Tağıyev ingilis jurnalistə nə demişdi? - 100 illik sirr

Tağıyev ingilis jurnalistə nə demişdi? - 100 illik sirr
19 noyabr 2024
# 09:00

Kulis.az Günel Mehrinin Azərbaycan milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev: Neft" filmi haqqında yazısını təqdim edir.

…1924-cü il, Azərbaycan… Payız günüdür. Bakıda izdiham yaşanır... Ayağı yer tutan, əli çörək tutan hər kəs Bakının ən ucqar yerlərindən onunla vidalaşmağa gəlir. Dövrünün tanınmış siması Hacı Zeynalabdin Tağıyevi son mənzilə yola salmaq üçün...

...2024-cü il, Azərbaycan... Nə az, nə çox, düz yüz il ötüb aradan. Yenə də payız günüdür. Yenə də izdiham var. Və yenə də böyük insan seli Tağıyevi deyib gəlir. Bütün dövrlərin tanınmış şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevi böyük ekranda izləmək üçün...

Bəs, görəsən, niyə bu gün də müasir azərbaycanlılar onun xatirəsini ehtiramla yad edirlər? Kim idi Tağıyev? Sadə bir əməkçi ailəsində doğulmuş, özünü, varidatını əzmi və zəhməti nəticəsində sıfırdan yaratmış bir insan idi o. Dövrünün nüfuzlu xeyriyyəçisi kimi tanınan Hacı yüzlərlə insanın çörəklə, işlə, təhsillə təmin olunmasına şərait yaratmışdı.

Ölkəmizdə neft sənayesinin inkişafına, qəzet çapına, Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda açılmasına, Bakı-Şollar su kəmərinin tikintisinə və daha nələrə təkan verən Tağıyev təkcə mesenat, xeyriyyəçi deyildi, həm də Azərbaycanın ictimai-siyasi həyatında danılmaz rolu olan parlaq şəxsiyyət idi.

İllər öncə eşitmişdim ki, Bakı Media Mərkəzi Tağıyev haqqında film çəkir. Qəhrəman mənə məlum şəxsiyyət olduğundan bu xəbər diqqətimi çəkmişdi. Nəhayət, ilk nümayiş oktyabrın beşində bir çox dövlət adamı, eləcə də filmin baş prodüseri Arzu Əliyevanın iştirakı ilə Heydər Əliyev Mərkəzində baş tutdu. Noyabrın yeddisində də bir çox sənət adamı, kinosevər kinoteatrda Tağıyevin işığına toplaşıb. Mən də onların arasındayam. Burada olan hər kəs kimi, illərdir kitablardan, sənədli filmlərdən tanıdığım, rəğbət bəslədiyim şəxsiyyət haqqında çəkilmiş “Tağıyev:Neft” filmini izləmək üçün səbirsizlənirəm. Tağıyevin böyük portreti kinoteatrın foyesindəki divarlardan boylanaraq gələn qonaqları əzmlə, vüqarla salamlayır.

Mən onun portretinə baxa-baxa düşünürəm ki, görəsən, filmin müəllifləri nə dərəcədə səmimi, canayaxın bir obraz yarada biliblər?.. Tağıyevin şüurumuzda formalaşmış sanballı surətinə nə dərəcədə yaxınlaşa biliblər? Axı bu insanın həyatı dramaturji baxımdan o qədər dolu-dolu, o qədər keşməkeşli keçib ki... Bu qədər materialı bir neçə bölümə sığışdırmaq əlbət ki, asan deyil. Özü də nəzərə alsaq ki, söhbət tamamilə başqa zaman kəsiyindən, indi bizə yad olan bir mühitdən gedir. Müəlliflərin boynuna nəinki qəhrəmanını, həm də onun var olduğu dövrü araşdırmaq kimi önəmli bir vəzifə düşür. Tarixi romanları yazmaq bu baxımdan daha əlverişlidir. Yazar obrazının rəngarəng təsvir həllərini rahatlıqla təqdim edə bilir. Amma böyük ekranda obrazların təbii alınması tək ssenaristdən deyil, həm də və daha çox rejissordan və aktyorlardan asılıdır.

Bütün bu səbəblərdən ötrü tarixi qəhrəmandan film çəkmək böyük məsuliyyət və cəsarət tələb edir. Dünya kinematoqrafiyasından azmı tarixi filmlər izləmişik ki, roman versiyası uğurlu, ekran həlli isə bir o qədər uğusuz olub... Bir sözlə, bütün bu gərgin zəhmətin nəticəsi, tamaşaçının bədii və sənədli kitablardan ona məlum olan qəhrəmanı böyük ekranda qəbul etməyinə bağlıdır. Çünki o, izlədiyi obraza inanmalıdır, hətta sevməlidir, kitablardan tanıdığı, sevdiyi kimi...

Nəhayət, hər kəs nümayiş zalında öz yerini tutdu. Nümayişdən öncə filmin prodüseri Orman Əliyev çıxışında vurğuladı ki, bu filmlə bağlı ilk ideya beş il öncə yaranıb. Filmin rejissoru Zaur Qasımlı ilə söhbət əsasında danışıblar ki, Hacı Zeynalabdin Tağıyev haqqında bədii film çəkmək çox maraqlı olardı. Amma heç kimə sirr deyil ki, bədii film, özü də tarixi mövzuda olan bədii film çəkmək üçün böyük maliyyə tələb olunur. Və nə xoş ki, bir müddət sonra film üçün lazım olan maliyyə dəstəyi tapıldı.

Beləliklə, böyük həyəcanla və istəklə dörd hissəli “Tağıyev” bədii filminin istehsalına başlanılır. Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunur. Və nəhayət, “Tağıyev:Neft” adlanan ilk bölüm böyük tamaşaçı kütləsinin ixtiyarına verilir.

İşıqlar söndü. Hacı Zeynalabdin Tağıyevin siması böyük ekrandan bizə gülümsəyirdi. Amma bu səbirli təbəssümün arxasında böyük bir inad, əzm və fədakarlıq dururdu. Tağıyevin yaşlı vaxtını canlandıran Xalq artisti Qurban İsmayılov da, gənclik dövrünü oynayan Xalq artisti Pərviz Məmmədrzayev də qəhrəmanın yaşadığı çətin həyat yolunu sadə və səmimi ştrixlərlə çatdıra bilirdilər. Şəxsən mən filmin bədii keyfiyyətini və uğurunu ilk növbədə səmimiyyətə bağlayıram.

Obrazlar da, mühit də pafosdan uzaq, həqiqi idi. Elə Tağıyevin özü kimi. Düzdür, tarixi filmin əsasında fundamental araşdırma, böyük maliyyə vəsaiti və gərgin zəhmət olur, amma film səmimi alınmasa, bütün bunlar nəticəsiz qalardı.

Filmin süjet xətti gənc amerikalı jurnalistlə artıq yaşlanmış və Sovet ölkəsinin qanunlarına görə yaşamağa məcbur olan keçmiş milyonçu Tağıyevin söhbəti əsasında qurulub. Hacı bu gəncə bir vaxtlar neft quyusunu tapmaq üçün nə cür fədakarlıqlardan keçdiyini nəql edir. Sən demə, milyonlara aparan yol kənardan göründüyü qədər sadə və rahat olmayıb!..

Bu axtarışlar zamanı beş il keçir və bu müddət ərzində tamaşaçı Hacının ailə həyatını, eləcə də o dövrün mühitini izləmiş olur. Bu baxımdan filmin dramaturgiyası yavaş-yavaş inkişaf edərək neftin qəfil fontan vurması ilə yekunlaşır. Filmin ən təsirli səhnələri ata-oğul arasında olan dialoqlarda açılır. Bu baxımdan Tağıyevin oğlunu canlandıran uşaq obrazı yaddaqalan idi.

Həmçinin, Əməkdar artistlər Elşən Rüstəmov, Rasim Cəfər, Natəvan Hacıyeva, aktyorlar Manaf Süleymanov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı və digərləri maraqlı obrazlar sərgiləyirdilər.

Film sonlandıqda yaradıcı heyətin təqdimatda iştirak edən qismi alqışların müşayiəti ilə səhnəyə çıxdı. Yeri gəlmişkən, filmin baş prodüseri Bakı Media Mərkəzinin təsisçisi Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Təqdimatda diqqətimi çəkən məqamlardan biri də Tağıyevin xələflərinin zalda bizimlə birlikdə filmi izləməsi oldu. Əminəm ki, onlar da ulu babalarının böyük ekrandakı surətindən təsirlənmişdilər.

Əlbət ki, mən nə tarixçiyəm, nə də kino tənqidçisi. Qoy filmdə açıqlanan faktlardan, filmin çəkiliş keyfiyyətlərindən onlar söz açsınlar. Amma kino sənayesinin panoramasını mütamadi olaraq izləyən bir qələm adamı kimi demək istəyirəm ki, tariximizə biganə olmayan hər kəs bu filmi izləməlidir. Çünki bu ekran əsəri tək Tağıyevi işıqlandırmayıb. Azərbaycan kino sektoruna əhəmiyyətli bir aydınlatma gətirib. Azərbaycan tarixi filmlərinə yeni bir rakurs sərgiləyib.

Artıq biz dünya kinosundakı dəyərli tarixi filmlər haqqında ağızdolusu danışdığımız kimi, öz kinomuzdan da sitat gətirə bilərik. Çünki “Tağıyev:Neft” filmi dramaturgiyasına və çəkiliş xüsusiyyətlərinə görə həm uğurlu, həm də keyfiyyətli alınıb. Zalda əyləşənlərin emosinal vəziyyətini diqqətlə izlədiyimə görə deyə bilərəm ki, tamaşaçılar böyük ekrandakı Tağıyev obrazına həm inandılar, həm də təsirləndilər.

Yeri gəlmişkən, film noyabrın yeddisindən etibarən bütün kinoteatrlarda nümayiş olunur. Mən isə indidən filmin növbəti bölümlərini həyəcanla gözləyirəm. Və yazımın sonunda bu zövqlü işə, Tağıyev şəxsiyyətinə layiq bu əməyə görə bütün yaradıcı heyəti təbrik etmək istəyirəm. Tarixi yaşatmaq məsuliyyətli və önəmli bir missiyadır. Tariximizi yaşadanlara eşq olsun!

# 2173 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #