Dünyaya səs salacaq "Proyekt2602": "Biz qalib ölkənin dünya səviyyəli filmini çəkmək istəyirik"

Dünyaya səs salacaq "Proyekt2602":  "Biz qalib ölkənin dünya səviyyəli filmini çəkmək istəyirik"
28 oktyabr 2023
# 12:10

Kulis.az "Proyekt2602" filminin ssenari müəllifi və rejissoru Rafiq Hacıyevlə müsahibəni təqdim edir.

"1992-1993-cü illərdə "Ulduz müharibələri" filmini izləmişdim. Sonradan filmlərə həvəsim yarandı. Ümumiyyətlə, ölkəmizdə kino inkişafdan qalıb. Təzə - təzə irəliləyir. Rejissor Stiven Spilberq, Ceyms Kemeron, Kristofer Nolan tərzini həmişə çox bəyənmişəm. Elə bir film çəkmək istəyirdim ki, xüsusi bir mesaj ötürsün. Daha müasir, hər kəsin bəyənəcəyi məhsul ortaya qoyulsun..."

"Proyekt2602" filminin ssenari müəllifi R.Hacıyevlə yanaşı həm də ssenarist, aktyor Kənan Yusifdir. Müsahibim Kənan Yusiflə bir-birilərini yaxşı başa düşdüklərini söyləyir:

– İdeya bir-iki il ərzində formalaşdı. Ssenarist axtarmağa başlamışdım. Kənan Yusiflə tanış olduq.

– Kənanın hansı işləri sizi cəlb etmişdi?

– Heç bir işi. Mən sadəcə görüşdüyüm ssenaristlərlə müzakirə aparırdım. Mənim fikirlərimlə uzlaşan ssenarist axtarışında idim. Təbii, çox gözəl ssenaristlərimiz var. Amma hamı ilə işləmək olmur. Çünki tərəflər arasında əlaqə, isti münasibət yaranmalıdır.

– Ssenari necə ərsəyə gəldi?

– 5 il ssenarinin üzərində işlədik. Bu cür ssenarilərin yazılması uzun müddət tələb edir. Pandemiya dönəmində Raul Silaya adlı prodüser Azərbaycanda idi. Hollivuddandır, əsli Meksikalıdır. Dostum, aktyor Zaur Şəfiyev onun barəsində danışırdı. Belə bir adam var deyəndə, onun Hollivuddan olduğuna inanmırdım. Raulla görüşdük. Gördüm ki, həqiqətən deyildiyi kimidir. Hollivudda 20 ildən çoxdur ki böyük layihələr üzərində çalışıb. Hətta Stiven Spilberq, Leanardo Di Kapriyo, Tom Henks və digər xarici ulduzlarla bir yerdə çalışıb. Ssenarimizi ona da göstərdik. Bəzi məsləhətlər verdi. Texniki məsələlərlə bağlı düzəlişlərə kömək edəcəyini söylədi. 8 aya yaxın ssenarinin üzərində birlikdə çalışdıq, daha da təkmilləşdirdik və beləcə Raul filmimizin prodüserinə çevrildi. Sonra Raul söylədi ki, bu, artıq əsl Hollivud ssenarisinə bənzəyir.

– Xarici prodüserlə işləmək də bir avantajdır...


– Əlbəttə. Raulla birlikdə büdcəni də hazırladıq. Fors -major hallar daxil bütün nüanslar nəzərə almışıq. Elə prodüsser var ki, sırf maliyyə tapır, eləsi də var, filmin dünya standartlarına cavab verməsinə şərait yaradır. Raulun da əlaqələri genişdir. Hər şey münasibət üzərində qurulub. Onu da qeyd edim ki, filmin ssenarisi Amerikanın “Metro-Goldwyn-Mayer”və “Rocket Content” kimi şirkətlər tərəfindən müsbət rəy alıb. Həmçinin, Oskara namizəd, Bafta və Emmy mükafatların sahibi olan, Henri Hyuz(Henry Hughes) adlı amerikalı ssenarist-rejissor da ssenarimiz ilə tanış olub, çox müsbət rəy bildirib. Bunları instaqram səhifəmizdə tezliklə paylaşacağıq.

– Filmin mahiyyəti nədən ibarətdir?

– "Proyekt2602" məhz Xocalı soyqırımından bəhs etmir. Film bir insanın - Ramilin hekayəsinin üzərində qurulub. Amma o Xocalıdandır. Avtomatik Xocalıdan da söz açmış oluruq. O , zaman maşını üzərində işləyir. Xocalı hadisələrinə qayıdıb anasını xilas etmək istəyir. Filmi izləyən xarici vətəndaş istər - istəməz "Xocalı" yazıb “Google”də axtarışa vurub maraqlanacaqlar.

– Xocalı hadisələri ilə bağlı bir çox sosial çarxlar, filmlər çəkilib. "Proyekt2602" digər filmlərdən nə ilə fərqlənir?

– Düzdü, bu istiqamətdə işlər görülüb. Amma xaricilər üçün problemi qışqırsaq, heç kim qulaq asmayacaq. Artıq belə istiqamət işləmir. Hər bir problemi dünyaya çatdırmağın bədii həlli mövcuddur. Problemi birbaşa göstərməməliyik. Tutalım, mən sizə söyləyirəm ki, gəlin, filan yerə baxaq, çox gözəldir. Onda gedib baxmaq istəmirsiz. Amma biri də var, mən sizi heç yerə çağırmıram. Deyirəm, orada çox maraqlı bir şey var. Özünüz durub baxmağa gedəcəksiz. Struktur bunun üzərində qurulub. Məsələn, "Notre-Dame de Paris" əsəri olmasaydı, bəlkə də, indi onun mövcudluğundan məlumatsız idim. Belə sənət əsərləri bizə bilmədən informasiya ötürür.

– İnsanlar filmə baxanda özü də bilmədən baş verənləri "yeməlidir"...

– Təbii ki. Həm də diqqət çəkməlidir. İnsanlar birbaşa mesajlarıartıq birmənalı qarşılamırlar. Problemi dolayı yolla çatdırmaq lazımdı. Ən uğurlu tanıtımlarda da əsas məqam tamaşaçını narahat etmədən çatdırılır. Artıq film Azərbaycan tamaşaçısı üçün çox maraqlıdır. Xaricilərin də diqqətini çəkəcək. Hətta indiyə kimi baxan xarici mütəxəssislər çox bəyənib.

– Sosial şəbəkədə mənim də qarşıma çıxmışdı. Necə oldu ki, geniş kütlə tərəfindən sevildi?

– İnstaqram səhifəm elə də aktiv deyil. Amma 26 fevral 2022-ci ildə @proyekt2602 instaqram səhifəsini açdım, bizim promo çarxı paylaşdım. Taleh Yüzbəyov, Elxan Rəcəbov, Oksana Rəsulova, Zülfiyə Xanbabayeva və digərləri sağ olsun, paylaşdılar. Rəylər gəlməyə başladı, iki günə 140 minə yaxın adam izlədi.

Həmsöhbətim deyir ki, filmdə xarici vətəndaş rolu da var. Həmin obrazı Amerika, İngiltərənin məşhur simalarından biri oynayacaq. Hamının sevdiyi tanınmış türk aktyorları da filmdə yer alacaq:

– Türkiyədəki pradakşnlarla, həmçinin dövlət səviyyəsində danışıqlar aparırıq. Azərbaycanlı aktyorlar üçün yüngül kastinq keçirilib. Bəzilərini gözaltı etmişik. Promoda çəkilən aktyorlar qala da bilər, qalmaya da. Hər birinə təşəkkür edirik.

– Promo çarxının çəkilişi harada gerçəkləşib?

– Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyanın həyətində tərk edilmiş sex var. Demək olar, sıfırdan quruldu. Bir aya yaxın gedib gəldik. Quruluşcu rəssam Səbuhi Atababev də çox yardımçı oldu. Xeyli dostlarımız təmmənnasız yardım etdi.

– Promo çarxının qrafika işi çox yüksək səviyyədədir. Bu işləri xarici mütəxəsislərlə işləmisiniz?

– Bizim layihənin ən maraqlı tərəfi odur ki, bütün işlər Azərbaycanda gerçəkləşib və öz mütəxəsislərimiz işləyib. Qrafika işini Cavid Şirinov, Orxan Əhmədzadə ilə birlikdə işləmişik. Prodüsser Raul Selaya promonu izləyərkən harada hazırlandığını soruşdu. Mən ona deyəndə ki, biz promo çarxın bütün işlərini Azərbaycanda və öz imkanlarımızla görmüşük, təəccübləndi. Daha sonra ssenari ilə tanış oldu və ssenarini də çox bəyəndi. Ümumiyyətlə bizim bu filmi ərsəyə gətirmək üçün çox peşəkar komandamız var.

– Filmin demo versiyasını izləyəndə "Sehirli xalat"a bənzərlik duymuşdum. "Proyekt2602"də də keçmişə səyahət edilir.

– Ona görə deyirəm bu, müasir Azərbaycanın ilk fantastik filmidir. Əvvəllər belə filmlər çəkilib. “Qərib cinlər diyarında”, “Sehirli xalat” və s. Lakin o vaxtlar viziual effektlər yox idi, hər şey təbii yolla və boyük əziyyətlərlə qurulurdu. Həmin dönəmə görə Əlisəttar Atakişiyevin möhtəşəm işlərindən biridir.Ermənilər hər yerdə qondarma soyqırımı ifadəsini sıramağa çalışırlar. Məsəl üçün, Den Braunun “İnferno” əsərində(həm fimdə həm kitabda), Kristian Beyl rol aldığı “Söz”(Promise) filmi və digərləri. Yaxın zamanda Disney+ rəqəmsal platformasında yayımlanan "Moon Knight" serialında da bənzər hadisə baş verib. Oskar Ayzeklə Ethan Hawke arasında dialoqların birində "erməni soyqırımı" barəsində bir cümlə keçir. Çox danışılmır. Məncə, "Proyekt2602" filmi onlara layiqli bir cavab olacaq.

– İnstaqramla yanaşı digər sosial şəbəkələrdə də paylaşaraq daha çox kütləyə səs salmaq olar..

– "Tik Tok" da paylaşım etmişik. Lakin izləyicimiz azdır. Başqaları bizim roliki paylaşır, 250 mindən çox baxış gəlir. Türkiyəli bloqer “twitch” sosial şəbəkəsində oyun oynayır. 3-4 milyon izləyicisi var. Azərbaycanlılardan biri həmin videonu çat hissəsinə göndərib. Sən demə, 15-20 min adam var imiş. Bloqer də videonu canlıda hər kəs üçün açıb. Sonuna kimi izləyib və çox bəyənib!
Müsahibim deyir ki, paylaşılan görüntülər demo versiya olduğuna görə, musiqisi hələ tam hazırlanmayıb:

– İzlədiyiniz promo çarxının ilk yarsında eşitdiyiniz musiqilər bəstəkar Ramin Vəlibəyov tərəfindən yazılıb.Hazırda onunla birgə film üçün yazılacaq musiqilərhaqqında geniş müzakirə aparırıq.

– İnsanlar filmin artıq çəkildiyini zənn edir.

– Bəli, "filmə harda baxa bilərik" kimi kifayət qədər rəylər gəlir. Lakin bu demo variantdır, film çəkilməyib. Filmin istehsalı üçün 1 milyon 800 min manat maliyyə vəsaiti lazımdır. 400 min manat Mədəniyyət Nazirliyinin sabiq rəhbərliyi vəd etmişdi, ancaq sonrakı proseslər göstərdiki nazirliyin keçmiş komandasının ciddi filmlərə maliyyə ayırmaq fikri yoxdur. 300 min manat Azərbaycan Televiziyası vəd verib, ümid edirik işə başlayanda o məbləği bizə verəcəklər. 100 min isə xaricdə yaşayan biznesmenlər , azərbaycanlılar ianə edib.

– Başqa hansı addımları atmağı düşünürsünüz? Mətbuatdan oxuduq ki, filmlə bağlı yeniliklər gözlənilir.

– Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi və komandası kino sahəsində mütərəqqi addımlar atmağa, yeniliklər etməyə çalışır. Mədəniyyət nazirliyinin keçirdiyi Kino formu, mədəniyyət naziri cənab Adil Kərimlinin kino xadimləri ilə görüşü, müəyyən təşəbbüslər, həmçinin ARKA-nın yaranması bizləri də çox ümidləndirib. “Proyekt 2602” kimi ciddi və vacib layihənin ərsəyə gəlməsi, həm mədəniyyətimiz, həm də ölkəmizin beynəlxalq nüfuzu üçün çox vacib və önəmlidir. Bu baxımdan Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi “Film layihələri müsabiqəsi” bizim komanda üçün yeni fürsətdir. Məsləhətləşdik və qərara gəldik ki, biz də öz layihəmizi bu müsabiqəyə təqdim edək. İnanırıq ki, yaranmış şəraitdə bizim layihə müsbət dəyərləndiriləcək və qaliblərdən biri olacaq.

– Müsabiqədə barədə nə düşünürsünüz? Sizcə uğur qazanmaq şansınız varmı?

– Bu tip müsabiqələr kino adamları üçün yeni imkanlar deməkdir. Məncə hər bir kino adamı bu müsabiqəyə uğur qazanmaq ümidi ilə qoşulur, həmçinin biz də ümidlə müsabiqəyə qoşulmuşuq. İnanıram ki, bu cür vacib, lazımlı layihə diqqətdən kənarda qalmayacaq.

– Müsabiqədə qalib gəlsəniz, “Proyekt 2602” layihəsinin gerçəkləşməsi mümkün olacaq?

– Müsabiqədə uğur qazanacağımız təqdirdə biz filmin çəkilişlərinə başlamaq imkanı qazanacağıq. Dəstəyini vəd edənlərin də sözünü tutacağı təqdirdə, filmin əsas işlərini görmək mümkün olacaq. İnanırıq ki, müsabiqə obyektiv keçiriləcək. İndiki halda obyektivlik hər bir kino adamı üçün vacib amildir. “Proyekt 2602” filmi rejissor və layihə rəhbəri olaraq mənim üçün nə qədər vacibdirsə, ölkəmiz, dövlətimiz üçün də vacibdir. Mədəniyyət Naziri cənab Adil Kərimlinin təşəbbüsü və rəhbərliyi ilə başlanan və bu gün də davam edən islahatlar milli kinomuza faydasını verəcəyinə inanırıq. Rejissor kimi mən buna ümid etdiyim üçün ARKA-nın elan etdiyi “Film layihələri müsabiqəsi”nə qoşulmuşam.

– Hər bir kino adamının müəyyən ambissiyaları var. Sizin planlarınızla tanış olmaq maraqlı olardı.

– Əsas arzumuz, məqsədimiz “Proyekt 2602” filmini ərsəyə gətirib həm dünyaya, həm də ölkə tamaşaçasına təqdim etməkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan illərdi ki, dünya ictimayyətinə müxtəlif yollarla Qarabağ həqiqətlərini catdırır, məhz bu filmin bu işdə əvəsiz xidməti ola bilər. Çünki filmin ssenarisi həm fərqli yanaşma ilə yazılıb, həm də hal-hazırda dövlətimizin apardığı siyasət ilə tam uyğun gəlir. Biz qalib ölkənin dünya səviyyəli filmini çəkmək, Azərbaycanın qüdrətini bir daha dünyaya göstərmək istəyirik.

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #