Müəllimin şəxsi həyatına müdaxilə edən Qərb təhsillilər

Müəllimin şəxsi həyatına müdaxilə edən Qərb təhsillilər
8 sentyabr 2020
# 09:46

Uşaq vaxtı çoxumuz elə bilirdik ki, müəllim məktəbdə yaşayır. Yemək yemir, çay içmir. Mənim inandığım bu həqiqət qaçqın düşərgəsində yerləşən məktəbimizin uçuq-sökük iki divar arxasından ibarət qapısı olmayan ayaqyolusunda sinif rəhbərimi görəndə, başqa günlərin birində direktorumuz Natiqə müəllimənin su növbəsində sinif yoldaşımın anası ilə saçyoldusunun şahidi olanda bitdi. Ondan sonra anladım ki, müəllim də bizim kimi insandı.

Bu gün cəmiyyətimizdə hələ də müəllim ancaq sinif otağına məxsus bir varlıq hesab olunur. Onun bu həyata gəlməsinin tək səbəbi bizim əlindən bezib üstlərinə ötürdüyümüz, şıltaq, ərköyün, bəzən də tərbiyəsiz uşaqlarımıza elm, təlim-tərbiyə ötürməkdən ibarətdir. Müəllimin bu dünyada yeganə missiyası kostyum geyinib, gözünə eynək taxıb ölçülü hərəkətlərlə məktəb dəhlizlərində, sinif otaqlarında o baş-bu başa getməkdən ibarətdir. Yəni cəmiyyət olaraq hələ də müəllimin insan kimi məktəb xaricində bir həyatının olduğu həqiqətini inkar edən 6-7 yaşlı uşağıq.

Bir neçə ay bundan əvvəl sinif otağında dərsdən sonra rəqs edib stress atan müəllimə, bir həftə əvvəl yay tətili boyu avtobus sürücüsü işlədiyini deyən məktəb direktoru, bir iki gündür də avtomobil idarə etdiyi zaman ərəb mahnısı oxuyan gənc məktəb direktorunun üzləşdiyi toplumsal ayıblama və bu xora aidiyyəti qurumun qoşulması müasir dövrdə dünyanı özümüzə güldürmək üçün yetərli səbəbdir. Məsələn yay tətilində istirahət etməyib, ikinci iş olaraq avtobus sürücüsü işləyən məktəb direktorunun Avropada təhsil alan yeni, perspektiv vəd etdiyi düşünülən gənc nazir tərəfindən cəzalandırılması bir daha sübut etdi ki, Avropada təhsil almaq düşüncəsi yenilənməyə qapalı beyinlər üçün nicat yolu deyil. Bir çoxu dedi ki, sözügedən direktor sürücü işləmirmiş, zarafat üçün avtobusda sükan arxasına keçib foto çəkdirib. Olsun. Yenə də bu proses məktəbdən, iş saatından kənarda, tamamilə şəxsi həyatında baş verən bir hadisədir.

Müəllim məktəbdən çıxandan sonra müəllim olmur. O, bir atadır, oğuldur, həyat yoldaşıdır və sosial insandır. Rəsmi qurumun bir insanın azad həyat tərzinə müdaxiləsi Avropada cinayət hesab olunur. Bu gün məktəb direktorunun avtomobilində gedərkən mahnı zümzümə etməsini biabırçılıq hesab edən kütlə ilə başqa bir müəllimi işdən çıxaran məmurun aşağı-yuxarı eyni düşüncədə olduğunu görmüş olduq. Halbuki bizim ümidlərimiz və gözləntilərimiz tam başqa idi. Biz yüksək statuslu məmurlardan Avropada öyrəndiklərini təhsilimizə tətbiqini gözləyərkən, onlar müəllim adına yüklədiyimiz və artıq mental dəyərə çevirdiyimiz anlayışın müdafiəçisinə çevrilirlər. Görünür Avropalılar kimi düşünmək üçün sadəcə orda təhsil almaq yox, avropalı olaraq doğulmaq lazımdır. Kökün, böyüdüyün mühitin rolu mühüm amildir.

Orta məktəbdə bizə cəbr fənnindən dərs deyən müəllimi axşam getdiyim toylardan birində tamada kimi görəndə təəccüb etmişdim. Bu, çox güman ki, bizə elə məktəbin özündən təlqin edilən bir düşüncə tərzidir. 11 illik orta məktəb, 4 illik universitet boyunca bizi həmişə çərçivədə saxlayır, azad insan kimi deyil, daima məhdudiyyətlərin əhatəsində olan insan kimi yetişdirirdilər.

Sürücü işləyən, rəqs edən, mahnı oxuyan müəllimlərin də sinif otağında şagirdə məhdudiyyətlər qoymadığından əmin deyiləm.

Bizə məktəbdə müəllimdən qorxmağı, Avropada isə müəllimi sevməyi öyrədirlər. Bizi müəllim simasındakı qəzəbə, ciddiyyətə alışdırdılar. Ona görə də qorxa-qorxa oxuyub, qorxa-qorxa nizam-intizama cəlb olunan uşaqların yaratdığı cəmiyyətdə müəllimin oxuyub-oynaması biabırçılıq hesab olunur.

Bir dəfə professor Rafiq Əliyevlə söhbət zamanı bir söz dedi. Dedi, mən dərs dediyim universitetdə tələbələrimə müəllim içəri girəndə ayağa qalxmasını qadağan etmişəm. Mən heç vaxt tələbələrimə onlardan üstün, fərqli varlıq olduğum hissini ötürməyə çalışmamışam.

Görünür, cəmiyyətdə müəllimə olan münasibətin bu şəkil almasında əsas rolu yenə də müəllimlər oynayır.

# 3558 dəfə oxunub

Müəllifin son yazıları

# # #