Kişilərə dur deyin! - Günel Natiqin romanı - Beşinci hissə

Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Beşinci hissə
15 iyun 2024
# 10:00

Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının beşinci hissəsini təqdim edir.

Əvvəli burada

Ayla əvvəl hamilə olduğunu ağlına gətirə bilmədi. Aybaşı gecikəndə şübhələndi, UZİ-yə getdi, həkim hamilə olub-olmadığını müəyyənləşdirə bilmədi, "bir həftə sonra gəl" dedi.

Ayla Divə hələ ki, heç nə deməməyi qərara aldı. Amma onunla görüşdən də qaçdı. Div hər dəfə “görüşək” deyəndə, nəsə bəhanə gətirdi. Sevgilisinin nədənsə şübhələndiyini hiss etdi, amma özünü o yerə qoymadı.

Bir həftə sonra yenidən UZİ-yə getdi. Həkim bu dəfə uşağı əməlli-başlı gördü. “Hamiləsiniz” deyəndə, Aylaya elə bil tərs sillə vurdular. Ona görə yox ki, evlənmədən hamilə qalmışdı, ona görə ki, dünyaya uşaq gətirib fədakarlıq etmək istəmirdi. Bir qadın niyə fədakarlıq etməlidir ki? Doqquz ay əzab- əziyyətlə bətnində canlı gəzdirmək, çığıra-çığıra doğmaq, gecəni gündüzünə qatıb onu böyütmək, oxutmaq, evləndirmək, sonra da onun uşaqlarını saxlamaq, ta ölənə qədər onun üçün yaşamaq, öləndən sonra da onu düşünüb qəbirdə rahat yata bilməmək. “Bunlar hamısı lazımsız şeylərdir. Mən bu qədər fədakar ola bilmərəm".

Bəs Dilavər? Axı onun istəyini də nəzərə almalı idi. "Əgər uşağımız olsa, yarı-yarıya baxacağıq, Mollanın lətifəsində olduğu kimi", – demişdi Dilavər. Bu sözlərdə gerçəklik payının daha çox olduğunu düşünmüşdü Ayla. Hər halda, Dilavərə deməliydi, adamın buna haqqı vardı.

Həkim bilgisayarın siçanını Aylanının bədəninin aşağı qismində gəzdirməyə davam edərək:
– Əslində, bu uşağın olması bir möcüzədir. Güclü soyuqdəyməniz var. Başqa kiçik problemlər də var, yəni bu vəziyyətdə körpənin tutunub qalması nadir görülən bir şeydir.
– Qızım da mübarizlikdə mənə oxşayır, – Ayla düşündü.

Niyə bəs qız? Nədənsə Ayla o canlının qız olduğunu düşündü. “Çünki qadınlar kişilərdən daha çox əzab-əziyyət çəkir, zülmə məruz qalırlar. Yəqin ki, oğlan olsaydı, belə tale gözləməzdi onu. Anası onu öldürmək planları qurmazdı”. Və ilk dəfə içindəki qadını qorumaq istəyi oyandı.
Səhər yeməyində həvəssiz-həvəssiz ağzındakı loxmasını çeynəyərkən öyüdü, tez hamama qaçdı. Krantı bağlayıb geri çevriləndə, anasını qapının ağzında gördü. Qızını nəzərləriylə sorğulayırdı. Elə bil: “Yoxsa mən düşündüyümdür?” – demək istəyirdi.

– Sən düşündüyündür, – Ayla onun yanından keçərkən dedi.

Qadın onun qolundan tutub silkələdi:
– Nə dediyini anlayırsan?
– Demək istəyirəm ki, nənə olursan, – Ayla onun gözlərinin içinə dik baxaraq dedi.

Qadının gözləri az qaldı hədəqəsindən çıxsın.
– Kül olub başıma! Mən də deyirəm, qız doğmuşam! Ta demirəm ki, fahişə doğmuşam!
– Yox, demisən. Deməsən də düşünmüsən. Sənin həmişə belə gizli qorxuların olub. Siz hamınız beləsiz! Oğullarınızın əyyaş, narkoman olmasından qorxmursunuz, amma qızlarınızın öz həyatına sahib çıxması fikrindən az qalır bağrınız çatlasın! Hətta sənin kimi öz haqları uğrunda əriylə düz on beş il mübarizə aparan qadın da belə düşünür!
– Küçə qadını olmaq həyata sahib çıxmaq deyil! Özünü yad kişinin qucağına ataraq həyatına sahib çıxdığını düşünürsən?
– Bu bədən mənimdir, kimin qucağına istəsəm ataram!
– Tərbiyəsiz!

Ayla anasının onun üstünə atılıb saçlarını yolmasına, üz-gözünü cırmasına imkan verdi. Anası əvvəllər də onu vurmuşdu, amma bu dəfəki saç-baş yolma əvvəlkilərə bənzəmirdi. Qadın sanki öz rəngsiz həyatının intiqamını alırdı. Nəhayət, arvad heydən düşüb yerə çökdü. Ayla da onun yanında oturdu. Bir neçə dəqiqə səssizcə oturdular. İkisi də gözlərini bir nöqtəyə zilləmişdi.
– Sən bu uşaqdan qurtulacaqsan, – nəhayət, qadın dilləndi. – Mən bir həkim soraqlaşaram, bu işi gizli həll etməyin yolunu taparıq.
– Mən uşağımdan imtina etməyəcəm. Mən qızımı qoruyacam. Bu mənim hüququmdur, – Ayla dedi.
Bir saat əvvəl o da uşaqdan qurtulmaq istədiyini düşünmüşdü, amma müdafiəsiz, köməksiz bir körpəyə belə təcavüz, içində onu qorumaq insktinkti oyatdı. Bu analıq hisslərinin nə qədər davam edəcəyini isə özü də bilmirdi.
– Sən bizi el içində rüsvay etmək istəyirsən?
– Mən özümə də, qızıma da sahib çıxmaq istəyirəm, bu mənim hüququmdur, –Ayla təkrar etdi.
– Feminist oyunları başını xarab edib. Gərək elə özünü feminist elan edəndə sənin ağzının payını verərdim. Heyif ki, gec tərpəndim. Sənin bic uşağını kim saxlayacaq? Uşağın atası kimdir?
– Bir adam. Həyatımın kişisi.
– Onda evlən onunla. O adama de ki, gəlib alsın səni. Sonra nə istəyirsən et, istəyirsən doğ, istəyirsən doğma.
– Mən evlənmək istəmirəm. Hələ buna hazır deyiləm.
Qadının gözləri qəzəb saçdı:
– Bəs yad kişiylə gəzəndə buna hazırıydın?
Telefon zəngi hər ikisini susdurdu. QUS-dan idi.
– Ayla, son hadisədən xəbərin var? O qadını əri öldürüb.
– Kimi?
– Sosial şəbəkədəki qrupda problemlərini bölüşən, dərdinə dərman axtaran qadını. Sahiləni.
... ... ...
Təzə xəbər Qadınlar qrupunda bomba kimi partladı. “Şərəfsiz”, “Nadürüst”, “Əclaf” kimi kəlmələr olmasa idi, qadınların ürəyi asanlıqla soyumayacaqdı.
"Hələ iki gün əvvəl qız yazmışdı ki, əriylə əvvəlki münasibətini bərpa edib yeni həyata başlamaq istəyir. İnsan nə dərəcədə alçaq ola ki, onu sevən həyat yoldaşını amansızlıqla qətlə yetirə!"
"Anam deyərdi ki, kişinin ağına da, qarasına da lənət!"
"Ay qızlar, bu hadisədə bütün kişiləri günahlandırmağın yeri yoxdur. Qatilin cinsi yoxdur, unutmayın!"
… … …
“Əvvəllər qatilin milliyyəti yoxdur, deyərdilər, indi qatilin cinsi yoxdur, deyirlər. Cinsi ayrı-seçkilik nə vaxt belə vüsət aldı”, – Nihal düşündü. Qadına yazığı gəlirdi, o qadının yerində özü də ola bilərdi. Zavallı Sahilənin əriylə barışmaq cəhdlərini izləyir, özüylə onun arasında oxşarlıqlar görüb sarsılırdı.

Sahilə kimi ərinə daha yaxın olmağı qərara aldığı gün özünə, mənliyinə, qüruruna bir daha uduzmuşdu. Və bu məğlubiyyəti qarşı tərəf onun üzünə elan etmişdi. Yataq otaqları həmin gündən sonra iki cəbhəyə ayrılmışdı. Gecələrin birində nəsə götürmək üçün Dilavərin yatdığı otağa girəndə, onun ikinəfərlik yataqda əl-qolunu açaraq rahat yuxuya daldığını görmüşdü.

Səhər qəhvə içdiyinə görə ərinin qınağına tuş gələndə, onun gecəki rahatlığını üzünə vurdu:
– Heç narahat olma. Ölsəm guya nə olacaq ki. Mənsiz hamıya daha rahat olar.
Dilavər çayını qarışdıra-qarışdıra:
– Boş-boş danışma, – dedi.– Əslində, mənim nə vecimə. Ürəyindən tez-tez şikayətləndiyin üçün deyirəm. Qəhvənin qan damar sisteminə ziyanı var. Sonra ürəyin sancanda şikayət etmə.
– Ürəyim qəhvə içdiyim üçün sancmır. Xoşbəxt olmadığım üçün sancır.
– Adam özünü xoşbəxt hiss etməsə, xoşbəxt olan deyil. Ürəyini də inandırmalısan ki, sən xoşbəxtsən.
– Özümə də yalan deyim?
– Niyə də yox. Əgər ürəyin ağrımayacaqsa.
– Əgər mən doğrudan xoşbəxt olmaq istəyirəmsə?
– Pul versəm, xoşbəxt olarsan?
– Xoşbəxtlik pulla ölçülmür...
– Yaxşı, nə alsam, xoşbəxt olarsan?
– Kaş ki, ürəkdən gələrdi...
Dilavər stəkanı stolun üstünə çırpdı.
– Əşi, xoşbəxt ola bilmirsənsə, cəhənnəmə ol! Axı səhər-səhər nə istəyirsən məndən! Pul deyirəm – istəmirsən. Hədiyyə deyirəm – istəmirsən. Sən yaşaya bilmirsənsə, imkan ver biz yaşayaq. İmkan ver bir parça çörəyimizi yeyib cəhənnəm olaq! Bilirsən, nə qədər işim, problemim var? Bir demirsən ki, bəs sənin nə dərdin, nə azarın var. Elə məndən gözləyirsən!
– Sən məni anlamırsan... Heç vaxt da anlamamısan...
– Amma sən mənim fikirlərimi gözlərimdən oxumusan! Heç sən də məni başa düşmürsən. Amma mən şikayət etmirəm, yenə də vəziyyəti ələ almağa çalışıram. Sən ər görməmisən, arvad-uşağının nə yeyib-içdiyindən xəbəri yoxdur.
– Mən demirəm ki, sən yaxşı ər deyilsən. Əlbəttə, sənə çox şey borcluyam.
– Amma nədənsə həmişə məni borclu çıxarırsan. Fatma-Tükəzban yaxşı kişinin qədrini nə vaxt bilib ki!
– Ailəmiz üçün etdiklərini həmişə qiymətləndirmişəm, buna görə çox şeyi keçmişəm sənə...
– Gəl bir keçmə də. Keçməyib nə edəcəkdin?
Nihal tutuldu. Yenə Dilavər onu divara qısnamışdı. Növbəti döyüş və təslim olmaq məqamı idi.
– Heç nə etməyəcəkdim. İşə gecikirsən. Sonra danışarıq.
– Zalımın qızı elə danışır, elə bil mənim direktorumdur. “Sonra danışarıq!” Evdə oturduğun bu vaxt ərzində yaxşı iş təcrübəsi toplamısan. Direktorluq da edirsən.
– Görəsən, kimin üzündən evdə oturmuşam?
– Öz maymaqlığın üzündən, nə üzündən olacaq! Evdə özünü idarə edə biməyən adam ictimai yerdə nə edəcək?

Dilavər dediklərinin təsirini qüvvətləndirmək üçün stuldan hikkə ilə qalxıb ayaqlarını yerə bərk vura-vura qapıya getdi. Qapını çırpanda Nihala elə gəldi ki, ürəyi yerindən qopdu.

“Əlbəttə, ürəyimin sancması qəhvədən deyil”, – öz-özünə dedi.

…Sahilənin qətlini eşidəndə, həmin səhnə yenidən canlandı gözünün önündə. Yəqin, Sahilə də eyni hissləri yaşamışdı. Yəqin, o da ərinin onu başa düşmədiyindən gileylənmiş, bir az diqqət istəmişdi. Əri də onun sevgi dilənçisi olduğunu üzünə çırpmışdı. Ondan sonra da hirsi soyumamış, gözlənilmədən Sahilənin üstünə atılıb boynunu caynaqları arasına almışdı. Sahilə əl-qol atmış, məhzun gözlərilə yalvarmış və birdən süst düşmüşdü. Canavar-adam qanlı cəsədin üstündə qəhqəhə çəkmiş, genetik qəzəbini soyutmuşdu...

Yenidən qrupa daxil oldu. Ayla adlı feminist qız qadınları yürüşə çağırırdı:

“Biz zorakılığa “yox” deyirik! Biz kişinin qadın üzərində hökmünə “yox” deyirik! Bu gün daha bir qadın məişət zorakılığının qurbanı oldu. Bu gün daha bir qadın amansızcasına qətlə yetirildi. Halbuki, bu qadın başına gələcəkləri sanki əvvəllcədən görmüşdü və toplumdan kömək istəmişdi. Bu qadının boşanmaq istəyinə qohum-qardaş rədd cavabı vermişdi. “Ailə – müqəddəsdir, əgər boşansan, el-oba nə deyər” kimi cəfəng fikirlərlə onu qatil ərin əllərinə təslim etmişdilər. Əgər ailə budursa, ailə dəyərləri budursa, biz bu dəyərlərə “yox” deyirik! Əgər zorakılıq üzərində qurulan ailə müqəddəs sayılırsa, bəli, onda biz əxlaqsızıq! Sizin əxlaq kimi gördükləriniz bizim üçün prioritet ola bilməz! Çünki siz yalançı dəyərlərin üstündə körpü salmış əxlaq qanunlarına söykənirsiniz! Bütün qadınları bir həftə sonrakı yürüşdə iştirak etməyə çağırıram! Əgər həmcinslərinizin taleyinə biganə deyilsinizsə, əgər sabah qızlarınızın kişi amansızlığının qurbanı olmasını istəmirsinizsə, meydana gəlin!"

Ella: “Qadına uzanan əllər qırılsın! Necə qıydı o mələk kimi qadına!”
Nərmin: “Şərəfsiz! Hər iki dünyada cavab verəcəksən! Sənin kimiləri asmaq da azdır!”
Günay: “Mən gələcəm yürüyüşə! Birlikdə səsimiz daha ucadan çıxacaq!”
Zəhra: “Ay qızlar, yürüyüşə çıxmaqla nə olacaq ki? Kişiləri həyatınızdan kəsib atacaqsız? Nə qədər kişi var, fiziki güc öndə olacaq, axı bu gün kimi aydındır”.
Silviya: “Zəhra xanım, siz, deyəsən, qadın hərəkatının gücünə inanmırsınız,ya da kişilərin arxasında gizlənən qadınlardansınız. Yolumuzdan çəkilin, bizə güclü xanımlar lazımdır”.
Zəhra: “Xanım nədir, güclü nədir.”
Silviya: “Zəhra xanım, qadın gül-çiçək deyil, insandır, nə vaxta qədər sizin kimilərin ucbatından özümüzü insan hiss etməyəcəyik? Sizlərin ucbatından bizə zəif, köməyə möhtac olan yarıadam kimi baxırlar!”

Nihal interneti söndürdü. Yenidən qadınlar bir-birini anlamayan, dinləməyən qruplara bölünmüşdü. “Bəlkə, bir-birimizi dinləmədiyimiz üçün işin içindən çıxa bilmirik? Hərə öz həqiqətini bağırır. Sahilənin son statusu da qadınları belə bölüb ayırmadımı? Qızın dərdinə heç kim şərik çıxmadı, həmişəki kimi gah suçladılar, gah da öz aralarında dalaşdılar. Kaş ki, susub dinləyə bilsəydik Sahiləni... Görəsən, yürüşə gedimmi? Dilavər bilsə, qarşı çıxacaq. Gərək o bilməsin".

Telefona gələn mesaj onu fikirdən ayırdı.

“Nihal, bu qərarı vermək mənim üçün asan olmadı. Pis-yaxşı, birlikdə 7 il ömür sürmüşük, xoşbəxt günlərimiz də olub, amma evliliyimiz artıq dözülməz həddə çatıb. Bu, ikimiz üçün də yaxşı olacaq. Elə bilmə ki, sizi tərk edirəm. Sən oğlumun anasısan, sizə bacardığım köməyi edəcəm. Ancaq bir yerdə yaşamaq daha mümkün deyil. Mən kirayə mənzil tutmuşam, bir müddət orda qalacam, sonra gələcəklə bağlı qəti qərar verərəm. Salamat qal. Dilavər”.

Ardı var...

# 1576 dəfə oxunub

Müəllifin son yazıları

# # #