"İstəyirəm xanımların mənə yazığı gəlsin" - Vaqif Səmədoğlu ilə müsahibə

"İstəyirəm xanımların mənə yazığı gəlsin" - Vaqif Səmədoğlu ilə müsahibə
28 yanvar 2021
# 15:18

“Mən nə dünənin, nə bu günün, nə də sabahkı cəmiyyətin şairiyəm. Mən Vaqif Səmədoğluyam. Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz yaratmışamsa, yəqin ki, hər zamanın cəmiyyətinin şairi olacağam” deyirdi Vaqif Səmədoğlu.

Bəlkə də həyatımda iki, ya da üç məqam olub ki, texnologiyaların tərəqqi etdiyi, müasirliyin məcrasından çıxdığı bu zamana həmin məqamlara görə minnətdarlıq hissi duymuşam. Onlardan biri də məni Vaqif Səmədoğlu ilə dostlaşdıran, doğmalaşdıran “Facebook” oldu. Mənim təsəvvürümdəki Vaqif Səmədoğlu sərt xasiyyətli, salam belə verməyə ehtiyat etməli olduğumu düşündüyüm insan idi. Ancaq ağlıma da gəlməzdi ki, səssiz bir “salam” kəlməsi mənimlə Vaqif Səmədoğlu arasında doğma münasibətlərə körpü salacaq. Həmsöhbət olduqca düşüncələrimdəki Vaqif Səmədoğlundan xeyli fərqli bir adam gördüm qarşımda. Mən gördüm ki, o düşündüyüm qədər də sərt deyil, istiqanlı, yumor hissi yüksək olan, yerə bağlı, göyə yaxın bir insandır. Zənnimcə bu yazını oxuyan Vaqifsevərlər və onu şəxsən tanıyanlar mənim nə qədər səmimi və onu necə düzgün xarakterizə etdiyimi təsdiqləyəcəklər. Vaqif Səmədoğlu şeirlərində Allahla söhbət var. Darıxmağın, tənhalığın düsturları var ki, təkcə mən yox, o şeirləri oxuyan hər kəs Vaqif Səmədoğlu şeirlərində özünü tapa bilir.

Şeirlərindən və “Facebook”dan tanıdığım şairi yaxından görüb, onunla üz-üzə söhbət etmək arzumun önünə keçə bilmirdim. Jurnalist peşəsindən mənimsədiyim “ortam yumşaltma” metodundan məharətlə istifadə edib mövzunu müsahibə mövzusuna gətirmək istəyirdim. Dayanmadan yazdığım suallara özünəməxsus yunoru ilə “Yaşlı adamam, gözüm də yaxşı görmür. Bu qədər suala cavab yaza bilmərəm sabah gəl AYB-yə” yazıb gülüş işarəsi atdı. Necə deyərlər “Gözlədiyim yar idi, yetirdi pərvərdigar”. Qərarlaşdırdığımız vaxtda Azərbaycan Yazıçılar Birliyində Vaqif müəllimlə görüşüb, nə az, nə çox – düz 45 dəqiqə söhbət etdik. “Facebook”da söhbət zamanı həmişə xəstəlikdən şikayətlənən, əcəli qapısının ağzını kəsdirən xəstə kimi danışan Vaqif müəllimi qarşımda bu qədər gümrah, əli çalıb, ayağı oynayan görəndə bir az təəccüb etdim.

- Vaqif müəllim necəsiniz, özünüzü necə hiss edirsiniz?

- Yaşıma görə çox yaxşıyam. Mənim taylarım yerindən tərpənə bilmir. Amma mən gəzirəm, yeyib-içirəm, hətta düşünə bilirəm. Amma, Günel balam, “necəsən” sualına gəlincə bu sual mənim üçün bir az ritorik sualdır. Çünki gün ərzində on-on beş vəziyyətə düşürəm. Gah yaxşı oluram, gah da pis. Amma onu deyim ki, özünü çox gümrah hiss edən insanı belə bir kəlmə sözlə sındırmaq olar. Ağac budağını külək sındıran kimi.

- Niyə həmişə sizinlə söhbət edəndə ölümdən danışırsınız?

Gülümsündü və barmaqlarının arasında tutduğu siqaretdən bir qüllab vurub bu sualıma maraqlı və yumoristik bir cavab verdi

- Mən istəyirəm ki, danışdığım adamların mənə yazığı gəlsin. Xüsusən də xanımların. O biclik məndə cavanlıqdan var (gülür). Azərbaycan, yaxud da dünya poeziyasındakı məhəbbət şeirlərinə bir fikir ver. Hamısında bir yalvarış, “yazığın gəlsin mənə”, “yazığam” və sairə fikirlər var. Bu həm məhəbbətdir, həm də şairin yetimlik kopleksidir.

Vaqif Səmədoğlunun 1996-cı ilə aid bir müsahibəsini oxumuşdum. Müxbir soruşmuşdu: “Vaqif müəllim darıxırsınız?” Vaqif müəllim cavab vermişdi: “Doğulduğum gündən bəri darıxıram”. İllər sonra həmin sualı Vaqif müəllimə mən verdim:

- Vaqif müəllim yenə darıxırsınız?

- Əlbəttə.

- Nədir sizi belə darıxdıran?

- Nə bilim, yəqin ki, bu da şairə xas olan bir xüsusiyyətdir. Təklikdən tutmaq. Baxmayaraq ki, mən təkliyi sevən insanam, amma bəzən təklik də məni darıxdırır. Niyə darıxdığımı anladacaq dərin bir fikrim yoxdur. Amma mən hər gün dəhşətli dərəcədə Yusif üçün darıxıram. Yusifin mənə səsi çatmır, telefon zəngləri çatmır, oturub bir yerdə televizora baxa bilmirik, zarafatlaşmırıq...

Gözlərini barmaqları arasında tüstülənən siqaretə zilləyib, bir neçə saniyə beləcə tüstünün axışını seyr etdi. Eynəyin arxasında yazıqlaşan və parıldayan gözləri gördüm. Şair kövrəldi və mən qarşımda bayaqdan bəri zarafatlaşan, şən əhval-ruhiyyəli Vaqif Səmədoğlunun əvəzində həsrət dolu, gözü doğmasını gəzən, onun yoxluğuna illər ötməsinə baxmayaraq inanmaq istəməyən, qəmli bir şair gördüm. O zaman Vaqif müəllimə verdiyim “necəsiniz?” sualına verdiyi cavabı xatırladım. Söhbətimizin 20-ci dəqiqəsində onun əhvalının necə dəyişdiyinin şahidi oldum.

Vaqif Səmədoğlu hər zaman ürəyində sevgi daşıyan və bu sevginin gücü ilə ayaqda duran insan idi. Sevgi nədir Vaqif Səmədoğlu üçün? Bəlkə də bu çox bəsit və şablon bir sualdır. Amma həmsöhbətim Vaqif Səmədoğludursa, bu suala dərin mənalı, fərqli bir cavab alacağımı düşündüm və yanılmadım da:

- Allah insanı sevmək üçün yaradıb və bu Tanrının insan qarşısına qoyduğu müqəddəs bir qanunudur. İnsanlar dünya qurulandan ta bu günə kimi Allahın qoyduğu bütün qanunları pozub, amma bircə məhəbbət qanununa hər zaman sadiq qalırlar. Kim deyir ki, məhəbbət insanın həyatında bir dəfə olur bil ki, o insan yalan danışır. Hər bir kişi də qadın da həyatında bir neçə dəfə məhəbbətə düçar ola bilər. Ya məhəbbətin zindanına düşürlər, ya da azadlığına.

V.Səmədoğlunun təkcə zəngin poeziyasında deyil, onun yazdığı pyeslərində də fərqli bir Vaqiflə qarşılaşmaq olur. Mən yuxarıda da qeyd etdim ki, Vaqif müəllimin çox güclü yumor hissi və və qarşısındakı insanı düşündürərək güldürmək qabiliyyəti var. Bu istedadı “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam” pyeslərində görmək mümkündür. Onun hər iki pyesini ekranlaşdıran rejissorlar və onun əsərlərindəki personajları canlandıran aktyorlar da Vaqif Səmədoğlu yaradıcılığından ilhamlanaraq bu əsərləri əbədiləşdiriblər, eyni zamanda da özləri bu əsərlərə görə əbədilik qazanıblar.

Musiqi də onun dünyasının başqa vaz keçilməyən bir tərəfi idi. Musiqidən söhbət açmadan olmazdı. Biz onun sözlərinə bəstələnən ölməz mahnılardan danışdıq. “Uzaq yaşıl ada” mahnısının zümzümə etdim. Hardasa mahnının ritmindən çıxdım. O dərhal həmin hissəni özü ifa etdi və barmaqlarını masanın üstündə piano ifa edər kimi gəzdirdi. Mən onun bir vaxtlar pianonu dilləndirən barmaqlarına baxırdım. Əvvəl elə düşünürdüm ki, bəlkə də çoxdan o barmaqlar pianoya dəymədiyi üçün yadırğayıb. Bəlkə də illər ötməsinə baxmayaraq bir toxunuşda yenə gözəl əsərlərə can verə bilər. Hər halda bunu Vaqif müəllim daha yaxşı bilir. Düşünürəm ki, Vaqif Səmədoğlu şair olmasaydı da, o bu gün yenə xalqın sevimlisinə çevrilən bir musiqiçi olardı. Ancaq ədəbi yaradıcılıq, poeziya onu özünə daha çox bağlayıb. Ruhuna daha çox ədəbiyyatı yaxın bilib. Musiqini atmağı birdən-birə olmayıb. Yavaş-yavaş uzaqlaşıb bu dünyasından. Bir müddət Konservatoriyada dərs deyən şair hər ikisinin də öhdəsindən gəlməyə çalışsa da, özünün də dediyi kimi, iki ağır və məsuliyyətli işi paralel aparmaqda çətinlik çəkib. Səs və söz. Hər ikisi ona doğma olsa da o sözü seçdi. Səsi ruhunda daşıdı, sözü milyonlarla sevənləri ilə böldü.

- Mən ilk dəfə şeirlərimi çapa verməmişdən əvvəl iki dostum – Anar və Araz Dadaşzadə - hər ikisi aparıb atalarına oxumuşdu. Anar Rəsul Rzaya, Araz isə görkəmli akademik Məmməd Arifə. Rəsul Rza şeirimi çox bəyənmişdi, hətta ön söz də yazmışdı. “Azərbaycan” jurnalında şeirlərim ilk dəfə o zaman çap olundu. Məmməd Arif isə oxuyandan sonra Araza deyib ki, Vaqif gəlsin yanıma, onunla söhbətim var. Mən də getdim. Məmməd Arif mənə ərklə:

“Adə, Vəkilov, sən şeir yazmaqla qəti qərara gəlmisən ki, şair olacaqsan?”

Dedim: “Bəli”.

“Bəs musiqi necə olacaq?”

“İkisi ilə də paralel məşğul olacam”.

Dedi: “Bax, gəl səninlə ciddi danışaq. Mən səni qeyri-ciddi insan görmək istəmirəm. İki ağır, məsuliyyətli işi paralel aparmaq olmaz. Musiqi saatlar tələb edən sahədir, poeziya da onun kimi. İkisindən birini seç”.

Buna baxmayaraq, uzun müddət hər ikisi ilə də məşğul oldum. Hətta Konservatoriyada dərs də deyirdim. Sonra gördüm ki, Məmməd Arif düz deyirmiş, həqiqətən də çətinmiş. Mən də özümü tamamilə verdim ədəbiyyata.

Vaqif Səmədoğlunun da gənclik illəri 60-cı illərə təsadüf edib və onun da adı 60-cılar siyahısında çəkilir. Şair 60-cı illərin özü üçün nə demək olduğunu belə təsvir edirdi:

- Mənim üçün 60-cı illərin əsas qiyməti kimlərinsə o dövrdə yazdığı romanlar, şeirlər, povestlər, yaratdığı simfoniyalar, rəsm əsərləri deyil. Bunlar öz yerində, amma mənim üçün o dövr əsas mahiyyəti ilə Yeni Zövqün yarandığı bir zəmin kimi dəyərlidir.

Onun da şeirlərindəki misralardan kimlərinsə məntiqsiz və özlərinin düşüncələrinə uyğun mənalar çıxardaraq, uzun müddət senzuradan keçirmədikləri məqamlar olub. Bunlardan biri də Emin Sabitoğlunun musiqi bəstələdiyi “Uzaq yaşıl ada” şeirilə bağlıdır. 4 il senzuradan keçməyən bu şeirin çapa icazəsi olmamasının maraqlı səbəbini açıqladı:

- O vaxt mənə dedilər ki, yaşıl – Müsavatın bayrağının rəngidir. Ona görə də bu şeirim 4 il senzuradan keçmədi. Amma Füzuliyə müraciətlə yazdığım şeiri həmin an çap etdilər:

Bilirsənmi, artıq kəsib umud keçən yolları
Tikilməmiş türmələrin ucalmamış hasarı.
Sən bəlkə də sevinərdin baxıb dənizə sarı,
Axı yuxuna girməzdi Rus Çarının tankları.

Halbuki mən bu şeirdəki “Tikilməmiş türmələrin hasarı”, “Rus Çarının tankları” ifadələrinə görə əlli-ayaqlı getməli idim, məni asmalı idilər bu sözlərə görə”.

“Gün keçdi” filmində səslənən “Bir axşam taksidən düşüb payıza” mahnısını sözlərində də məcburən dəyişikliklər edilib. Çünki bu mahnının sözlərinə görə filmi bağlaya bilərdilər.

Ədəbiyyatımızda tənhalıq şairi kimi tanınan bu böyük şairin şeirləri əslində Vaqif Səmədoğlu duyğularının açarıdır. Şairin tənhalığı məzmun etibarı ilə İlahi tənhalıqdır.

Küləkli payız günündə
Atılmış bağ evinin
Qapısıtək
Açılır, örtülür
Ürəyim
Barmağımla
Günlərimin profilini çəkirəm
Dünya pəncərəsinin
Toz basmış şüşəsində
Ay Allah
Heç olmasa
Başımı sığalla!

Onunla söhbət etmək də maraqlıdır, saatlarla dinmədən üz-üzə baxmaq da. Çünki bu şairin gözləri də insana çox şey danışır. Onun gözləri də şeir deyir. Təpədən-dırnağa söz olan, şeir olan bu şairin qəribliyi də onun qəribəliyinin bir təzahürüdür. Mən onunla danışdıqca, kitablarını vərəqlədikcə anladım ki, Vaqif Səmədoğlu cismən bizimlə eyni dünyanı, eyni planeti paylaşsa da, ruhən kimsənin tanımadığı, xəritəsi kimsəyə bəlli olmayan bir dünyanın “Uzaq yaşıl ada”sının sakinidir.

# 3118 dəfə oxunub

Müəllifin son yazıları

# # #