yandır” Koen qardaşlarının ən maraqlı ekran işlərindən biridir və bu filmi indiyədək izləməyənlərə tövsiyə edirəm. Rejissor qardaşlar ilk baxışdan bir-birilə əlaqəsi olmayan, məntiqsiz görünən hadisələri yüksək sənətkarlıqla vahid süjetin içində qurub. Özlərinin ənənəvi satirik üslub və manerasına sadiq qalan Koen qardaşları ciddi hadisələri absurdlaşdıraraq, personajları gerizəkalı, axmaq səviyyəsində səciyyələndirir, xaotik atmosfer yaradır, kolliziyalarla dolu əhvalat qururlar. Misalçün, Koksun arvadı Harri ilə eşq macərası yaşayır, arvadbaz Harri isə eyni zamanda Koksu şantaj edən Linda ilə sevgili olur. Lindanın dostu Çedi Harri Koksun evində bilmədən öldürür. Harrinin uşaq yazıçısı olan arvadı detektiv tutaraq ərini izlətdirir. Qadının özünün isə məşuqu var. MKİ-də rəhbər vəzifəli şəxslərdən biri problemin böyüməməsi üçün Çedin qatilinin qaçmasına imkan yaradır. Və Lindanın susması üçün plastik əməliyyatının pulunu ödəyirlər. Qətl, qətlə cəhdlər tragikomik effekt doğurur.

Koen qardaşlarının bir rejissor kimi önəmli cəhətlərindən biri Corc Kluni, Bred Pitt kimi tamaşaçı təsəvvüründə daha çox seksual, qəhrəman, ciddi obrazların yaradıcısı olan ifaçıları “sındırmalarıdır”. Yəni burada Kluni gözüqıpıq, paranoyalı, Pitt yüngülxasiyyət, maymaq adam obrazlarını yaradır. Hətta Pitt bu barədə deyir: “Mənə deyəndə ki, bu rol xüsusi olaraq mənim üçün yazılıb, bilmədim, zövq alım yoxsa özümü təhqir olunmuş sayım”.

Dünya kinosunun ulduzlarından biri Con Malkoviç bu haqda deyir:

“Bu filmdə yaxşı adamlar yoxdur. Bəziləri çox emosionaldır, bəzilərinin isə başında nəsə qaydasında deyil”.

Filmdə rəğbət doğuran heç bir obrazın olmaması tənqidçilərin sərt reaksiyasına səbəb olub. Rejissor qardaşlar insanlara lovğa münasibətə, Svift sayağı mizantropiyaya görə tənqid edilib.

Koen qardaşlarının sözlərinə görə filmin ssenarisini Born (döyüş film seriyası) haqda casus trilleri ruhunda yazıblar.

***

Uruqvay rejissorları Xuan Pablo Rebelya və Pablo Ştolun 2004-cü ildə lentə aldıqları “Viski” filmi förd olkənin (Uruqvay, İspaniya, Argentina və Almaniya) birgə istehsalı sayəsində ərsəyə gəlib.

Film Tokio kinofestivalında Qran Pri alıb və Kann festivalında mükafata layiq görülüb.

Süjet: Milliyətcə yəhudi olan Hakobo (Andres Pasos) özünəqapanıq, 50 yaşlı bir kişidir. Onun corab istehsal edən kiçik fabriki var. Köməkçisi Marta (Mirelya Paskul) da onun kimi qaradinməzdir.

Hakobo anasının ölümünün ildöndümündə Martadan xahiş edir ki, qardaşı German (Xorxe Bolani) gələndə onun mənzilində bir neçə gün qalsın və onlar özlərini evliymiş kimi göstərsinlər. Anaları xəstə olanda German Braziliyaya köçür, burda özünə yaxşı karyera qurur, böyük corab fabriki açır. Bu müddətdə isə Hakobo anasına tək baxır. Germandan incik olan Hakobo qardaşının onun evli olmadığını, iş həyatında uğur qazanmadığını bilməsini istəmir.

Qardaşlar uzun illərdən sonra soyuq görüşür. German münasibətləri isitməyə çalışsa da, Hakobo ünsiyyətə can atmır, əvəzində Marta ilə German arasında daha çox səmimiyyət yaranır. Və German günah hissini yumaq üçün qardaşına xeyli pul verir...

Filmin adının “Viski” adlandırması onunla bağlıdır ki, Marta ilə Hakobo ailə fotosu çəkdirəndə gülümsəmək üçün “viski” sözünü deyir.

Əhvalatın əsas teması doğma adamlar arasında əlaqələrin qırılması, yadlaşma və ailə institutundakı böhrandır. Böyük şəhərlərdə yaşam tərzi, spesifik problemlər, karyera quruculuğu, intensiv işlə insanların yüklənməsi münasibətlərin qırılmasında rol oynayır. Rejissor vizual nəqlində soyuqluğu, həyatın monotonluğunu təkrar məişət kadrlarında, eyni rakurslarda verir, az dialoqdan istifadə edir.

# 2439 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #