Fahişələr də xoşbəxt ola bilər

Fahişələr də xoşbəxt ola bilər
3 avqust 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Bertran Blienin “Mənim kişim” və Nanni Morettinin “Oğlumun otağı” filmlərini təqdim edir.

Fransız rejissoru Bertran Blienin 1996-cı ildə Berlin kinofestivalında nümayiş olunan “Mənim kişim” filminin baş rol ifaçısı Anuk Qrinberq bu ifasına görə “Gümüş Ayı” mükafatını alıb.

Süjet: Filmin qəhrəmanı Mari Arbat (Anuk Qrinberq) adlı fahişədir. O fahişəliyə sevgisini satmaq, zövq kimi baxır. Onun üçün eybəcər kişi mövcud deyil. İlk epizodda barda əyləşən Mari eleqant görünüşlü bir qadınla rastlaşır. O, peşəsinə eyham edərək qadına “siz mənə nifrət edirsiz” sualını verəndə, qadın kişilərə çoxdan məyus olduğunu deyir. Fahişəliyin poetik-fəlsəfi tərəfləri olduğunu iddia edən Marinin mühazirəsi qadını da bədənini satmağa razı salır.

Yaşlı bir kişinin səhhətində problem olduğundan Mari onun qarşısında təbii ehtiyacını ödəməklə, zövq verməyə çalışır. Başqa bir epizodda isə onu orqazma çatdıran kişidən pul almır. Sonra o, küçədə yaşayan Janonu (Jerar Lanven) evə gətirir. Ona yardım edir, qayğısına qalır. Və Janodan xahiş edir ki, onun sutenyoru olsun. Jano onun hesabına pul qazanır, hətta özünə sevgili də tapır. Mari isə bu xəyanəti qəbul edə bilmir...

Bertran Blienin yaradıcılığına absurd teatrının və sürrealizmin təsiri böyükdür. O, bir qayda olaraq, vəziyyəti absurda çatdırır, buna görə nəqlində gerçəkliklə qeyri-reallıq arasında sərhəd itir.

“Mənim kişim” filmində müəllif kişi və qadın münasibətlərini araşdırır. Burda bütün personajların ehtiyac duyduğu tək şey təmənnasız sevgi, qayğı, nəvazişdir. Digər filmlərində olduğu kimi Blie bu əhvalatında da gözlənilməz absurd situasiyalar yaradır. Amma onun absurdizmi həyatın içindən, zərurətdən doğur. Mislaçün, Janonun xəyanətinə dözməyən Mari küçədə tanımadığı kişiyə yaxınlaşaraq ondan iki uşaq doğmaq istədiyini deyir.

Bəzi kino tənqidçilər “Mənim kişim”i fahişəlik peşəsində qadının qurban olması fikrini inkar edən film kimi dəyərləndiriblər. Yəni burada Mari azad qadındır, o, seçimində də azaddır. Onu buna kimsə məcbur etməyib, o, bədənini könüllü satır, hətta sevdiyi kişini özünə sutenyor seçir. Rejissorun əsas mesajlarından biri budur ki, fahişələr də xoşbəxt ola bilər.

***

İtalyan rejissoru Nanni Morettinin “Oğlumun otağı” filmi 2001-ci ildə Kann festivalında “Qızıl palma budağı”na layiq görülüb.

Süjet: Əsas qəhrəman psixoanalitik Covanni (Nanni Moretti) ailəsi ilə rahat bir həyat sürür. Ailənin rahatlığını oğulları Andreanın (Cüzeppe Sanfeliçe) bədbəxt hadisə nəticəsində ölümü pozur. Ana, qızı və ata itmiş harmoniyanı tapmağa çalışır. Covanni anlayır ki, artıq nəsə etmək mümkün deyil. Ailə yaşamaq üçün həyatda yenidən məna tapmağa, ayaqda durmağa çalışır...

“Oğlumun otağı” müasir kinonun nə təsirli və gözəl nümunələrindən biridir. Film çox vacib məsələləri əks etdirir: biz bəzən və ya çox vaxt doğma insanlarımızın yanında lazımi anlarda ola, onları duya, dərindən hiss edə bilmirik, cismən yaxın olsaq da aramızda ruhən böyük məsafə dayanır. Yalnız onun itkisi ilə rastlaşanda səhvlərimizi dərk edirik. Müəllifin diqqətə çatdırmaq istədiyi digər məsələ isə budur: itkiylə necə davranmalı, öhdəsindən necə gəlməli?

Psixoloji problemləri olan insanlara yardım edən Covanni özü ağır ruhi duruma düşür və ondan çıxış yolu tapmaqda çətinlik çəkir. Və film daha bir mühüm məsələyə diqqət çəkir: nəzəriyyə və həyat təcrübəsi arasındakı uçurum... İtkiylə barışa bilməyən ata oğluya münasibətlərini analiz edir, həyatına yenidən nəzər salır, nəyin düz, nəyin səhv olduğunu anlamağa çalışır. Çünki Andreanın ölümünədək ata ilə oğul arasında bəzi anlaşılmazlıqlar baş vermişdi. Məktəbdə Andreanı oğurluqda günahkar biləndə onların arasında anlaşılmazlıq dərinləşmişdi. Bu və digər səbəblərdən ata oğul qarşısında bir günah hissi duyur və anlayır ki, zamanı geri qaytarmaq mümkün deyil.

Faciə təkcə onun şəxsi yox, peşəkar fəaliyyətində də böhrana səbəb olur. Üstəlik, ailədaxili böhran yaranır, ər-arvad arasında münasibətlər dramatikləşir və hamı ağrını adlamağa çalışır.

Günlərin birində ailə oğlunun rəfiqəsi Ariannadan (Sofiya Vilyar) məktub alır. Arianna onun öldüyündən xəbərsizdir. Ailə Ariannanı evə dəvət edir, onunla tanış olur və oğullarının təsəllisini onda tapırlar.

Moretti ağrını, faciəni gərilmiş hisslərin səssizliyində verir. Bu isə filmi daha həssas və səmimi edir.

Ümumiyyətlə isə, Morettinin filmlərində adətən faciə komediya ilə yanaşıdır, onun personajları tez-tez ekssentrik situasiyalarda təsvir olunur. Bu xüsusiyyətlərinə görə onu İtaliyanın “Vudi Allen”i adlandırırlar.

# 5695 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #