Səkkiz il hər gecə...

Səkkiz il hər gecə...
11 fevral 2014
# 08:45

Kulis.az tanınmış yazıçıların yazı prosesi ilə bağlı maraqlı faktları təqdim edir.

Onore de Balzak

Balzakın yazı vərdişi çox qəliz olub. Saat 18.00-da yediyi axşam yeməyindən sonra yatıb dincələn yazıçı, gecə yarısı yuxudan oyanıb səhərə qədər dayanmadan işləyərmiş. Səhər yarım saat dincəldikdən sonra qaldığı yerdən davam edərmiş. Axşam çağına qədər bu formada işləyən Balzakın çoxlu qəhvə içdiyi, hətta bəzi günlərdə 50 fincana çatdırdığı deyilir. Saat 16.00-da yazmağı dayandıran Balzak iki saat ərzində yuyunar, yemək yeyər, ona baş çəkməyə gəlmiş qonaqları ilə söhbətləşər, axşam saat 6-dan sonra isə prosesə davam edərmiş.

Uilyam Folkner

Folkner səhərlər daha yaxşı yazdığını deyirmiş, amma o, illər ərzində yazma vərdişini işlədiyi işlərdən asılı olaraq dəyişdirmiş yazıçıdır. “Yataqda ölərkən...” (ing. “As I Lay Dying”) romanını yazdığı zaman universitetlərdən birində gecə növbəsində işləyən Folkner günortaya kimi yatar, sonra isə yazarmış. İşə gedərkən isə anasına baş çəkib onun yanında bir qəhvə içərmiş. İlham pərisini gözləməyən böyük yazıçı deyirdi: “İlham pərim gələndə yazaram və ilham pərim hər gün yanıma gəlir...”

Maya Anjelu (Amerikan şairəsi)

Maya Anjelu uzun illər tanınmamaq üçün otellərdə qalıb, yazı yazırmış. 1983-cü ildə verdiyi bir müsahibədə belə deyirdi: “İçində ancaq bir yataq və iş masasının olduğu otaqda-yanımda “İncil” və lüğət, bir dəstə kart və içki şüşəsi-oturub yazardım. Tezdən 7-də başlayardım yazmağa və alınanda axıra kimi davam edirdim. Çox yalnız idim, amma möhtəşəm zamanlar idi...”

Jozef Heller (Amerikan yazıçısı)

Heller “22-ci Maddə” əsərini Manhattandakı mənzilində yazarmış. “Səkkiz il boyunca hər gecə ən az iki üç saatımı bu romana həsr etdim. Yalnız bir gecə yazmadım və həyat yoldaşımla oturub televizora baxım. Ancaq həmin gecədə də ağlım romanımın yanında qalmışdı”. Yazıçı “Time”, “Look”, “McCall” kimi jurnalların reklam şöbəsində işləyirdi və işindən də məmnun imiş.

Tomas Mann (alman yazıçısı, esseisti, epik roman ustası, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı)

Toman Mann hər gün səhər 8-də yuxudan durar, bir fincan qəhvə içər, duş qəbul etdikdən sonra həyat yoldaşı ilə səhər yeməyi yeyər və otağına keçib işləməyə başlayarmış. Onun iş otağına heç kim cürət edib girə bilməzmiş. Evdə tam sakitlik olmalı idi. Hətta uşaqları da atalarını görmək üçün gözləyərmişlər. T.Mann yaxşı yaza bilmədiyini düşünürdüsə, özünü çox zorlamırmış, işini dayandırar, sabah qaldığı yerdən davam edərmiş.

Mason Currey “Daily Rituals: How Artists Work” (“Gündəlik rituallar: sənətkarlar necə işləyirmiş”) kitabından

# 3290 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #