Stalinlə məzələnən dahi

Stalinlə məzələnən dahi
5 avqust 2015
# 07:30

O, sürgünlərdə, həbslərdə olanda da azad idi. Çünki poeziya onun üçün azadlıq idi.

“Məgər biz şeir yazırıq? Şeiri Mandelştam yazır!”, - bu sözləri Yesenin demişdi. “Əgər poeziya üçün öldürürlərsə, demək ona ehtiram göstərirlər və deməli o, hakimiyyətdir”. Bu fikri isə Mandelştamın ölümündən sonra Şklovski dilə gətirmişdi.

...Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada doğulub. “İkisindən üçünə keçən gecə, 91-ci ilin yanvar ayında, etibarsız bir vaxtda doğuldum” - deyən şairin uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. Mandelştamın sözlərinə görə, onun ailəsi dünyanın ən mürəkkəb və dolaşıq ailəsi idi. Məsələn, evdə hərə bir cür danışırdı; belə ki, atasının nitqi qarışıq və anlaşılmaz idi, kəlmələri ala-yarımçıq deyərdi, ümumiyyətlə bu, hansısa uydurulmuş dilə bənzəyirdi . İncə təbiətli, səlis nitqə malik Faina Verlobskaya ilə onun həyat yoldaşı arasında yerdən göyə qədər fərq var idi. Osip rus dilinin incəliklərindən tutmuş ürək xəstəliyinə qədər hər şeyi anasından “əxz etmişdi”.

Sanki o, dünyaya çox-çox əvvəldən tanış idi. Onun gənclik şeirlərini dinləyənlər elə bilirdi, bunları müdrik bir qoca yazıb. Təbiətinə gəlincə, uşaq kimi küsəyən idi. Amma yaxınları, onu tanıyanlar bilirdi ki, ciddi görkəmin arxasında xeyirxah və həssas insan gizlənir.

Mandelştam 1900-1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür.

Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır. İlk vaxtlar onlar yola getmir, tez-tez mübahisə edirdilər. Belə ki, üçü də çətin adam idi. Amma getdikcə bir-birlərinə güzəştə getməyi öyrənirlər. Sonralar, Qumilyov güllələndikdən sonra Mandelştam Axmatovaya yazacaqdı ki, Nikolay Stepanoviç onu anlayan yeganə insan idi və o, öz əbədi dostuyla yaradıcılıq söhbətlərini indi də ruhən davam etdirir... Axmatova haqqında suala isə bir cümləylə cavab vermişdi: “Mən Axmatovanın müasiriyəm”.

Axmatovanın hökumətin qəzəbinə tuş gəldiyi bir vaxtda belə bir fikir söyləmək, cəsarətli addım idi.

Axmatova, Qumilyov, Mandelştam akmeist cərəyanın baniləri idilər. Akmeistlərin dünyaya baxışı fərqli idi. Onlar bir növ dünyanı yenidən kəşf etmək istəyirdilər. Mandelştamın akmeist ruhunda yazdığı ilk kitabı “Daş” adlanırdı. Daş sarsılmaz materialdır, əsl ustanın əlində əbədi bir abidəyə çevrilə bilər. Mandelştamın “Daş” kitabı da bu anlamı ifadə edirdi.

1911-17-ci illərdə Mandelştam Peterburq universitetinin tarix-filologiya fakültəsinin roman-alman şöbəsində təhsil alır. Onun 17-ci il inqilabına münasibəti birmənalı deyildi. Ona görə yeni Rusiyada öz yerini tapmaq cəhdləri uğursuzluq və qalmaqalla nəticələnirdi.

1920-ci ilin ikinci yarısı Mandelştam üçün böhran illəri olur. Şair susurdu. Yeni şeirlər yox idi. 5 il ərzində bircə şeir də yazılmamışdı.

1929-cu ildə şair nəsrə müraciət edir və “Dördüncü nəsr” əsərini yazır. Kitab həcmcə böyük deyildi, amma Mandelştamın yerə-görə sığmayan hislərini yaxşı ifadə edirdi. Çılğın, qılıqsız, tez özündən çıxan yazıçı asanlıqla düşmən qazanırdı, belə ki, öz münasibətini, fikirlərini, mühakimələrini gizləmirdi.

Müəllif “Dördüncü nəsr” kitabında yazırdı: “Dünya ədəbiyyatı nümunələrini mən iki hissəyə bölürəm: İcazəli yazılanlar və icazəsiz yazılanlar. Əvvəlcədən icazə verilmiş şeylər barədə yazanların üzünə tüpürmək, başlarına dəyənəklə vurmaq istəyirəm. Belə yazıçılara mən nikaha girməyi və dünyaya uşaq gətirməyi qadağan edərdim. Axı uşaqlarımız bizim macal tapıb edə bilmədiklərimizi həyata keçirməlidirlər”. Beləcə, Mandelştam ikiqat nifrət qazanırdı. Özünün rədd etdiyi və onu rədd edənlərin nifrətini...

İnqilabdan sonrakı həyatı gərgin və dözülməz idi. Ömrü gözləmələrdə keçən bu adam ölümünü də gözləyərək yaşayırdı.

Dəmirçi necə nal düzəldirsə,

bu da eləcə fərmanları düzür ard-arda,

Zərbələri birinin qasığına, o birinin alnına,

digərinin qaşqasına, ta o birinin isə gözünə tuş gəlir.

Onun kəsdiyi başa sorğu-sual yoxdur.

Odur ki, geniş sinəsini qabardıb gəzir bu osetin.

- Mandelştam bu şeiri yazanda, sizcə anlayırdımı, bu, ona həyatı bahasına başa gələcək?

- Əlbəttə! O hətta elə bilirdi ki, onu dərhal güllələyəcəklər.

(Nadejda Mandelştamla müsahibədən, 1977-ci il)

Mandelştam Stalinlə bağlı yumoristik şeiri 1933-cü ilin noyabrında yazır. Dostlarına, o cümlədən Pasternaka oxuyur. Dostunun taleyi üçün narahat olan Pasternak “Bu şeirin poeziyaya, ədəbiyyata qətiyyən dəxli yoxdur”, - deyir. Pasternak bilirdi ki, bütün bunların sonu yaxşı qurtarmayacaq. Bəs Mandelştamın niyyəti nə idi? Bəlkə 17 yaşında “həyatdan bezmişəm” yazan bu adam özü bilərəkdən ölümlə oyun oynayırdı? Pasternakın gözündə bu şeir intihara cəhd idi və o, bu aktın iştirakçısı olmaq istəmirdi: “Elə hesab edək ki, nə siz mənə bu şeiri oxudunuz, nə də ki, mən dinlədim. Xahiş edirəm, bu şeiri daha heç kimə oxumayasız”, - Pasternak deyir. Amma Mandelştamın susmaq fikri yox idi. Həyatı ciddi qəbul etməyən bu adam heç olmasa öz həqiqətini xilas etmək istəyirdi.

Mandelştamın həqiqəti ona baha başa gəlir. Onu Perm vilayətinə sürgün edirlər. Şair orda ruhu sarsıntı keçirir və intihara cəhd edir. Həyat yoldaşı Nadejda Yakovlevna tanışlara, dostlara, bütün instansiyalara məktub yazıb kömək istəyir. Buxarin Stalindən xahiş edərək deyir: “Şairlər həmişə haqlıdır. Tarix onların tərəfindədir”. Bu dəfə Mandelştama və həyat yoldaşına təklif edilir ki, sürgün yerini özləri seçsinlər. Onlar Voroneji seçirlər. Orda Nadejdanın qohumları yaşayırdı. Amma ağır günlər yenə bir-birini əvəz edir. Dolanmaq üçün vəsait yoxdur. Onunla nəinki görüşməkdən, üz-üzə gəlməkdən belə qaçırlar. Şair “yırtıcı əsrin” bir az da yaxınlaşdığını hiss edirdi...

Poeziya yeganə qaçış yolu idi. O, yazırdı, şeirlər isə oxunmağa, eşidilməyə “can atırdı”. Bir dəfə Mandelştam telefona sarı qaçır və dəstəyi götürüb müstəntiqə (telefon xətti daim ona bağlı idi) şeir oxumağa başlayr: “Yox, xahiş edirəm, siz mənə qulaq asmalısınız! Axı mənim şeir oxumağa heç kimim yoxdur!” Mandelştamın əsəbləri son həddə idi; o, şeir demirdi, içindəki ağrı-acıları sözlərlə təsəlli edirdi.

37-ci ilin mayında Voronej sürgününün müddəti başa çatır. Şair bir il Moskvada yaşayır, paytaxta gələ bilmək üçün icazə almağa cəhd edir. Çətin günlər davam edirdi. Mandelştam səfalətdə yaşayırdı. Pulsuz-parasız və kimsəsiz idi. Jurnal redaktorları şeirlərini çap etməkdən çəkinirdilər. Az-çox Pasternak, Şklovski, Katayev, Renburq və başqaları kömək edirdi. Axmatova 38-ci ildə yazırdı: “Bəla arxamızca gəzir. Mandelştamların vəziyyəti ağırdır. Üstəlik, Osip xəstəhaldır, mən onu sonuncu dəfə görəndə, o, çətinliklə nəfəs alırdı.”

1938-ci ilin mayında Mandelştam yenidən həbs olunur. Onu 5 illik katorqaya, Qərbi Sibirə göndərirlər. Artıq Mandelştam geri qayıtmayacaqdı...

- Osip Mandelştam xeyirxah adam idi?

- Mənimlə yox, amma başqaları ilə - hə. Xüsusilə də uşaqlarla

(Nadejda Yakovlevna ilə müsahibədən. 1977)

Nadejda Yakovlevna Mandelştam... Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır.

...26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur.

Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi, - yazırdı Brodski, - Onsuz da bəstəboy, arıq olan bu qadın getdikcə elə bil bir az da büzüşürdü, bir az da içinə yığışırdı, elə bil çəkisiz, əhəmiyyətsiz bir əşyaya çevrilmək istəyirdi; elə bir əşyaya ki, lazım olanda, ekstremal situasiyada onu cibə qoyub aparmaq asan olsun... Onun heç bir şəxsi əmlakı yox idi, hətta xaricdən gətirdiyi kitabları da oxuduqdan sonra başqalarına verirdi... Nəhayət, 60-cı illərin sonlarında verilmiş birotaqlı mənzildə ən dəyərli şey mətbəxdən asılmış divar saatı idi... Mandelştam şeirlərinin birində dediyi kimi, bu “qaçqın qadın” ömrünün sonuna kimi elə o cür də qalmışdı...”

Mandelştamın irsi onun sayəsində qorunmuşdu, axtarış vaxtı ərinin əlyazmalarının yandırılacağından qorxaraq şeirlərin hamısını əzbərləmişdi...

- Həyat yoldaşınızın əsərlərini xilas etmək üçün həyatınızın 40 ilini sərf etmisiniz. Əməyinizin başa çatdığından zövq alırsınızmı?

- Həm hə, həm yox. Mən ömrümü bu işə sərf etdim. İndi içimdə boşluq hiss edirəm.

- Başqa nə etmək istərdiniz?

- Atam haqqında yazmaq istərdim. Amma daha gücüm yoxdur... Bəlkə də yazmağa çalışaram... Ölmək istəyirəm. Amma düşərgədə yox, burda, öz evimdə....

O, ölümdən qorxmurdu, amma Mandelştam kimi ölmək qorxusu onu sön günə qədər onu tərk etmirdi...

Mandelştamın son məktubundan: “Bədənim zəifləyib, taqətdən düşmüşəm, elə arıqlamışam ki, tanınmalı halım qalmayıb. Bilmirəm, əyin-baş, pul, ərzaq göndərməyə ehtiyac varmı... Yenə də cəhd edin”.

Ölüm onu 27 dekabr 1938-ci ildə haqlayır...

Özü dediyi kimi etibarsız bir vaxtda, “yırtıcı əsrin” astanasında doğulmuşdu. Əslində, o, çox-çox əvvəllər “dünyaya gəlmişdi” və dünyanı tanıdığından, doğulandan sonunu görmüşdü. Həyat yoldaşına bir vaxtlar verdiyi sual da əslində Nadejdanın özünün suallarının cavabı idi:

Nadejda, niyə sən elə düşünürsən ki, mütləq xoşbəxt olmalısan”?

Mandelştamın ölümündən sonra bu sözlər Nadejda Yakovlevnaya təsəlli olur. Doğrudan da niyə o, xoşbəxt olmalı idi ki? Çox- çox sonralar, həbs olunacağından qorxaraq səksəkəylə yaşayanda, sürgünlərdə ölə biləcəyi təlaşına qapılanda da həyat yoldaşının nə vaxtsa dediyi sözləri xatırlayır.

Müəyyən təqiblər olsa da, öz kitabları ilə dünyada məşhur olan, yaşı 80-ni haqlamış Böyük Dul Qadını həbs etməyə hətta sovet rejimi də cürət etməzdi. O, 1980-ci ildə ürək xəstəliyindən dünyasını dəyişir.

Onsuz da “Yaşayırıq, amma yaşadığımızı hiss etmirik”, - demişdi nə vaxtsa Mandelştam...

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #