“Qrimdə evə getdim, arvadım məni tanımadı”

“Qrimdə evə getdim, arvadım məni tanımadı”
31 oktyabr 2012
# 08:30
Əjdər Həmidov teatrda Otello, Hamlet oynayan aktyorlardan deyil. Özünəməxsus xarakterik kiçik obrazlar oynayır, amma...

Yaman əziyyət verdim ona. Məşqdən çıxıb ac-susuz yeni ofisimizi çox axtardı, nəhayət gəlib çıxdı. Axşam isə tamaşası olacaq, burdan da çıxıb ora getməlidir.


- Yeni mövsümün tamaşalarını məşq edirik. Həsən Həsənovun “Brüsseldən məktublar ” tamaşasında Nəcəf rolunu oynayıram.

- Bu tamaşa bərpa olunur?

- Tamam yeni quruluşdur, rejissor, aktyorlar dəyişilib, amma bərpa demək də olar. Mən oynayacağım rolu köhnə quruluşda Yaşar Nuri oynayıb. Axşam tamaşamdır, bir az əvvəl məşqdən çıxmışam, çox məşğulam, şükür iş çoxdur. Dəvət olsa filmə də çəkilərdik.

- Sonuncu dəfə hansı filmə çəkilmisiniz, Vaqif Mustafayevin son filminə?

- Yox, “Yoxlama”dan sonra telekanallarda da filmlərə çəkilmişəm. İctimai televiziyada üç filmə çəkilmişəm, “Azarkeş”, “Yaz yuxuları”, bir də “Məxfi plan”.

- “Məxfi plan” deyəsən Cahangir Mehdiyevin filmidir. Yeri gəlmişkən, o barədə danışaq, sizi kinoya da ilk dəfə bu rejissor gətirib “Kişi sözü” filmi ilə?

- Sumqayıt teatrında işləyirdim. Təsadüf həyatda çox mətləbləri həll edir. Bir gün Milli Dram Teatrına dostum Mərahim Fərzəlibəyovla görüşməyə gəlmişdim, dedi ki, gözlə teatrın qarşısında, indi gəlirəm. Durub gözləyirdim, gördüm ki, bir nəfər keçir, bu tərəfdən mənə baxır, qayıdır o tərəfdən baxır. Mən də tanımıram, bilmirəm bu adam rejissordur, bir az acığıma gəldi. O, da gördü ki, qaş-qabağım zəhərə döndü, gülümsəyib yaxınlaşdı mənə. Dedi ki, sizi filmə çəkmək istəyirəm, gəlin kinostudiyaya. Ona qədər Cahangir “Evlənmək istəyirəm” filmini çəkmişdi, sözünü demiş rejissor idi. Məni sınaq çəkilişlərinə dəvət etdilər, getdim gördüm ki, Qasım roluna sınağa gələn çoxdur. Amma mən keçdim. “Kişi sözü” filmi və Qasım rolu mənim kinoda vizit kartım oldu. Ondan sonra 21 filmə çəkildim.

- Sonra Cahangir Mehdiyevin başqa filmlərinə çəkilmisiniz, yoxsa daha çox Vaqif Mustafayev sizdən yararlanıb?

- Cahangir Mehdiyevin beş filminə çəkilmişəm. “Kərgədan buynuzu”nda müstəntiq Əsgərov obrazını oynamışam. “Girişmə öldürər”, “Hacı Qara” filmlərində çəkilmişəm.

- “Hacı Qara” filmi on il fasilə ilə çəkilib başa çatdı...

- Hə, filmdə gənc oğlan obrazını oynayan aktyorlar artıq orta yaşa çatmışdılar, filmin əvvəlinə çəkildilər, axıra çatanda yaşlandılar. Məlik Dadaşov artıq rəhmətə getmişdi. Sponsorluq edən bank iflasa uğradığından filmin də başı bəlalı oldu, amma hər halda çəkildi başa çatdı, belə bir film var. Cahangir Mehdiyevlə sonuncu filmimiz hələlik “Məxfi plan” olub. Eyni vaxtda Vaqif Mustafayevin filmlərinə çəkilmişəm. “Yerlə göy arasında”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” , “Yoxlama”. Sonuncu film mənim üçün əsl kino məktəbi idi. Vaqif kimi rejissorla işləmək çox çətindir, həm də asandır. Ona görə çətindir ki, o peşəkardır. Ona görə asandır ki, yenə o peşəkardır. Bir dəfə Polşadan gələn qrim ustası Tomas dedi ki, Vaqif kino ustasıdır. O, kinodakı işlərinə görə “Oskar” alan adamdır, hər adama kino ustası deməz. Doğrudur, iş prosesində çox çətin adamdır Vaqif Mustafayev, adama qışqırmağı da var, amma kinonu bilir. Qışqırmasa, bağrı partlayar, gərək qışqıra ki, iş alına. İlk vaxtlar mənə ağır gəlirdi ki, bu niyə bu mənə qışqırmalıdır, amma sonralar gördüm ki, onun üstümüzə qışqırmağı da işin xeyrinədi. Ümumiyyətlə, rejissor elə olmalıdır. Hələ az qışqırır, çox qışqırsa, effekti daha böyük olar.

- “Yoxlama”da üstəlik saçınızı da rənglətmişdi...

- O filmdə çox əziyyət çəkdim. Bir dəfə çəkilişdən çıxıb teatrdan məvacibimi almağa gəldim, həmin qrimdə idim. Teatrın girişindən keçəndə gözətçilər məni saxladılar ki, hara gedirsiniz? Dedim mən Əjdərəm, təəccüblə baxdılar üzümə, dedilər az qala tanımamışdıq sizi. Getdim ki, teatrın bufetinə çay içməyə, Sənubər gördüm arxadan soruşur ki, bu kimdir bizim bufetdə? Mən də özüm məqsədli şəkildə həmin qrimlə evə getdim, evin xanımı əlindən sinini saldı yerə, elə bildi ölüb-dirilib durmuşam qarşısında. Filmdə tryukların da çoxunu özüm eləmişdim. Moskvada bu film Qran-pri aldı.

- Teatrda o qədər də böyük rollarınız yoxdur, əsasən kiçik obrazlardır...

- Bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Mən oynadığım xarakterik rollardır, belə rolları hər aktyor oynaya bilmir, hər aktyora da qismət deyil xarakterik obrazlar. Kinonun imkanları genişdir, teatrda aktyor kinoda olduğu qədər tanımır. İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli kimi nəhəng aktyorlar teatrda işləyiblər ömür boyu, amma kinolarla tanınıblar. Həmçinin Əliağa Ağayev. Filmə çəkilməsəydi, indi onu kim tanıyardı? Heç kim. Hökümə Qurbanova teatrda həmişə baş rollar oyanıb, filmə çox çəkilmədiyi üçün indi xatırlanmır, tanımırlar. Mənim də teatr yaradıcılığımı az adam bilir, filmlərdən isə tanıyırlar.

- Hər halda Otello oynayacaq aktyor deyilsiniz, xarakterik obrazlar aktyoru parlatmır...

- Xarakterik obrazlar oynayan aktyorlar olub ki, heç əməkdar artist də olmayıblar, amma yadda qalıblar-Fazil Salayevdir, Ağasadıq Nuriyevdir. Hər aktyorun da bir şah obrazı olur. Mənimki də kinoda oldu-Qasım. İndiyə qədər çoxları üçün elə Qasımam. Kino ilə teatr bir-birinə zahirən bənzəyən, amma tam fərqli xarakterli iki adam kimidir. Qasım obrazını teatrda mən o cür göstərə bilmərəm, onun dili başqadır. Kinoda daha səmimisən. Vaqif bir dəfə çəkilişdə mənə dedi ki, bura sənin üçün teatr deyil, artistlik eləmə. 26 ildir Qasım tamaşaçının dilindədir. Teatrda da elə rollarım var, amma o kütləvi tanınmır, çox az adam görüb.

- Teatrda bu baxımdan ruhdan düşmürsünüz? Beş tamaşaçı üçün oynamaqdan bezmirsiniz?

- Daxilən nə çəkirik, özümüz bilirik, amma işimiz odur ki, beş adam üçün də beş yüz üçün oynadığımız kimi oynamalıyıq. Dünyada gedən prosesdir, zaman gələcək hər şey dəyişəcək. Heç nə məhv olmur, enmələr və qalxmalar baş verir.

Ramilə QURBANLI
# 1422 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #