Söz havasıyla yaşayan adam

Söz havasıyla yaşayan adam
12 fevral 2013
# 08:00

Dünyanın ən inanılmaz işlərindən biri də Azər Abdullanın 70 yaşı artıq çoxdan arxada qoymasıdır. İnanılmaz ona görə deyirəm ki, onu tanıyanlar indiki halında ona olsa-olsa, 55 yaş ancaq verərlər. Maşallah olsun!

Bu yaşın zəhmi adamı bir az təntidir. Elə bil uca bir dağın zirvəsinə çataçatda gözucu aşağı baxmaq istəyirsən, tezcənə adamın gözü qaralır; müvazinətini güclə saxlayırsan. Ədəbi dərgilərdə, toplularda, qəzet səhifələrində onun həmişə şux, şivərək şəkillərini görməyə gözümüz alışıb. Bu şəkillərdən boylanan adamın gözləri çox uzaqları ölçsə də yaşı həmişə, elə indinin özündə də 40 yaş civarında dolaşır. Bu gün də mən onu bu yaşda görürəm.

Ədəbiyyat aləmində illərdən bəri mənə doğma olan, zamanın bu doğmalığa zərrəcə xal sala bilmədiyi qələm sahiblərindən biri də Azər Abdulla imzasıdır. Hələ on-on beş il bundan öncə “Azərbaycan” jurnalında onun “Qəmərlidən keçən qatar” hekayəsini oxumuşdum və aradan uzun bir müddət keçməsinə baxmayaraq yol qıraqlarında tığlanmış qızılı soğanın xışıltısı hələ də qulaqlarımdadır. Bu xışıltı alov üstünə atılan su kimiydi. Ermənilərin türklərə nifrətinin dinc dövrdə üzə çıxan, cəmiyyətin içinə sızan tərəflərini Azər Abdulla bir yazıçı olaraq ustacasına bədii detallarla oxucunun hafizəsinə hopdurur və anlayırsan ki, qızılı soğanın xışıltısı həm də bir həyəcan siqnalı imiş.

Azğınlaşmış erməni gədələri qoca bir kişini vaqondan yerə atmaq istəyirlər, onun qaragülə papağını təpiklə vurub atırlar, çəliyini pəncərədən çölə tolazlayırlar. Ona görə ki, vaxtilə hörmət, ad-san sahibi olmuş bu qoca türkdür. Əlbəttə, sonda hər şey yaxşılıqla qurtarır. Amma yazıçı əsər boyu oxucunu gərginlik içində saxlayır.

Azər Abdulla haqqında düşünəndə nədənsə qeyri-iradi olaraq yadıma nəsrimizin digər iki ustadı da düşür- Vaqif Nəsib və Məmməd Oruc. Bəlkə bu ondan irəli gəlir ki, ədəbiyyatımızda öz imzasını lap çoxdan təsdiqləmiş bu üç yazıçını birləşdirən məqamlar da həddən ziyadədir. Məsələn , mən “Qəmərlidən keçən qatar”ı oxuyanda Məmməd Orucun “Əzrayılla görüş” povestini xatırladım. Qarabağ davası təzəcə qalxan vaxtlarda arvadını qəzəbli publikanın gözündən yayındırmaq üçün əzrayılı diri gözlü görən kişinin əzabları ilə “Qəmərlidən keçən qatar”dakı qocanın oğlu Ağəlinin atası, arvad-uşağı üçün keçirdiyi həyəcanlar eyni motivlidir. Hər iki əsərdə güclü yazıçı müşahidəsi var.

“Qəmərlidən keçən qatar” əvvəldən başlayıb getdikcə güclənən, emosional ovqata malik, qatı psixologizmi və dərin dramatizmi baxımından Azərbaycan nəsrinin nadir nümunələrindən biridir. Eləcə də bu yazının yazılması ərəfəsində oxuduğum “Son döyüş” povesti. Əzrayılla döyüşən yaşlı qadının həyatının son günləri əsərdə o qədər həssaslıqla və belə demək mümkünsə, maksimum vizuallıqla işlənib ki, qarının qarnının şişini-o məşum və soyuq yumşaqlığı az qala əllərinlə hiss edirsən.

Azər müəllimin nəsrində bir cəhət də diqqətimi çəkdi: yazıçı bir çox nasirlərimizdən fərqli olaraq məhəlli sözlərdən, dialektlərdən yararlanmır və bu onun nəsrinin koloritini qətiyyən azaltmır. Bu, yazıçı peşəkarlığından, dilə qarşı son dərəcə həssas münasibətdən və ədəbi dil qarşısında məsuliyyət hissindən irəli gələn bir haldır. Gəlin etiraf edək ki, yeni nəsil yazarları arasında dilə bu qədər sayğı ilə yanaşanlar çox azdır.

Onun “Söz havası” adlı bir hekayəsi də var. Hekayəni oxuyandan sonra fikirləşdim ki, bu artıq şedevrdir. Öz içinin azadlığı ilə baş-başa ömür sürən insanın həyatının bir fraqmenti yazıçı qələmilə zərgər dəqiqliyi ilə cilalanıb.

Bir dəfə Tofiq Mahmudovun “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsindəki otağında Azər Abdulla ilə görüşdük və orada dedim ki, əgər mənə Azərbaycan hekayə antologiyasını hazırlamağı həvalə etsəydilər qeyd-şərtsiz olaraq sizin “Söz havası” hekayənizi də həmin antologiyaya daxil edərdim. Gülümsədi və “minnətdaram, bu mənim üçün ən böyük qiymətdir” -dedi. Səhv etmirəmsə, bu mənim Azər müəllimlə ilk ünsiyyətim idi. Sonralar ara-sıra rastlaşırdıq, elə indi də görüşürük, hərdən nəşriyyata yolum düşəndə onun doqquzuncu mərtəbədəki iş otağına baş çəkirəm və qəribədir, bu ani rastlaşmaların, ayaqüstü söhbətlərin hər birində mənim içimə bir rahatlıq hakim kəsilib. Bu rahatlığı doğuran hissi bircə cümlə ilə ifadə edə bilərəm-yaxşı ki, dünyada Azər Abdulla var. Azər Abdulla səmimiyyəti, Azər Abdulla əxlaqı, Azər Abdulla vicdanı, Azər Abdulla məsuliyyəti insanlarımızın hər birində olsa, inanın, Azərbaycan başdan-başa behiştə dönər.

İnsan iradəsi, sənətkar şəxsiyyəti həmişə zamandan üstün olub. Azər Abdullanın yazıçı taleyində onun hər cür təbliğatdan, reklamdan uzaq xarakteri və şəxsiyyətinin də rolu az deyil. Onun haqqında yazmaq mənim çiynimə böyük bir məsuliyyət qoyur. Mən onun poeziyasından yazmadım. Poeziyası haqqında qələm dostum Səlim Babullaoğlu lazımı səviyyədə yazıb və çox gözəl yazıb.

Mən onun nəsri civarında gəzişmələr etməklə ürəyimdəki sözləri azadlığa buraxdım. “Qəmərlidən keçən qatar”ı və “Son döyüş”ü yenidən oxudum; yazı texnikası, təhkiyə quruluşu, dolğun təsvirlər bir daha məni heyran etdi, köhnə duyğular təzələndi, öyrəndiklərim çox şeylər oldu bu əsərlərdə.

Bütün bunlara görə çox sağ ol, Söz havasıyla yaşayan Adam!

# 2175 dəfə oxunub

Müəllifin son yazıları

# # #