Qadınlara halal kişi tapan molla

Qadınlara halal kişi tapan molla
23 yanvar 2018
# 10:17

Günel Natiq

“Halal kişi axtarılır”. Bu sözlər zarafat deyil. Həmkarlarımın birinin dediyinə görə, hansısa məscidin mollası qadınlara halal kişi tapmaqda kömək edir. Ona görə halal kişi tapmaq istəyən məhz həmin mollaya müraciət etməlidir.

Çox güman ki, həmin halal kişilər öz koordinatlarını mollaya veriblər ki, belə hallarda əlaqə saxlasın. Yoxsa molla durduq yerdə niyə halal kişi axtarışına çıxsın?

Uzun sözün qısası, elə bu “halal kişi” məsələsi də bu yazının ərsəyə gəlməsinə səbəb oldu.

Bu günlərdə bədii mətnə bir termin də daxil olu - “halal şair”. Şair Şəhriyar del Geraninin məlum kolbasa söhbəti ətrafındakı müzakirələrdən sonra məlum oldu ki, sən demə şairlərin də halalı-haramı olurmuş.

Şəxsən mənim üçün yaxşı bədii mətn yaza bilən adam ən halal şairdir.

Yazmağın özü də hardasa şairlikdən gəlir. Fərqi yoxdur, nəsr ya poeziya-yaxşı yazmaq üçün içində şair olmalısan.

Amma halal kişi məsələsi daha ciddidir. Qadınların çoxu iddia edir ki, indiki dövrdə yaxşı adamla qarşılaşmaq şans məsələsidir.

Amma yəqin ki, eramızdan əvvəl yaşayan qadınlar da “indiki dövrün kişiləri” deyə gileylənirmişlər.

Yəni hər dövrdə insanların “indiki dövr, indiki gənclik” deyə şikayət etdikləri hallar olur.

Maraqlıdır, görəsən halal kişi necə olur? Yəqin ki, hər kəsin öz dünyagörüşünə görə halal saydığı adam vardır.

Çox güman ki, molla da “halal kişi” deyəndə ilk növbədə müqəddəs ziyarətgahları ziyarət edib, söhbətinin əvvəli də, sonu da halallıqdan olan adamları nəzərdə tutur. Amma çox vaxt elə həmin kişilərin biznesindəki halal kolbasalar haram çıxır.

Halal kişi mənəviyyatıyla müəyyən olunur, yaratdığı yaxşı adam obrazıyla deyil. Görüntü olaraq təqdim edilənlər mahiyyətə uyğun gəlmir çox vaxt.

Yaxşı adamla tanış olmaq yer üzündəki bütün qadınların problemidir. Hətta “bu barədə problemləri yoxdur”,- deyə düşündüyümüz rus qadınları da fürsət düşən kimi sosial şəbəkələrdə kişilərdən gileylənirlər. Mahiyyət eynidir, sadəcə forma fərqlidir.

Həm də rus qızlarının mollaya müraciət etmək kimi bir “şansı” yoxdur.

Rus qızları həyata çox erkən atılır. Artıq 14 yaşlı rus qızı yetkin bir qızdır. Bu yaşda qızların adətən sevgililəri olur. Və intim həyatla çox erkəndən tanış olurlar.

18-19 yaşında rus qızı ailə qurur, bir neçə ildən sonra ayrıldıqda artıq 25-26 yaşlı qadın özünü kifayət qədər yaşlanmış hiss edir. Çünki həyatın hər üzünə bələd olur, ailə həyatının həm ağrısını, həm sevincini duyur, taleyin yükünü çiyinlərində hiss edir.

Sosial şəbəkədə 26-27 yaşlı bir rus qadını “artıq çox gecdir, indi necə münasibət qura bilərəm?” deyə gileylənirdi.

Tanıdığım onlarla 40 yaşına çatmış azərbaycanlı qız var ki, səbirlə oturub elçi gözləyirlər. Əslində sarsıdıcı bir faktdır. Bu qızların bütün gəncliyi beləcə gözləmələrdə keçib. Bəlkə ötüb keçən illərin fərqinə də varmayıblar. Çünki onların fikri-zikri ər yolu gözləmək olub.

Etiraf etmək nə qədər ağrılı olsa da, 40 yaşında ərə gedən qız artıq natamam gəlindir. Bu yaşdan sonra nə normal şəkildə uşaq doğmaq, nə onun qayğısına qalmaq olur. 40 yaşdan sonra dünyaya gələn uşağın problemli doğulmaq riski var, eləcə də 40 yaşında ilk uşağını dünyaya gətirən qadın bəzi risklər daşıyır.

Belə bir 40 yaşlı azərbaycanlı qız keçən il Türkiyənin Ədirnə şəhərinə gəlin gedib. Əvvəl oğlanın anası necə lazımdır elçi gəlib, nişan taxıb, toy çaldırıblar.

Bir ildən sonra qız Bakıya qayıtmalı olub. Səbəb belədir ki, həyat yoldaşıyla anlaşa bilməyiblər. Oğlan qəti surətdə boşanmaq istədiyini bildirir. Ana da fəryad edir ki, amandır, qızımı boşamayın.

Ananı başa düşmək olar. 40 yaşlı qızının qisməti açılır, amma bu xoşbəxtliyi doya-doya yaşamaq nəsibi olmur.

Bir də ətrafdakılara təəccüblü gələn nə oldu? Ana ağlaya-ağlaya qızının bakirəliyinin pozulduğunu deyirdi. Əlbət ki, ərə gedən qızın bakirəliyi pozulacaq. Amma burda başqa nüans da var.

Ananı sarsıdan bu idi ki, 40 yaşa kimi qoruduqları bir nəsnə əldən getmişdi.

Əsas məsələ boşanmaq deyildi, bakirəliyin əldən getməsi idi.

Yəni mental dəyərlərin insanın üzərində hökmü o dərəcədədir ki, ana hətta ərə getmiş qızının da bakirəliyinin pozulmasına üzülür. Demək ki, 40 yaşlı qızın bakirəliyi ailənin qürur mənbəyidir.

Mentalitetin gücü yetsə, yəqin ki, bakirəliyin ömürlük qorunub hifz edilməsinə fitva verər.

Zatən demək olar ki, elə eyni vəziyyətdir.

Ona görə mollanın “gəlin sizə halal kişi tapım” çağırışı sizləri təəccübləndirməsin. Qadınların bakirəliyinin ixtiyarı özündə olmadığı mühitdə əlbət ki, əlac mollaya qalar.

# 1563 dəfə oxunub

Müəllifin son yazıları

# # #