Nazpəri Dostəliyeva: “Həyatımdan roman yazacam” - Müsahibə

Nazpəri Dostəliyeva: “Həyatımdan roman yazacam” - Müsahibə
18 dekabr 2019
# 09:03

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin növbəti qonağı Xalq artisti Nazpəri Dostəliyevadır. Layihədə məşhur sənətçilərlə ədəbiyyat və sənətləri barədə söhbət edilir.

- Klipinizin təqdimatını kitab mərkəzində etdiniz. Məqsədiniz nə idi?

- Düşünürəm ki, bu sənətçilər arasında bir ənənəyə çevrilməlidir. Kitab oxumaq bu gün, demək olar ki, unudulub. Gəncləri yenidən kitab mərkəzlərinə yönəltmək üçün sənət adamları görüşləri, təqdimatları məhz kitab evlərində keçirtməlidirlər. Mən təqdimatımı gedib bahalı restoranda da edə bilərdim. Amma istədim məni sevən gənc kütlə mənim vasitəmlə gəlib heç olmasa bir kitab alsın, bir kitab oxusun. İstər-istəməz bu mərkəzin qapısından içəri girən gənclər kitabla maraqlandılar.

Gallery

- Bu gün ömründə bir dəfə də olsun əlinə kitab almayan müğənnilər var ki, kitaba özlərini təbliğ etmək üçün yanaşırlar.

- Düz deyirsiniz. Bu gün məşhurluq arxasınca qaçan müğənnilərin əksəriyyətinin kitabdan xəbəri yoxdur. Savadsızdılar. Hətta aralarında ali təhsili olmayıb, amma Xalq artisti adı alan müğənnilərimiz var.

- Elə ona görə də fəlsəfə doktoru olmanızla bağlı yayılan xəbər ictimaiyyət arasında səs-küyə səbəb oldu.

- Mən o söhbətə qayıtmaq istəmirəm. “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu üzərində işləyirəm. Hal-hazırda bu elmi işlə bağlı pedaqoji fəaliyyətimə də ara vermişəm.

Gallery

- İnsanların bu reaksiyası əslində əsassız deyildi. Bisavad müğənnilər cəmiyyətin sənətçiyə olan münasibətini bu çərçivəyə salıb.

- İnandırım sizi, cəmiyyətdə “müğənnilər savadsızdır” fikrini formalaşdıran o müğənnilər üçün bu heç maraqlı da deyil. Yenə də daş bizə dəyir. Ümumiyyətlə, bir para müğənnilər var ki, səslərinə arxayın olub düşünürlər ki, mənə nə oxumaq, nə təhsil lazımdır. Amma peşəkar səhnəyə gələn hər bir sənətçi mütləq ali təhsil almalıdır. Çünki səhnənin çox çətinlikləri var. Bu səhnədə dünya musiqiləri var, muğam var, aşıq musiqisi var. Savad, mütaliə olmasa bunların öhdəsindən peşəkarlıqla gəlmək mümkün deyil. Anlamırlar ki, kitablarla yatıb durmasalar, heç vaxt Biləcəridən o tərəfə çıxa bilməyəcəklər. Necə ki, çıxmırlar, çıxmayacaqlar da.

Gallery

- Kitablardan danışırıq. Oxuduğunuz kitablardan hansılarının adını çəkmək istəyərdiniz?

- Ədəbiyyatı sevirəm. Gəncliyimdə çox kitab oxuyurdum. Xüsusilə Azərbaycan ədəbiyyatını sevirdim. İsi Məlikzadə, Mövlud Süleymanlı, Anarın əsərlərini böyük zövqlə oxumuşam. Dünya ədəbiyyatından Aleksandr Belyaevin “Pofessor Douelin başı” əsərini oxumuşdum. O əsər mənə ciddi təsir etmişdi. Hətta xatırlayıram, mən əsəri oxuduqdan sonra bir müddət özümü həmin professora bənzədirdim. Daha çox detektiv əsərlər məni cəlb edirdi. Bizim gənclik illərimizdə çox məşhur olan yazıçı Cəmşid Əmirovun “Qara Volqa” əsərini maraqla oxumuşam. Ümumiyyətlə ədəbiyyat poeziya, klassik əsərlər mənə can verib. Məsələn bu günə qədər oxuduğum bir çox şeirləri əzbər deyə bilirəm, hələ də.

- Sazın, sözün içində böyüyən bir sənətçisiniz. Bu gün səhnədə sazın aqibəti sizi qane edirmi?

- 10 il bundan əvvələ baxanda düşünürəm ki, bu gün aşıq sənətinə hörmət, diqqət artıb. 10 il əvvəl aşıq sənəti tamamilə məhv olmuşdu. Xatırlayıram, biz istirahət üçün getdiyimiz rayonlarda aşıqların çayxanalarda beş-on manat üçün çalıb-oynadığını görəndə çox sarsılmışdım. Hətta mən bu sənətə gələndə aşıq sənətinin nüfuzunu qaldırmağı qarşıma məqsəd qoydum. İlk dəfə Mikayıl Azaflının sözlərinə yazılan “Naxçıvanı” aşıq havasını lentə aldırdım. “Naxçıvanı” nəinki Naxçıvanda, bütün Azərbaycanda məşhurlaşdı. Sonra “Şirvan şikəstəsi”ni lentə aldım. İlk dəfə “Şirvan şikəstəsi”ni qadın ifasına uyğunlaşdırdım. Mən ona “Zarıncı şikəstə”ni əlavə etdim. Bu gün çox sevinirəm ki, aşıq sənəti UNESCO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na salınıb.

Gallery

- Bütün bunlar çox gözəldir. Amma mən bu gün efirdə təqdim olunan aşıq sənətindən bəhs edirəm.

- Mən aşıq musiqisinə repertuarımda çox yer verirəm.

- Axı hamı Nazpəri Dostəliyeva dinləmir.

- Təbii ki... Mən yeniliklərin əleyhinə deyiləm. Səviyyəni saxlamaqla müəyyən yeniliklər etmək vacibdir.

- Sazı sinədən ayağın altına endirmək yenilikdir?

- Sənətə təsadüfi gələn bir neçə nəfər sazı hörmətdən salsa da, bu hələ o demək deyil ki, ozan sənətinə qarşı sevgisizlik var. Sənəti toya gedib, daha çox pul qazanmaq hərisi olan insanlar şoulaşdırırlar. Və bütün bu bayağılığın kökündə maddiyyat, toylar dayanır. Vəziyyət o qədər acınacaqlıdır ki, hətta gənclər artıq universitetdən özlərini toya hazırlayırlar. Mən toylara pis baxmıram. Səhnə həyatımın 20 ilini toy oxumuşam. Əlbəttə bu gün müğənnidən tələb edə bilmərik ki, “sən get toyda “Füzuli Kantatası”nı oxu”. Amma toyxananı səhnəyə daşımaq... Bu artıq biabırçılıqdır.

Gallery

- Bəs bu biabırçılığa qarşı sükutunuzu necə qoruya bilirisiniz?

- Çox çətin sualdır.... Birincisi böyük sənətçilər arasında birlik yoxdur. Tək mənim deməyimlə düzələn deyil. Gərək səhnədə sənətdə sözünü deyən adamlar bir yerə yığılıb sözünü desin. Bu gün gənc müğənnilər var, baxmayaraq ki, sənətləri yoxdur, səhnədə, efirdə özlərini apara bilmirlər, hətta özlərindən yaşda və sənətdə böyük sənətkarlara söz də atırlar, təhqir də edirlər. Ona görə də mən ehtiyat edirəm. Çox qorxulu bir situasiya yaşayırıq.

- Uzun illər sizə efir qadağası qoyuldu. Müxtəlif səbəblər, fikirlər səsləndi. Ən çox sizə nə təsir etdi?

- Həyatda çox haqsızlıqlara, böhtanlara rast gəlmişəm. Ən çox başıbəlalı, efir qadağası qoyulan, əziyyət çəkən müğənni mən olmuşam. 3 yaşımdan bəri oxumaq üçün ürəyim gedib. Amma qardaşım ailəm sənətə gəlməyimə mane oldu. Sonra ailə qurdum, həyat yoldaşım mənə əziyyət etdi, qoymadı sənətimdə irəli gedim. Ailəmdə mənə aidiyyəti olmayan, 40-50 il əvvəl baş verən hadisələri mənim çiynimə yazmaq istəyiblər. Məni öldürüb dirildiblər. O boyda sənətkar İlhamə Quliyeva mənə qarşı çox böyük haqsızlıqlar etdi.

Gallery

- Bağışladınızmı, İlhamə Quliyevanı?

- Heç nə deməyəcəyəm, sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi...

- Bildiyimə görə, Zeynəb Xanlarovadan sonra dünyada ən çox konsert verən azərbaycanlı sənətçi siz olmusunuz.

- Bəli. Zeynəb xanımdan sonra dünyanın bir çox ölkəsində orkestrlə konsert vermişəm. Nortkap adasında, İsveçrədə konsertlər vermişəm. Dünya şöhrətli səyahətçi, tarixçi Tur Heyerdal Azərbaycan mahnılarını mənim ifamda dinləyəndən sonra tariximiz, mədəniyyətimiz, musiqimizlə maraqlandı. Hətta bir dəfə dedi ki, mən Azərbaycan musiqisini dinləyəndən sonra düşündüm ki, mənim köküm azərbaycanlıdır. İstanbulda Levent Kırdar adına konsert salonunda konsert verən ilk azərbaycanlı müğənniyəm. Çünki o salonda Türkiyənin öz məşhur müğənnilərindən başqa heç kim konsert verə bilməzdi. Yadıma gəlir, konsert günü dekabrın 23 İstanbula quşbaşı qar yağırdı. Mən oteldə zülüm-zülüm ağlayırdım ki, heç kim gəlməyəcək konsertə. Amma o konsert anşlaq oldu. Özcan Deniz, Davud Güloğlu da konserti izləməyə gəlmişdi. Mən “Qal sənə qurban” mahnısını ifa edəndə yaxınlaşdım, Özcan Dənizə mikrafon uzatdım. Özcan Dəniz mahnının sözlərini “şunda bunda ondadı” deyə ifa edəndə mənə çox pis təsir etdi. Mən orkestri saxladım. Dedim, biz qardaş ölkəyik. Sizə hörmət edirik. Amma bizim bu cür mahnılarımızı oxuyub niyə altında anonim yazırsınız? Siz bizim Sovet dövrü işgəcələrə məruz qalan, güllələnən gənc şairimiz Mikayıl Müşviqin sözlərini bəyənmirsiniz ki, “şunda bunda” oxuyursunuz?

Gallery

- Bəs niyə həmin konsert Azərbaycan efirlərində heç görünmədi?

- Həmin konsert Türkiyə kanallarında, Moskvada yayımlandı, amma Azərbaycanda məndən konsertin yayımlanması üçün kanallar pul istədi. Ona görə də yayımlanmadı. Türkiyədə bütün verilişlərə çıxdım. Mehmet Ali Erbil 3 gün məndən xahiş etdi ki, verilişinə çıxım. Dedim siz şounu çox sevirsiniz, bizim müğənnilərimizi ələ salırsınız. Dedi, “Nazpəri xanım bizim verilişimizə kim necə gəlir, onunla o cür rəftar edirik”.

- Heç mətbuat da bunlardan yazmadı. Müsahibələrinizin heç birində bu faktları danışmamısınız.

- Çünki jurnalistlərə sənətçinin gördüyü işlərdən çox ayağının büdrəyib yıxılmağı maraqlıdır.

- Bunun da səbəbi “sənətçilər”dir. Sənətçi efirə çıxıb bahalı evini, maşının, imkanlı “ərini” reklam edir.

- Buna görə çox təəssüf edirəm. Mən efirə hansısa işimi təqdim etmək üçün çıxıram. Amma sizi inandırım, bu gün aparıcılar mənə elə şeylər təklif edirlər ki, mən donub qalıram. Başa düşmürəm, mən efirə çıxanda dostuma zəng etməliyəm ki, mənə efirə maşın göndər? Böyük buketlər gətir?

- Nazpəri xanım dəlicəsinə eşq yaşayıbmı?

- Əlbəttə. Mən bunu etiraf edirəm. Çox gözəl sevgi yaşamışam. Elə bir sevgi ki, onun içində hər şey olub; sevgi, hörmət, qayğı.

Gallery

- Həyat yoldaşınıza olub bu sevgi?

- Həyat yoldaşımı sevməmişəm. Amma övladlarım dünyaya gələndən sonra ona hörmət etmişəm. Hətta biz ayrılandan sonra mən bir kəlmə belə onun haqqında uşaqlara xoşagəlməz söz deməmişəm. Baxmayaraq ki, o övladlarına qarşı çox soyuqqanlı olub.

- Qadın üçün təkbaşına iki oğlan övladı böyütmək çətin deyil ki?

- Təsəvvür edə bilməyəcəyiniz qədər çətin idi. Neçə il mən övladlarımı tək böyütdüm. Ataları bir dəfə olsun maraqlanmadı onlarla. Yadıma gəlir, övladlarım çox kiçik idi, qapını bağlayıb işə gedirdim. Ordan çıxıb qaçırdım canlı efirə. Efirdən çıxıb səsyazma studiyasına gedirdim. Studiyadan qaçırdım toylara. Maşınım da yox idi. Səhərə yaxın piyada qayıdırdım evə. Görürdüm, uşaqlar özləri bir şeylər hazırlayıb yeyiblər. Balaca oğlum başını böyük qardaşının dizinə qoyub yatıb. Oturub hönkür-hönkür ağlayırdım. Dəfələrlə olub ki, uşaqlar qapını bağlayıb yatıblar. Oyatmağa qıymamışam. Qapı arxasında pilləkənlərin üstündə oturaqlı yatmışam.

Gallery

- Deyirlər hər insan oxunmamış bir kitabdır. Nə vaxtsa həyatınızı kitaba çevirmək keçirmi fikrinizdən?

- Keçir. Hətta bunu reallaşdırmaq fikrim də var. İnşallah həyatım haqqında avtobioqrafik roman yazmağı düşünürəm. Çünki həyatımdan elə yollar, ağrı-acılar keçib ki, onu ancaq mən özüm yaza bilərəm.

# 24859 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #