“...Avropa yox olacaq”

 “...Avropa yox olacaq”
6 mart 2014
# 08:45

Kulis.az Fransız yazıçısı Anatol Fransın Nobel nitqini təqdim edir.

“Cəsarətli kişilər və gözəl qadınlar yetişdirmiş bu əsrarəngiz ölkənizi, həyatımın ən əhəmiyyətli axşamında ziyarət etmək fürsəti əldə etdim. Ədəbiyyat karyeramı zirvəyə qaldıran bu mükafatı şükranlıq hissləri içində alıram. Bu mükafatı almağın qürurunu başqa heç bir şeylə müqayisə etmək mümkün deyil. Bundan qabaq məni Fransa Akademiyasının üzvü kimi Ədəbiyyat üzrə Nobel Mükafatını hansı yazıçıya vermək barədə fikrimi öyrənmək üçün dəvət etmişdiniz. Bunun sayəsində bir neçə dəfə seçimlərinizi təsdiq etmək zövqünü yaşamışam. Məsələn, göz qamaşdıran üslubu ilə Meterlinkdə (1911-ci ildə Nobel alan belçikalı yazıçı Moris Meterlink – tərc.), ədalət və azadlıq aşiqi olaraq təqdim etdiyiniz, yaxşı insan olaraq qalmağı məşhurluğundan daha vacib hesab edən Romen Rollanda (1914-cü ildə Nobel mükafatı alan fransız yazıçısı) olduğu kimi...

Məncə, Norveç Parlamentinə verdiyiniz Sülh Mükafatından bəhs etsəm, həddimi aşmış olaram. Mövzunu ona görə açmışam ki, parlamentin qərarını dəstəkləyirəm. Düşünürəm ki, Brantingi (Hjalmar Branting – İsveç dövlət xadimi) ədalət tərəfdarı olduğuna görə mükafatlandırdınız. Çünki insanlığın taleyini belə insanlar müəyyən etməlidir. Müharibələrini ən pisini bir sülh sazişi həll etdi. Amma bu sülh anlaşmasından daha çox müharibənin davamı kimiydi. Əgər sağlam düşüncə kabinetlərdə özünə yer tapmazsa, Avropa yox olacaq. İnsan Avropa ölkələrinin birliyinin və ahənginin qələbə qazanacağına çox da inanmır bəlkə də, amma sizin kimi cəsur, ədalətli və sadiq insanların təsiri altında qaldığıma görə, xeyrin heç olmasa bəzən qalib gələcəyinə inanmaq istəyirəm...”

Əlavə: Rəsmi qeydlərdə göstərilir ki, Anatol Frans çıxışını bitirdikdən sonra bunlar oldu: Yazıçı Kralın əlindən mükafatı aldıqdan sonra zaldakıları heyrətləndirən bir şey elədi. Frans kürsüyə qayıdanda Kimya üzrə Nobel alan alman professor Volter Nernstın əlini dostcasına, uzun-uzadı sıxdı. Uzun illərdir müharibə edən iki ölkənin vətəndaşlarının bu simvolik addımını zaldakılar xeyli alqışladı.

# 3758 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #