Facebookun dostluq təklifi...

Facebookun dostluq təklifi...
19 may 2011
# 13:35
Ölənin arxasınca danışmazlar… Ölənin arxasınca ağlayarlar. Ağladıq, indi məsləhətdisə, danışaq. Pisini onsuz da görmədik, yaxşısını da aləm bilir. Biz elə danışaq, elə-belə, istədiyimiz üçün, onun barəsində danışmaq bizə xoş olduğu üçün danışaq…

Vaqif İbrhimoğlu kimlərinsə müəllimi, kimlərinsə yaxın dostu, kimlərinsə çox sevdiyi, tamaşalarına maraqla baxıb, yaradıcı söhbətlərini həsrətlə gözlədiyi rejissor idi. Mən nə tamaşalarının vurğunu idim, nə bir az ifrat dolaşıq, ifrat iddialı bildiyim söhbətlərinin. Xətrini çox sevdiyim kurs rəhbərimin barəsində heyranlıqla danışdığı otuzillik dostu və onu yaxından tanıyanların dediyinə görə, olduqca yaxşı adam idi mənim tanıdığım Vaqif İbrahimoğlu.

Amma ölüm xəbərini, özü də qəfil ölüm xəbərini eşidəndə diksindim. İçimdə nəsə qırıldı, gözlərim doldu. Mən adətən, arxasınca pisliklərini, xəyanətlərini, ədalətsizliklərini qoyub-getmiş adamların qəfil, erkən özü də müəmmalı ölüm xəbərini eşidəndə, ilahi ədalətin onsuz da inandığım mövcudluğunu bir daha təkrarlayıram, təsdiqləyirəm özlüyümdə.

Amma indi dünyasını dəyişən ömrünü sənətə həsr eləmiş biri idi, məmur deyildi, rüşvət almamışdı, ucuz şoulara, məddahlığa getməmişdi, sənəti çörək ağacına çevirənlərdən deyildi. Arxasında nə bir ədalətsizliyi, nə bir xəyanəti, nə bir psliyi vardı. Başını aşağı salıb, bu ölkənin əsl ziyalısına xas olan sadə, təvazökar, hətta kasıb həyatını yaşamışdı. Eşitdiyimə görə, rəssam qızına bəzən kətan, fırça, rəng almağa pul tapmadığı vaxtları olmuşdu.

Və onun dünyasını dəyişməyi barədə xəbəri oxuyan kimi kövrəlmək, ölümünə yanmaqla yanaşı, əlbəəl bir sual da fırlanmışdı beynimdə: o “öz saat”ını görə bildimi? Nə idi, nə ola bilərdi Vaqif İbrahimoğlunun “saatı”? Kütləviliyə nifrət eləyirdi, şərtiliklərdə, titullarda gözü yox idi, teatrdan pul çıxarmaq da ki hələ yüzilliklər boyu mümkün olmayacaq bu ölkədə… bəs nə idi, nə olacaqdı onun parlaq, sənətyana “saat”ı?
Bilmirəm və məncə bunu onu tanıyanlar, hətta çox yaxın dostları da bilmək iqtidarında deyil. Axtarsaq, özünün bildiyi bir çox şeylər kimi, bunu da “bilmirdi”…

Mən Vaqif müəllim barədə yazmayacaqdım. Həm onun barəsində deyəcək çox sözüm olmadığına, həm elə bir mənəvi ehtiyacımın olmadığına, həm də ki nə bilim, yazmayacaqdım…

Bu gün Facebook səhifəmi açdım. Sosial şəbəkənin mənə təklif elədiyi istifadəçilərin arasında Vaqif İbrahimoğlu da vardı. Ağıllı sosial şəbəkə başı kepkalı, gözü eynəkli, arıq və üzündən müsbət enerji yağan bir kişinin dostluğunu mənə nəzakətlə təklif eləyirdi: “Siz Vaqif İbrahimoğlunu tanıya bilərsiniz. Dostluq təklifi göndərilsin?”

Vaqif müəllimə dostluq təklifi göndərdim. Və bir gün sosial şəbəkə mənə onun dostluq təklifimi qəbul elədiyini bildirsə, təccüblənməyəcəm…o belə şeyləri xoşlayırdı…
# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #