"Azərbaycan kinosunda belə cəsarətli aktrisa tanımamışam"

"Azərbaycan kinosunda belə cəsarətli aktrisa tanımamışam"
10 fevral 2024
# 13:00

Kulis.az İlham Əzizin Hikmət Rəhimovun "Apatiya" filmi haqqında yazısını təqdim edir.

Pinti evlərin vazkeçilməz şakəri var. Qonaq gəlməmişdən qabaq tozu xalçanın altına süpürüb gizlədirlər. Bizim kimi cəmiyyətlər də öz zir-zibilini görməzdən gəlir, etinasızlıq göstərir, laqeyd qalır. Məhz belə vaxtlarda sənət üsyana qalxır, açır sandığı, tökür pambığı. Aynaya dönür, hər şeyi olduğu kimi göstərir. Əvvəldə cəmiyyət və fərd olaraq bu vəziyyətdən narahat oluruq, sənəti qınayırıq. Amma xəstəlik ağırlaşdıqca məlum olur ki, ən düzgün diaqnozu, sən demə, sənət qoyubmuş.

Dünən Alov Qüllələrində film odu qalanmışdı. Ölkənin sənət, media, ədəbiyyat adamları bu odun istisinə yığışmışdı. Ölkənin ən parlaq istedadlarından Hikmət Rəhimovun “Apatiya” filminin təqdimatı baş tutdu. Tədbirə qatılanların üzündə sevinc vardı, amma diqqətlə baxanda az-maz narahatlıq sezmək olurdu. Bu təlaşın bir ünvanı vardı: Hikmət! Bir çox istedadlı aktyor rejissorluğa can atıb, fiaskoya uğrayıb. Heç kim Hikmətin məğlubiyyətini istəmirdi…

Əvvəla, onu deyim ki, Alov Qüllələrində kino zalı çox gözəldi, səs effekti, görüntü təmizliyi adamı valeh edirdi. Və gözlənilən an yetişdi. Hikməti səhnəyə dəvət etdilər, mesajlarını çatdırdı. Həyəcanı açıq-aydın hiss olunurdu. Bəri başdan filmin ağır olacağına işarə də elədi. Film başladı.

Film cəmiyyətin ən dibdə olan ailəsinin faciəsindən bəhs edir. Kapitalizmin məhv etdiyi talelər, işsizlik, təhsildəki problemlər, erkən nikah, dözülməz ailə münasibətləri filmdə detallarla rahat işlənib. Filmin dili süni deyil, belə ailələrin leksikonu geninə-boluna istifadə olunub. Hikmətin dialoq problemi yoxdur. Bu, çox vacib məsələdir. Surroqat dil adamı vurur, işin keyfiyyətini yarıbayarı azaldır.

Filmin ilk 20-25 dəqiqəsində qətl baş verəcəyi məndə şübhə yaratmadı. Hətta yanımda oturan dostuma dedim ki, belə söz-söhbət ölümlə nəticələnir. Gedişatda iki pornoya yaxın səhnə baş verdi. Zala qulaq kəsildim, qurcalanma oldu. Məncə, bu qurcalanma sənətin insana verdiyi elektroşokdur, narahat olmağa dəyməz. Belə şoklar ağrılı olsa da, adamı həyata qaytarır. Hikmət 15 kvadrat metr içində çox şeyə nail olub. Tamaşaçını atmosferə sala bildi.

Axı biz o ailələri, o adamları tanıyırıq. O dərdləri çəkirik, amma gizlədirik, görməzdən gəlirik. Sənət amansızdır.

Hikmətin filmdə ən böyük uğuru, məncə, aktyor seçimidir. Baş rolda oynayan Tural Baxış sona qədər tempi saxlaya bildi. Elşən Əskərov maksimum performans göstərdi. Ancaq aktrisa Şəhla Əliyeva mənimçün əsl tapıntı oldu. İndiyə kimi Azərbaycan kinosunda belə cəsarətli xanım aktrisa tanımamışam. Lazım gələndə hər şeyini sənətə qurban verə bilən adamlar sonda qalibdirlər. Şəhla xanımın sərt dönüşləri, danışığı qədər təsirli mimikaları, səssizliyi, hərəkətləri hamını valeh etdi. Usta aktyor Azər Aydəmirin çox qısa rolu filmə rəng qatdı, bir neçə saniyəlik dialoqunda ağır mövzuları tərpətdi. Ən əsası, filmdə onu tanımadım. İş belə olar! Yanımızda oturan aktyoru filmdə tanımadıq. Hikmətin daxili enerjisi, həyat fəlsəfəsi film boyu özünü büruzə verdi.

Qaldı filmin çatışmaz yerlərinə, bunun qaynaqlandığı səbəblər gün kimi aydındır. Maliyyə! Məkan sayının azlığı, rənglənmə problemi, texniki qüsurlar da qısıtlı büdcənin nəticəsidir. Filmin musiqisi təsirsiz idi.

Bunlarla yanaşı, film məndə ümid işığı yandırdı, Azərbaycan kino sənayesinə inam yaratdı. Yaradıcı kollektivi bir daha təbrik edirəm!

# 7478 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #