Məşhur aktyor: “Bizə ilişməyin, yoxsa şəhərinizi bombalayarıq”

Məşhur aktyor: “Bizə ilişməyin, yoxsa şəhərinizi bombalayarıq”
7 avqust 2014
# 14:18

Kulis.az məşhur amerikan komediya aktyoru Robin Uilyamsın həyatdan öyrəndiklərini təqdim edir:

Mənim 50 yaşım var, özümü sağlam hiss edirəm. 30 yaşım olanda bütün qara ləkələr ruhumdan yox oldu. İndi möhtəşəmdir. Sadəcə gedir, vəssalam!

Hamımıza dəlilikdən bir qığılcım verilib. Çalışın onu alovlandırmayasınız.

Zövqsüzlük – insanları güldürə bilməməkdir.

Otaqda bir nəfərdən çox adamın olmağı məni həvəsləndirir. Kiminsə gülüşünü eşitmək bəsdi ki, yüksəklərə qalxasan.

Lenni Brüsun stili xoşuma gəlir. Kennedidən danışmağı da. Onun qətlindən sonra o, hamını Jaklin Kennedinin heç kimi köməyə çağırmadığına, sadəcə maşından çıxmaq istədiyinə inandırmağa çalışırdı. Ən qəribəsi, onun bunları qətldən bir gün sonra deməyi idi. Siz ki bilirsiniz: komediya – tragediya, üstəgəl bir az vaxt deməkdir. Bir balaca məsafə mütləq olmalıdır.

Maykl Cekson haqda nə deyə bilərəm: dostum, əvvəlcə irqini müəyyənləşdir. Sən əvvəl zənci idin, sonra Dayana Ross oldun, indi də Odri Hepbernsən. Hələ bir dəfə üzündə saqqal da sezmişdim!

Mən San-Fransiskoda yaşayıram. Bura elə bil İsveçrədir, amma nüvə müharibələrindən sonrakı halı.

Biz amerikanlar sadə oğlanlarıq. Di gəl bizə ilişməyəsən. Sizin şəhərlərinizi bombalayarıq.

Narkotiklər kömək edir. Amma mən heç vaxt səhnədən əvvəl istifadə etməmişəm. Həmişə səhnədən sonra vodkayla kokaini qarışdırıram, enerjini lazımı səviyyədə saxlamaq üçün.

Bizim prezidentimizin ingiliscəsi yaxşı deyil. O deyir: “Biz dünyanı diktatorlardan xilas etməliyik”. Axı o, özü də onlardan biridir.

Sizi əmin edirəm ki, satira ölməyib. O “Ağ Ev”də ən yaxşı dövrünü yaşayır.

Corc Buşa gülmək ən asan işdir. Təkcə duzlu krendellərdən zəhərlənməyini düşünmək kifayətdir. Vaşinqtonu hava hücumlarından qorumaq üçün milyonlar xərcləyir, amma az qalmışdı ki pivənin yanında verilən məzədən zəhərlənib ölə.

“Politika” sözü latın dilindəki “poli” – “çoxlu” və “tika” – “qan-sovuran əclaflar” sözlərindən düzəlib.

Pis insanlarla dava etməyin. Onların itirməli heç nələri yoxdur.

İnsanlar nə deyir-desin, sözlər və ideyalar dünyanı dəyişdirə bilməz.

Ağzın araxis yağı ilə dolu olanda cihada çağırmaq çox çətindir.

İki il əvvəl İraqa getmişdim. Ətrafdakılar kaskalarda, hərbi paltarlarda idilər. Bir qrup yarıçılpaq avstraliyalıdan başqa. Benzindaşıyan maşının yanında oturub siqaret çəkirdilər. Görəndə dəli oldum. Onlarsa: “Bu sudur, Robin, get işinlə məşğul ol”, - dedilər.

Kokain – Allahın “çox pul qazanırsınız” xəbərdarlığıdır.

Elə bilirsiz, Tanrı çəkmir? Ördəkburuna baxın bir.

Reallıq, narkotik çəkə bilməyənlər üçün dayaqdır.

16 yaşınızı xatırlayırsınızsa, demək heç nə yaşamamısınız.

Uşaqlar olandan sonra içməyi tərgitdim. Çünki hər şeylərinə şahid olmaq, heç nəyi buraxmamaq istəyirdim. Bu, mənim üçün çox vacib idi. Uşaqlarınız olandan sonra narkotikin təsirindəki kimi olursunuz. Diqqətiniz həmişə onlarda olur. Başdan-ayağa uşaq nəcisinə batmış olursunuz, amma bu, çox xoşdur. Elə ona görə də tərgitdim.

Atam təqaüdə çıxanda işlərimin yaxşı getdiyinin fərqinə vardı və dedi: “Mənə nəsə olsa, anan sənə əmanətdir”. O, əslində bunu demək istəyirdi: “İndi də sənin növbəndir”.

Uşaq böyütdükcə niyə bəzi heyvanların öz balalarını yediyini başa düşürsən.

Məncə, rusların Bruk Şildzdən xoşları gəlir, çünki qaşları Brejnevi xatırladır.

Baletdə kişilər elə dar paltarlar geyinirlər ki, çox rahatlıqla onların dini mənsubiyyətini bilmək olur.

Bütün rejissorlar deyir ki, komediya aktyorları ilə işləməyi sevirik. Çünki istənilən zarafatı edə bilirlər. Onlar gülüş yaratmaq üçün hər şeyə hazırdılar. Hərdən isə lap abırsız və utanmaz olurlar.

Rejissor olmaq istəmirəm. Piter Uir (avtraliyalı rejissor – red) bir dəfə belə demişdi: “Bəzi adamlar kino çəkirlər, bəziləri də “Mən kino çəkə bilirəm” deyirlər”. Ola bilər bir çox aktyorlar yaxşı film çəksinlər, ancaq mən onlardan deyiləm.

Heç vaxt heç nədən qorxmayın. Qoy elə qorxunuz sizi ruhlandırsın.

Hərdən mənə tamamilə dəli və qəribə bir şey etmək istəyirəm. Məsələn, penisimə danışmağı öyrətmək.

# 6347 dəfə oxunub

Müəllifin son yazıları

# # #