Əsəri özündən məşhur “şən dəcəl” - ARAŞDIRMA

Əsəri özündən məşhur “şən dəcəl” - ARAŞDIRMA
20 may 2011
# 15:19
Azərbaycanda Ken Kizini nə qədər insanın tanımasını bilmirəm. Amma onu dəqiq bilirəm ki, Kizinin qəhrəmanı Makmörfi çoxuna yaxşı tanışdır. Milioş Formanın məşhur “Qu quşu yuvası üzərində uçarkən” filmində Cek Nikolsonun oynadığı qəhrəmanı nəzərdə tuturam. Beş “Oskar” və saysız–hesabsız mükafatlar alan film Kizinin “Qu quşu yuvası üzərində” romanı əsasında ekranlaşdırılıb.

Təkcə bu əsər Kizinin dünya ədəbiyyatında qalmasına kifayət etdi. Yaradıcılığı dövründə bir neçə roman yazsa da.

Kizi böyük eksperimentator, kontrkulturanın ideoloqu, “beat generation” və hippi hərəkatının ən önəmli yazıçılarından biri idi.

Evdən qaçış

O, Kolorado ştatının La-Honda şəhərciyində 1935-ci ildə mömin amerikalı ailəsində doğulmuşdu.

Yeniyetməliyi fermada keçən Kizinin həyatı milyonlarla həmyaşıdının həyatından fərqlənmirdi. Kizi fermada işləyir, boksla maraqlanır, məktəb komandasında beysbol oynayırdı. Amma o, üfunətli saydığı bu yerdən tezliklə xilas olmağı düşünürdü.
Məktəbi bitirəndən sonra Kizi qız dostu Fey Hesbi ilə evdən qaçır. Sonralar Fey onun həyat yoldaşı, etibarlı silahdaşı olur və onların dörd uşağı doğulur.

Kizi Oreqon Universitetinin jurnalistika fakültəsinə daxil olur. O, yaxşı oxuyur və eyni zamanda Stenford Universitetinin ədəbiyyat kurslarına gedir.

Şeytanın beyindən məhrum etdiyi “Tanrı”

Sıradan bir ailədə doğulan Kizinin maddi imkanı zəif idi. Kizi pul qazanmaq üçün veteran hospitalında psixiatr köməkçisi kimi işə düzəlir. O burada könüllü olaraq “LSD”, “Meskalin” və başqa psixi preparatların insan orqanizminə necə təsir etməsi ilə bağlı təcrübələrdə könüllü iştirak edir.

Kizi tez-tez xəstələrlə danışır və onların normal olduğuna inanırdı. O düşünürdü ki, cəmiyyət bu insanlardan - onların özünü necə aparmaları haqda qəbul olunan ümumi təsəvvürə uyğun gəlmədiyinə görə imtina edib.

Burda Kizi xəstə hindu ilə tanış olur. Ken yeganə adam idi ki, onun dəli yox, bütün dəlilərdən ən qəribə olduğunu anlamışdı.

O xatirələrində yazırdı: “Bəzən mənə elə gəlirdi ki, şeytanın beyindən məhrum etdiyi, hərəkətdə olan Tanrıyla tanış oldum”.

Bu tanışlıqdan ilhamlanan Kizi qızdırmalı tempdə roman yazmağa başlayır. “Qu quşu yuvası üzərində” əsəri belə yaranır.

Bütün dövrlərin romanı

Tənqidçiləri və oxucuları romanın qeyri-adi realist süjeti, nəql forması və yumoru sarsıtdı. Romanın qəhrəmanı Makmörfi həbsxanadan xilas olmaq üçün özünü dəliliyə vurur. Psixi xəstəxanaya gətirilən Makmörfi burda rəhbərliyin diktaturasına qarşı üsyan qaldırır.

Roman 1960-cı illər nəsli üçün kulta çevrildi və bütün Amerika gənclərinin marağını yazıçıya yönəltdi. Amma Kizi bununla kifayətlənmədi. Bir il sonra o romanı təkmilləşdirdi. 1968-ci ildə Şimali Amerikada pyesin səhnə versiyası qoyuldu. Əsər elə bir uğur qazandı ki, Amerika ədəbiyyatı tarixində belə triumfal debüt olmamışdı.

Kizi ilk yazıçı idi ki, qoca bitlərlə 60-cı illərdə meydana gələn hippiləri barışdıra bildi. Hər iki hərəkat onu özününkü sayırdı. Hippilər üçün Kizinin “Qu quşu yuvası üzərində ” və Herman Hessenin “Boz qurd” əsəri manifest sayılırdı. Bob Dilan əmin idi ki, bunlarsız o heç zaman həyata baxışlarını dəyişə bilməzdi. Bəstəkar Cimmi Hendriks isə deyirdi ki, “Qu quşu yuvası üzərində” onun sona kimi oxuya bildiyi yeganə kitabdır.

1975-ci ildə roman əsasında rejissor Miloş Formanın ekranlaşdırdığı filmdən narazı qalan Kizi prodüserləri məhkəməyə verdi. Onun fikrincə, onlar qəhrəmana münasibətdə müəllif mövqeyini ifadə etməyiblər.

“Şən dəcəllər”in qəribə səyahəti

Romandan sonra Kizi şöhrətin zirvəsində idi. O, böyük qonorarlar alır, “ən isti narkotik” adlandırdığı marixuana çəkirdi. 1964-cü ildə Kizi həmfikir olduğu insanlarla birgə “Şən dəcəllər” adlı xippi kommunası təşkil edir. Kommuna “turşu testləri” adlı konsertlər təşkil edərək arzulayanlara “LSD” paylayırdı.

Kizi bu dövrdə daha bir tarixi addım atır.

Köhnə məktəb avtobusu alan “Şən dəcəllər” onu parlaq rənglərə boyayaraq bütün Amerikanı səyahətə çıxdılar. Bu səyahəti görkəmli fransız kulturoloqu Jan Bodriyar insanlıq tarixində arqonovatların yürüşündən və həzrət Musanın səhrada 40 illik səyahətindən sonra ən qəribə səyahət adlanıdrdı.

Marixuanaya görə həbs

1965-ci ildə Kizi marixuanaya görə həbs edilir. O, saxta intiharla polisi aldadır və Meksikaya qaçır. 8 ay sonra Amerikaya qayıdan Kizi həbs olunaraq Kaliforniyaya aparılır. Azadlığa çıxandan sonra o, fermaya dönərək kənd təsərrüfati ilə məşğul olur və yazmağa davam edir. O, burda arvadı Feylə birgə 4 uşağının tərbiyəsi ilə də məşğul olur.

Son səyahət

1990-cı illərdə Kizi yenidən publika qarşısına çıxdı. O, dostu, yazıçı-psixoloq, xərçəngdən əziyyət çəkən Timoti Liri ilə vidalaşmaq üçün “Şən dəcəllər”i yenidən topladı. Onlar öz köhnə avtobuslarını taparaq “Hog Farm Pig-Nick” musiqi festivalına yollandılar və “Phish” qrupunun konserti zamanı sonuncu dəfə səhnəyə çıxdılar.

Narkoz altında ölüm

Kizi diabetdən əziyyət çəkirdi və insult keçirmişdi. Ömrünün sonlarında onun qara ciyərində xərçəng də aşkarladılar. Həkimlər əməliyyat keçirərək onun qara ciyərindəki şişi kəsdilər. Amma əməliyyatdan bir neçə saat sonra 66 yaşlı Kizi narkoz altında öldü.
Kizi ömrü boyu çoxlu əsərlər ( “Kizinin qaraj hərracı”, “Dənizçinin nəğməsi”, “Sərhədin o üzündə” və s.) yazsa da, onların heç biri “Qu quşu yuvası üzərində” romanı qədər möhtəşəm olmadı.

1990-cı ildə Associated Press agentliyinə verdiyi müsahibədə yazıçı demişdi: “Mənə uğur gələndən sonra yazmaq çətinləşib. Məşhurluq yazıçı üçün pisdir. Siz hadisələri tam müşahidə edə bilmirsiz, çünki özünüz nəzarətdəsiniz”.

Sevda Sultanova
# 898 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #