Qriboyedovu da belə öldürmüşdülər, ssenari eynidir - Həmid Herisçi yazır...

Qriboyedovu da belə öldürmüşdülər, ssenari eynidir - Həmid Herisçi yazır...
27 yanvar 2023
# 13:00

Kulis.az Həmid Herisçinin yeni yazısını təqdim edir.

Bəhanə eynidir, çox köhnədir.

Dəsti-xətt də.

O vaxt da baiskar, guya fəirlikdə gizlənənə qadınmış.

1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətli, missiyanın dağıldılmağının səbəbi, ssenarisi, təəccüblənməyin, indiki məlum hücumla, təxminən, eynidir.

Ünvan və zaman fərqi var arada bir azacıq, vəssəlam.

Ssenari, bütün digər şahmat gedişləri, hücumun sxemi hətta...bəli, qətiyyətlə təsdiqləyirəm, eynidir.

Mənbələr yazır: “Yerli feodal Allahyar xan Qacarın hərəmindən qaçmış iki erməni qadını Rusiya səfirliyinə sığınmışdılar guya. Dedi-qodular əvvəlcə Tehran bazarında səsləndi. Sonra məscidlərdən. Sonra dərvişlərin körüklədiyi qara kütlə cumdu Rusiya səfirliyinə. Qriboyedov qətlə yetirildi, səfirlik binası yanaraq bir ovuc külə çevrildi”.

İndi bu eyni ssenarini Azərbaycanqa qarşı sərgilədilər. Bəhanə, bəli, yenə də 200 il əvvəlkidir. Guya bir qadın gedib gizlənib Azərbaycan səfirliyində. Ərindən qaçıb guya və digər sarsaqlamalar.

İran mətbuatına diqqət edin: Tehranın Cinayət İşləri İdarəsinin prokuroru vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari: "İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin Fərvərdin ayında (2022-ci ilin mart-arprel ayları) həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. O, səfirliyə qarşı öz motivasiyasını belə izah edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb və arvadının səfirlikdə olduğunu düşünüb. Şübhəli şəxs səfirlə görüşməyə cəhd göstərdiyini deyib, o güman edib ki, səfir Tehranda olsa da, onunla görüşmək istəmir.

Sonda həmin şəxs deyib: "Bu səhər əvvəldən hazırladığım "Kalaşnikov" avtomatı ilə səfirliyə getməyə qərar verdim".

Mövzunun nəbzini əla tutmuşam, deyəsən.

Əsl zamanda səyahətə bənzəyir bu.

Elmdə buna “Xronoanomaliya” da deyirlər.

İndiki icraçılar da, sanki, o uzaq 1829-cu ildən bu günə transfer ediliblər?

Yox.

Bu paralellər, heç, çox ciddidir.

Yaxşı, kim atıb bu qara əlcəyi bizə qarşı?

Hə... bu haqda sonra danışarıq...

# 7507 dəfə oxunub

Müəllifin son yazıları

# # #