Sidqi Ruhullanın güllələnən qardaşı      

Sidqi Ruhullanın güllələnən qardaşı      
26 yanvar 2015
# 12:19

Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası Axundov Molla Kamiyab Fətulla oğlunun ittiham edilməsi barədə işə 5 noyabr 1959-cu ildə yenidən baxmışdır. Axund Molla Kamiyab Fətulla oğlu haqqında Azərbaycan XDİK üçlüyünün 1937-ci il 31 dekabr tarixli qərarı ləğv edilmiş və onun barəsindəki işin icrası ittihamnamə sübut olunmadığı üçün xətm olunmuşdur.

Axund Molla Kamiyab Fətulla oğlu həmin işə əsasən, ölümündən sonra bəraət almışdır.

Azərbaycan Ali Məhkəməsi sədrinin müavini: S. M. İmanov, 2 dekabr, 1959-cu il.

Bir də oxuyuram bu bəraət kağızını... bir də... bir də... Məşum 37-ci il inkvizisiyası bir daha yaddaşın nifrət qatını oyadır. Bir dəstə canavar sürüsünün qanlı dişləriylə üyüdülən bütöv bir ziyalı nəslinin nəhəng boşluğunda min cür hoqqalar çıxaran, qondarma ideologiyalar yapan ütülənmiş “ideoloqlar” həmin nəslə mənsub olan adların dilə gətirilməsini belə yasaq etdi, onların yaddaşlardan, düşüncələrdən silinməsini hökm etdi.

Axund Molla Kamiyab Fətulla oğlu da o məhv edilmiş nəslə mənsub din xadimlərindəndir. Əslən içərişəhərli olan Kamiyab 1870-ci ildə anadan olub. Hələ erkən yaşlarında atası onun təhsilinin qayğısına qalmış, 1890-cı ildə ruhani təhsili almaq üçün onu İrana göndərmişdir. Kamiyab əvvəlcə Qum, sonra isə Məşhəd şəhərlərində mükəmməl dini təhsil almış, islamın fəlsəfəsinə dərindən bələd olmuşdur.

Kamiyab İrana təhsil almağa getmişdi. Amma bilmirdi ki, orada onu gözəl bir qismət gözləyir. Nə idi bu qismət?..

Xoş bir təsadüf Kamiyabı Təbrizdə Şimali Azərbaycanın məşhur xalq xanəndəsi, qarabağlı Keçəçi oğlu Məhəmmədlə rastlaşdırır. Kamiyabın yaşının az olmağına baxmayaraq eloğlular bir-birlərinə tez isnişirlər. Kamiyab hətta vətəndən uzaqda özünə məhrəm bir insan tapdığına ürəyində sevinirdi. Bir gün Keçəçi oğlu Məhəmməd təbrizli dostunun ziyafətinə gedərkən Kamiyabı da özü ilə aparır. Və bu məclisdə... Kamiyabın gözü ev sahibinin qızı Zəhraya düşür. Ləziz Təbriz yeməklərinə gözünün ucuyla da baxmır. O, Zəhraya bir könüldən min könülə vurulur. Dərdini Keçəçi oğluna deyir, o da dost kimi toy edib qızı Kamiyaba alır.

Kamiyab İrandan vətənə artıq püxtələşmiş sakral düşüncəsiylə birgə öz könül həmdəmini də gətirir.

Deyilənlərə görə, Kamiyab incə qəlbə malik həssas adam imiş. Bəlkə də elə muğam dünyasına məhrəmliyi o incə qəlbin mənəvi ehtiyaclarını ödəməkdən ötrü imiş. Hələ İranda olarkən Keçəçi oğlundan, sonra isə İranın məşhur xalq xanəndəsi Əbülhəsən xan İqbal Azərdən muğamın sirlərini öyrənir. Sonralar Bakıda yaşadığı illərdə həm sənətkarlar, həm ruhanilər arasında, el içində onu Mirzə Kamiyab deyə çağırır, sayğısını uca tuturmuşlar.

Mirzə Kamiyabın İçərişəhərin Saray döngəsindəki 20 nömrəli ikimərtəbəli mülkündə dövrün məşhur xanəndələri Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini və başqalarını tez-tez görmək olardı. Muğamın atişləməz gedişlərinə bələd olan Mirzə Kamiyab öz məsləhətlərini, bilgilərini bu cavan xanəndələrdən heç vədə əsirgəməzmiş.

Söyləyirlər ki, Kamiyab azan verərkən, mərsiyə oxuyarkən onun qüvvətli, sağlam səsi Bakının bir neçə qıraq kəndinə yayılarmış. Onun yanıqlı səsi qəm, kədər selabına dönüb dinləyənlərin ürəyinə axarmış. “Zəminxarə”, “Humayun” üstündə oxuduğu qəsidələr dünyanın faniliyindən, gərdişi-dövranın vəfasızlığından bəhs edir, dinləyicini sarsıdırmış.

O, həm də peşəkar din xadimi idi. Məşhur din xadimi Şeyx Qəni ilə məhrəmanə münasibətləri olub. Onu da qeyd etməyi vacib sayırıq ki, Axund Mirzə Kamiyab islamı elmi-nəzəri cəhətdən mənimsəmiş, bu dinin elmi əsaslarını tədqiq etmiş, savadsız, fırıldaqçı mollalardan həmişə şikayətlənmişdir.

Əlsiz-ayaqsızlara, kasıb-füqəraya əl tutar, ianələr edərmiş. Xasiyyətcə mülayim, ucaboy, enlikürək adam imiş, əyninə arxalıq çuxa geyər, başına araxçın qoyarmış. Onun həyat yolunu araşdırarkən bir maraqlı faktla da qarşılaşdıq: sən demə, Axund Mirzə Kamiyab el içində mahir xalq təbibi kimi də tanınırmış. Yüzlərlə xəstə onun əlindən şəfa tapıb. O, insan bədəninə yoluxmuş müxtəlif mərəzləri çöl çiçəkləri ilə, təbii bitkilərlə zərərsizləşdirər, xəstəni sağaldarmış. Bu da onun zəngin biliyindən irəli gəlirdi.

Mirzə Kamiyab günün birinci yarısında İçərişəhərin Məhəmmədyar məscidində, ikinci yarısında “Gileylər” məscidində rövzə edərmiş. Tez-tez Təzə Pir məscidinə, Göy məscidə (Hacı Əjdər məscidi) dəvət olunarmış. Hələ bəxtiyar günlər idi, qara yellər əsməmişdi, azad düşüncə sahiblərinə sədəmə toxunmamışdı...

Qara yel 1929-cu ildə əsdi. Bu yel məscidləri, mədrəsələri burulğan kimi içində batırdı. Saysız-hesabsız din xadimləri bu burulğanda boğuldu. Əlli yaşlı Axund Kamiyab din xadimi kimi həbs edilib Sibirə sürgün olundu.

1934-cü ildə Sibirdən Bakıya qayıdan Axundu şəhərə buraxmırlar. Onu həbs edən zaman İçərişəhərdəki mülkünü və Buzovnadakı bağını əlindən almışdılar. (Onun 1937-ci ildə müsadirə edilən mülkü indi Uşaq bağçası kimi fəaliyyət göstərir.) Şəhərdə qalmağa yeri də yox idi. Onu Qubaya sürgün edirlər. Kamiyab Qubanın Nüvədi kəndində kolxoz bağında bağban işləməyə başlayır. Ömrünün iki ilini də doğma mühitdən kənarda keçirir.

Kamiaybı bu dəfə həmişəlik məhv etmək üçün 1936-cı ildə onun Bakıya gəlişinə imkan yaradırlar. Zavallı Axund şəhərin keçmiş Dağlıq küçəsində kasıb mənzil kirayələyir və... Heç o mənzildə könül rahatlığıyla yaşamağa belə macal tapmır.

Müdhiş 37-ci il özünü yetirir. Düşünən beyinlərin sür-sümüyü ilə qızdırılmış sobanın dudkeşindən ucalan fəryad tüstüsü ölkədə harın küləklər kimi qırmancını sağa-sola çırpan hökm sahiblərinin iştahasını günbəgün artırır... “Troyka”nın tiyəsindən qan daman dəhrəsi şaq-şaq şaqqıldayır.

“Troyka”nın günahsız qurbanlarından biri də Axund Mirzə Kamiyab idi. Onu bir gecədə həbs etdilər. Cəmi on dəqiqəlik məhkəmə öz qəti və dəyişilməz hökmünü verir: Güllələnsin!

Ertəsi gün o, qətlə yetirilir. Axund Mirzə Kamiyab Azərbaycan səhnəsinin fədailərindən olan Xalq artisti Sidqi Ruhullanın böyük qardaşı idi...

"Aydın yol" qəzeti

# 2107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #