Əkrəm Əylislinin qonaqlığı

Əkrəm Əylislinin qonaqlığı
3 fevral 2013
# 08:30

Layihə- Ədəbiyyatın kulisi

Zaman ol zaman idi ki, elin solaxay şairi Yafəs Türksəslə birlikdə “Yazar” qəzetini çıxardırdıq. Arada şair zəng edirdi ki, axşam filan yerdə yığışacağıq, “letuçka”ya gəl. Çalışırdıq ki, qəzet heç olmasa, ayda bir dəfə çıxsın.

Günlərin bir günü Yafəs yenə zəng vurub dedi ki, gəl şəhərə (onda kənddə yaşayırdım), bu gün Əkrəm Əylisli ilə görüşməliyik. Açığı, çox sevindim. O vaxtacan ustad yazıçı ilə canlı ünsiyyətim olmamışdı. Şəhərə çatanda Yafəsə zəng vurdum, dedi Sahil bağına gəl, ustad bir azdan ora gələcək. Əkrəm müəllim gəlib çıxmamışdan Yafəs məni məsələdən hali elədi. Dedi ki, Əsəd Cahangirlə birgə Əkrəm müəllimdən geniş bir müsahibə götürmüşük, müsahibəni Əsəd yazıya köçürəcək. Neçə gündü fikirləşirəm, qəzeti çıxarmağa pul yoxdu, Əkrəm müəllimə zəng elədim (Əkrəm Əylisli həmin vaxt millət vəkili idi), bəlkə bizə yardım elədi. Yafəsə dedim ki, gəl Əkrəm müəllimdən pul istəməyək, yaxşı deyil, qəzet üçün pulu başqa yerdən taparıq. Sözüm Yafəsin ağlına batdı, axırda razılaşdıq ki, ustada yüngülcə bir qonaqlıq məsələsini eşitdirək.

Əkrəm müəllim gəlib çıxdı, bizimlə lap min ilin tanışı kimi görüşdü, Sahil bağını bir-iki dəfə dövrə vurandan sonra yazıçı Hüseyn Arif haqqında özünün də iştirakçısı olduğu lətifəni danışdı.

Bir gün Əkrəm Əylisli şəhərdə Hüseyn Ariflə rastlaşır, Hüseyn qağa Əkrəmi görcək çiçəyi çırtlayır, deyir, ayə, yaxşı əlimə düşübsən, gedək bir başımızı açaq. Otururlar taksiyə, Hüseyn Arif deyir sür filan yerə. Həmin yerə çatanda şair deyir ki, burda bir xudmani kafe vardı, dünən burda yeyib-içmişəm. Həmin kafenin yerini axtara-axtara maşını bir neçə dəfə eyni yerdən sürdürürlər. Hövsələsi daralan Əkrəm Əylisli deyir, ay Hüseyn qağa, nə fərqi var, ora olmasın, başqa yer olsun. Bir kafe tapıb otururlar, Hüseyn Arif yüz vurandan sonra deyir, ayə, başın haqqı, dünən oturduğumuz yer deyəsən elə buraydı. Az keçməmiş qonşu masadan Hüseyn Arifin sağlığına badə qaldırırlar, Hüseyn qağa da Əkrəmi tək qoyub onların masasına yaxınlaşır və bir daha geri qayıtmır. Əkrəm Əylisli görür ki, Hüseyn Arif onu çoxdan unudub, sakitcə kafedən çıxıb gedir.

Əkrəm müəllim bu əhvalatı bizə danışıb ürəkdən güldü. Ortaya düşən gülüşdən sonra ani sükut yarandı, ustad ayaq saxladı və məsələni uzatmadan(ustad bizim niyyətimizi çoxdan duymuşdu) mətləbə keçdi:

- Yaxşı, siz mənə deyin görüm, planınız nədən ibarətdir?

İkimiz də nəsə mızıldandıq. Əkrəm müəllim dedi ki, onda gedək bir yerdə oturaq, siz çörəyinizi yeyin, mən yeməyəcəm, çay içib sizə yoldaşlıq edərəm. “Sahil” metrosunun yaxınlığındakı məşhur “Cənub” mehmanxanasının altındakı kafeyə gəldik. Əkrəm müəllim bizə yaxşı bir qonaqlıq verdi. Yadımdadır, Yafəslə iki şüşə çaxır içdik. Əkrəm müəllim ədəbiyyatdan, “Azərbaycan” jurnalındakı fəaliyyətindən danışdıqca onun hər sözünü, cümləsini hafizəmə yazmağa çalışırdım. Həmin gün mənim üçün unudulmaz bir gün idi. Əsərlərini sevə-sevə oxuduğum ustad yazıçı ilə üzbəüz oturmuşdum. Ona olan heyranlığımı heç gizləmirdim. Əkrəm müəllimlə sonrakı isti münasibətlərimizin əsası məhz həmin gün qoyuldu.

Söhbət əsnasında Əkrəm müəllim soruşdu ki, bəs indiyəcən kitabın çıxmayıb? Mənim əvəzimə Yafəs əlüstü qayıtdı ki, imkanı yoxdu, Əkrəm müəllim, belə istedadlı cavanlara kömək eləmək, dayaq durmaq, qayğı göstərmək lazımdır.

O vaxt mən düşünürdüm ki, kitab çıxarmağa imkanım olmasa da şeirlərimi “Yazar” qəzetinin əlavəsi kimi “Xüsusi buraxılış” formasında çap etdirim. Belə bir istəyimin olduğunu Əkrəm müəllimə dedim, dedi mən sənə kömək edərəm, sabah “Domsovet”in yanına gəl, mənə zəng elə, çıxım, görüşək. Əkrəm müəllimin xeyirxahlığı sayəsində mənim “Retro yuxular” adlandırdığım “Xüsusi buraxılış” min tirajla çap olundu.

Amma sonra Yafəsdən Əkrəm müəllimin müsahibəsi haqda soruşdum. Dedi ki, guya müsahibənin audioyazısı Sabutayda imiş, o da kaseti itirib...

# 3621 dəfə oxunub

Müəllifin son yazıları

# # #