Kişilərə dur deyin! - Günel Natiqin romanı - İkinci hissə

Günel Natiq

Günel Natiq

25 may 2024
# 10:00

Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının ikinci hissəsini təqdim edir.

Əvvəli burada

– Cənab kapitan, öldürülən kişinin çarpayısının yanında bir açıqca tapılıb. Üstündə bir qadın şəkli, bir də yumruq simvolu var. İnternetdə araşdırdım, feministlərin mübarizə simvoludur.
– Səncə, feministlərin işidi?
– Hələ ki, yetərli sübut yoxdur. Qadınların sayının çox olması ilə bağlı ehtimalınız doğru çıxdı. Sahibkarın həyatında nə az, nə çox, üç qadın olub.
– Dedim axı, mən bu “növdən” olan kişiləri yaxşı tanıyıram. Hər birini araşdırdız?
– Başa çatdırdığımızı deyə bilmərəm, yaxın günlərdə əlimizdə daha dolğun informasiya olacaq.
– Cəld olun, bir dəfə də əlinizdəki işi yarıdın!
... ... ...
Qocalığa alışıram,
Dünyanın ən çətin işinə.

Şair qocalığa alışdığı kimi, Nihal da axşamlarını tək keçirməyə alışmışdı. Əslində, tək deyildi, oğlu da yanındaydı, amma onun öz uşaq dünyası varıydı və anasının içindəki o tənha yol gözləyən qadını görə bilməzdi. Həmin qadın oğlunu yedirtdikdən sonra qonaq otağında ikinəfərlik axşam süfrəsi açırdı. Ərini axşam süfrəsində görə bilməsə də, öz xəyallarını qonaq eləyirdi.

Əvvəl elə bilirdi, qadınlar da, kişilər də eyni cür olur. Eyni cür sevir, eyni cür ayrılır. Sosial şəbəkədə qadınlar qrupuyla tanışlıqdan sonra cürbəcür kişi və qadınların olduğunu öyrəndi. Neçə cür qadın olar və ya bir qadında neçə qadın olar? Qadın necə olar? Nihalın fikrincə, qadın ağır oturub batman gələr, fədakar olar, yıxılı evin dirəyi olar, canını evinə, ailəsinə fəda edər. Qadın başını qaldırıb yad kişiyə baxmaz, baxsa da onu qardaş gözündə görər.
Qadınlar qrupunda hərə öz dərd-sərini yazırdı; kimi dərdinə dərman gəzir, kimi bölüşüb yüngülləşir, kimi vaxt öldürür, kimi də eləcə məzələnirdi. Bu paylaşımların içində Sahilə adlı qadının yazdıqları ona daha səmimi göründü:

“Qızlar, məsləhətinizə ehtiyacım var. Beş ildir ailə qurmuşam. Ərim kasıb ailənin oğlu idi, yeməyə yavan çörəyimiz olsa da, günümüz xoş keçirdi. Yavaş-yavaş ticarətdə əli gətirdi, az-çox qazanmağa başladı. Di gəl günümü göy əskiyə büküb. Xoş sözüm də ona acı gəlir. Nə etsəm, əvəzində danlaq eşidirəm. Son bir ildir ki, demək olar, hər gün evə sərxoş gəlir, özüylə də qadın parfümlərinin qoxusunu gətirir. Əvvəl gizlədirdi, indi açıqca üzümə “gəzirəm, sözün nədir?” deyir. Bir sözü isə yeddi qatımdan keçir: “Sən əsl qadın deyilsən, ona görə kənarda əyləncə axtarıram”. Bundan başqa, bu adamın kreditləri bitmir, hara xərclədiyini belə bilmirəm, bəlkə də, qadınlara xərcləyir. Ağlamaqdan gözümün yaşı quruyub, sizcə, nə etməliyəm? Necə etsəm, onun arzuladığı qadın ola bilərəm? Bəlkə, daha açıq-saçıq geyinsəm, ona xoş gələrəm? Sahilə".

Qadının postuna yazılan rəylər müxtəlif idi. Əslində, o qadını və onun faciəsini görən yox idi. Hər kəs öz baxış bucağından baxır, hər kəs özünü və öz içini görürdü.
Silviya: “Xanım, şəxsiyyətinizi alçaldan adama necə ər deyirsiniz? Tüpürün ona da, evə də, çıxın gedin, mən həmin evdə bir dəqiqə də qalmaram. Siz necə qadınsınız? Elə sözlərin qarşısında necə susursunuz?”
Mərcan: “Xanım, özünüzə dəyər verin. Özünə dəyər verən insan bunları özünə rəva görməz. Yerinizə olsam, bəlkə də, boşanmaram, amma istədiyim həyatı yaşayaram”.
Ella: “Bizim qadınların ağlı toyuq ağlıdır. Ərə gedəndən sonra fikrini verir evə, uşağa, ər qalır arxa planda, nə nəvaziş göstərir, nə başqa bir şey. Sizin kimi qadına yaxşı edir”.
Aliyə: “Ella, sən düz demirsən. Kişilər cürbəcür bəhanələr uydururlar. Bu qadın nə etsə də o cür şərəfsiz kişini təmin etməyəcək. Ona görə tüpürüb getsin. Qozbeli qəbir düzəldər”.
Nərmin: “Özünüzə sual verin ki, bu adam mənim nəyimə lazımdır? Bu günə qədər heç kimə “ayrıl” deməmişəm. Amma belə adam nəyinizə lazımdır? Niyə onun dərdini çəkməlisiniz? Küçələr onun kimilərlə doludur. Ayrılın, özünüzə sevgili tapıb həyatınızı yaşayın”.
Nihalın barmaqları klavişdə gəzdi:

“Sahilə xanım, düşünürəm ki, heç vaxt heç nə üçün gec deyil. Həyat yoldaşınızla bir də danışmağa cəhd edin. Ayrılmağı qorxulu yuxu kimi düşünün, bəlkə, onda çıxış yolu tapmaq asanlaşar. Yuva qurmaq asandır, onu qoruyub saxlamaq çətin. Bir də deyirlər ki, yuvanı dişi quş qurar. Bir də ki...”
Əl saxladı. Özgəyə ağıl vermək asandır, bəs özü necə, neçə dəfə səmimi danışmağa cəhd etmişdi? Ya da əri onunla danışmağa çalışanda, komplekslərinin üzə çıxmasından qorxaraq neçə dəfə söhbətdən yayınmışdı?

Paylaşıma bir rəy də Begüm adlı istifadəçidən gəldi.

Begüm: “Elə kişiyə dərhal qapını göstərərəm. Əgər ona kişi demək olarsa”.

Nihal güclü qadınlara həmişə həsəd aparmışdı. Öz mövqeləri olan, qərarlarını özü verə bilən, özünə güvənən... Çirkin olsa belə özünü dünyanın ən gözəl qadını sanan və kişini də onu elə görməyə məcbur edən... Çirkin qadınlara aşiq olan çox kişilər görmüşdü. Sözsüz ki, gözəl qadın – güclü qadındır. Zəif qadın gözəl görünə bilməz, görünsə belə, o gözəlliyi çox daşıya bilməz. O qadın gözəldir ki, başqalarını onu gözəl görməyə məcbur edir. Demək, o, sözsüz ki, güclü qadındır.

Nihal bu mənada zəif idi və gözəlliyinin dəyərini bilmirdi. Ona görə gözəlliyin cürbəcür lazımsız təriflərini arayırdı. Məsələn, əgər gözləri rəfiqəsininki kimi qara olsaydı və sirli alovla parlasaydı, bəlkə də, onun kimi gözəl görünə bilərdi. Rəfiqəsinin yaşıl gözlərdən xoşu gəldiyni bilirdi, – düzdür, heç vaxt öz dilindən eşitməmişdi, – və anlamırdı ki, gecə kimi qara gözləri olan bir xanım yaşıl pişik gözlərini necə xoşlaya bilər. Rəfiqəsinin vücudunu da bəyənirdi, kaş onun kimi arıq olaydı. Hərçənd, özü də kök deyildi, amma əndamlıydı.

Hərdən ərinin baxışlarını öz üstündə tuturdu. Narahatlıq duyurdu, ona elə gəlirdi ki, əri onun dərialtı piylərini də görür. Bir dəfə demişdi bunu ona:
– Dilavər, bilirsən, hərdən nə fikirləşirəm? Elə bil mənə portret kimi baxırsan. Bizim cəmiyyətimizdə insanın daxili aləmi önəmli deyil axı. Saçına necə boya qoyur, hansı kosmetikadan istifadə edir, paltarını hansı brenddən alır – bu önəmlidir. Sən də belə düşünürsən.
– Mənim düşüncələrimi öyrənməkdənsə, özünə vaxt ayır. Axırıncı dəfə nə vaxt kosmetoloqa getmisən? Güzgüyə baxmısan?
– Uşağı məktəbə aparanda belə dəqiqənin sözünü edirsən. Kosmetoloqa getməyə ixtiyarım olduğunu bilmirdim.
– Sən nə vaxt kosmetoloqa getmək istədiyini dedin, mən də etiraz etdim? Ərincəklik sənin öz canındadır.
Dilavər gün-gündən ondan bir az da uzaqlaşırdı və Nihal nə illah edirdisə, ərinə gedən kəsə yolu tapa bilmirdi.
... ... ...
Begümün yenidən səhnəyə qayıtması gündəmə yeni dedi-qodular ələmişdi.
– Azz, gördün onu? Elə bil heç dağ boyda əri itirən bu deyil. Arsız-arsız əlinə mikrofon alır.
– Hə, hə, elə onu de. Əgər on gün sonra bir təzə kişini qoluna keçirməsə, adımı dəyişərəm.
Nə yaxşı, aralarında biri insaflı çıxmışdı:
– Ay qızlar, öz aramızdır, axı o hərbçi kişi də ona siz deyən ərlik eləməyib. Birincisi, dost-doğma əri deyildi, ikincisi də, arvadbazlığına qurban getdi də. Bu da bizim kimi yelbeyin deyil ki, qədrini bilməyən kişinin torpağına da sadiq qalsın. Belə əcəb edir, əlinin içindən gəlir.
Əslində, Begümün yaşadıqları onu dərindən sarsıtmışdı, sanki dünyaya başqa bir insan kimi gələcəkdi. Bu yeni adam doğulana qədər özünə çəkildi. İçindəki mağara onu qoynuna çəkdi. Çoxdandır ki, bu yerə qayıtmağa ehtiyac duyurdu, son vaxtlar az-az yolu düşürdü bura. Özünü iqnor edirdi, özüylə göz-gözə gəlməyə qorxurdu.

İndi istənilən qədər özüylə dərdləşə bilərdi, çünki bu anlarda özündən doğma heç kimi yox idi. Köhnə şəkilləri töküb baxırdı, özünü gah tanıyırdı, gah da sanki yad qadını görürdü. Elə bil vaxt və məkan itmişdi. Zəlzələ olmuşdu, hər şey dağıntılar altında qalmışdı. Və indi o xarabalıqları gəzə-gəzə tanış nişanələri arayırdı.

Köhnə pərəstişkarıyla tanışlıq qadının yeni şansıydı, bu şansı əldən qaçırmaq olmazdı. Begüm kişiləri dəyərləndirməyi bacarırdı.

Adam Begümün ikinci əri olmuş, evinin bir üzvünə çevrilmişdi. Begüm onu belə də çağırırdı – “Ərim”.
– Sənin adın çox uzundur! Gəlsənə elə “Ər”... hmm… “Ərim” deyim?
– Ərim?
– Sənə “Ərciyəzim” də deyə bilərəm, bu daha incə səslənir.
–Yox, onda elə “Ərim” de, mən incə-mincə kişilərdən deyiləm.

Begüm ona hər dəfə “ərim” deyəndə torpağa bağışladığı hərbçi ərindən qisas aldığını hiss edirdi. Ona elə gəlirdi ki, adam dar məzarında o tərəf bu tərəfə çevrilir, o dünyanın havasını da ala bilmir.
Bununla belə, Begüm qəlbini digərlərinə bağlamamışdı. Hamı üçün bir az şans vardı. Hər halda, onunla maraqlanan kişilər belə hiss edirdilər. Yenə Begümə zəng vurur, cürbəcür bəhanələrlə özlərini yada salırdılar. Begüm də onların zənginə səbirlə cavab verir, dar macalda belə kəlmə kəsmək üçün vaxt tapırdı.

“Ərim” bu söhbətlərin üstünə gəlib çıxanda, əsəbiləşib Begümü sorğu-suala tutur, qısqanclıq böhranı yaşanırdı. Qadın isə sualları səbirlə (onun istədiyi kimi) cavablandırır, həmin kişilərlə arasında heç nəyin olmadığnı deyir, onu sakitləşdirir, eyni zamanda, özünün başqa şanslarının olduğuna da eyham vururdu. Adam bu cavablardan sonra həm sakitləşir, həm də özünü bədbəxt hiss edirdi.

Begüm onu istədiyi temperaturda saxlaya bilirdi.

Adam ona sürprizlər etməyi xoşlayırdı. Onunla olanda Begüm özünü kraliça kimi hiss edirdi. Bir dəfə isə kraliça olduğuna daha çox inandı. "Restorana gedəcəyik, şıq geyin", – adam onun dalınca limuzində gəldi. Begüm bordo rəngindəki ziyafət libasında və dikdaban qara tuflilərdə qonşu pəncərələrdən dikilən heyrətli, kinayəli, həsəd dolu və s. baxışların müşayiətilə limuzinə tərəf gedərkən Dilavərin zövqünün köhnəldiyini düşünürdü. “Bir qadını təəccübləndirmək üçün bu qədər banallıq həddən artıqdir”, – ürəyində deyinirdi. Ancaq bu da ona özünü yüksəkdə hiss etdirdi. Məgər kraliça öz rəiyyətindən yüksəkdə durmur? Rəiyyət elə bu qədər primitiv düşüncəli olmalıydı, yoxsa o, fərqlənə, seçilə bilməzdi.
Begüm zala daxil olanda adamın restoranı məxsusi onun üçün bağlatdırdığını anlayıb məyus oldu – bu gözəlliyi başqa heç kim görməyəcəkdi. Buna baxmayaraq, nigarançılıqla ona baxaraq mükafat gözləyən "Ərim"i qiymətləndirmək lazım idi, Begüm də onun üzünə gülümsədi. Bu təbəssüm adamın ürəyini yerinə gətirdi. Sonra bir skripkaçı peyda oldu və Begümün sevdiyi melodiyaları çalmağa başladı.

Qadın skripkaçıya qulaq asa-asa düşünürdü ki, adam primitiv də olsa əməlli əziyyət çəkib, hərçənd, bu jestləri etməsi tamamilə normaldır, əgər etməsəydi, bax, onda heyrətlənmək olardı.

Əgər adam onun məhəbbəti naminə qaladan da tullanıb, hansısa möcüzə sayəsində sağ qalsaydı, Begüm yenə təmkinini pozmayacaq, uzaqbaşı öz qəhrəmanına gözqamaşdırıcı təbəssüm bəxş edəcəkdi. Amma bu təbəssüm adamın yeni şücaətlər göstərməsi üçün yetərli olacaqdı.
“Ərim”ə bəlli etməsə də, bu jestlər onun qadın heysiyyətini oxşayır, özünü dünyanın ən gözəl qadını kimi hiss etmək üçün sevilməyə gərək duyurdu. Vaxt keçdikcə dəyəri artan şampan şərabı kimi idi Begüm. Bunu bilir və getdiyi tədbirlərdə öz yenilənmiş obrazını təqdim edirdi. Bu obrazı ilk dəfə görənlər təəccübdən özlərinə yer tapa bilmirdilər. Sarsılmış, məhv olmuş, pərişan qadını gözləyənlərin qarşısına baxımlı, yenə gözəl və qamətli, gözlərini qara eynəyin altında gizləyən qadın çıxırdı. Bütün sirrin qara eynəkdə olduğunu düşünənlər yanılırdılar və o, manikürlü zərif əlləriylə eynəyini çıxaranda onu qısqananlar son ümidlərini də itirirdilər. Nəcib çöhrəsinə çox yaraşan qıyıq qara gözləri rahatlıqla baxırdı. Sanki hansısa bir ağırlıqdan azad olmuş, çiyinlərindən böyük yük götürülmüşdü. Kişilər onun yeniləşmiş obrazını maraqla süzürdülər, bu isə qadınların gözündən yayınmır və onun bu statusda da üstünlüyü ilə razılaşmalı olurdular.
… … …
Sahilə: “Qızlar, yaxın oturun, sizə xəbərim var. Ta bilmirəm yaxşıdır, ya pis. Nə cür xəbər olduğunu özünüz ayırd edin. Mən ərimin istədiyi kimi qadın olmağa qərar verdim. Bəsdir daha, pessimist ovqatdan çıxmalıyam. Bayaqdan gözəl alt geyimlərinin kataloqunu gözdən keçirirəm. Cürbəcür alt paltarları alacam... Ona nəvaziş göstərəcəm... Görünür, indiyədək bütün günah məndə olub, qadın olmağı öyrənə bilməmişəm. Qızlar, deyəsən, biz ərköyün davranırıq, kişilərin gəlib bizim könlümüzü almağını, bizi anlamağını istəyirik. İndi ona daha yaxın olmalıyam. Mənə uğur diləyin, qızlar! Hamınızı sevirəm!”
Güllü: “Sahilə, sənin problemlərini yaxından izləyirəm. Hər zaman yanındayıq! Səni anlayır və dəstəkləyirəm! Uğur olsun!”
Aliyə: “Qadınla kişi bərabərdir, deyirlər, amma inanın ki, belə deyil. Kişi bizdən bir neçə pillə yuxarıda durur və onun sözü bizim üçün qanun olmalıdır”.
Ella: “Aliyə, nə dediyinizi anlayırsınız? Bu kölə düşüncəsi nə vaxt bizim qadınlarımızı tərk edəcək? Sizin üzünüzdən ölkədə ikinci dərəcəli adamlarıq! Bəsdirin də, qürurunuz olsun!”
Şarlotta: “Orta statik azərbaycanlı qadın üçün belə ifadələr qəbul ediləndi. Ekonomik cəhətdən azad olan, ali təhsilli qadınlarımız belə özlərini individual kimi yox, “Əlinin, Vəlinin arvadı” kimi görür”.

Silviya: “Ərinizin istədiyi kimi qadın olmaq öz azad düşüncənizdən vaz keçməkdi, hörmətli xanım. Bağışlayın, sizə artıq hörmətim də yoxdur. Qadını kişi kəşf etməlidir, əgər kişi qadını öyrənməyə çalışmırsa, həyatınızdan çıxarın onu!”

Nihal fikrə getdi. Ərin istədiyi kimi qadın olmaq... Bəs Dilavər, əslində, nə istəyirdi? Freyd qadınların nə istədiyini anlamadığını deyib, kişilər də bu sözü əllərində bayraq edib yeri gəldi-gəlmədi təkrarlayırlar. Özləri necə, nə istədiklərini bilirlər? Bəlkə, o da Sahilə kimi ərinə daha yaxın olmağa çalışsın? Bir psixoloq necə demişdi? “Enerjinizi yüksəldin...” Bəlkə, o da öz qadın enerjisini yüksəltsin? Nədən başlasın? Saç düzümü, paltar, makiyaj... Son vaxtlar Dilavər onun pal-paltarına çox qarışmırdı, əvvəlki kimi onun hər sözünə, hər hərəkətinə qulp qoyub gününü göy əskiyə bükmürdü. Bəzən onun laqeydliyi Nihalı daha çox məyus edirdi. Sanki xoşbəxt ailə uğrunda müharibədə ərinin son qalıqlarını da itirmişdi. Yenə də təslim olmur, özünü aldadırdı: “İşi-gücü var, o da bizim üçün, oğlumuzun gələcəyi üçün çalışır. Məni hələ də sevir, hərəkətlərində və sözlərində büruzə verməsə də, qəlbinin dərinliyində, bəlkə də, sevir...”

Nihal güzgünün qabağında dayandı. Yayda 33 yaşı tamam olacaq. Hələ cavandır, təravətlidir. Gözəlliyini də itirməyib. Küçəyə çıxanda kişilərin ona baxdığını duyur. Özü gözlərini qaldırıb baxmasa da, hiss edir bunu. Bəs niyə Dilavər ondan getdikcə uzaqlaşır? Doğrudanmı səbəb onun evdə geyindiyi idman kostyumudur?

Bir dəfə qrupda qadın-psixoloq kişini əldə etməyin yollarını öyrədərkən tövsiyə eləmişdi:
– İdman kostyumunu cazibədar geyimlə əvəz edin. İdman paltarı kişini qadından uzaqlaşdırır. Onun nəzərində qadın öz incəliyini, zərifliyini itirir.
Qadınlar yenə əsib-coşmuşdu:
– Heç dəxli var? Özümüzü rahat hiss etməyək ki, kişi bizdən uzaqlaşacaq? Uzaqlaşır, belə cəhənnəmə uzaqlaşsın. Mənim qədrimi bilməyən kişini neynirəm. Ondan küçədə yüzlərlə var.
– Ay qızlar, indi dünya idman stilində geyinir. Gərək onda Avropada bütün kişilər boşansın.
Psixoloq sözlərinə düzəliş etmişdi:
– Demirəm ki, idman üslubunda geyinməyin. Sadəcə, üz, bədən, saç baxımlı olmalıdır.
– Mən kişilərin kuklası olmaq istəmirəm. Onda gərək o da mənim istədiyim kimi olsun. Niyə mən onun üçün geyinib-gecinməliyəm, o isə burnumun dibində iyli corablarda gəzməlidir?
– Ev-eşiyi təmiz saxla, uşaqlara bax, yemək bişir… O da şah oğlu şahənşah kimi təmiz evə gəlib baxımlı qadından zövq alsın. Xeyr a! Sultanlıq dövrü keçdi, balam. İndi elə zəmanədir ki, gərək hər şey qarşılıqlı olsun. Mən ona qayğı göstərirəmsə, o da mənim qədrimi bilsin, hədiyyə almasa da, heç olmasa, dilini şirin eləsin, xoş sözlər söyləsin! Elə kişi var, pulu cəhənnəm, heç qılığı da yoxdur. Ondansa evdə itdən pişikdən saxlamaq yaxşıdır. Heç olmasa, heyvan heyvanlığıynan insanın dərdini anlayır.
Nihal da nəsə yazmaq istədi, amma öz fikirlərinin nə qədər fərqli olduğunu düşünüb əl saxladı. “Yəqin ki, düşündüyümü yazsam, mənə gülərlər. Necə romantik xəyallar qurduğumu, ərimlə iki bədəndə bir ruh olmaq istəyimi yazsam, məni məsxərəyə qoyub deyərlər ki, bu qadın Aydan gəlib, yəqin, əyninə də don əvəzinə astronavt kostyumu geyinir, başına skafandr taxır, yoxsa normal adam belə olmaz”. Nə olursa olsun, Dilavəri yenidən qazanmaq lazım idi. Amma necə? Kimsə deyib ki, cazibəli qadın ölmüş atı da dirildər. Dilavər ölü deyil, dipdiri adamdır, onu yenidən qazanmaq mümkünsüz deyil.
Çantasına baxdı, pul kisəsində iki əllilik vardı. Kartında da təxminən o qədər, bəlkə də, çox olmalıydı. Dilavər pulu evdə saxlamazdı, onun əlinə də çox pul verməzdi: "Ehtiyacın olan hər şey evdə var, nəsə lazım olanda mənə de".
Evdən çıxdı, payız olsa da, günəş öz şəfəqlərini əsirgəmirdi və təbiətin bu səxavətini Nihal özünə şəfqət payı kimi qəbul etdi. “Görəsən, işə yarayarmı? Bəlkə, heç lazım deyil? Bəs o psixoloqun söylədikləri? Hər halda, dünyagörmüş qadındır, həyat təcrübəsi var. Bəs tam əksim olan bir qadının həyat təcrübəsi mənə nə verə bilər? Amma qrupdakı qadınların danışdığı geyimlərin olduğu mağazaya baş çəkmək cinayət deyil”.
Mağaza geniş və bər-bəzəkli idi. Satıcı qızlar müştəriləri gözdən qoymur, hərə birinin yanını kəsdirirdi. Nərmənazik bir qız da Nihalın payına düşdü.
– Xanım, necə bir şey istəyirsiniz?
Nihal qızardı.
– Daha açıq-saçıq, daha fərqli bir şey istəyirəm… – Ürəyində isə fikirləşdi ki, görəsən, satıcı onu yüngül qadınlardan biri hesab etmədi ki?
Satıcı qız onun aldığı alt paltarının o tərəf bu tərəfinə baxıb qiymətini kassaya vurarkən Nihal yüz dəfə ölüb dirildi. İçində iki qadın bir- biriylə didişməyə başladı. “Görəsən, ərimə xoş gəlmək üçün aldığımı bilirlər? Nə biləcəklər, yəqin, fikirləşirlər ki, düz yolun yolçusu deyiləm. Hər halda, üz-gözümdən kim olduğum bəlli olur… Kimliyini gizləyən, mələk kimi görünən o qədər şeytan var ki… Bəlkə, ərim olduğunu bir bəhanəylə dilə gətirim? Hə, hə, deyim ki, ərim… Əşi, axı kimdi sənin ərli, boşanmış, ya dul olduğunla maraqlanan. Adamlar öz malını satmaq istəyirlər, düş yaxalarından”.
Aldığını tez-tələsik torbaya dürtüb mağazadan çıxdı. Günəş yenə üzünə gülümsədi, o da yorğun təbəssümlə cavab verdi.
Evdə aldığı geyimi çıxarıb baxdı. Həmişə belə geyimləri pis yolun yolçusu olan qadınların geydiyini düşünmüşdü. Madam ailəni bir neçə parçadan ibarət bu qəribə kostyum qurtaracaq, qoy olsun.

Dilavər gecə yarı gəldi. Nihal kostyumu xalatın altında gizləmişdi. Nəyə xidmət etdiyini bilmədiyi qayışlar çiynini sıxırdı, amma bu işgəncənin tezliklə bitəcəyini düşünüb dişini-dişinə sıxdı.

Kostyumu necə göstərəcəyini bilmirdi. Kaş ki, internetdə bu barədə bir mənbə tapıb oxusaydı. Bu qədər çətin olacağını gözləmirdi. Nəhayət, qərarını verdi.

Dünyanın bütün musiqiçiləri onun içində cəmlənib, öz musiqilərini ifa edirdilər. Biri lirik, biri rok, biri ağır rok, biri caz. Bu qarışıqlıqdan az qaldı qulaqları tutulsun.

Dilavər yerinə girəndə içində orkest səslənən qadın işığı yandırdı.
– Yenə nə oldu? – həmişəki kimi deyinmək fürsətini əldən verməyən Dilavər soruşdu.
– Sənə bir şey göstərmək istəyirdim, – Nihal tərəddüdlə dilləndi.
Dilavər hirslə yorğanı üstündən atdı, nəsə demək istəyirdi ki, otağın ortasında Nihalı o qəribə kostyumda gördü. Kostyumun qayışları qadını əcaib tərzdə sarmışdı, hətta, deyəsən, bir-ikisini də səhv bağlamışdı. Nihal gah əlini çiyninə, gah da belinə aparır, qayışları sahmanlamağa çalışır, özünü itirdiyindən ayağının birini götürüb o birini qoyurdu.
Birdən Dilavər qəhqəhə çəkdi. Başını geri ataraq sanki isterikadaymış kimi uzun-uzadı güldü. Nihal hər cür reaksiya gözləyirdi, amma beləsini yox.
– Sən… sən çox gülməli görünürsən, – Dilavərin qəh-qəhələri Nihalın içindəki, ifası rüsvayçı gülüşlə boğulan bütün musiqiçiləri bir-bir öldürürdü.
– Sənə sürpriz etmək istədim! Sənə xoş olsun istədim! Sənsə mənə gülürsən! Məni ələ salırsan! – Nihalın gözləri doldu.
Dilavər gülüşünü saxlayıb yerinin içində oturdu. Başını aşağı salıb sanki nəyisə götür-qoy etdi, sonra təzədən Nihala baxdı.
– Axı yeniliyə açıq olmağımı özün istəyirdin! Yoxsa belə deyil? – Nihal bu geyimdə necə gülünc göründüyünü düşünərək dəhşətə gəldi.
– Hə, istəyirdim. Amma bu sənə yaraşmır. Sən Tükəzbansan, Tükəzban olaraq da qalacaqcan. Xarici seriallarda gördüyün qadınlarla özünü müqayisə eləmə.
– Heç olmasa, məni belə ələ salmamalıydın. Bunu səninçün etdim!
– Mənimçün etdin, mənimçün etdin! Elə bil mənimçün böyük qurbanlar vermisən! Bu əndrəbadi şeyləri əyninə taxmaqla böyük qəhrəmanlıq etmisən!

Elə bilirsən, belə etməklə Tükəzbanlıqdan çıxacaqsan? Başını qoy yat, sabah səhər durub uşağı məktəbə aparmalısan.
– Axı sən niyə mənə bu qədər nifrət edirsən?! Sən öküzsən! Sən daşqəlblisən! Sən adam olduğunu da, yəqin, unutmusan! – Nihal ona nifrətlə baxdı.
– Yaxşı, bu qədər yetər. İşıqları söndür, mən yatıram.
– Mən səninçün heç kiməm, – Dilavər üzünü o yana döndərib yorğanı başına çəkəndə Nihal ağır-ağır dedi. – Özümçün də heç kiməm. Mən unudulmuş qadınam, bundansa pisi yoxdur.

# 2288 dəfə oxunub

Müəllifin son yazıları

# # #