Seksə nifrət edən quldur

Seksə nifrət edən quldur
22 fevral 2014
# 09:00

Kulis.az "Baxılası 50 film" layihəsi çərçivəsində Amerika rejissoru Stenli Kubrikin "Portağal mexanizmi" filmini təqdim edir.

Amerika rejissoru Stenli Kubrikin (1928-1999) hər filmi öz yaradıcılığında yeni mərhələdir.

XX əsrin əhəmiyyətli, novator rejissorlarından sayılan Kubrikin vizual üslubuna alman rejissoru Maks Ophülsün təsiri böyük olub. Rejissorluğa sənədli filmlərlə başlayan Kubrik çoxlu qısa filmlər çəksə də, onların əksəriyyəti itirilib.

Onun “Qətl” filmi yenilik baxımından (sənədlərdən istifadə, xronologiyada qarışıqlıq) nuar janrının ən yaxşı filmlərindən sayılır.

“Spartak” dramı kommersiya baxımından uğur qazandı və 4 Oskar aldı.

1962-ci ildə rejissor “Lolita”nı ekranlaşdırmaq üçün İngiltərəyə gəlir. Çünki Amerikadan fərqli olaraq, İngiltərədə senzura daha yumşaq idi.

O vaxtlar V.Nabokovun romanı əxlaqsız sayıldığından Kubrik anlayırdı ki, film yaşlı kişi ilə qız arasındakı seksual münasibətləri qabartmamalıdır. Rejissor yazıçıdan əsəri adaptə etməyi istəyir. Amma son versiyanı özü yazır, personajların seksual münasibətini publikanın qəbul edə biləcəyi hala gətirir. İctimai mübahisələr doğuran “Lolita”nı kino-tənqidçilərin bir qismi zəif, bir qismi cəsarətli saydı.

“Kosmik Odissey” kino-fantastika janrının inkişafında mühüm rol oynadı. Müəllif intellektə heyvan və insan arasında yeganə sərhəd kimi baxır, humanizmi texnologiyaya qarşı qoyurdu.

“Geniş bağlanmış gözlərlə” dramı Kubrikin son filmi oldu. Seksual səhnələrin çoxluğu səbəbindən film mübahisələr doğurdu. Buna görə də Amerika və Kanadada bəzi səhnələr montaj edildi.

“Baxılası 50 film” layihəsində Kubrikin qalmaqallı ekran işlərindən biri “Portağal mexanizmi”ni (və ya “Mexaniki portağal”) təqdim edəcəyik.

Süjeti: Filmin əsas personajı klassik musiqini sevən yeniyetmə Aleksdir. O, dəstəsi ilə birlikdə zorakılıq törədir, qarət edir, bunlardan həzz alır. Yaşlı qadına qarşı törətdiyi amansızlığa görə həbs olunur. Aleksə eksperimental müalicəyə razılıq verəcəyi təqdirdə azad olunacağına söz verilir.

Bu texnikanın əsas məqsədi onun aqressiya cəhdini azaltmaq idi. Müalicə nəticəsində Aleksdə seksə və zorakılığa şərti nifrət refleksi yaranır, ürəyi bulanır, hətta intihar eləmək istəyir.

Müqavimət vərdişini itirən Aleksi texnologiya bir növ robota çevirir, o, klassik musiqiyə də nifrət edir, həbsdən çıxandan sonra özünü müdafiə edə bilmir, vərdişlərini itirir.

Evə qayıdan Aleksdən valideynləri də imtina edir. Keçmiş dəstəsi onu döyür.

Və intihar cəhdindən sonra hakimiyyət ona siyasi oyunlarında iştirak etməyi təklif edir.

İngilis yazıçısı Entoni Berdcessin eyni adlı romanı əsasında çəkilən film cəmiyyətdəki zorakılığı araşdırır, totalitar cəmiyyətlərin insanları nəzarətdə saxlamaq üçün robota çevirdiyini göstərir.

“Kosmik Odissey”də olduğu kimi Kubrik burda da klassik kompozisiyalardan istifadə edib. Musiqi zorakılığı, xaosu müşayiət edir və amansız səhnələr natural çəkilib.

Maraqlı faktlar:

- Kubrik filmə daxil olmayan fraqmentləri məhv edib. Nümayişdən sonra Böyük Britaniyada onu zorakılıqda ittiham etdilər, ölümlə hədələdilər, bundan sonra Kubrik filmi prokatdan qaldırmağa məcbur oldu. Qadağa 1999-cu ildə götürüldü.

- Filmdən sonra yeniyetmələr qəhrəmanları təqlid edərək cinayət aktları törətdilər.

- Çəkiliş zamanı Aleks (Malkolm Makdauell) rolunun ifaçısı travma alıb, hətta görmə qabiliyyətini də müvəqqəti itirib.

- Bu romanı italyan rejissoru pornorejissor Tinto Brass da çəkmək istəyib. O, kitabdakı erotik səhnələri ekrana gətirmək istəyirdi.

- Kubrik Patrik Zyüskindin “Ətriyyatçı” romanının ekranlaşdırmaq istəsə də, sonradan fikrindən daşınıb. Roman ekranlaşdırmaya uyğun gəlmirdi. Hərçənd, əsər 2006-cı ildə alman rejissoru Tom Tıkver tərəfindən ekranlaşdırıldı.

- Kubrik foto sənəti ilə də məşğul olurdu və tez-tez çəkiliş meydanında şahmat oynayırdı.

- Rejissor çəkilişdən qabaq işlədiyi mövzuları dərindən araşdırırdı. Ölümündən sonra evində yüzlərlə araşdırması tapılıb.

- Kubrik Umberto Ekonun “Fuko kəfkiri” romanını ekranlaşdırmaq istəyirdi. Amma Eko “Qızılgülün adı” romanının ekranizasiyasından razı qalmadığı üçün imtina edib. Kubrikin ölümündən sonra Eko ona rədd cavabı verdiyi üçün peşman olduğunu demişdi.

Filmə burdan baxa bilərsiz:

http://tfilm.tv/7180-zavodnoy-apelsin.html

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 6897 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
“Bahar”da iki yeni sima

“Bahar”da iki yeni sima

10:02 29 noyabr 2024
# # #