Sevgilisinə görə dəli olub avtobusların qabağına qaçan Səbinə

Sevgilisinə görə dəli olub avtobusların qabağına qaçan Səbinə
13 fevral 2020
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində ”Psixiatr” qısametrajlı bədii filmi təqdim edir.

Süjet: Cəmil (Pərviz Məmmədrzayev) rayonlardan birində usta çalışır. Bir gün Cəmilin keçmiş tələbə yoldaşı Mehman (Tural Ağayev) onun yaşadığı rayona gəlir. Mehman psixiatrdır və bura ezamiyyətə göndərilir. Cəmilin söhbətindən bəlli olur ki, atasının vəfatından sonra onun əli hər şeydən soyuyur, təhsilini yarımçıq qoyaraq rayona qayıdır, ailə qurur.

Mehman rayona çatanda, gənc bir qızın onun düşdüyü avtobusun dalınca qaçdığını, “Arif, Arif” çağırdığını görür. Sonradan öyrənir ki, Səbinə (Həcər Ağayeva) adlı bu gənc qızın sevgilisi hərbi xidmətə gedib və cəbhə bölgəsində həlak olub. Sevgilisinin ölüm xəbərindən sarsılan Səbinə ağlını itirir, ətrafdakılara reaksiya vermir, öz dünyasında yaşayır və hər gün axşamüstü Bakıdan gələn avtobusları qarşılayaraq Arifin gəlməsini gözləyir. Mehman qərara alır ki, Səbinəni sağaltmağa cəhd göstərsin. Bunun üçün o, eksperimentə əl atır. Öyrənir ki, Səbinə sonuncu dəfə məzuniyyətə gələndə Arifi hərbçi geyimində görüb. Buna görə o, hərbi paltar geyir və Səbinənin gözlədiyi avtobusdan düşəndə qız şok keçirərək huşunu itirir. Səbinə bu şokdan sonra ya sağalacaq ya da əvvəlki kimi qalacaq...

Gallery

“Psixiatr” film 2009-cu ildə Mədəniyyət Nazirliyiin sifarişi ilə “Debüt” studiyasında çəkilib. Filmin rejissoru Zamin Məmmədovdur. Ssenarini isə Zamin Məmmədov Mahir İbadovla birgə işləyib.

“Psixiatr”ın ideyası aktualdır, film vacib bir məsələyə toxunur: bugün də cəbhə bölgəsində həlak olan əsgərlərimizin itkisini doğmalarının necə qarşılaması, reaksiyası, onların bu itkini necə adlaması, onunla necə yaşaması, davranması...

Sadəcə, filmin ideyası sxematik həll olunub. Əvvəla, qüsurlu cəhətlərindən biri, ümumilikdə aktyor oyunlarındakı teatrallıq, təbiiliyin, canlılığın az olmasıdır. İlk kadrlarda Cəmil dostu haqda iş yoldaşına danışır, əslində bu informasiya tamaşaçıya hesablanıb. Tərəf müqabili isə niyəsə onu həvəssiz, laqeydliklə dinləyir və burdan aydın olur ki, rejissorun ona verdiyi tapşırıq doğru deyil. Bunlar xırda detallardır ilk baxışda. Ancaq filmin atmosferinin yaranmasında böyük rol oynayır. Bəzi epizodlarda P.Məmmədrzayevin intonasiyası, pauzaları sıravi ustanın leksikonunu yox, teatr tamaşalarında basmaqəliblikdən çıxa bilməyən aktyorun oyun tərzini xatırladır. Başqa bir səhnədə ata rolunu oynayan Qurban İsmayılovun, əsas personajların dialoqu fonunda arxa plandakı hərəkətsizliyi də teatraldır, ön planın ritmi ilə uyuşmur.

