“Hacıbala Abutalıbov məni yanına çağırıb dedi ki...”

“Hacıbala Abutalıbov məni yanına çağırıb dedi ki...”
21 sentyabr 2011
# 11:23
“Televiziya nədir? İdeologiyanın dəstəyi”

Əməkdar artist Tahir İmanovun Kulis.az dərgisinə müsahibəsi.


Haqqında: 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub.
1981 – 1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.
1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kuboku”nun sahibi və 2000-ci idəl ŞHK “Əsrin Çempionu” olub.
2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri və rejissorudur.


“Mən hələ ki, xalqın artisti deyiləm”

- Təbrik edirik, əməkdar artist olmusunuz.

- Çox sağ olun.

- Amma bizdə bu fəxri adlara tənqidi yanaşanlar da çoxdur. Deyirlər, bu adlar sovet dövründən qalma, lazımsız bir şeydir. Ləğv etmək lazımdır. Sizin münasibətiniz necədir?

- Biz müstəqil ölkənin vətəndaşlarıyıq. Mən istəməzdim prezidentin fərmanını müzakirə edim. O ki qaldı camaatın fikrinə… Bu da onların öz fikridir. Onların tam ixtiyarı var ki, fəxri adları qəbul etməsinlər. Onların işinə qarışmaq istəməzdim. Standart fikir olsa da, deyəcəm: xalqın əsl artistlərini xalq tanıyır və sevir.

- Özünüzü xalqın əsl artisti hesab edirsiniz?

- Xeyr. Heç o an gəlib çatmayacaq. Bizim müqayisə olunmaz sənətkarlarımız var. Bu ada layiq olmaq üçün onlar kimi gecə-gündüz çalışmalısan. Onlar kimi əsərlər yaratmalısan. Bunun üçün vaxt lazımdır. Hələ hər şey qabaqdadır. Bunlara nail olsam, xalqın əsl məhəbbətini hiss edə bilərəm. Xalqın arasında bizi sevənlər də var, sevməyənlər də. Məsələn, Alla Puqaçova kiminsə xoşuna gələ bilər, kiminsə yox.

- Deyirsiniz ki, sizi sevməyənlər də var. Niyə sevmirlər?

- Biz satira janrında işləyən aktyorlarıq. Tarix boyu bizim kimi insanlar birmənalı qarşılanmayıb. Biz cəmiyyətdəki nöqsanları göstəririk. Buna görə bizi sevməyənlər də tapılır. Biz acı həqiqətləri deyirik. Bu da çoxlarına pis təsir edir. Buna görə çıxışlarımız cəmiyyətdə birmənalı qarşılanmır. Amma bizi sevənlərin sayı çoxluq təşkil edir.

- Bir çox estrada aktyorlarının, parodiyaçıların çıxışlarını izləyirik. Sizin çıxışlarınızda digərlərindən fərqli bir şey var. Bu da ictimai problemlərin daha qabarıq olmasıdır. Bu üstünlüyü necə əldə edirsiniz?

- Mən istər-istəməz maqazin verilişlərinə baxıram. Açıq bəyan edirəm ki, bu verilişləri dəstəkləmirəm. Bu verilişlərdə müğənnilərin, sənətkarların sənəti yox, şəxsi həyatı göstərilir. Mən bunun əleyhinəyəm. Televiziya bu gün tamaşaçıya əsl sənət göstərməlidir. Maqazin verilişləri bu gün çoxluq təşkil edir. Bu verilişlər milli mentalitetə zidd olan verilişlərdir.

- Amma baxılır…

- Mən bir il ərzində ancaq qarışqaların həyatından veriliş versəm, bir müddətdən sonra bu baxımlı olacaq. Televiziya nədir? İdeologiyanın dəstəyi. İnsanları belə öyrədiblər ki, filan vaxtı bu veriliş gedəcək, baxın.

- Günahı xalqda görürsünüz, yoxsa TV rəhbərlərində?

- Televiziyada görürəm. Kütləni idarə etmək televiziya vasitəsilə çox asandır. Mən bu tipli proqramları qəbul etsəm, bunu özümə keçmərəm. Çünki musiqiçi ailəsində doğulmuşam, böyük bəstəkarımız Süleyman Ələsgərovun ailəsində dünyaya göz açmışam. Böyük sənətkarları görmüşəm. Vasif Adıgözəlovu, Tofiq Quliyevi və s. Onlar heç vaxt televiyaya çıxıb öz şəxsi həyatlarından danışmayıblar. Halbuki onların həyatında da qalmaqal olub, faciələr olub. Onlar tamaşaçıya əsl sənət göstərirdilər. Televiziyada da onlardan tələb edirdi bunu. Mən sırf mövzu üçün bu verilişlərə baxıram. Amma işim bu olmasaydı, heç vaxt onlara baxmazdm.


“Məmurlarla dost deyiləm”


- Tez-tez məmurları da tənqid edirsiniz.

- Məmurlarımızın yumor hissi müğənnilərin yumor hissindən qat-qat yüksəkdir. Onlar daha geniş fikirləşirlər, daha yaxşı yanaşırlar. Məsələn, mən ilk dəfə 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu parodiya edəndən sonra, məni kabinetinə dəvət edib təşəkkürünü bildirdi.

- Münasibətiniz necədir məmurlarla? Dostluğunuz varmı?

- Münasibətimiz var. Ancaq heç vaxt dostluğum olmayıb. Allahın salamıdır. Onlar məndən yaşca da, vəzifəcə də böyükdürlər. Mədəni, tərbiyəli insan kimi mən onlara hörmət etməliyəm. Bizim dostluğumuz yox, dəstəyimiz olub həmişə. Biz bu dövlətin həmişə dəstəyini hiss etmişik. “KVN”-nin heç bir qələbəsi dövlətin dəstəyi olmadan əldə edilməyib.

- Bəzən konsertlərinizdə elə mövzulara, yüksək dairələrə toxunursunuz ki, istər-istəməz sual yaranır: Bu icazəlidir, yoxsa..?

- Heydər Əliyev bizim konsertlərimizə gələndə belə, əvvəldən ssenarilərimiz yoxlanılmayıb. Çünki bizə inanıblar. Komandanın aktyorlarına, rəhbərliyinə böyük etimad var idi. Birincisi, komandanın rəhbəri mərhum Anar Məmmədxanov Milli Məclisin deputatı idi. İkincisi, komandada çalışan hər bir kəs Azərbaycanın ziyalı, mədəni ailələrində böyümüşdü. Bu paradoksal olsa da, bizi heç kim birləşdirməmişdi, amma ayrı-ayrılıqda biz ən ziyalı, mədəni ailələrin nümayəndələri idik. Yəqin bunları nəzərə alaraq, ölkə rəhbərliyi bizə həmişə böyük etimad göstərib. Hamı da bilir ki, “KVN – Parni iz Baku” heç kimi təhqir etməyib. İstər müxalifət, istərsə də iqtidar nümayəndəsi olsun. Onların da ailəsi var. Heç kimə belə bir ixtiyar verilməyib ki, kimisə səhnədən, efir vasitəsilə təhqir etsin. Tənqid isə bizim əsas prinsiplərimizdən biridir, amma kimisə təhqir etməyi nə özümə, nə də aktyorlarıma icazə vermərəm.

- 90-cı illərdə “Parni iz Baku” konsertlərində əsas dil rus dili idi. Daha sonra, sizin teatr yarandı və konsertlər Azərbaycan dilində keçirilməyə başladı. Bu, kimin təşəbbüsü idi?

- 2000-2001-ci illərdə ümumilli lider Heydər Əliyev bizim məşhur “səhnəarxası toplantılar”ımızda bizə öz ürək sözlərini deyirdi, ən yaddaqalan zarafatlarımızı vurğulayırdı, tövsiyyələrini verirdi. Elə o illərdə bizə: “Artıq Azərbaycan dilində səhnələr yaratmalısınız. Çünki yetişmisiniz”, - dedi. Üm
ümumilli liderin məsləhətini nəzərə alaraq, artıq 2002-ci ildən konsertləri azərbaycanca təqdim etməyə başladıq. Və düşünürəm ki, bu ömrümüzün axırına kimi belə davam edəcək.

- Auditoriyanızı itirmədiniz dəyişiklikdən sonra? Fərq nə oldu?

- Düşünmürəm ki, nəsə dəyişdi. Bizim rus dilindəki çıxışlarımızı qəbul edənlər də həyatlarını dəyişiblər. Çünki illər ötdükcə həyat bizə öz qanunlarını diktə etdi. Azərbaycan dili əvvəlkindən daha çox işlənməyə başladı. Rusdilli insanların da iş yerində, evində, çevrəsində doğma dildə danışanlar artdı. Ona görə, məncə, biz auditoriyamızı itirmədik. Tamaşaçı eynidir, dəyişən vaxtdır, zarafatlardır, mövzulardır. Cəmiyyətdə bir çox problemlər artıq öz həllini tapır. Belə getsə, qorxuram ki, “Planeta Parni iz Baku” KVN Teatrı mövzusuz qalacaq (gülür). Problemlər, şükürlər olsun ki, günü-gündən azalır.

- Məncə, narahat olmağa dəyməz. Kiminsə belə aforizmi var: “İnsan varsa, problem də var”.

- Təbii ki, pak və nöqsansız bircə Allahdır. İnsan yaşayırsa, olmalıdır problem, amma sayı azalsın kaş.


“Bütün o illər gözümün qabağından keçdi”


- Bir az özünüz haqda danışaq. İqtisad Universitetini bitirmisiniz. Necə oldu ki, iqtisadçıdan estrada aktyoruna çevrildiniz?

- 80-ci illərin axrı bir çox aksessuarlar dəbə minmişdi. Geyimdə inqilab olmuşdu. Piramida şalvarlar, “varyonkalar” dəbə minmişdi. Televiziyalarda da dəyişiklik olmuşdu. O vaxt Mərkəzi Televiziya novatorluq edərək köhnə “KVN” verilişini bərpa etdi. “KVN” də dəbə mindi: məktəblərarası, siniflərarası, şəhərlərarası. Bir sözlə, bütün Bakı “KVN” oynayırdı. Mən televiziyada “KVN”-ə baxanda qarşıma məqsəd qoydum ki, bir gün o səhnədə çıxış edəcəm. 1991-ci il dekabrın 3-də 189 nömrəli məktəbin daxilində ilk oyunumuzu oynadıq. Həmin oyundan sonra mərhum Anar Məmmədxanov məni komandaya dəvət etdi. İncəsənət Universitetinə daxil olmaq istəyirdim, amma valideynlərimin təkidi ilə sənədlərimi İqtisad Universitetinə verdim. 92-ci ildə “Parni iz Baku” KVN komandası tərkibində ilk çıxışımı etdim. 17 yaşım vardı. Bu, mənim ilk qələbəm idi. Mənə “əməkdar artist” adının verildiyini eşidəndə, bütün o illər gözümün qabağından keçdi. Hələ də şokdayam, inana bilmirəm. Düşünürəm ki, bu fəxri adı mən tək qazanmamışam. Çünki “KVN” kollektiv zəhmətin, əziyyətin bəhrəsidir. Bu fəxri ad mənlə “KVN”-də, “Planet Parni iz Baku”-da çiyin-çiyinə işlədiyim qardaşım Cabir İmanov, Bəhram Bağırzadə, Anar Məmmədxanov, Azər Məmmədzadə, Murad Dadaşov, Timur Vaynşteyn, Elçin Əzizov, Ənvər Mansurov və Samir Abdullayevindir. Bu, “KVN”-nin qələbəsidir. Daha böyük qələbələr əldə etməyi arzulayıram. Söhbət “xalq artist” adından getmir, yox. Qarabağımızın azad olunacağı gün olacaq əsl qələbəmiz. Növbəti qələbəmizə görə, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. İlham Əliyev təkcə teatrımızın ağır günlərində deyil, həyatımızın çətin vaxtlarında da bizdən dəstəyini əsirgəməyib. Həyatımızın ən gözəl günlərini yaşayırıq. Bunun da təşəbbüskarı prezidentimizdir.


“Kiminsə sözü varsa, gəlib kişi kimi üzümüzə desin”


- Bütün sahələrdə olduğu kimi incəsənətdə də yaşlı nəsillə gənc nəsil arasında münaqişə olur. Sizin belə problemləriniz oldumu?

- Bəzi insanlar, biz yanlarında olmayanda müxtəlif saytlarda, qəzetlərdə bizi tənqid və hətta təhqir edirlər. Amma bizi görən kimi üzümüzdən öpüb, “bizim fəxrimizsiniz” - deyirlər. İkiüzlü, üçüzlü insanlardır, mən nə deyə bilərəm onlara? Bəzi telekanallar bizi bu on il ərzində həmişə təhqir ediblər, “səviyyəsiz kollektiv” adlandırıblar. Bugünkü qələbəmiz də onlara sübut etdi ki, onlar yalnış fikirdə olublar. Düşünürəm ki, şou-biznes dili ilə desəm, “razborka”lar efirdən kənar olmalıdır. Kimin nə sözü varsa, “köhnə kişilər”in vaxtındakı kimi gəlib bir-birinin üzünə desin. Efiri çirkləndirməsinlər.


“Maşın kolleksiyam var”


- Tahir İmanovu təqlid edən adam varmı?

- Görməmişəm. Amma olsaydı, böyük maraqla izləyərdim.

- Əhvalınız pis olanda, neyə baxırsınız gülmək üçün? Nə edirsiniz, ümumiyyətlə?

- Xalq mahnılarına qulaq asıram. Xırda maşınlardan ibarət böyük kolleksiyam var. Maşınların sayı mindən çoxdur. Onlara baxıram, əhvalım dəyişir. Qardaşımın uşaqları gəlir, onlar əhvalımı yaxşılaşdırır.

- Özünüz evli deyilsiniz, elədir?

- Bəli, subayam.

- Subay qalmağınızın səbəbi nədir?

- Məncə, aktyorun şəxsi həyatı kütləvi informasiya vasitələri üçün deyil.


İnternet və texnologiya

• Heç kompyuterin hardan və necə yanıb-söndüyünü bilmirəm. Hətta mənə dünən deyəndə: “İnternetdən gir bax, sənə fəxri ad verilib”, - elə bildim zarafatdır.

• Orda yazılanların hamısını nə vaxtsa kitablarda oxumuşam. Nəyimə lazımdır axı?

• Sosial şəbəkələrdə yoxam. Kimsə ola bilər mənim adımdan istifadə edir.

• İnternet – mənim sənət fəaliyyətimdə mənə necə kömək edə bilər? Mən həmişə necə işləmişəm, elə də davam edəcəm.

İstirahət

• Valideynlərimlə heç vaxt darıxmıram. Bəzi insanlar deyir, evdə darıxıram. Əgər yanımda ən dəyərli, ən sevdiyim insanlar varsa, necə darıxa bilərəm? Onlarla keçirdiyimiz bir saniyənin də qədrini bilməliyik.

• Dostlarımla da vaxt keçirməyi sevirəm.

Mütaliə

• Ayda-ildə bir dəfə kitab oxuyuram.

• Qəzet oxumuram. Mənim üçün maraqsızdır bizim qəzetlər. “Zerkalo”, “Exo” xoşuma gəlir. Başqa qəzetlər bizi müxtəlif illərdə həm təhqir, həm tənqid, həm də tərifləyiblər. Mənim ikiüzlü, üçüzlü insanlardan, təşkilatlardan xoşum gəlmir.

Və sairə

• Teatrdan konkret dəvət olsa, sevə-sevə oynayaram.

• Dəqiqliyi çox sevirəm. Bir adam mənim məşqimə geciksə, özümə təhqir sayaram.

Elmin HƏSƏNLİ
# 4813 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #