Ədəbiyyata yalanla gəldim

Ədəbiyyata yalanla gəldim
13 may 2013
# 10:13

Kənan Hacı

Uşaq vaxtı rastlaşdığım adamlardan hadisə quraşdırmağı xoşlayırdım. Məsələn, anam məni mağazaya nəsə almağa yollayırdı, yolda tanıdığım yaxın bir adama rast gələn kimi artıq beynimdə hadisə yaranmağa başlayırdı, onun mənimlə etmədiyi “söhbət”i elə bəzəyirdim ki, evə çatınca hekayəm artıq hazır olurdu. Anamın yalanlarıma inanmaqdan başqa çarəsi qalmırdı. Hadisəçiliyə meyl tədricən yazmaq ehtiyacına çevrildi.

Əlbəttə, anamı aldatmaqda pis iş gördüyümü sonralar anladım. İndi düşünürəm ki, bu ziyansız yalanlar sonrakı hekayələrin, romanların ilk cücərtiləri idi. Orta məktəbdə texniki fənləri sevmirdim və bu dərslərdə adətən beynimdə müxtəlif süjetlər qururdum, sonra o süjet əsasında guya özümçün “hekayə” yazırdım.

Sonralar ardıcıl mütaliə nəticəsində nəyi necə yazmağı öyrəndim və onda mənə elə gəlirdi ki, bunları mən yazmıram və bu hadisələri mənim içimdə gizlənmiş naməlum bir adam yazır. Çünki insanlar içində olanda mən yazmaq istədiklərimi heç cür təsəvvür edə bilmirdim, başladığım hekayənin sonluğunu bütün gün boyu fikirləşsəm də təsəvvür edə bilmirdim. Elə ki, sakitliyə çəkilib qələmi əlimə alırdım, onda qeyri-ixtiyari hadisələr bir-birini əvəz edirdi və hekayə gözlənilməz bir sonluqla bitirdi. Bu baxımdan hekayənin nüvəsi hələ də mənim üçün sirr olaraq qalır. Bəlkə də onun nüvəsi elə o yalanlar imiş...

Sözün qəribə sehri var, əvvəlcə hava kimi adamın içinə dolur, orda qaynayır, bu müddətdə o havayla yaşayırsan, özünə yer tapa bilmirsən. Ta o sözdən azad olunca...

Sonra qısa müddətli rahatlıq dövrü başlayır. Daha sonra yenə söz içinə dolur... Beləcə, içində söz bişirə-bişirə yaşayırsan. Elə vaxt olur ki, o söz içində qədərindən artıq bişir, sözlər içində yanır, o yanan sözün əvəzini tapıb yerinə qoyunca yenə rahatlığın itir...

Adətən, şeir yazılanda bu hallar yaşanır. Amma insandan hadisə yaratmaq nəsrin işidir. Bu yaxınlarda fransız ekzistensialisti, yazıçı və filosofu Jan Pol Sartrın “Sözlər” avtobioqrafik romanını oxudum. O əsərdə bir məqam diqqətimi cəlb etdi. Yazıçı yazır:

“Atam özündən sonra var-dövlət qoyub getsəydi, mənim uşaqlığım da fərqli keçərdi və yazıçılığa atılmazdım, çünki onda tamamilə başqa adam olacaqdım”.

Mübahisəli məsələdir. Amma Sartrın doğulduğu, yetişdiyi mühiti nəzərə alsaq, yazıçıya haqq qazandırmağa məcburuq. O, “həyatı qəhrəmanlıq kimi qəbul etdiyi üçün” məğlubiyyətin övladıydı. Onun uşaqlığı atasız keçib, atasını heç xatırlaya bilmir. Sartrın uşaqlığı babasının kitabxanasında keçib, kitablar ona həyatın ancaq qəhrəmanlıqdan ibarət olduğunu aşılayıb.

Onun sözlərlə tanışlığı belə başlayıb. Normal yaşayışı olan ailədə böyüsə də o, özünü talesizliyin zirvəsində hesab edirdi və çıxış yolunu yazmaqda görürdü. Yazmaq ehtirası, əhvalatçılığa meyl onun uşaqlıq tərbiyəsini formalaşdırdı. Talesizliyin özündən bir tale yaradan Sartr beləcə, dünyadan adi adam kimi köçmək şansını itirdi.

Mən Şərin yox, Xeyrin tərəfində olmağı kitablardan öyrəndim. Hadisə quraşdıranda da həmişə çalışırdım ki, yaxşı pisə qalib gəlsin. Danışdığım yalanda yaxşı pisə üstün gəlirdi. O xeyirxah yalanlar sonra hekayəçilik mərəzinə çevrildi.

Amma sonra həyat mənim o yalanlarımı “redaktə” etdi və gördüm ki, haqq heç də həmişə qalib olmur, haqqın da yenildiyi məqamlar olur. Və o vaxtacan yazdıqlarımın üstündən xətt çəkib həyatın yalanlarını öz həqiqətimlə yazmağa başladım...

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #