“Hüquqi ölçü götürüləcək” – Tünzalə Ağayeva onu təhqir edənlərdən danışdı – Müsahibə

“Hüquqi ölçü götürüləcək” – Tünzalə Ağayeva onu təhqir edənlərdən danışdı – Müsahibə
10 fevral 2021
# 12:01

Bu günlərdə sosial şəbəkələrdə geyimi ilə müzakirə mövzusuna çevrilən və təhqirlərə məruz qalan Xalq artisti Tünzalə Ağayeva Kulis.az-a ekskluziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Tünzalə xanım məlum fotonuz paylaşılır günlərdir, ünvanınıza təhqirlər yazılır. Amma sizi daha sakit gördüm.

- Bilirsiniz, mənə deyilən sözlərdən çox, o sözü kimin dediyi təsir edər. Əgər o sözləri mənə yazan insanlar cahillərdirsə, mən onları ümumiyyətlə görmürəm. Reaksiyam sıfırdır. Amma bir professor, böyük sənətkar, ziyalı, çox ağıllı, zövqü olan bir tamaşaçı tərəfindən mənə mədəni şəkildə tutulan irada mən də eyni mədəni tonda reaksiyamı verərəm. Amma cəhalətə qətiyyən. Mən cəhalətlə savaşmağı yararsız hesab edirəm. Cəhalətdə heç vaxt düşüncə, təfəkkür, əxlaq kimi dəyərlər yoxdur. Cəhalət bu gün sosial şəbəkələrdə böyük bir vüsət alıb. Vaxt var idi televiziya, radio, jurnal, qəzet çox nüfuzlu yerlər idi. Çünki biz senzuradan, savadlı redaktorların süzgəcindən keçən materiallar görürdük. Təbliğat peşəkarların əlindən keçərək aparılırdı.

- Senzuranın tərəfdarısınız?

- Xeyir. Kəskin senzuranın, kiminsə söz azadlığının əlindən alınmasının tərəfdarı deyiləm. Biz azad dünyada yaşayırıq. Amma hər kəs azadlıq haqqından doğru istifadə edirmi? Bax problem burdadır.

- Şərh yazan insanların əksəriyyəti sizin ilk vaxtlar səhnəyə qapalı, baş örtüyü ilə çıxmağınızı qabardırlar. Sizin o vaxt səhnəyə baş örtüyü ilə çıxmağınızla bağlı müxtəlif versiyalar səsləndi. Amma istərdim işin əslini sizdən öyrənək.

- Siz çox yaxşı məsələyə toxundunuz. İllərdir mənim o zaman səhnəyə çıxanda tərcih etdiyim imicim insanların beyninə çox yanlış həkk olunub. Mən dini şərtlərin, şəriət qanunlarının tələbi olduğu üçün başımı bağlamamışdım. Səhnəyə bir yaylıqla, bandanayla, imic formalaşdırıb çıxmağı hicabla dəyişik salmasınlar. O, mənim imicim idi. Aylarla o imicin eskizləri çəkilib, prodakşın tərəfindən razılıq olandan sonra alboma uyğunlaşdırılıb. Hər şey düşünüb-daşınıldıqdan sonra ortaya bir Tünzalə Ağayeva obrazı çıxıb. Niyə görə, bizim insanlarımız hicabla sadə baş yaylığını, bandananı səhv salırlar. Mən o obrazı 5 il daşıdım və bu beş ildə müxtəlif formada çoxlu baş örtüklərim oldu. Peşəkar stilistlərlə çalışdım, onlar mənə mahnılarıma uyğun baş örtükləri təqdim etdilər. Amma ömür boyu o obrazda qalmaq fikrim yox idi bir gün o obrazdan çıxmaq lazım idi və çıxdım. Və mən heç vaxt başımı bağlayıb tam qapalı libaslarda çıxmamışam səhnəyə. Zəhmət olmasa arxiv videolara baxsınlar. Hər zaman şəffaf parçalardan libaslar, qısa, bədəni tam örtməyən köynəklər geyinmişəm.

- Amma nədənsə insanların yaddaşında siz hər zaman səhnəyə qapalı geyimlərdə çıxan, geyimdə mühafizəkar sənətçi olaraq qalmısınız.

- Ona görə ki, o vaxt media sənətçinin geyimlərini ön plana çəkmirdi. “Yutub” yox idi, sosial şəbəkələr mövcud deyildi. Mənim geyimlərimdə 20 il ərzində çox da intensiv şəkildə bir dəyişiklik baş verməyib.

- Sosial şəbəkələrin bir sənət adamı üçün mənfi tərəfi çoxdur, yoxsa müsbət tərəfi?

- Hər iki tərəfi var. Amma mən daha çox pozitiv tərəfini görməyə çalışıram. Çünki sosial şəbəkələr bizim işlərimizi xeyli asanlaşdırıb. Mən öz mahnılarımı, sənətimi çox asanlıqla “promoşn” edə bilirəm. Sosial şəbəkələrin bu sahədə inanılmaz üstünlüyü var. Sosial şəbəkələrin mənfi tərəfi nə mənim özümə, nə sənətimə, nə konsertlərimin kassasına qətiyyən ciddi təsir göstərmir.

- Amma bu cür qeyri-etik hücumlara daha çox məruz qalırsınız. Bu cür situasiyalar motivasiyanıza mənfi təsir etmir?

- Mənim menecerim Yalçın sosial şəbəkələrdə mənimlə bağlı yazılan şərhləri oxumağı mənə qadağan edib. Oxumuram şərhləri. Öz səhifəmdə gözümə dəyəndə elə şərhləri yazanları bloklayıram. Bəlkə də reklamçılardan soruşsanız, deyəcəklər, bu, düzgün deyil. Amma mənim üçün səliqə, keyfiyyət kəmiyyətdən əhəmiyyətlidir. Mənim səhifəm mənim evim qədər səliqəli olmalıdır.

- Mənfi, etikadan kənar şərh yazanların içərisində qadınlar çoxluq təşkil edir. Qadınların sizə aqressiyasının səbəbi nədir?

- Mən bəzən şoka düşürəm ki, niyə bizim qadınlarımız bu qədər aqressivdir. Bunun yalnız bir məntiqi var: natamamlıq hissi. Gözəl, baxımlı və populyar qadınlar hər zaman paxıllığa məruz qalırlar. Kompleksi olan, həyatda heç bir uğur əldə edə bilməyən, travmalı qadınlardır. O qadınlar evlərində bir qadın olaraq özlərini xoşbəxt hiss etmir və bu, onların travmasına çevrilib. Onlardan fərqli olaraq o cür neqativ şərhlər yazan qadınları aşağılamaq istəmirəm. Çünki bu, onların dərdləridir. Və bu dərdlərini onlar özlərinə qarşı çox pis istifadə edir. Dərdin çarəsini tapmaq əvəzinə Tünzalə Ağayevanı və digər məşhurları təhqir etməklə özünü sakitləşdirir.

- Tünzalə xanım, belə fikirlər də səsləndi ki, siz bunu gündəm üçün bilərəkdən edirsiniz. Bu doğrudurmu?

- Özümü belə şeylərlə gündəmə gətirməyə ehtiyac hiss etmirəm. Amma bəzən bilərəkdən göstərməyə çalışıram bəzi şeyləri. Kim ki, məni çılpaq görür, bu, onun travmasıdır. O insanlara yazığım gəlir.

- Dünya ulduzları da sosial şəbəkə istifadəçiləri tərəfindən təhqirlərə məruz qalır. Amma bu sənətçilərin demək olar ki, əksəriyyəti hüquq-mühafizə orqanlarına müraciət edirlər. Siz necə bu vəziyyətlə bağlı hüquqi çərçivədə ölçü götürməyi düşünürsünüzmü?

- İstifadəçilər çoxdur. Onların hamısı üçün hüquqi müstəvidə ölçü götürmək mümkün deyil. Amma fotolarımı paylaşıb mənim şəxsiyyətimi alçaldan şərhlərə icazə verən məlum səhifə adminlərinin hər birindən şikayətçi olacam. Onlar üçün hüquqi müstəvidə lazımı ölçü götürüləcək. Artıq hərəkətə keçmişik. Vəkilimlə belə danışmışam. Kimsə bunu etməlidir artıq. Çünki sənətçinin kütləvi şəkildə söyülməsinə, mənəvi terrora məruz qoyulmasına rəvac vermək cinayətdir. Bu cinayətin qarşısını almaq lazımdır.

# 3927 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #