Ərlər “Qurdlar vadisi”nə baxır, xanımlar xəyanət edir

Ərlər “Qurdlar vadisi”nə baxır, xanımlar xəyanət edir
23 iyun 2011
# 11:20
2006-cı il, Novruz bayramı ərəfəsi idi. Xalaoğluyla rayona getmişdik. Novruzu rayonda keçirməyi düşünmüşdüm. Axşamçağı rayona çatıb şam etdik. Binanın ağzına düşüb adama bir siqaret yandırdıq, yollandıq “Xəzər” kafesinə.

Sovetlərin yadigarı

“Xəzər” sovet dövründə böyük mədəniyyət evi idi. İçində kinoteatrdan tutmuş, tennis, bilyard zalınacan gənclərin istirahətini nəzərdə tutan hər cür şərait vadı. Pionerlər dərsdən sonra “Xəzər”ə gələr, asudə vaxtlarını - necə də gözəl səslənir – burada film seyr edərək, stolüstü tennis oynamaqla keçirərmişlər.

Sovetlər dağılandan sonra bir-birinin ardınca yoxa çıxan, dağılan sovet mədəniyyət abidələri kimi, bu mədəniyyət evi də dağıldı. İndi bu böyük binanın təkcə iri lay şüşələri qırılmış tennis zalı və bir də kafesi qalmışdı, kinozal isə zir-zibillə aşıb daşıdığından içinə girmək mümkün deyildi.

Kafedəki bar piştaxtası rəngi solsa da, öz varlığını qoruyub saxlaya bilmişdi. Bir də hər dəfə bu kafeyə girəndə nəzərimi cəlb edən, divarda, əlçatmaz bir yerdən asılmış, kosmik obrazlar təsvirli nəhəng rəsm əsəri. Bu əsərin dəyərini bilən olmadığından hələ satmaq fikrinə düşən olmamışdı.

Hər kəs hazırdır

Xalaoğlu və digər yoldaşlarla kafeyə girib əyləşdik, çay sifariş verdik. Hələ vaxt vardı. Televizorda rus müğənni oxusa da, kafe qələbəliyinin hay-küyü mahnını ahəngini pozduğundan eşidilməz olmuşdu.

Bir azdan tennis zalındakı stollar da boşaldı. Stolların üstünə tələsik atılmış raketkalar, bilyard kiyləri, tennis topları, bilyard şarları tərk edilmiş mənzil kimi miskin görünürdü.

Saat on. ANS telekanalında “Qurdlar vadisi” serialının mahnısı səsləndi. Alışqanlar bir ağızdan çartıldadı, siqaretlər yandırıldı və serailın mahnısı bitənəcən bir-iki replika da atıldıqdan sonra kafeyə sakitlik çökdü. Nəzərlər divardan asılmış televizordaydı.

İzləyici rekordları qırdı

“Qurdlar vadisi” siyasi, kriminal, döyüş, vətənpərvər, sevgi mövzusu ilə bütün kəsimlərdən tamaşaçıları cəlb edə bilmişdi. Şəxsən mən filmdə Azərbaycanla bağlı mövzu keçdiyini öyrənəndən sonra tamaşaçısı oldum və heç cür cazibəsindən qurtula bilmədim.
Son iyirmi seriyaya isə diskləri alıb iki gün gecə səhərədək gözümü qırpmadan baxdım. İki gecəyə bir banka kofe işləndi.

Təkcə Türkiyədə deyil, Azərbaycanda və digər türkdilli, habelə Yaxın Şərq ölkələrində də alimdən fəhləyə, qocadan uşağa hər kəsi özünə cəlb etmişdi.

Serialın böyük izləyici kütləsi qazandığını görən “Panafilm” “Qurdlar vadisi”nin, ardınca “Qurdlar vadisi. İraq” ı, ardınca bir başa serialın mövzusuna dəxli olan “Muro” kimi filmləri və ən nəhayət “Qurdlar vadisi. Fələstin” filmini çəkdi.

Serialın davamı olan “Qurdlar vadisi. Pusu” isə iyunun 9-da bu mövsümə yekununu vurdu.

İyunun 10-u səhər isə, hər seriyadan sonra olduğu kimi, yenə də metroların ağzında pirat disk satanlar son bölümün diskini 1 manata satmağa başladılar.

