Əri onun sevgilisini qəbul edirdi... - “Həyatı film olanlar”

Əri onun sevgilisini qəbul edirdi... - “Həyatı film olanlar”
11 yanvar 2020
# 09:01

Kulis.az “Həyatı film olanlar” layihəsində Amerika və rus yazıçısı, filosofu, obyektivizm fəlsəfi sisteminin yaradıcısı Ayn Rend haqqında Kristofer Menolun çəkdiyi “Ayn Rendin gizli ehtirası” filmini təqdim edir

Amerika və rus yazıçısı, filosofu, obyektivizm fəlsəfi sisteminin yaradıcısı Ayn Rend (1905-1982) Sankt Peterburqda yəhudi əsilli əczaçının ailəsində doğulub. Əsl adı Alisa Rozenbaum olan yazıçının 12 yaşı olanda hakimiyyətə bolşeviklər gəlir. Ailəyə məxsus olan mülkiyyət əllərindən alınır və onlar Krıma köçürlər. Ayn Petroqrad Universitetində sosial pedaqogikanı oxuyur, 1926-cı ildə isə Amerikaya daşınır. Pul qazanmaq üçün Hollivudda müxtəlif işlərdə çalışır. Daha sonra ssenarilər yazan Ayn aktyor Frenk O Konnora ərə gedir. 1936-cı ildə Sovet İttifaqındakı durumu anladan, totalitar sistemə qarşı mübarizədən bəhs edən “Biz canlıyıq” romanı çıxır. Əsər soyuq qarşılanır və ona maraq göstərilmir.

İkinci romanı “Bulağın mənbəyi” (1943) isə ona şöhrət gətirir. Bestsellərə çevrilən bu roman Amerika ədəbiyyatının ən məşhur əsərlərindən biridir. Əsərin əsas ideyası odur ki, eqosu parlaq olan yaradıcı adamlar proqressin əsas hərəkətverici qüvvəsidir.

Gallery

Müəyyən müddətdən sonra Ayn Los-Ancelesdən Nyu-Yorka köçür və ətrafını ona heyranlıq duyan, evində tez-tez onu ziyarət edən pərəstişkarlarla əhatə edir. Onlar zarafatla özlərini “kollektiv” adlandırırdılar. “Atlant silkindi” (1957) romanı Rendin yaradıcılığında ən vacib əsər sayılır. Əsas ideyası budur ki, dünya istedadlı, tənha yaradıcı adamların üzərində dayanır və müəllif onları yunan mifologiyasında səmanı çiyinlərində saxlayan titan Atlantla müqayisə edir.

Bu romandan sonra Rend fəlsəfi kitablar yazır, öz fəlsəfi baxışlarını inkişaf etdirir və yayır. Möhkəm siqaret çəkən Rend 1974-cü ildə ağciyər xərçəngindən əməliyyat olunur. Yaşlandıqca, xüsusilə əri 1979-cu ildə vəfat edəndən sonra o, fəaliyyətini məhdudlaşdırır. 1982-ci ilin martında isə ürək tutmasından vəfat edir.

Ayn Rendin obyektiv fəlsəfəsinin əsasında nə dayanırdı? Əslində Rend fəlsəfi ideyaları haqda ilk dəfə “Bulağın mənbəyi” və “Atlant silkindi“ kult romanlarında danışıb.

Gallery

O, ağlı biliklərin əldə edilməsinin yeganə mənbəyi sayırdı, dini və inamı inkar edirdi. Ayna görə reallığı dərk edən, yaşamaq üçün əsas vasitə ağıldır. Rasional eqoizmin mahiyyətində hər subyektin şəxsi maraqlarının istənilən mənafedən - istər ictimai, istər başqa subyektin marağından üstün tutması dayanır. Bu ideyanın tərəfdarları iddia edir ki, öz mənafeyini başqalarının mənafeyindən yüksəyə qoymaq eqoizmdən çox, öz məninin böyüdülməsidir. Yəni rasional eqoizm öz maraqlarınla, istəklərinlə yaşamaq bacarığıdır və bu halda sənin maraqların digərlərinin maraqları ilə ziddiyyət təşkil etmir.

Alturizmi isə Ayn rədd edirdi. O, hansısa səbəbə görə insanların bir-birinə təmənnasız yardımını inkar etmirdi, amma insanların başqaları - istər fərd, istərsə də cəmiyyət üçün yaşamalı olduğunu iddia edən və buna çalışan bütün əxlaqi sistemlərə qarşı çıxırdı. Yəni insan başqasının məqsədinə çatması üçün vasitə olmamalıdır. O, özü üçün yaşamalıdır, özünü qurban verməməlidir, başqalarını da öz məqsədlərinə qurban etməməlidir. Aynın yozumunda eqoizm öz mənafeyinin qayğısına qalmaqdır. Uğur qazanmaq üçün fərd birinci növbədə özünü sevməlidir. O, özünə hörmət etməlidir. Onun fikrincə, özünü qurban vermək insanı qurban obyektinə çevirir. İnsan qurbana çevriləndə həyatından narazı olur və bu, aqressiya yaradır. Sağlam həyat yaşamaq üçün o, öz maraqlarının qayğısına qalmalıdır. Rend düşünürdü ki, əgər siz həyat keyfiyyətinizi yaxşılaşdırmaq üçün məsuliyyət daşıyırsınızsa, nəinki məhsuldar işləyəcəksiniz, həm də günahı başqasında axtarmayacaqsınız.

Rasional individualizmi kollektivçiliyə qarşı qoyan yazıçıya görə insan sivilizasiyası — məqsədinə can atan yaradıcıların əməyinin nəticəsidir. Yaradıcı insan ancaq özünün bacarığı və istedadı hesabına yaşamalıdır. Rendin individualist olmasında bolşeviklərin hakimiyyəti dövründə ölkəni bürüyən kollektivizm də rol oynamışdı: “Mən artıq onda individualist idim”.

Gallery

Rendin dediyinə görə, Aristotel onun dünyagörüşünə böyük təsir edib. Onun Aristotel, Akvinli Foma və klassik liberallardan başqa digər filosoflara münasibəti mənfiydi.

Rend azad rəqabət üzərində qurulmuş kapitalizmi ideal siyasi iqtisadi sistem sayırdı. Bu sistemə əsasən fərdlər bir-biri ilə müqavilə bağlayır, amma ağa və kölə kimi yox, tacir kimi. Bu elə bir sistemdir ki, bir fərd başqasının sərvətini fiziki güc hesabına ala bilməz. O, kapitalist bazarının və ticarət sahəsindəki qarşılıqlı əlaqələrin yaxşı cəmiyyətin qurulması üçün yetərli olduğuna inanırdı. Rend dövlətin iqtisadiyyata müdaxiləsinin əleyhinə idi və minimal dövlətçiliyin tərəfdarıydı. Onun fikrincə, dövlət vətəndaşları istər kənardan, istər daxildən gələn aqressiyalardan qorumaq, qanunları təmin etmək üçün vacibdir. Dövlət polis qismində olmalı, şəxsin haqlarını müdafiə etməlidir. Kapitalizmdə iqtisadiyyat dövlətdən ayrı olmalıdır, necə ki din dövlətdən ayrıdır.

Akademik çevrələdə Rendin fəlsəfinə etinasız yanaşırdılar. Bununla belə Rendin fəlsəfəsi libertarianizm hərəkatına dərin təsir göstərib. Amerikada Libertarian partiyasının əsasını qoyanlardan biri Devid Nolana görə Ayn Rendsiz libertarianizm mövcud olmazdı.

Ayn Rend haqda Britaniya rejissoru Kristofer Menol 1999- cu ildə ”Ayn Rendin gizli ehtirası”nı çəkir. Əhvalat Aynla (Helen Mirren) onun tələbəsi Nataniel Branden (Erik Stolts) arasındakı eşq macərası üzərində qurulub. Paralel xətdə Aynın ideyalarının, konsepsiyasının müzakirəsi yer alıb.

Gallery

Rend Brandeni özünün intellektual varisi sayırdı və onun özünə hörmət hissi ideyasının yayılması Brandenin sayəsində baş verdi. 1969-cu ildə Brandenin mövzuyla bağlı kitabı yayımlanır. Onun fikrincə, özünü dəyərləndirmə insanın düşüncəsinə, hisslərinə, məqsədinə təsir edir. O, Ayndan 25 yaş kiçik idi. Aynın təklifi ilə onlar münasibətləri haqda əri (Piter Fonda) və Brendenin arvadı Barbaranı (Juli Delpi) məlumatlandırırlar. Və Ayn məcbur edir ki, hər ikisi onların sevgi romanı ilə razılaşsın. Amma bu, eyni zamanda heç birinin evliliyinə xələl gətirməməliydi.

Əhvalat isə Ayn Rendin dəfn mərasimi ilə başlayır. Fleşbəklə onun sevgi hekayəsinə qayıdılır. Rejissor onu vurğulayır ki, Aynın fəlsəfi prinsipləri özəl həyatındakı davranışı ilə həmişə uyğun gəlmir. Misal üçün, Aynın kitabına tənqidçilər soyuq münasibət göstərəndə, o, depressiyaya düşür. Bununla da göstərir ki, özünə olan dəyəri almaq üçün əslində o, başqalarının fikrindən asılıdır. Halbuki, bu, onun özünə hörmət, özünə sevgi ideyası ilə uyuşmur.

Bundan başqa Brandenin ona hissləri öləndə, və Branden Patrisiyaya (Sibil Temçin) aşiq olanda (sonda Branden onunla evlənir), Ayn onların öz eqosunu, mənafeyini ondan yüksəyə qoymasını qəbul edə bilmir.

Gallery

Rend öz qənaətlərinin ancaq məntiqin məhsulu olduğunu düşünürdü. O, emosiyaların düşüncəyə təsir etməsini qəbul etmirdi. Özü isə tərk ediləndə emosiyalarına hakim ola bilmir, Brandeni şillələyir: “Sən məni rədd etdin? Məni rədd etməyə sənin necə cəsarətin çata bilər?”. Üstəlik, ictimai şəkildə onu satqın adlandırır, yalandan bəzi pis davranışlarda, maliyyə maxinasiyalarında, “öz şəxsi həyatında irrasional davranış”da ittiham edir.

Filmin bir epizodunda isə ərinin yeni sevgisini çətinliklə qəbul edən Barbaraya Ayn sərt reaksiya verir, onu zəiflikdə günahlandırır. Branden onu tərk edəndə isə Barbaranın qucağında hönkürür, özünü ələ ala bilmir.

Ərinin məşuqəsi olmasına rəğmən, Barbara Rendin yaxın rəfiqəsi, ideyalarının dəstkələyicisi idi. Final səhnələrindən birində Barbara Rendi tərk edəndə, onun üzündə rahatlıq, məmnunluq oxunur. Bu, həm də Barbaranın Rendin psixoloji əsarətindən, ideyalarından qurtulması anlamına gəlir.

“Ayn Rendin gizli ehtirası” Barbara Brandenin eyni adlı bioqrafik əsəri əsasında ekranlaşdırılıb.

...Ayn Rendin yaradıcılığını Kaliforniyada yerləşən Ayn Rend İnstitutu öyrənir.

# 4675 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #