Kənan Hacının prokuror sonluğu

Kənan Hacının prokuror sonluğu
2 dekabr 2013
# 11:24

Birdən Orxanın yadına düşdü ki, onunla bir sinifdə oxuyan parta yoldaşı Könülün babası hardasa yüksək vəzifədə çalışır. Könülə bu haqda danışsa, qız babasından kömək istəyə bilər.

Orxan sübh açılına qədər yerinin içində vurnuxdu, gözünə yuxu getmədi. Necə olur-olsun, Gəlin Çinarı xilas etmək lazım idi. Fəcr vaxtı ustufca yerindən qalxdı və əynini geyinib həyətə düşdü. Günəş hələ dağların arxasındaydı. Xəfif meh Gəlin Çinarın yarpaqlarını asta-asta yellədirdi. Ağac doğrudan da təzə gəlin nazlanırdı.

Orxan fikirləşdi ki, biznesmen çox pis adamdır, yaxşı adam olsaydı, heç vaxt Gəlin Çinarın qəsdinə durmazdı. İçində biznesmenə qarşı kin, nifrət vardı. Hiddətindən Orxanın bədəni uçunurdu, sübhün ayazı vecinə deyildi.

Səhər aynıdıqca daşlı-kəsəkli kənd yolunda hərəsi bir işin dalınca gedən adamların ayaq səsləri çoxalmağa başlayırdı. Orxanın hövsələsi daralıb bir tikə olmuşdu, heç cür özünə yer tapa bilmirdi. Anası yuxudan oyanınca oğlunu yerində görmədi və xalatını geyib eyvana çıxdı, şehə bələnmiş dibçək güllərinin ətri aləmi başına götürmüşdü. Anası gördü ki, Orxan Gəlin Çinarın gövdəsinə söykənərək xəyala dalıb.

Doluxsundu. Ürəyində biznesmeni qarğıdı. Dünəndən bəri Orxanın anasının da rahatlığı pozulmuşdu, Gəlin Çinarın kəsilməsiylə heç cür barışa bilmirdi. Amma o, neyləyə bilərdi?

İlk dərs başlanmamış Orxan Könülə yaxınlaşıb əhvalatı həyəcanla ona danışdı. Könül öz uşaq kədəriylə Orxana təsəlli vermək istədi və söz verdi ki, dərs bitən kimi babasına zəng edib Gəlin Çinarı gözləyən təhlükə haqda xəbər verəcək. Orxan indiyəcən Könüldən babasının harda işlədiyini soruşmamışdı, amma bilirdi ki, çox yüksək vəzifədə çalışır, hörmətli, sözü keçən adamdır. Amma bu dəfə ürəyinin tam sakit olmasından ötrü soruşdu:

- Baban harda işləyir, Könül?

- Prokurorluqda, - deyə Könül qısaca cavab verdi və gülümsədi. – Darıxma, babama deyəcəm.

Orxan ikinci gecəni də çox narahat yatdı və yuxusunda Gəlin Çinarı gördü. Gördü ki, özünə oxşayan bir uşaq Gəlin Çinarın altında ora - bura qaçır, uşağı yanına çağırdı, uşaq yüyürə-yüyürə gəldi və ona çatıb dayandı:

- Hə, baba.

Baba sözündən diksindi və birdən yadına düşdü ki, o, artıq babadır, qarşısında dayanmış bu uşaq onun nəvəsidi və onun da adı Orxandır. Uşağın başını sığallayıb çiyinlərini qucaqladı:

- İstəyirsən sənə bu Gəlin Çinarın nağılını danışım? Əslində bu, nağıl deyil. Olmuş əhvalatdır. Onda mən bu Gəlin Çinarı ölümdən xilas etmişdim...

Səhər ayılanda yuxusunu xatırladı və bu yuxunu evdə heç kəsə danışmadı. Hər gün dərsə gedəndə Könül qabağına yüyürürdü və həyəcanla Gəlin Çinarı soruşurdu. Orxan da gülə-gülə deyirdi ki, Gəlin Çinar hələ ki, yerindədi.

Bir həftənin tamamında gün teştə qalxan çağı Həsən kişi arvadını yanladı:

- Balam, bu biznesmendən bir xəbər çıxmadı, elə o gedən oldu...

Orxan bir küncdə dayanıb sözlü adamlar kimi gülürdü.

# 2739 dəfə oxunub

Müəllifin son yazıları

# # #