"O arıq, uzun tənqidçi var e, Sevda..." - 40-dan sonra qadınlarda nə baş verir?

"O arıq, uzun tənqidçi var e, Sevda..." - 40-dan sonra qadınlarda nə baş verir?
6 yanvar 2025
# 16:00


Kulis.az Ağa Cəfərlinin “40+dan sonra”kı çəki və rekord” yazısını təqdim edir.

Görkəmli tənqidçi Aydın Məmmədov yazıçı Anarla söhbətində deyir ki, “Adamlar vә ağaclar” sizin nәslin gücünü dә, gücsüzlüyünü dә özündә cәmlәşdirirdi; Әkrəm Әylisli sonrakı әsәrlәrindә һәr dәfә bu әsәrdәn gәlәn eyni poetikaya, eyni mövzuya qayıtdıqca, bәzi dönəmlәrdә özünü tәkrar elәdikcә artıq ilkin yeniləşmә dә özündәn uzaqlaşmağa başladı...

Anar bu fikirlə razılaşmır. Deyir, Әkrәm “Adamlar vә ağaclar”dan sonra “Kür qırağının meşәlәri” povestini, “Ürәk yaman şeydir” һekayәsini yazdı və mәn bu әsәrlәri Әylisli yaradıcılığının inkişafı sayıram.

Aydın Məmmədov cavabında bildirir ki, bax, “Adamlar vә ağaclar”la “Ağ liman” Әkrәmlә sizin qaldıra bilәcәyiniz әn ağır çәkiniz, rekordunuz oldu: “Kür qırağının meşәlәri”, “Macal” vә s. әsәrlәr dә һәmin çәkidәdir. Mәncә, yeni rekord çәkisinә tәbii bir eһtiyac var”.

Mən Əkrəm Əylislidən müsahibə alanda Aydın Məmmədovun fikirləri haqqında da sual vermişdim. O isə demişdi ki, Aydın Məmmədov elə adamlardan idi ki, onun yazdığı hər söz mənim üçün qiymətliydi, Aydın ədəbiyyatı gözəl bilirdi, onun savadına, estetik zövqünə, dil duyğusuna söz ola bilməzdi…

***

Elə bu dəm Sevda Sultanovadan mesaj gəldi. Məni “40-dan sonra” filminin premyerasına dəvət edirdi. Aydın Məmmədovun bu söhbətlərinin havasında düşündüm ki, görən, film necə alınıb, dostların faydalı iş əmsalı artıbmı, irəli gedə biliblərmi, eyni poetikaya, təxminən, eyni mövzuya qayıtmayıblar ki? Yeni rekord çəkisini qaldıra biliblərmi?

“40-dan sonra…” rejissor Saida Haqverdiyevanın aparıcı rolda qadınların olduğu üçüncü filmidir. “Parkda” tamaşasında da lokomotiv qadınlardır.

***

“40-dan sonra” filminin giriş səhnəsindəki “darısallıq” bir az “ürəyimi sıxdı”. Operatorun əl-qolunun bu qədər bağlanması, bəlkə də, doğru yanaşma deyildi. Otağın içərisində quraşdırılmış kamera qapının ağzında dayanmış avtomobili göstərir, filmin qəhrəmanı avtomobildən düşür və içəri daxil olur. Mənə elə gəldi ki, sanki kimsə söhbətə giriş vermədən hansısa sual verdi. Elə bu dəm biz o sualı eşitdik: “Çiçək, burdasan?”

Beləliklə də, əsas hadisələrin baş verəcəyi otağa daxil olduq. Sonrakı proseslər göstərir ki, ümumiyyətlə, “darısqallıq” bütün filmdə var, yəni hadisələr dar məkanda cərəyan edir və bu mənada giriş hissəsindəki “darısqallıq” filmin məzmun və mahiyyəti ilə ziddiyyət təşkil etmir, əksinə planlar bir-birini tamamlayır.

Amma mən yenə də öz fikrimdə qalıram ki, daha yaxşı, daha effektli ab-hava, əhval-ruhiyyə yaratmaq üçün giriş səhnəsini uzun planlarla işləmək olardı.

***

Filmdə qəhrəmanımız problemləri sadalayanda bu ardıcıllıqdan istifadə edir: maşının krediti, uşaqların təhsil haqqı, atamın xəstəliyi. Halbuki ardıcıllıq bu cür olmalı idi: atamın xəstəliyi, uşaqların təhsil haqqı, maşının krediti. Adam maşının kreditini atasının xəstəliyindən önə qoyur, bu isə özünü ideal hesab edən, “bu dünyada məndən yaxşısı yoxdur” deyən aktrisamızın xarakteri, mənəvi keyfiyyətləri ilə bağlı şübhələr yaradır. Atalarımız “dil çaşar düzünü deyər” söyləyirdilər, əslində, bu deyimin dərin psixoloji əsasları olmamış deyil. Adamın avtomobil krediti beyində atanın xəstəliyindən öndə olmasa bu şəkildə də dilə gəlməz, biz də avtomobili insan həyatından önəmli tutan aktrisamızın mənəvi keyfiyyətləri barədə şübhəyə düşmərik.

***

Atanın xəstəliyinə, uşaqların təhsilə haqqına, maşının kreditinə qədər bizdə elə təəssürat yaranmışdı ki, bu evdə ancaq iki qadın yaşayır. Onlar danışdıqca, dərdlərini söylədikcə kədərin dozası artırdı. Ata, uşaq söhbətinin ortaya çıxması kədərin dozasını bir xeyli azaltdı, başa düşdük ki, qadın tək deyilmiş. Əslində, atanın xəstəliyi, uşaqların təhsil haqqı məsələsi vəziyyəti daha da dramatikləşdirmək üçün ortaya atılmışdı, amma arzuolunan nəticə əldə edilmədi. Dramatiklik azaldı.

Əlbəttə, mütləq hansısa formada göstərmək lazım idi ki, aktrisamız milyoner deyil, onun kastinqdən keçməməyi ciddi problemlər yaradır. Amma bu problemi əşhədi-ehtiyac olmayan, ümumi xətlə yollaşmayan ata, uşaqlar, avtomobil formatından fərqli həll etmək olardı. Onsuz da hamının pula ehtiyacı var: kasıbın da qadasın alım, varlının da.

Aktrisa deyir ki, onun ilk rolu “Anna Karenina” olub. Adamı birbaşa baş rola çəkirlər? Nə “gözəl”, çox pakizə… Doğrudur, deyirlər, Azərbaycan teatrında vəziyyət ürəkaçan deyil, amma durum o qədər acınacaqlıdırmı ki, yetirincə təcrübəsi olmayan adama “Anna Karenina” rolunu etibar edirlər? Əgər belədirsə, deməyə sözüm yoxdur. Mən isə başqa versiyanın üzərində dayanıram. Filmdə gördüyümüz qəhrəman, indi başqalarını ədalətsiz seçimə görə ittiham edən obraz özü də süddən çıxmış ağ qaşıq deyil, o da nə vaxtsa ədalətsiz yanaşmanın nəticəsi olaraq teatrın pilləkənlərini çox sürətlə qalxıb, indi isə yaşı keçdiyinə görə ona ehtiyac qalmayıb.

***

Kiçik qüsurlara görə filmə qiymət verilməyinin tərəfdarı deyiləm: indiyəcən yüz filmdə operatorun şüşəyə əksi düşüb, yüz filmdə də “olmamağı” əvəzinə “olmağı” gedib. Filmə bu cür qüsurlara görə qiymət vermək naşılıqdır, amma elə ciddi məqamlar olur ki, bu filmin keyfiyyətinə təsir göstərə bilər və biz yuxarıda bu məqamlardan danışmağa çalışdıq, bir tamaşaçı kimi…

***

Filmin rejissoru Saida Haqverdiyeva hər zaman aktual mövzular tapmağı, işləməyi bacarır, bu mənada “40-dan sonra…” istisna deyil. Bu gün təkcə aktirsalar deyil, başqa sahənin adamları da 40-dan sonra iş tapmaqda, uğur qazanmaqda çətinik çəkirlər. Əslində, belə görünür ki, həmişə bu problem olub. Yoxsa babalarımız nahaq yerə deməzdilər ki, yeni ay doğulanda köhnə ayı doğrayıb ulduz edirlər. Babalarımızın bu qənaətə gəlməsində nə qədər qəribə görünsə də, arıların da rolu var. Pətəkdə yeni ana arı doğulanda köhnə ana arı yuvanı tərk edir. Köhnə ana arıya qoşulan başqa arılar da olur və onlar yeni yuva yaradılar. Xalq arasında buna “beçə vermək” deyirlər.

40-dan sonra ilə bağlı istisnalar həmişə var, amma bu, ümumi mənzərəni dəyişdirmir. Saida məhz “40-dan sonra sindromu” ilə üzləşən aktirsanın daxili gərginliklərini dialoq vasitəsilə üzə çıxarmağa çalışır və bu işin öhdəsindən gələ bilir.

Zümrüd Qasımovanın ustalığı, rejissor aktyor vəhdəti xarakterin bütün çılpaqlığı ilə üzə çıxmasına şərait yaradır.

Zümrüd Qasımova tamaşalarda oynasa da, kinoda ona yetərincə şans verilməyib. Onu kinoya gətirən şəxs Saida Haqverdiyevadır. Zümrüdün Saidanın filmlərindəki uğurlu performansı rejissorun uğurlu fəaliyyəti kimi qiymətləndirilə, daha yaxşı işlərin xəbərçisi sayıla bilər.

İki şəxsin dialoqu bizi əvvələ aparır, biz keçmişi və hardasa gələcəyi görürük. Ancaq aktrisanın daha dərin yaralarını, iztirablarını, ağrılarını dialoqun olmadığı səhnədə görürük. Baş qəhrəmanın özünü döyməsi səhnəsində… İztirabın, xarakterin dərinliyinin sözsüz-söhbətsiz göstərilməsi təbii rejissorun uğurudur və təsadüfü deyil ki, bu səhnə tamaşaçıların da böyük rəğbətini qazandı.

Filmdə tamaşaçıların rəğbətini qazanan səhnələrdən biri də filmin ssenari müəlliflərindən birinin adının çəkildiyi səhnə oldu. “O arıq, uzun tənqidçi var e, Sevda, səni görüm, onun dilinə düşəsən” replikasını tamaşaçılar alqışlara qarşıladı.

Filmin ssenaristlərdən birinin özü ilə yüngülvarı zarafatı, doğrudan da, yaxşı alınmışdı. Alqışlar sonrakı replikaların eşidilməsinə mane oldu, sonradan dəqiqləşdirdim ki, o replikalardan biri belə imiş: “onu görüm, sosial şəbəkələrdə linç olunsun”. Dövrümüzün acı reallığının belə ironik və parlaq təqdimatı…

***

Filmdə keçmiş aktrisa rolunu canlandıran Gülçöhrə Abdullayevanı hansısa tamaşada yəqin ki, görmüşəm, amma filmdə ilk dəfədir görürdüm və deyim ki, istedadlı, potensiallı xanım təsiri bağışladı. Filmin uğurunda onun da böyük rolu var.

****

Filmin baş qəhrəmanı özünü mükəmməl qadın hesab edir. Amma filmdəki dialoqlardan da hiss olunur və əslində, dəqiq belədir ki, aktrisamız atelofobiyadan əziyyət çəkir. Yəni mükəmməl olmamaqdan və ya ola bilməməkdən qorxur. Bir çox hallarda fobiyaların səbəbi nə vaxtsa yaşanmış acı təcrübələrdir. Belədirsə, aydındır ki, qəhrəmanımız da ola bilsin, hansısa acı təcrübə ilə üzləşib, ona onun yox, başqasının yaxşı olduğunu deyiblər, adi bir sözün uşaqda hansısa travma yarada biləcəyini heç düşünməyiblər də. Nə bilək, obrazın uşaqlığına getsəydik, özümüz üçün müəyyən nəticələr hasil edə bilərdik. Amma gedə bilmirik, çünki film qısametrajlıdır.

***

Yeri gəlmişkən, film şəxsi və məhdud büdcə ilə, dövlət dəstəyi olmadan çəkilib. Adamlar məhdud büdcə ilə bəşəri mesajlar verməyə çalışıblar. Ümumi götürəndə, yaxşı bir iş ortaya çıxıb. Belə layihələrə maddi dəstək olmağa çalışan insanlara təşəkkürün yeri var. Filmin prodüsseri Kəmalə Nəhmətova da bu mənada təşəkkürə layiq insanlardandır.

***

Saida Haqverdiyanın başqa filmləri kimi bu film də xoş əhval-ruhiyyə ilə yekunlaşır. Çünki Saidanın içində hər şeyin yaxşı olacağına böyük bir ümid var. Hətta 40-dan sonra da. Ola bilsin ki, hətta özünün problemləri, mənəvi ağrıları var. Amma içindəki işığı öləziməyə qoymur. O, ən ağır vəziyyətdə də, təyyarənin ağır qəzaya uğrayacağını bilsə də, mütləq Hökumə kimi deyəcək: “Hər şey yaxşı olacaq”.

***

Titrlər yazılanda qulağımıza səslər gəlir. Kadrarxası səslərdən belə başa düşülür ki, aktrisalar pullarını vaxtlı-vaxtında ala bilməyiblər. Film festivala gedəcəkmiş, mükafat qazanandan sonra hardansa pullar gələcəkmiş, yaradıcı heyətin zəhmət haqqı da bundan sonra veriləcəkmiş. Kədərli görünsə də, filmin sonundakı pozitiv əhval-ruhiyyəni pozmayan bu epizod Azərbaycan kinosunun müasir durumuna, rejissorlara ironiyadır. Saidanın bu gedşini çox bəyəndim.

***

Söhbətin əvvəlinə qayıtsam, səmimi şəkildə deyə bilərəm ki: yeni çəkiniz, yeni rekordunuz mübarəkdir.

# 1518 dəfə oxunub

Oxşar xəbərlər

AKİ ingilis dili kursu layihəsinə qəbul elan edir

AKİ ingilis dili kursu layihəsinə qəbul elan edir

17:40 7 yanvar 2025
“Sanki yoxsan”  filmi beynəlxalq festivallarda

“Sanki yoxsan” filmi beynəlxalq festivallarda

11:33 7 yanvar 2025
82-ci “Qızıl qlobus” mükafatları kimlərə qismət olub?

82-ci “Qızıl qlobus” mükafatları kimlərə qismət olub?

10:20 7 yanvar 2025
Onlar bir serialda baş rolda oynayacaqlar

Onlar bir serialda baş rolda oynayacaqlar

09:36 7 yanvar 2025
Engin "Vikinq kralı" olacaq

Engin "Vikinq kralı" olacaq

09:13 7 yanvar 2025
Oktay Kaynarca yeni seriala çəkilir

Oktay Kaynarca yeni seriala çəkilir

16:32 6 yanvar 2025
# # #