Gallery

Digər qüsur odur ki, təklif olunmuş əhvalatın təsvir həlli demək olar ki, yoxdur. Personajlar əsasən masa-səhər, günorta, şam, çay süfrəsi arxasında günlərini keçirir və əhvalat masa arxasında nəql üzərində qurulur. Görünür, başqa bir uyğun vəziyyət tapa bilməyiblər. Ariflə Səbinənin tarixçəsini rejissor Cəmilin dili ilə anladır. Anlatma gənclərin bağda gəzməsi, gülməsi və s. kimi kadrlarla müşayət olunur. Rejissorlar kinoda personajın xatirəsini işləyərkən, romantik, məzmunsuz, bədii informasiya verməyən, təsvir özəlliyi olmayan ənənəvi görüntülərdən niyəsə qurtulmaq istəmirlər. Kinematoqrafiyada xatirələrin, keçmişə dönüşün müxtəlif formaları, texnikası var. Niyə biz illah da ki, xatirəni kiminsə dilindən anlatmalı, banal təsvirlərlə filmi yükləməliyik və bu təsvirlər üstəlik, kadrarxası effektsiz cümlələrlə müşayiət olunmalıdır?! Misalçün, gənclərin hekayəsi süjetlə əlaqəli şəkildə, amma müstəqil film kimi də işlənə bilərdi. Başqa bir problem isə odur ki, rejissorlarımız xoşbəxtlik haqda standart təsəvvürlərə malikdir: sevən adamlar burada gülürlər, qucaqlaşırlar, yelləncəkdə yellənirlər, mütləq meşədə, dəniz, göl kənarında qaçışır və ya gəzişirlər. Yəni xatirə süjetlərinin nəql texnikası, məzmunu dəyişməlidir.

Filmin əsas qəhrəmanlarından biri psixiatrdır. Məlumdur ki, psixiatriya elmi psixi pozğunluqları öyrənir və müalicə edir. İki ilə yaxın psixi pozuntu yaşayan Səbinənin şokdan sonra dərhal, tezliklə reabilitasiyası, hər şeyə normal reaksiyası, davranışı, hətta kinonun zaman ölçüsündə belə sürətli, saxta görünür. Müəlliflər bu incə detalları gözardı ediblər.

Bir qayda olaraq, personajların psixi problemlərindən bəhs olunan filmlərdə müəlliflər süjeti müəmma, sirli qatla mürəkkəbləşdirir, çox daha gözlənilməz edirlər. “Psixiatr” filminin konsepsiyasından bəlli olur ki, bu, sadə hekayədir, sevgilisini, dünya ilə əlaqəsini itirmiş gənc qızı həkim həyata qaytarır. Həkimlə ünsiyyət ona həyatını yenidən dəyərləndirməsinə fürsət verir və onlar arasında bir sevgi bağının olması da məntiqi olardı. Yəni bura triller intonasiyası, müəmmalılıq xas deyil.

Gallery

Müəllif isə əvvəldən heç bir zəmin, əsas olmadan əhvalata müəmma gətirməyə çalışır. Səbinə vaxtilə bir şamdan alır, onun bir tayını sevgilisinə bağışlayır ki, o, geriyə dönəndən sonra birlikdə pirə gedib onu yandırsınlar. Amma necə olursa, Mehman iki il əvvəl itmiş şamdanın tayını avtobusda tapır? Üstəlik, ilk kadrlarda da şama heç bir eyham vurulmur. Heç olmasa bir kadrda şam göstərilməliydi ki, bu, növbəti kadrları əsaslandırsın. Sonlara doğru o, Səbinənin otağında taysız şamdanı görəndə gənc qız onun tarixçəsini danışır. Və Mehman gizlicə şamı yerinə qoyur. Yəqin bu, Səbinəyə verilən ümidi ifadə edir. Buradək birtəhər hər şey aydındır. Qaranlıq qalan, rejissorun bu hissəni nədənsə, müəmma, dəhşət ifadə edən musiqi, aktyor ifası, mizanla həllinə cəhdidir. Finalda Cəmilin və Səbinənin baxışı sanki nəsə xoşagəlməz bir şeyin baş verəcəyini eyhamlaşdırır.

Qısası, məlum olmur, “Psixiatr” psixoloji trillerdir, dramdır yoxsa melodramdır.

# 9398 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #