Günün “Ədəbiyyat qəzeti” və ya dirilmə…

Günün “Ədəbiyyat qəzeti” və ya dirilmə…
25 fevral 2016
# 13:53

Toğrul Nərimanbəyovun maraqlı bir fikri var, mən onu tez-tez misal çəkirəm. O, deyirdi ki, təkcə insanların deyil, şəhərlərin, kəndlərin, ağacların, hətta limanların da obrazı olur. Doğrudan da belədir. Bir az da xırdalasaq, görərik ki, ən kiçik əşyanın da assosiativ təfəkkürdə modeli, surəti, portreti, siması, insan kimi taleyi var. Səhv etmirəmsə, Markesin fikridir, o yazırdı ki, əşyaların da ruhu var, onu sadəcə oyatmaq lazımdır…

“Ədəbiyyat qəzeti”nin taleyinə, obrazına, keçdiyi tarixi yola nəzər salanda müxtəlif zamanların və mühitlərin ədəbi- ideoloji silahına çevrilmiş, zaman-zaman ittiham olunan, suçlanan, tənqidlərin ağırlığından əzilən (müəyyən dövrlərdə isə ittiham edən, hökm oxuyan, “vuran əl” rolunu yerinə yetirən) bir qəzet haqqında düşünməli oluruq. Professor N.Cəfərov “Ədəbiyyat qəzeti” nin 24.07.2009-cu il sayında qəzetin 75 illiyi ilə əlaqədar yazdığı “Ədəbiyyatımız, Birliyimiz və “Ədəbiyyat qəzeti”miz adlı məqaləsində yazır: “Azərbaycan Yazıçılar Birliyindən də , “Ədəbiyyat qəzeti”indən də həm 30-cu illərin repressiyalarının hazırlanmasında, həyata keçirilməsində istifadə olunub, həm də repressiyalara məruz qoyulub. 50-60-cı illərdə bədii-ictimai həyatın yumşalmasının, 70-ci illərdə isə canlanmasının şahidi, 80-90-ci illərdə isə milli azadlıq hərəkatının, müstəqilliyin carçısı olub. Qəzetin tirajı yüz minə çatırdı”.

Mən 3 il öncə bu qəzet haqqında yazdığım məqalədəki (“Ədəbiyyat qəzeti”nin canındakı 80 illik qorxunu kim çıxaracaq?”) bəzi cümlələri xatırlatmaq istəyirəm. Bu məqaləni o zaman yazmışdım ki, hamı (hətta Yazıçılar Birliyi də) bu qəzetdən əlini acizanə şəkildə üzmüşdü. Qəzetin ədəbiyyat adına karikaturalaşmış bir obrazı formalaşmışdı artıq. Yazıçılar Birliyinin əleyhinə çıxanlar bu faktdan silah kimi istifadə edə bilirdilər. Yəni, “sizin ədəbi, ədəbiyyat orqanınız bu deyil? Baxın!” –ittihamı ilə haqlı olduqlarını isbatlayırdılar. Bu çox uzaq bir zaman deyil, hamının xatırlaya biləcəyi dünəndir! Həmin məqaləmdəki fikrə qayıtmaq istəyirəm: “1934-cü ildən çıxan “Ədəbiyyat qəzeti” ölüm hökmü altında yaddan çıxıb qalmış ədəbi orqanlardan biridir. Vaxtilə ədəbi-mədəni aləmdə ədəbiyyatımızın həyatına daxil olmuş və nüfuzlu söz sahibi olan bu qəzet müstəqillik illərində (“A. Vəfalı epoxası”ından etibarən) nəinki lider oldu, ən azından saysız-hesabsız qəzet-jurnalların ədəbiyyat səhifələrinin dediyini belə deyə bilmədi... Qəzetin redaktorlarını xatırladaq. Adların yaratdığı reaksiyadan “azad söz”ün qalxma, enmə dalğasını müəyyənləşdirəcəyik: Hacıbaba Nəzərli, Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Məmməd Səid Ordubadi, Osman Sarıvəllli, Məmməd Cəfər Cəfərov, Ənvər Əlibəyli, Əhməd Cəmil, Süleyman Rüstəm, Qasım Qasımzadə, Yüsif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz, Sabir Əhmədli və nəhayət Ayaz Vəfalı... Bu ədəbi orqanın canlandığı və hətta tirajının 100 minə çatdığı dövrlər məhz onun yaradıcıları, redaktorları ilə də bağlı olub”.

Həmin dövrdə (bir il, il yarım öncəyə qədər) bu qəzet vasitəsilə ədəbi mühitdən xəbər tutmaq, dünya və Azərbaycan ədəbiyyatında gedən prosesləri intensiv şəkildə izləmək imkanlarından danışmaq belə mənasız olardı. Biz bunun üçün bir çox qəzetlərin ədəbiyyat əlavələrinə və yeni-yeni yaranmaqda olan ədəbiyyat saytlarına üz tuturduq. Səhifələrinin sayını da oxucularının sayı kimi ildən-ilə azaldan qəzet “ölü kağız parçası”na çevrilmişdi. Qəzet özünə xas əməkdaşlar və ədəbi proseslə canlı bağlantı yarada bilmirdi. Halbuki ona verilən geniş imkanlardan istifadə edib ədəbi aləmdə xüsusi, fərqli və daha dinamik bir mühit yarada bilərdi. 80 ilə yaxın təcrübə, 30-40 illik oxucu auditoriyası (onların çoxu “oxu zalı”nı tərk etmişdi) və s.

Yenidən həmin məqaləmdəki bəzi vacib məqamları xatırlatmaq istəyirəm: “Qəzetin son 3-4 illik saylarındakı adlar və başlıqlar oxucuda açıq-aydın qıcıq yaradır - daşlaşmış, şablonlaşmış, məzmunu kimi bayağı başlıqlar: “Unudulmaz müəllim”, “Necə unudasan?”, “Ədəbiyyatımıza dəyərli töhfələr”, “Mənalı ömrün anları”, “Xalq ruhu”, “Xalq həyatı”, “Yaddaşda qalan xatirələr”, “Düşündürən sənətkar”, “Ömrün üfüqləri”, “Ömrün zirvəsində”, “Xeyirxah əməl sahibi”, “Deyilən söz yadigarıdır”, “O həmişə bizimlədir”, “Əsl vətəndaş cəsarəti”, “Şərəfli peşə”, “Ədəbiyyata həsr edilən ömür”, “Şərəfli ömrün səhifələri”, “Sevgi dolu bir dünya”, “Bədii sözün gücüylə”, “Torpağa bağlı şair”, “Ədəbiyyat yolçusu”, “Unudulmaz gələn dostumuz” və.s

“Repressiyaların hazırlanmasında, həyata keçirilməsində” silaha çevrilmiş “Ədəbiyyat qəzeti”nin canından o eybəcər xisləti çıxara biləcək gücə inanaqmı? Hansısa təyin olunan yox, tələb olunan baş redaktor gələcək və qəzetin canındakı 80 illik qorxunu çıxarıb, ədəbiyyat sevgisi ilə isə başlayacaq? Sadəcə ədəbiyyat sevgisi...” (09 oktyabr, 2012-ci il. Azadlıq radiosu. “Oxu zalı”)

Bəli, sadaladığım problemlər həmin o “Ədəbiyyat qəzeti” obrazının xarakterik xüsusiyyətlərinə çevrilmişdi. Heç kim bu “80 yaşlı qoca”nın yenidən ayağa qalxmasını gözləmirdi, hamı onun dəfni haqqında düşünürdü…

Lakin ədəbiyyat sevgisi, prinsipial mövqe, milli ədəbi-mədəni düşüncə formalaşdırmaq yolunda mücadilə əzmi bu gözləntinin üstündən xətt çəkdi… Qəzetin Azər Turan dövrü başladı. Elə bir dövr ki, baş redaktorluğa vəzifə, şöhrət pilləkəni kimi yox, arzularını, ədəbiyyatımız haqqında müsbət planlı əməllərini reallaşdırmaq imkanını əldə etmək uğuru kimi baxdı və inadla minimum imkanlardan maksimum prinsipiallıqla yararlanmağı qarşısına məqsəd qoydu. Ayaz Vəfalıdan sonra qəzetə baş redaktor təyin edilmiş Elçin Hüseynbəylinin istefası bizi bir az da ümidsizləşdirmişdi. “Ulduz”da rahatlıqla işini icra edə bilən bu təcrübəli redaktor nədən “Ədəbiyyat qəzeti”ndən qısa bir müddətdən sonra könüllü şəkildə imtina etdi? (Biz bunun adını “ istefa verdi” kimi hallandırsaq da, qərarın “imtina” çaları daha çox gözə çarpırdı). E.Hüseynbəyli müsahibələrində şəxsi yaradıcılığına vaxt qalmadığı üçün istefa verdiyini deyirdi, amma onun bu fəaliyyəti “Ulduz”un redaktoru olanda da davam edirdi axı, yəni mütəmadi olaraq hekayələr, romanlar yazırdı, çap etdirirdi. Deməli, ya qəzetin işi daha ağır (və hətta şəxsi yaradıcılığı əldən alacaq qədər ağır!) idi, ya da Elçin Hüseynbəyli də hamı kimi bu ölməkdə olan qəzetə can verə bilməyəcəyi qənaətini hasil etmiş imiş… Hətta qəzetin baş redaktoru kimi “Kulis.Az” -dakı verilişdə Qan Turalı və Qismətin suallarını cavablandıranda “Ədəbiyyat qəzeti” Kulis.Az ola bilməz!” –deyə ümidsizliyə qərq etmişdi bizi…

