Uşaq ədəbiyyatının problemləri

Uşaq ədəbiyyatının problemləri
19 fevral 2023
# 14:00

Kulis.az Həcər Z. Bayramın ""Ağsaqqal" uşaq ədəbiyyatı" adlı yazısını təqdim edir. .


"Yazın… ancaq elə yazın ki, nəsihət, əxlaq dərsi, quru mühakimə mümkün qədər az olsun; bunları heç böyüklər də sevmirlər".

V. Q.Belinski


Bir gün tələbə ustadının yanına gəlib, ondan kitab yazmaq üçün kağız-qələm istəyir.
Ustadı kitabı nə haqda yazacağını soruşur. Şagird bir az düşünüb, deyir ki, mən hələ fikirləşməmişəm, amma yazmaq ehtiyacımın olduğunu hiss edirəm. Mən artıq bir kitab üçün kifayət qədər yaşamışam və təcrübəm var. Həm də insanlara söz vermişəm.
Ustadı başını bulayıb, şagirdinə deyir ki, nə mənim, nə də öz vaxtını alma. Get, sən hələ hazır deyilsən.


Növbəti dəfə şagird çox gözəl əhval-ruhiyyə ilə gəlir. Elə qapının kandarından deyir ki, ustad, sən bu dəfə mənə mütləq qələm-kağız verəcəksən. Kitabım üçün süjet hazırlamışam. Bu son dərəcə həyəcanlı, həqiqətən də, möhtəşəm olacaq, ən əsası, bizə şöhrət gətirəcək. Mənə sizin şagirdiniz olduğum üçün, sizə isə mənim müəllimim kimi…

Müəllimi şagirdin üzünə baxıb, ah çəkir: "Sən hələ hazır deyilsən".


Üçüncü dəfə tələbə gəlib, heç nə demədən qapının kandarında oturur. Ustadı təəccüblə soruşur ki, niyə susub oturmusan, daha yazmaq istəmirsən, fikrindən daşındın? Şagirdi deyir ki, yox, fikrimdən əl çəkməmişəm, artıq yazmışam. Ustadı maraqla soruşur ki, hardadır yazdığın?


Deyir, hər yerdə. Göydə quşların uçuşu, yarpaqlardakı şeh damcıları, dumanda günəş şüaları ilə yazdım. Hər yerə yazdım, çünki yazmaya bilməzdim. Sözləri deməliydim, çünki bilirdim ki, mənim bildiyim insanlara kömək edəcəkdir. Mən bunu yalnız onlar üçün etdim.

Ustadı gülümsəyərək, kağız-qələm çıxarıb, şagirdinin qarşısına qoyur.


Hazırda cəmiyyət və bütövlükdə ölkə inkişaf etdikcə kitablardakı praktik nöqsanlar gözə görünmür. İstənilən kitab mağazasına girərkən müxtəlif janrlarda ədəbiyyatla dolu piştaxtalar görmək olar. Bu kitabların müəllifləri də müxtəlifdir, çoxu yeni yazıçılardı.
Seçim üçün təqdim olunan kitab bolluğuna baxmayaraq, uşaq ədəbiyyatı demək olar ki, çox azdı.


Uşaqlarda biliyə sevgi yaratmaq üçün motivasiya vacibdir. Motivasiya yaratmaq üçün ən yaxşı resurslardan biri uşaqların maraq və oxuma səviyyəsinə uyğun gələn kitab rəfidir.
Uşaq ədəbiyyatı öncə uşaqların əxlaqi, intellektual, estetik inkişafına yönəldilməlidir. Təlim-tərbiyə ilk növbədə kitabdan, xüsusən, uşaq ədəbiyyatından başlayır. Məhz uşaq ədəbiyyatı uşağın şüurunu və təxəyyülünü qidalandırır, onun üçün yeni dünyalar, obrazlar, davranış nümunələri açır, onların şəxsiyyətinin inkişafına təkan verir.


Uşaq ədəbiyyatından danışanda vizullıq məsələsini xüsusi qeyd etməliyik. Şəkilli kitablar uşağın diqqətini müəyyən bir obyektə, hərəkətə yönəltməyə, əsərdəki bu və ya digər qəhrəmana diqqət yetirməyə, oxuduqlarına münasibətinin formalaşdırmasına kömək edir.


Canlı oxuma uşağı çox maraqlandıra bilər, çünki ana maraqlı və əyləncəli bir tərzdə danışır və eyni zamanda, oxuduğu kitabdakı obyektləri uşağa göstərirsə (məsələn, "bu ördəkdi,"krya-krya", bax kitabda da var, sənin hamamda sarı rezin ördəyin var" aa ondan....), pedoqoji bir performansa çevrilir. Nəticədə ana ilə bərabər kitab oxumaq uşaq üçün gözəl vaxt keçirmə üsulu ola bilər.


Uşağı mümkün qədər oxu prosesi ilə maraqlandırmaq, o böyüdükcə prosesi mini-teatr tamaşasına, rollara görə süjetə çevirmək valideynin işidir. Kitab oxuduqdan sonra uşaqların sevimli əsərləri əsasında tamaşalarda iştirak etmək çox faydalıdır. Bu, uşağı sənət dünyası ilə daha da möhkəm bağlayacaq, onun təxəyyülünü və dünya görüşünü inkişaf etdirməyə kömək edəcək.


Kitab nəşrləri bu gün balaca oxuculara nə təklif edir? Bu suala cavab vermək çox çətin deyil, əlbəttə ki, uşaq kitabları var, amma necə? Gözəl üz qabığı olan kitabların içində nə var? Bu hekayələrin məzmunu nədir? Bununla bağlı çoxlu mübahisəli və ziddiyyətli fikirlər var, çünki gözəl görünüşə baxmayaraq, kitabların içində uşaqların anlayacağı, əyləncəli dillə deyil köhnə, ağsaqqal ritorikası yazılmış hekayələr var.


Hətta nağılların əksəriyyəti xeyir və şərin mübarizəsi üzərində qurulur, bu klassik sxemdir. Bu nağıllarda şər və xeyir necə göstərilməli? Müasir dövrdə uşaq nağılları daha çox öyrədici, etik məsələlərə toxunmalıdır. Dünyadakı trendləri müasir uşaq ədəbiyyatına gətirmək vacibdir. Xüsusən də, gender bərabərliyini bura daxil etmək lazımdır. Uşaq ədəbiyyatında oğlan qəhrəmanlarla yanaşı, qızlar da əsas qəhrəman statusunda olmalıdır. Müasir uşaq yazıçıları yaradarkən bu suallar üzərində düşünmək lazımdır.


Uşaqlar üçün yazmaq asan deyil. Amma bu gün yeniyetmələr üçün povest, roman tipli kitablar da çox azdı. Belə kitablar səthi mütaliə xətrinə yazılmamalı, uşaqlar bu kitabların qəhrəmanları ilə birlikdə mənəvi kəşflər etməli, ətrafında baş verən hadisələri qavramalıdır.


Uşaq ədəbiyyatının problemləri arasında xüsusi mövzu böyüklər dünyasının uşaq kitablarına girməsidir. Əvvəllər uşaq kitablarında daha çox təbiət, heyvanlar, ağaclar üstünlük təşkil edərdi. Uşaqlar yeniyetmələr üçün olan ədəbiyyata tədricən keçirdilər. Hazırda isə o keçid mərhələsi yoxdur. Bizdə yaxşı müəlliflərin olmasına baxmayaraq, kitab bazarında yeniyetmələr üçün bədii ədəbiyyat yox dərəcəsindədir.


Uşaq kitabları çox bahadır, hamı üçün əlçatan deyil. Buna görə də, valideynlər bəzən konkret bir yaş kateqoriyası üçün nəzərdə tutulan kitabları, o yaşdan daha böyük ya kiçik yaşda uşaqlarına da oxuyur və ya oxudurlar. Bu da, pedoqoji olaraq, doğru deyil. Amma valideynlər imkansızlıqdan bunu edirlər.


Ölkədə uşaqlar üçün nəzərdə tutulan kitabların tərtibatı cəlbedici olmadığından, bizim kitabların dizaynı geridə qalır. Azərbaycan dilindəki kitabların üz qabığı dizaynı dünya standartları ilə uyğun gəlmir. Hər kitabın üz qabığı onun vizit kartıdır.


Dilimizə tərcümə olunmuş kitablarda isə tərcümə qüsurları olur.


Kitab işində ənənəvi tərbiyə sxemi istifadə edilməməlidir. Amma bizdə usaq kitabları hələ də köhnə tərbiyə sxemi ilə yazılır. Buna görə də uşaqlara maraqlı gəlmir.


Aşağı yaş qrupu (2-5 yaş) uşaqlar üçün əsərlər az yazılır. Belə kitablar iki-üç cümlədən ibarət olsa belə, özündə maraqlı bir fikir ifadə etməlidir. Həm də bu yaş qrupu üçün kitablar yumoristik olmalı, bu yaşda uşaqlarda oxu marağını oyatmalı, sonrakı illərdə həvəslə mütaliəni davam etdirmələrinə zəmin yaratmalıdır.


Başqa bir problem isə uşaq ədəbiyyatının az reklam olunmasıdır. Müasir dövrdə hər kəs sosial şəbəkələrdən istifadə edir, lakin orda heç bir uşaq ədəbiyyatına aid reklama rast gəlmirik.


Media nümayəndələri uşaq yazarlarının hansı yeni kitablar yazdığını, bu günün tələbinə uyğun olub-olmadığın, hansı səviyyədə olduğunu bilmir. Əsərlər əsasında çəkilmiş cizgi filmləri haqqında (məsələn, Solmaz Amanovanın müəllifi olduğu "İlmənin macəraları'' kitabı) oxucuların heç bir məlumatı olmadığından, hətta məktəblərdə də müəllimlərin bu kitabları sinifdən xaric oxu kimi istifadə edə biləcəklərini bilmirlər.


Azərbaycanda uzağı 6-7 nəfər uşaq yazarı var, bu rəqəm ölkədə uşaq ədəbiyyatının hansı səviyyədə olmasını göstərir.


Bir başqa problem müstəqil uşaq kanallarının olmamasıdır. Uşaqlar müxtəlif xarici internet kanallarına baxır, artıq onlara köhnə cizgi filmləri maraqlı deyil.


Bütün xalqlarda nağıllar yaş qrupuna bölünür. Onlarda qadağan olunmuş nagılların siyahısı var, bizdə bu təcrübə yoxdur. Uşağa hansı nağıl düşdüsə, onu da oxuyurlar. Ruslar 6 yaşa qədər uşaqlara "Qoğalın nağılı"nı oxumurlar", səbəbi - çünki orada çoxlu aqressiya var. Biz 5 yaşlı uşağımıza "Məlikməmməd" nağılını danışırıq, oxuyuruq, halbuki bu nağıl başdan sona aqressiya ilə doludur.


Uşaq ədəbiyyatını yaşadan xalqdır. Skandinaviya ölkələri dünya uşaq ədəbiyyatının paytaxtı hesab olunur.
Bu ölkələrin yazıçıları öz ölkələrinin təbiətinin özünəməxsus şəkildə göstərə bilir, evlərinin rahatlığını və hərarətinin vurğulayır, ailə münasibətlərinin əhəmiyyətindən danışır, dünyəvi həqiqətlərə əsrarəngiz şəkildə toxunur.


Onların qələmə aldığı əsərlərin başqa ümumi cəhəti də dünyəvi hikmətləri orijinal və gülməli, bəzən inanılmaz dərəcədə təsirli, bəzən də qərəzsiz dillə gətirməklə yanaşı, həyatın mürəkkəb, bəzən də sərt gerçəkliyini cəsarətlə və aydın şəkildə izah etmək bacarığıdır.

Skandinaviya yazıçılarının yaratdığı cazibədar, şən və mehriban, lakin israrlı və cəsarətli personajları uşaqlara və böyüklərə sevgi, dostluq, qarşılıqlı anlaşma, şəfqət və gözəlliyi qiymətləndirmək bacarığı dərsləri verir. Belə ədəbiyyata vurulmamaq mümkün deyil.


Yumor və psixologiya, macəra və tərbiyəvi hekayələr – bunlar, türk uşaq ədəbiyyatının fərqləndirici xüsusiyyətlərindəndir. Baxmayaraq ki, türk uşaq ədəbiyyatının tarixi elə də qədim deyil, amma bu gün o ən təcrübəli oxucunu belə təəccübləndirməyi bacarır. Əsasən, burda çox vaxt böyüklərin dünyası təsvir edilir. Bu, yəqin ki, Türkiyədə uşaqların daha erkən böyüməsi ilə bağlıdır. Yeniyetməlik illərindən başlayaraq, onlar valideynlərinə ev işlərində kömək edir və bərabərhüquqlu fərd kimi ev işlərində iştirak edirlər.


Dünyavi məsələlər, "öz adamımız" anlayışı ilə etibarlı əlaqə axtarışı türk uşaq ədəbiyyatında geniş yayılmış motivdir. Uşaq kitablarında insanın bütün zəif cəhətləri sevgi və humanizm ruhu ilə təsəvvür olunur.


Amerika dünyanın ən çox kitab oxuyan 30 ölkəsi siyahısındadır. Konkret bir əsərin bestsellərə olub-olmamasını çox vaxt amerikalıların zövqləri müəyyən edir. Kitaba sevgi və maraq burada məktəbdən aşılanır və universitetlərdə hər şəkildə inkişaf etdirilir, ona görə də təəccüblü deyil ki, amerikalı tələbələr çox oxuyurlar və bütün ədəbi yeniliklərdən xəbərdar olmağa çalışırlar.


Böyük Britaniyada ictimai kitabxanalar vətəndaşların mütaliə statusunu yaxşılaşdırması üçün əsas vasitədir. Bu ölkədə insanlar kitabxanaları sevir və ora tez-tez gedirlər. Hətta dövlət uşaq və ailə mütaliəsini dəstəkləyir. Kitabxanalar hər il irimiqyaslı proqramlar hazırlayır: Summer Reading Challenge, Book Start, Shared Reading in Family və s. uşaqlar və valideynlərə yönəlmiş proqramlar minlərlə iştirakçıları bir araya gətirir. Bu tədbirlər valideynlərin övladları ilə birlikdə oxumağa həvəsləndirilməsi, onları təlim prosesinə cəlb etmək, mütaliə və kitabxanalara baş çəkməyi ömürlük vərdiş kimi sövq etmək məqsədilə həyata keçirilir.


Britaniyanın əhalisinin yarısından çoxunun kitabxana biletləri var.
İctimai kitabxanalar şəbəkəsinin məqsədi cəmiyyətdən yeddi sahədə inkişaf etdirməkdir: oxu və savadlılıq, rəqəmsal savadlılıq, sağlamlıq və rifah, iqtisadi artım, mədəniyyət və yaradıcılıq, icmalar və öyrənmə. Kitabxanalar insanlara yeni ideyalar və imkanlara çıxış fürsəti verir, onlara vasitələr və məlumatlarla təmin edir, uğur qazanmaq üçün lazım olan bacarıq və inamı formalaşdırır. O, təhlükəsiz məkan təmin etməklə innovativ axtarışa təkan verir, orada insanlar görüşə, düşünə, öyrənə və yarada bilərlər.


Uşaqlar üçün kitab oxumağın faydaları çox böyükdür. Erkən uşaqlıq və məktəbəqədər dövr uşaqda ən dəyərli keyfiyyətlərin formalaşması üçün vacib dövrdür. Çünki uşağın daxili aləmi məhz bu dövrdə formalaşır. Bu zaman kitab uşağın dünyagörüşünün, mənəviyyatının, dəyərlərinin, ümumi mədəniyyət səviyyəsinin formalaşmasına kömək edən yaxşı köməkçidir.


İlk kitablardan balacalar nəzakət qaydalarını və sağlamlığın əsaslarını, eləcə də ən sadə həyat qaydalarını öyrənir.


Əgər valideyn mütəmadi olaraq uşağına kitab oxuyursa, ona ömürlük kitab oxumaq vərdişini aşılayacaq.


Kitab oxumaqla uşaqların söz ehtiyatı zənginləşir. Mütaliə edərkən uşaqlar gündəlik həyatda işlətmədikləri bir sıra sözlərə rast gələ bilərlər, bu da zəif söz lüğətini bir az da zənginləşdirir.


Mütaliə sayəsində uşaq cümlələri düzgün qurmağı öyrənir, söz ehtiyatı genişlənir, təxəyyülü inkişaf edir. Bundan əlavə uşaqda dinləmə qabiliyyəti yaranır ki, bu da vacib keyfiyyətdir. Təcrübə göstərir ki, uşaq vaxtı çoxlu nağıl dinləyən, valideynləri kitab oxuyan insanlar böyüyəndə daha çox kitab oxuyurlar...


Kitablar yazının inkişafına çox böyük töhfə verir. Onlar uşaqlara düzgün düşünməyi, situasiyani və obrazları təsəvvür etməyi, hadisələri yaşamaq kimi şeyləri öyrədir.
Psixoloqlar hesab edirlər ki, valideynlər uşaqlara kitab oxuduqda onlar emosional cəhətdən daha rahat və özünə güvənən olurlar.


Uşaqlar təhsil mərhələlərini keçərək uğurlu insan kimi yetişirlər. Oxumaq təhsil prosesində əsas həlqədir və uğurun əsasıdır. Araşdırmalar göstərir ki, valideynləri müntəzəm olaraq onlara kitab oxuyan uşaqlar məktəbdə daha böyük uğurlar əldə edirlər. Amma oxumaq təkcə məktəb illərində böyük uğurlar qazanmağa imkan vermir, həm də peşəkar uğur qazanmağa kömək edir.


"Oxuyanların hamısı lider deyil, amma bütün liderlər oxuyur…".

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #