Rafiq Tağının qardaşından Həmid Herisçiyə: “Siz İran casususuz!”

Rafiq Tağının qardaşından Həmid Herisçiyə: “Siz İran casususuz!”
25 iyun 2014
# 10:06

Nokdaundan nokauta ”inkişaf”


Həmid Herisçinin Rafiq Tağı haqda məlum yazısından bir müddət keçməsinə baxmayaraq ona verilən bir sanballı cavab oxumadım. Əcəba, bəlkə ölkədə hamı Həmid Herisçi kimi molla düşüncəli imiş? Bəlkə, dediklərində tam haqlıymış, dediyi “faktlar” o qədər köklü-köməcliymiş ki, heç kəs cürət edib bir söz demədi bu H.H.- yə (H.H. - Həmid Herisçi deməkdir, hər dəfə barmaqlarıma əziyyət verməyim deyə belə abbreviatura düşündüm).

Amma, kimlə ki bu barədə müzakirə etmək istədim, H.H-ni ciddiyə almamağı, onun ağlının çaşdığını dedilər, tövsiyə etdilər ki, baş qoşmağın yeri yoxdur. Mənsə, belə düşünmürəm.

O, "İran casusu" kleymosunu guya öz üzərində görmək istəməyən, əslində bunu sidq-ürəkdən istəyən, bununla da fəxarət duyan həqiqi casusdur. Bu adam İranın Azərbaycandakı forpostu sayılan Nardaranın fəxri vətəndaşı olub da ANS-də yayımlanan daşdan-kəsəkdən bəhs edən ”fəlsəfi-konspiroloji” verilişlərilə molla psixologiyasını təbliğ etmirdimi? Molla psixologiyasının mütərəqqi Şimalı Azərbaycanda təbliği molla hakimiyyətli İrana xidmət deyildimi? Elmilikdən kənar iddialar, "araşdırmalar"la özünün şizofrenik halının elmsiz xeybərlərə təlqiniylə dərvişməstəlişahlıq etməyi casusluq deyildimi? Casus olub da o, guya başqa hansı qələti ( qələt- farscadan səhv deməkdir ) etməliydi ki?

H.H, sizdən fərqli olaraq Rafiq Tağı böyük ədibdir, həm də yüksək intellekt, fəhm sahibi idi, filosof idi, eyni zamanda yiyələndiyi kompleks biliklərin sayəsində yüksək səviyyəli həkim idi. Hər bacardığında tam idi-istər həkim, istər yazıçı, istər şair kimi, istər esseçi kimi, istər dost kimi, istər vətəndaş kimi...

O, Vətənə də, dostlarına da, ədəbiyyata da, həkimliyinə də sadiq idi. Sizsə natamamsınız! Siz mövqeyinizdə dayanıqlı deyilsiniz! Xarakteristikanız Rafiqin sizin də əzbər bildiyiniz məşhur cavabında verilib. Görünür, sizin bundan sonrakı "həyat və yaradıcılığınız" o yazı üzərində interpretasiyalar olacaq. Axırıncı yazınızdan bəzi fraqmental iddialarınızı cavablayardım...

- Rafiq həbs olunanda guya AYO-çulardan kimsə ABŞ səfirliyinə müraciət edir, hansısa 300 dollar söhbəti olub ortada. Ayıb deyil, H.H ? Bu olubsa, ad çəkməlisiniz axı, oxu atıb, yayı gizlətməyin nə anlamı var?

- Guya AYO siyasiləşmişdi. İran ayətullahının ölüm fətvasına cavab vermək, sizin dostlarınızın məskəni olan Nardaranda bir qrup camaatın üsyana qalxmasına reaksiya göstərmək siyasiləşməkdi bəyəm? Diğər tərəfdən, siyasiləşənlərə siyasiləşməklə cavab vermək səhv sayılmalıydı bəyəm?

- İranlı olmağınızı danıb-danmamağınızdan yazırsınız. O dönəmdə bəyəm sizi İranlı olduğunuza görə asıb-kəsən olmuşdu ki? Sovet ideologiyasının, ateizm cəmiyyətinin islama birbaşa “yox” dediyi dönəmdə Müşərrəf müəllimənizin sizə aqressiyası görünür alt şüurunuzda indi də cövlan etməkdədir. Rafiqi sizin İranlı olmağınız yox, İran ideologiyasını təbliğiniz, molla təfəkkürünün təbliği qıcıqlandıra bilərdi. Bunu da Rafiqin sizin əzbər bildiyiniz haqqınızda möhtəşəm yazı-portretində bildirib.

- Guya, 2011-ci ildə AYO-çular hansısa müəmmalı sifariş alıbmışlar. Bunu sizə hansı ziyarətgahın daşları deyib, yoxsa kahinlər kimi ulduzlardan almısınız bu informasiyaları? Niyə açıqlamırsınız söhbətin hansı sifarişdən, nədən getdiyini? Bu , bəlkə qatilin tapılmağında hansı ipucu verə bilərdi axı?

- Hansı AYO-çu hansı işlə təmin olundu o vaxtlar, hansı vəzifə sahibi oldular axı, niyə yalan danışırsınız ? Bunu etməyə sizi kim, yaxud nə vadar edir?

- Rafiq Tağı da guya bu sifarişdən kənarda qalmadı. Adam burda az qalır desin –”yalançının filan-filan!” Rafiqin sifarişi ancaq öz içindən gələ bilərdi, sizdən fərqli olaraq. Sifarişlərdən xəbəriniz varsa niyə demirdiniz istintaq orqanlarına?

- Yazırsınız, Rafiq üzümə deyə biləcəklərini mətbuata çıxardı, guya az qala sizi ”İran casusu” adlandırıbmış. O, sizə məlum yazısında belə deməmişdi, bu damğanı hansısa dividentlər qazanmaq naminə özünüz özünüzə vurmaq istəyirsiniz, alınmır. O, sizə mətbuata çıxardığınız “Şimali Azərbaycanda ciddi insan yoxdur” cümləsin görə yazı yazmışdı və haqlı cavabınızı almışdınız. Bu yazıyla Rafiq sizə həkim şəfqəti göstərmək istəmişdi, sizi baltalamaq üçün etməmişdi. Görünür, hələ də bunu anlamaq iqtidarında deyilsiniz. "Qəhhar- Qəffar" söhbətlərinizlə yazınıza bədiiyyat qatmaq istəyibsiniz, alınmayıb. Uğursuzdu, Həmid bəy! Siz istintaq orqanlarını dolamaq iqtidarında deyilsiniz! Ya ədəbi yazı, ya da bu ciddi işə dair faktoloji material qoyardınız ortaya. Yoxsa, olmayan bədiiyyatınızın çeşməsi quruyub?

Deyirsiniz Rafiq Allaha, onun peyğəmbərinə şəkk gətirmişdi. Birincisi, Rafiqin Allahı danması haqda bir fikrinə heç yerdə rast gələ bilməzsiniz, gözünüzün içinə kimi yalan danışırsinız! Fakt gətirə bilməsəniz, inandığınız Allah qarşısında bağışlanmağınızı istəyin, yoxsa, tanıdığınız-söhbətləşdiyiniz-inandığınız Qəhhara tuş gələcəksiniz. Rafiq sözlərində, həm də əməllərində Allah adamıydı, biləsiniz! Peyğəmbərəsə şəkk gətirməyisə hələ mübahisəlidi.

Məlum "Avropa və biz" essesi də sizin kimilərə yönəlik yazılmışdı, Azərbaycanı inkişafdan qoyan həmidherisçi təfəkkürlü islam "təəssübkeşlərinə" yönəlik yazıydı. Vaxtilə o yazıya dair bir cümləylə belə çıxış edə bilmədiniz. Rafiqsə yazdıqlarının, dediklərinin fərqindəydi. Aqressiv ifadələri belə inkişafa xidmət edirdi, necə ki, indi də edir və daim edəcək. Rafiq həm də ruh, fikir həkimi idi, o cəmiyyəti “həmidherisçi” virusundan təmizləmək üçün tarana getdi, sözünü sona kimi dedi. Əsl türk kişisi kimi, mərd-mərdanə. Rafiq mütərəqqi insanların Rafiq Tağısıdır, sizsə cəhalət əhlinin Həmid Herisçisisiniz!

Sonda yazınızda Rafiqə gecikmiş "İrana müalicə üçün getmək" “tövsiyyənizi” veribsiniz. Mənsə, düşünürəm, sizin bu yazınızın nə bədii yükü var, nə də faktoloji əhəmiyyəti.

H.H-nin Rafiqin vəfatından sonra var-gəl etməsinə, bu yazılara vadar edən səbəb Rafiqin məlum yazısı olub. (İnternet səhifələrindən rahat tapıb oxuya bilərsiniz – “Rafiq Tağı və Həmid Herisçi arasında sərt İran polemikası”). H.H. artıq neçənci dəfədir ki, bilmir nə yazsın, sanki qaranlıqda özü-özüylə yumruq davasına çıxıb. Rafiqsə snayper kimi quşu gözündən vura bilirdi-necə ki, sizi də həmin yazısında xarakterizə edə bilmişdi. Bu yazının təsirindən H.H nokdaun vəziyyətindən hələ də ayıla bilməyib, sayıqlaya-sayıqlaya rinqdə sərilib qalıb. Ara-sıra kimlərinsə miskin qonorarları ona nəmli dəsmalın yeli kimi sərinlik verib ayıldır.

Nokdaun vəziyyətindən tam ayılması üçün onun özünə İran həkimləri belə köməyə gələ bilməyəcəklər. Bununçün o, şimaldakı mütərəqqi klassiklərimizi ( Rafiq Tağı da daxil olmaqla) təkrar-təkrar oxumalı olacaq...

Mən qardaş kimi bu günlərdə bir daha əmin oldum ki, Rafiqi H.H. kimi nadan, mollabaş, şeyxnəsrullah təfəkkürlülərin yetişdirdiyi cəmiyyət qətlə yetirdi.

P.S. Qulaqlarım çalıb, siz də “Ettelaat”ın və hansısa mason təşkilatının gizli üzvüsüz, İrandan hansısa qurum sizi ara-sıra maliyyələşdirir və İrana casusluqla məşğulsunuz. Bu informasiyalar sizin Rafiq haqda, AYO haqda dediklərinizin səhihliyi qədər səhihdir.

# 4084 dəfə oxunub

Müəllifin son yazıları

# # #