İlqar Fəhminin o qızı

İlqar Fəhminin o qızı
2 dekabr 2013
# 12:31

Kulis.Az İlqar Fəhminin “O qızın” adlı qəzəlini təqdim edir.

O qızın

Saçları bir zülfü-pərişan idi.
Cümlə cahan zülfünə qurban idi.
O qızın...
İndi səliqəylə daranmış başını qar tutur.
Saçlarını sanki qara rəng uduzur, ağ udur.

Gözləri bir nərgizi-fəttan idi.
Kipriyi sanki iti peykan idi.
O qızın...
İndi daha parlamayır gözləri ulduz kimi.
Kipriyi üstə gözünün yaşı donur buz kimi.

Boy-buxunu sərvi-xuraman idi.
Qamətinə sərv özü heyran idi.
O qızın...
İndi bükübdür belini acı həyat gör necə.
Sanki çəkib ömrü boyu qəm yükünü gizlicə.

Ləbləri bir qönçeyi-xəndan idi.
Busəsi çox dərdlərə dərman idi.
O qızın...
İndi əsəbdən gecə-gündüz dodağın çeyniyir.
Eh, bu qədər qayğı ki, var, al dodağı neyniyir.

Nitqi şirindi, şəkəristan idi.
Hər sözü məna dolu ümman idi.
O qızın.
İndi şikayət dolu sözlər oturub nitqinə.
Axşamacan ah eləmək adəti olmuş yenə.

Aşiqi bir tazə qəzəlxan idi.
Çəkdiyi ancaq qəmi-hicran idi.
O qızın...
Aşiqinin indi qələm tutmağa yox taqəti.
Neyləsin aşiq, belə gəldi qədəri-qisməti...

# 13132 dəfə oxunub

Müəllifin son yazıları

# # #