Şaşmayan Şaşmazlar

“Panafilm” şirkətinin çəkdiyi serialın ilk bölümü 15 yanvar 2003-cü ildə Show TV-də yayımlandı. Rejissor Osman Sınav, ssenaristlərdən biri isə Polad Ələmdar rolunu oynayan Necati Şaşmazın qardaşı Raci Şaşmaz idi.
Amerikada yaşayan Necati Şaşmaz 11 sentyabr hadisəsindən sonra ailəsinin təkidi ilə geri qayıtmır, Türkiyədə qalıb sığorta şirkəti açır. Daha sonra Osman Sınavın təklifi ilə serailda baş rola dəvət alır.
Nəcati Şaşmaz peşəkar aktyor olmasa da, rolunun öhdəsindən həvəslə gəldi, milyonlarla gənc oğlan və qızların kumiri, sevimlisi oldu.

Bozqurdlardan “Qurdlar”a dəstək

Serialda zorakılıq, şiddət səhnələrinə, irqi ayrı-seçkiliyə yer verilməsi səbəbiylə yayımçı kanal dəfələrlə cəzalandırılsa da, filmin çəkilişləri və yayımı dayandırılmadı. Bəzi dairələrdə filmin yayından çıxarılması haqda məsələ qaldırılanda bunu MHP başqanı Devlet Bahçeli millətçiliyin qarşısını kəsmək kimi dəyərləndirdi.

MHP başqanının seriala qahmar çıxmasında təbii səbəbləri var idi. “Qurdlar vadisi” türkçülüyün təbliği ilə də məşğul idi. Bu məziyyətlərinə görə o, Azərbaycanda da millətçilərin sevimli serialı olmuşdu.

Təkcə 55-ci bölümdə “Vətən” kəlməsi – 128, “millət” – 142, “bayraq” – 240, “fəda olmaq”, “can vermək” kəlmələri – 144, “əsgər”, “ordu” kəlimələri 255 dəfə işlədilmişdi.

Ərdoğan izləyib bəyəndi

“Qurdlar vadisi. İraq” isə ilk Ərdoğana izlədilərək müsbət rəy alındıqdan sonra ekranlara çıxmışdı. Polad bu filmdə İraqda türk əsgərlərinin başına çuval keçirmiş Amerikan əsgərlərindən qisas alırdı.

Film Avropada və Amerikada prokatlardan yığıldı və xeyli tənqid olundu.

“Qurdlar vadisi. Fələstin”də türk dövlətinin və millətinin daha bir qısası alınır. Bu filmdə “Mavi Mərmərə” olaylarından bəhs olunurdu. Film İsrail rəsmilərinin etirazına baxmayaraq, 27 yanvar 2011-ci ildə Beynəlxalq Xolokost günü ekranlara çıxdı. Bundan sonra məlum hadisə -Türkiyə ilə İsrail arasında diplomatik böhran yarandı.

Türkiyənin “Vətən” qəzetinə müsahibə verən bir jiqalo (kişi fahişəsi) evli xanımlara xidmətini “Qurdlar vadisi” serialı yayımlanan zaman göstərdiyini etiraf etmişdi.

Türklərin Ştirlisi

“Qurdlar vadisi”nin sonunda Polad və onun cinayətkar dəstəsinin (adamın “cinayətkar” deməyə dili də gəlmir) məhkəmə salonundan azad olunması və digər filmlərdə də onun milli qəhrəman obrazının yaradılması sanki türk dövlətinin siyasəti təsiri bağışlayır.
Türkiyənin bu illər ərzində uduzduğu siyasi və hərbi sahələrin hər birində sonradan Polad və onun dəstəsi qalib gəlir. Dövlət öz qüsurlarını serial vasitəsilə pərdələməyə çalışır. Ştirlisi xatırlayaq. O da sovet kinematoqrafiyasının yaratdığı qəhrəman obraz idi.

Mutluluğun rəsmi

Serial türk ictimaiyyətində xeyli müzakirə olundu, tənqid olundu. Gənclərə, uşaqlara mənfi təsirindən danışıldı.

Eyni hadisələr Azərbaycanda da yaşandı. Hamı Polad, Memati, Abdulhey olmaq istəyirdi. Hamı kostyum geyir (qalstuksuz), Çakır kimi burnunu çəkir, Memati kimi qəzəblə baxır, filmdən maraqlı ifadələr işlədir, hamının telefonunda “Qurdlar vadisi”nin mahnıları çalınırdı.

Gənclər dost çevrələrində bir-birinə serial qəhrəmanlarının adlarını verirdilər. Biri Polad olurdu, o biri Çakır, digəri isə Məmati, Laz Ziya... aralarında Karahanlı olanlar da vardı.

Ən maraqlı isə azyaşlı uşaqlar üçün satılan köynəklərin, maykaların üzərini “Qurdlar vadisi” şəkillərinin bəzəməsi idi. Heç kəs bu serialın uşaqlar üçün olmadığını ağlına gətirmirdi.

Yaradıcı qrup serail üzərində böyük ciddiyyətlə çalışmışdı. Bir daloq belə artıqlıq eləmirdi. Serialın bir yerində Tuncayla Abidinin belə bir dialoqu keçir.

Abidin: Başka bir isteğin var mı?

Tuncay: (Sinirle) Bana mutluluğun resmini çizebilir misin Abidin?!

Abidin: (Bir an düşünür) Abi ben sanat okulu mezunuyum. Teknik resim çizerim.

Tuncay: (Sinirlenerek) Çizmeyim lan Abidin, çizmeyim çık dışarı!

Nazim Hikmətin həbsxanada rəssamlıq öyrətdiyi, sonralar Türkiyənin böyük rəssamlarından biri olmuş Abidin Dinoya həsr etdiyi bir şeiri var. Bu dialoqdada o məşhur şeir nəzərdə tutulur.

Bana mutluluğun resmini yapabilir misin Abidin?
işin kolayına kaçmadan ama
gül yanaklı bebesini emziren
melek yüzlü anneciğin resmini değil
ne mavi yosunlu akvaryumda yüzen kırmızı balığın
ne de al çeperli elmanın


Obrazların adları belə xüsusi mənalar kəsb edir. Məsələn “məmat” kəliməsi ərəbcədə “ölüm” deməkdir, öz amansızlığı ilə seçilən Məmatiyə bu ad xüsusilə yaraşırdı.

Ömər babanın ara sıra danışdığı ibrətamiz pritçalar, rəvayətlər, personajların söylədikləri az qala aforizm olmuş ifadələr seraila xüsusi rəng qatırdı.

Azdan az, çoxdan çox gedər.

Rüzgar nə qədər sərt əsərsə əssin, qayadan alıb götürəcəyi tozdur.
Bilmədiyin yerə qapıdan girməyəcəksən.

Əgər bir adamla vodka içməmisənsə, onunla əsla düşmən olma.
Vətən dediyin bu aslanlar, bir də bunları doğan aslan analar. Atəşlə oynayan ya əlini yandırar, ya özünü.


Şeron Stoun da vardı


Serialın son iki seriyasına məşhur Hollivud aktyorları Endi Qarsiya Şeroun Stoun da dəvət almışdılar. İki məşhur ulduzun rol almaları serialı lap matağa mindirmişdi, bu görüşdə Poladla Amon rolunu oynayan Endi Qarsiya arasında keçən dialoq uzun müddət yaddaşlardan silinmədi.

“Qurdlar vadisi” kimi bir seriala kafedə “kişi məclisi”ndə baxmaq hər kəsə ləzzət edirdi. Filmə baxandan sonra adam istəyirdi bu kişiləri də başına yığsın, çölə çıxıb qabağına gələni kəsib doğrasın. Bölüm bitəndən sonra kafe xeyli seyrəldi. Masalardakı söhbətlərin mövzusu bir müddət “Qurdlar vadisi” oldu. Biz də artıq qalxıb getmək istəyirdik ki, bir nəfər kafenin qapısını açıb bağırdı:

- Polad, anan qapının ağzında səni çağırır.

Bir nəfər yerindən dik qalxıb qapıya sarı götürüldü.

Bu oğlan bayaqdan özünün səy atmacaları ilə heç kimi filmə baxmağa qoymurdu...

Mirmehdi AĞAOĞLU
# 1494 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #