Əlixan niyə “Oscar” almır?

Əlixan Rəcəbov, videoblogger, aktyor

Əlixan Rəcəbov, videoblogger, aktyor

21 noyabr 2021
# 12:30

Yazının “Bismillah” hissəsində oxucuya, özümə və elə kinotənqidçi Sevda xanıma bir sualım var: ümumiyyətlə, Sevda xanım Əlixandan hansı peformansı gözləyir?

Amma gəlin biz bunu ritorik sual kimi qəbul edək, ya da elə mövzu ikən özümüz bu sual ətrafında bir az gəzinək.

Əslində, Sevda xanımın sonuncu yazısına kimi hər şey qaydasında idi. Çünki bura qədərki yazılarda Sevda xanım Əlixandan gözləntilərini müəyyən mənada çərçivələndirirdi.

Məsələn, “Pulun çaşdırdığı Əlixan” yazısında Sevda xanım elə girişdəcə son bir neçə ildə dünyada işıq sürəti ilə yayılan və bizlərdən nəinki yan ötməyən, az qala, hər evdən nümayəndə çıxaran “vine” anlayışını izah eləməyə çalışır.

Üstəlik, Əlixanın aktyor və rejissor təhsili olmamasının da altını cızan Sevda xanım, bir növ, Əlixanın yalnız eləyə biləcəklərini analiz etdiyinə işarə edir.

Kəsəsi, Sevda xanım Əlixanın “viner, blogger, yoxsa rejissor” üçbucağında birincinin tərəfində ola biləcəyinin siqnalını vermiş olsa da, sonradan onu “rejissor adlandırmaq olar”la daha çox tənqid edə biləcəyinin yerini edir. Hansı ki yazıda bu cümlə var: “Əlixanın çəkdiyi məhsullar getdikcə vayn, vlog formatından çıxaraq bədii kinoya iddia edir”. Burada məntiqi vurğu birmənalı olaraq “getdikcə” sözünün üzərindədir.

Əlixanın KVN lüğətini, demək olar ki, hər yazıda qabardan və bundan məmnun görünməyən Sevda xanım haqlı olaraq aktyor oyunundan da şikayətçidir.

Məsələn, aşağıdakı təhlil “Faberje” filmi haqqında olan yazıdandır:

“Çünki onun aktyor kimi problemi personajının dilini, leksikonunu, plastikasını tapa bilməməsidir. Və ənənəvi KVN lüğətinin, intonasiyasının (“Necə bir şey istəyirsiz? Menyüdə nə var” tipli) əsirliyindən qurtula bilmir”. Sevda xanımın icazəsi ilə bura kiçik bir əlavəni də mən edim: “Tipik qaqa obrazı” da Əlixanın yaxasını buraxmır.

Sonuncu yazıda isə artıq Əlixan rejissor kimi tənqid olunur (Artıq “getdikcə” ifadəsi məntiqi həllini tapıb, ya yox sualı araşdırılır). Daha doğrusu, işinin öhdəsindən gələ bilməyən rejissor kimi.

Sevda xanım Əlixanın “Youtube filmləri”ni rejissor çək-çevirinə salmaqla yetinməyib onu hətta Stiven Soderberqin “Traffik” filmi ilə də müqayisə edir. Bax mənim yazının girişində verdiyim sualın yaranması səbəbi də məhz budur. Ki, məgər, Sevda xanım Əlixandan Soderberq performansımı gözləməlidirmi? Və gözləyirsə, bu nə dərəcədə haqlı gözləntidir ki?

Düzdür, Sevda xanım müqayisəyə girişi “bu iki filmi müqayisə eləmək qüsurludur” verməklə, bir növ, özünü sığortalamış olsa da, onun Əlixan və video çarxları üzərindəki təhlili birbaşa sözügedən gözlətinin qarşılanmamasından doğan tənqiddir.

Sevda xanım Əlixanın digər “film”lərindən danışarkən müəllifin lentə aldıqlarını “bütün hallarda sənət yox, media formatında film məhsuludur. Onlar o səbəbdən sənət meyarlarına cavab vermir ki, kinematoqrafik estetika gözə dəymir” – deyə şərh edirsə, bəs bu gözlənti niyə var?

Söhbət Əlixanın rejissor potensialından gedirsə, Sevda xanım Əlixanın potensialına mütləq şəkildə bələddir. Əlixan Rəcəbov sözügedən tənqid və təhlillərin altından çıxacaq bir rejissor olsaydı, onun imzası “Qaqanın gündəliyi”, “Razablaçonnu məhəbbət” kimi çarxların altında olmazdı. Bu “Youtube çarxları” sırf sözügedən mövzunun birbaşa əlaqədar olduğu kütləyə hesablanır ki, onların da Hollywood təfəkküründə filmə ehtiyacları yoxdur. Çünki Əlixan onlara istədiklərini verə bilir – özlərini göstərir.

“Əlixan həm də ona görə baxılır ki, cəmiyyətin əsəb nöqtələrinə basmağı bacarır” deyən Sevda xanım fikrində birmənalı şəkildə haqlıdır. “Patı”, “qaqa söhbətləri”, “qız tutma variantları” və bu kimi müəyyən dövrlər üçün aktual olan mövzular Əlixanın daha çox müraciət elədiyi “qaqa” obrazı üçün xammaldır ki, o da bunları tamaşaçıya rahatlıqla yedizdirə bilir.

Mənim tamaşaçı nəzərimə qalanda Əlixan nə aktyor, nə də rejissor kimi istəniləni verir (Və bundan daha artığını onsuz da gözləmirəm). Əlixanın indiyə kimi ən yaxşı performansı “Kəklikotu” kinokomediyasında olub ki, orada da “gül kimi meydan” olmasına rəğmən, hər şeyin şitini çıxarıb. Yəni Əlixan orada belə, az qala, öyrəşdiyi “qaqa” obrazını xatırladır, o obrazdan çıxa bilmir.

Bütün bu bilinənlərin fonunda, maraqlıdır, Sevda xanım Əlixanı “Oscar” almadığı üçün nə vaxt tənqid edəcək?

# 4923 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #