"Sənə nolub zalım yar", "Azad bir quşdum", "Gərək". Onun yaratdıqlarıydı.
Musiqisi də, sözləri də ona aid idi - Cəfər Cabbarlıya. Uzun illərin mübarizəsi və mübahisələrindən sonra adı bu mahnılarının altına yazılır nəhayət. Amma bu son deyil deyəsən...
Xanəndələrimiz muğamların keçidlərində bir xalq mahnısı ifa edir:
Qurban olum səni doğan anaya
Səni doğub salıb məni bəlaya
Çəkərəm nazını hərdən,
mənə sən naz eləsən də
Qurban ollam nazına,
nazına avazına
səni çoxdan sevirəm
Gəl gülüm gəl görüm kimin yarısan?
Hansı vəfadarın vəfadarısan
Çəkərəm nazını hərdən
Mənə sən naz eləsən də
Qurban ollam nazına
Nazına avazına
Səni çoxdan sevirəm.
Amma bu sözlərlə mahnı 1989-cu ildən sonra oxunub. Ona qədər mahnının bir bəndini belə ifa ediblər xanəndələr:
Gedərəm kilsəyə girrəm,
dönərəm xaçpərəst ollam.
Qurban ollam nazına,
nazına avazına,
səni çoxdan sevirəm.
Bəzən də belə:
Çəkərəm nazını yarım
Nə qədər naz edən olsan.
Qurban ollam nazına
Nazına avazına,
səni çoxdan sevirəm.
Mahnının musiqisi Rast muğamı üstündə yazılıb.
Rast muğamının keçidlərində və bəzi təsniflərdə də ifa edilir indi. Hər üç dəyişikliyi qəbul edir və oxuyur xanəndələr. Kimə necə yaxındırsa, doğmadırsa o cür ifa edir yəni. Amma maraqlısı odur ki, dəyişən özləridir, musiqi dəyişdirilmir.
Nəzərə almaq lazımdır ki, mahnı sözlərinin orijinalda olduğu kimi oxunmasında daha çox elə xanəndələr israr edirlər və bu məsələni zaman-zaman sərt formada qaldırırlar. Bu baxımdan onların hər üç variantı qəbul etmələri qəribə görünür. Və bu qənaətə gəlmək olur ki, bəlkə də sözlərin orijinalda necə olmasını kimsə bilmir, o üzdən irad tutan da yoxdur!
O musiqi hərbi marş üçün yazılıbmış...
Nuru Paşa ordusuna ithaf olunubmuş həmin marş. Sözlərinin və musiqisinin müəllifi isə Cəfər Cabbarlı olub. Mümkün deyil - deməyə tələsməyin. Çünki bu məlumatlar bir-birindən xəbərsiz bir neçə mənbədə var.
1918-ci ildə Nuru Paşa və Türk ordusunun şərəfinə belə bir şer yazıbmış Cabbarlı:
Türk sağ ikən,
yurduna əl toxunmaz.
Ölsə də zəncir daşımaz,
qul olmaz,
Alaram mizrağı bir türk kimi,
qalxan çəkərəm mən!
Tutduğum haqq yoludur,
qan tökərəm can verərəm mən
Atılın bombalarım,
Qandır, oddur təməli,
Böyük Turan -Vətənim!!!
Ölkə mənim, vətən mənim, yurd mənim,
marş irəli, marş irəli əsgərim!
Bu sözləri təsadüfən əldə etdim. Daha dəqiqi mərhum dirijor Əbdüləhəd İsrafilzadənin Cəfər Cabbarlı haqqında çəkilən "Etiraf" filminə baxanda.
Yaxşı səsim də vardı, oxuyurdum deyir mərhum dirijor: "Atam, qardaşım Süleyman və mən piyada Buzovnadan Bilgəhə gedirdik. Atam dedi ki, oxu! Başladım oxumağa".
Video görüntüdə, dirijor yuxarıda qeyd olunan sözləri, həmin məşhur musiqinin üstündə oxunur. Və tam fərqli təəssürat yaranır. Hərbi marş təəssüratı.
Kim idi dirijor Əbdüləhəd İsrafilzadə?
Əbdüləhəd Hüseyn oğlu İsrafilzadə 1914-cü ildə Bakıda tacir ailəsində doğulub. Onun böyük qardaşı Süleyman İsrafilzadə Cəfər Cabbarlının yaxın dostlarından olub. Süleyman bəy gizli Müsavat Partiyasının Bakı komitəsinin üzvü idi. Müsavatın bəzi iclasları onların evlərində keçirilirdi. Süleyman bəy Müsavat Partiyasıyla əlaqələrinə görə 1926-cı ildə həbs olunur, 37-ci ildə güllələnir. Digər qardaşı Əbdülxaliq sürgün edilir, sonra İkinci Dünya müharibəsində həlak olur. Bir başqa qardaşları Məhəmmədağa orduya könüllü gedib şəhid olur, o biri qardaşları Əbdürrəhman isə müharibədən sağ qayıdır, amma ağır xəstəlikdən dünyasını dəyişir. İsrafilzadələrin bir qardaşları sağ qalır Əbdüləhəd İsrafilzadə. Bəlkə də onu siyasətə yox, musiqiyə olan marağı xilas edib. Daha dəqiqi Üzeyir Hacıbəylinin sevimlisi olması.
Əbdüləhəd İsrafilzadə İndiki Musiqi Akademiyasının 1948-ci ildəki məzunlarından idi. Akademiyanın 4 fakültəsini bitirib. Ancaq bəstəkarlıq və dirijorluq sənətinə üstünlük verib. 1948-ci ildə Üzeyir Hacıbəyov onu Leninqrad Konservatoriyasına təhsilini davam etdirməsi üçün göndərib. Əbdüləhəd İsrafilzadə oranı bitirəndən sonra, 1951-ci ildə Azərbaycana qayıdıb.
O, hələ 1936-cı ildən dirijor kimi fəaliyyətdə idi. "Aşıq Qərib", "Əsli və Kərəm", "Şah İsmayıl", "Leyli və Məcnun", "Arşın mal alan", "Koroğlu" operalarında dirijorluq etmişdi, Bakıya qayıdandan sonra da fəaliyyətini davam etdirib. Və uzun illər konservatoriyada müəllim kimi çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin rəhbəri kimi də fəaliyyət göstərib.
HAŞİYƏ: Bütün bunları ona görə yada saldım ki, təqdim olunan məlumatların qeyri-ciddiyə alacaq kəslər danışanların kimliyi ilə bağlı diqqətli olsunlar.
Yenidən mahnıya qayıdaq...
...Nuru Paşa ordusuna ithaf olunan hərbi marşın mövcudluğu təkcə Əbdüləhəd İsrafilzadənin xatirələrində təsdiqlənmir. Cəfərin yaxın dostu, rejissor A.Tuqanovun xatirələrində yazılır: " Cəfər Cabbarlının mahnılarının bəzilərini, daha dəqiqi, "Hamlet" əsərində səslənən marşları nota erməni bəstəkar Mailyan salıb. Bir neçə mahnısını isə yaxın dostumuz Əfrasiyab Bədəlbəyli nota köçürmüşdü. Təəssüf ki o notların az bir qismini əldə etmək mümkün olub. Qalanlarını götürdülər".
Cəfər Cabbarlı yaradıcılığını araşdıran tədqiqatçı-alim Asif Rüstəmlinin məlumatlarında isə bildirilir ki, "1923-cü ildə siyasi baxışları, Müsavata olan simpatiyası səbəbindən Cabbarlı həbs edilib. Mənzilində axtarış aparılarkən onun hələ çap olunmamış əsərləri ilə yanaşı Nuru Paşa ordusuna ithaf etdiyi marş, əlyazmada olan notlar və digər yazılar da götürülüb".
Müsavat Partiyasının ideoloqlarından sayılan, sovet hakimiyyəti qurulandan sonra isə Almaniyaya qaçmağa məcbur olan, Cəfər Cabbarlının yaxın dostu Mirzəbala Məhəmmədzadə Cəfərin ölümündən üç il sonra Almaniyada onun haqqındakı xatirələrində belə yazırdı:
"Cəfər intişar etməmiş, fəqət yolda, dərsdə, işdə daima təkrar etdiyi şerinde diyordu ki:
Türk sağ ikən, yurduna əl toxunmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz,
Ölkə mənim, vətən mənim yurd mənim,
Marş irəli, marş irəli əskərim" .
Daha sonra Mirzəbala Məhəmmədzadə bu sözlərə musiqi yazıldığını və müəllifin də Cəfər olduğu bildirir.
"Qurtuluş" jurnalı, Almaniya, 1938-ci il.
Artıq bir-birindən xəbərsiz üç mənbədə eyni musiqi və eyni sözlərdən danışılır. Və bir adamın adı çəkilir - Cəfər Cabbarlının.
Hələ bu da son deyil. Maraqlı olanı budur ki, Azərbaycan musiqisi deyiləndə yada düşən vacib adlardan, simalardan biri Fikrət Əmirov da "Kürd Ovşarı" simfonik muğamında sözügedən musiqidən xalq mahnısı kimi istifadə edib. Buna qədərsə Fikrət Əmirov "Sevil" operasında bilərəkdənmi, ya da bilməyərəkdənmi Cəfər yaradıcılığına müraciət etmişdi. Əsər "Sənə nolub zalım yar" mahnısı ilə başlayırdı.
Bəlkə bu yazıda Cəfər Cabbarlı yaradıcılığının bir düyünü açıldı. Ya da ən azı daha bir düyünün açılması üçün ip ucu olacaq bu yazı, demək çətindir. Amma əminəm ki, onlarla bağlı "kor düyünlər" var hələ Cabbarlının ağır keçən qısa həyatında.
Onun həyatının ağırlığını bir şerində və elə o şerə yazdığı mahnıda çatdıra bilib:
Gərək günəş dağları aşıb sönməyədi,
Gərək mənim dönmüş taleyim dönməyəydi
Gərək mənim istədiyimi zalim fələk
Açılmadan qara torpağa gömməyəydi.
Göydəki ayə deyin,
dərdimi qoy yarə yetirsin
Ürəyim dərdə düşüb,
yar mənə bir çarə yetirsin
Neyçün bu cür tanrım mənə bəlalı gün verdin
Bu nazlı afətə vurğun cəhanə göndərdin.
Baharı eşqimi yavrum xəzanə döndərdi
Bu dərdli günlərim artıq baharım olsun qoy...
Bu mahnını xanəndə, xalq artisti Mələkxanım Əyyubovanın ifasında dinləyəndən və Cəfər Cabbarlı haqqında oxuduğum məlumatlardan sonra bu oldu qənaətim: Bir içim insan olub o, hamı kimi. Amma hamının olmadığı qədər fərqli olub həm də. Gəlib, yaşayıb-yaradıb lakin natamam gedib. Hər işi, yaradıcılığı, həyatı belə yarıda qalıb - 35 yaşında...