Qəzetdə mütəmadi yazıları çıxan ədəbiyyat və sənət adamları da yəqin təsdiqləyər ki, A.Turan baş redaktor kimi yox, sıradan bir işçi kimi müəllif axtarışında ağır zəhmətlərə qatlaşdı. Qəzetdə imzasını görmək istədiyi, fikirlərini bölüşmək istədiyi alim və tədqiqatçıları mütəmadi yazmağa, tədqiqatlar aparmağa (qəribə görünsə də, həm də çoxlu, durmadan oxumağa) sövq etdi. Qəzetin ənənəvi, şablon formatından əsər-əlamət qalmadı. Səmimi, düşündürücü, zəhmət və zehniyyət əsasında yazılan yazılara daha çox səhifə ayrılırdı. Müəlliflər qəzeti, qəzet də onun daimi müəlliflərini formalaşdırmağa, inkişaf etdirməyə başladı. Bu proses təbii ki ədəbiyyatın ümumi mənzərəsinə də yeni hava, yeni nəfəs, yeni ruh yayırdı. Bu yerdə nə qədər qəribə səslənsə də bir fikir yadımıza düşür: “Mirzə Cəlil “Molla Nəsrəddin”i, “Molla Nəsrəddin” də Mirzə Cəlili yaratdı”. (Müqayisə oxucuları qıcıqlandırmasın. Bu sitatla obyekti və subyekti yox, prosesin məğzini müqayisə edirəm.)

Çağdaş dünya ədəbiyyatındakı yeniliklərlə bağlı tərcümələr, klassik Azərbaycan ədəbiyyatı, türk xalqlarının mədəniyyəti, tarixi və ədəbiyyatı, folklor nümunələri ilə bağlı yazılar, gənc müəlliflərin ilk təqdimatını səciyyələndirən səhifələr, ədəbiyyatşünaslıqla bağlı polemik məqalələr, ədəbiyyata yaxın sənət növləri haqqında intellektimizi, dünyagörüşümüzü artıran araşdırmalar və s. bu kimi ədəbiyyat qəzetinin funksionallığını şərtləndirən materiallar bizi bu ünvana –“Ədəbiyyat qəzeti”nə yenidən qaytardı. Doğrudur, bəzən və bəlkə də hər nömrədə “ölü səhifələr” də olur, amma bəzi subyektiv və qaçılmaz təsirləri nəzərə alsaq, bu da anlaşılandır…

Beləliklə, itirilmiş müəlliflər redaktora və redaksiyaya, qəzetdən əlini üzmüş oxucular isə qəzet köşklərinə yenidən üz tutdu. Bu gün 32 səhifəlik qəzet ədəbiyyatla bağlı maraqlarımızı bir çox cəhətdən təmin edir ki, onu çantamızda gəzdirir, sonacan oxumaq üçün yazı masamızın üstündə saxlayırıq. Lakin o da qəribədir ki, bir çox mövqe sahibləri, o adamlar ki, bu “dirilməni” alqışlamalıdır, etiraf etməli və qiymətləndirməlidir, qısqanclıq, ədəbiyyat naminə deyil, şəxsi, subyektiv mövqe və maraq naminə işə kölgə salmaq xudpəsəndliyi reaksiyasını cilovlaya bilmir. Qəzetdə çap olunmayan istedadsız gəncləri və istedadsızcasına qocalıb sönən, amma qələmə “təslim olmayan” ağsaqqalları isə başa düşmək olar… Onların etiraz və şikayət reaksiyası birincilərin susqunluq ifadəsindən daha səmimidir…

Təbii ki, qəzetin bugünkü potensial imkanları müqabilində daha çox iş görmək olar –fikri də bizi düşündürür. Məsələn, ədəbiyyatşünaslıqla bağlı fundamental problemlərdən mütəmadi olaraq mövzu seçmək və eyni mövzu ilə bağlı müxtəlif mövqeli müəlliflərin yazısını çap etmək, eyni roman haqqında 5-6 məqalə yox, yeni nəşr olunan müxtəlif romanları, hekayə və povestləri, şeirləri daimi rubrikada müzakirə obyekti etmək və s. bu kimi ehtiyac duyulan addımları da atmaq olar. Qəzetin digər qüsurlarından biri də odur ki, “titullu müəlliflərə özəl yanaşma” ənənəsindən yaxa qurtara bilmir və s…

“Ədəbiyyat qəzeti” nin bu günkü durumu, səviyyəsi real şəraitdə, bütün obyektiv və subyektiv əngəlləri də nəzərə alsaq, bizi razı salır. “Ədəbiyyat qəzeti” bu gün baş redaktor Azər Turanın mücadiləsi və iradəsi, kollektivin zəhməti və məsuliyyətli çalışqanlığı hesabına ədəbiyyatımızın əsas qəzeti olmağı bacardı…

# 2088 dəfə oxunub

Müəllifin son yazıları

# # #