Elçin Əlibəyli: “Televiziyalarımız sökülüb təzədən yığılmalıdır” MÜSAHİBƏ

Elçin Əlibəyli: “Televiziyalarımız sökülüb təzədən yığılmalıdır” MÜSAHİBƏ
29 iyul 2013
# 08:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı ANS televiziyasında yayımlanan “Açıq söhbət” verilişinin aparıcısı Elçin Əlibəylidir.

- ATV-dən ayrılandan sonra bir müddət efirə çıxmadınız və qayıdışınız ANS telekanalına təsadüf etdi. Niyə məhz ANS?

- Əslində mən televiziyadan ayrılmamışdım. Bu dövr ərzində televiziyanın araşdırmasını davam etdirirdim, elmi işlə məşğul olurdum. ANS-də çalışmaq təklifi təbii ki, Mirşahin müəllim tərəfindən gəldi. Görüş təyin etdi və görüşdük. Söhbət əsnasında hansısa bir tok-şounu, layihəni aparmaq barədə danışdıq. Sonra qəfil bir zənglə dəvət etdi ki, artıq gələn həftədən “Açıq söhbət”i sən aparacaqsan. Bu veriliş mənə qədər çox bacarıqlı jurnalistlər tərəfindən efirə çıxmışdı. İstər Sevinc xanım, istər Afət xanım, istərsə də Qənirə xanım olsun. Onların bir ənənəsi var idi. Mən isə bir qədər fərqli ənənə yaratmaq istədim. Bilmirəm, bu nə dərəcədə alındı.

- ANS televiziyasının rəsmi saytında “Açıq söhbət”in əks fikirli siyasətçilərin iştirak etdiyi əsl teledebat yarışması olduğu yazılıb.

- Bu layihəyə başlayan zaman “Günəbaxan” proqramında da bəyan elədim ki, mən “Açıq söhbət”i siyasi kontekstdən çıxardıb daha çox sosial kontekstə yönləndirmək istəyirəm. Çünki bu gün siyasi məsələlər hər yerdə çox geniş müzakirə olunur. Ancaq sosial məsələlərin meydanı dardır. Verilişdə təbii ki, siyasi mövzular da qoyulur. Mən özüm siyasəti çox incə məqamlarına qədər izləyirəm və özümə məxsus bir siyasi mövqeyim var. Azərbaycanda siyasətçilər çıxış zamanı göründükləri kimi cəsarətli olmurlar. Belə deyək də debata hazır olmurlar və debatı ancaq başqa müstəvidə görürlər. Ümumiyyətlə, Azərbaycanda danışan adam azdır. Yəni, hamı yerdə danışır, amma meydana gəlib hansısa bir problem haqda danışmaq məqamı çatanda çox az adamı tapmaq olur. Həm də ciddi insan problemi var.

- Pənah Hüseynlə Aqil Abbasın debatında Pənah müəllimlə aranızda anlaşılmazlıq yarandı.

- Pənah Hüseyn emosional siyasətçidir. Bunu hər kəs bilir. Pənah müəllim məni kiminsə tərəfini tutmaqda ittiham etdi. Halbuki mən orda tərəf tutmurdum. Bir nəfər dedi ki, niyə Nəqliyyat Nazirliyi haqqında qəzetlər yazır. Bu fikrə Pənah müəllimin reaksiyası çox sərt oldu. Özünüz də gördünüz. Həmin adamı hətta vəkillikdə suçladı. Mən də sadəcə sual verdim ki, niyə o dəqiqə pis şey fikrinizə gəlir. Bəlkə həqiqətən insanın xoşu gəlir. Niyə ancaq insanların xoşu gəlməməlidir. Bizdə bir-birimizə qarşı siyasi dözümsüzlük var. Bu artıq Facebookda çox rast gəlinən haldır. Lap elə bu yaxınlarda baş vermiş hadisəni götürək. Cənab prezident yaxşı bir iş gördü, jurnalistlərə ev verdi, onların əlindən tutdu. Dövlətin borcu filan yox idi. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Amma cənab prezident bir jest elədi. Jurnalist peşəsinin sahibi olmayan adamlar jurnalistləri təhqir etməyə başladılar. Jurnalistləri təhqir edirlər ki, yaltaqdırlar, pisdilər. Bu mövqe nəyə lazımdır? İnsanın uğuruna sevinmək lazımdır. Bir çox məqamlarda dözümsüzlük var. Hər şeyi pisləyirsənsə, sən yaxşı adamsan. Yaxşı bir şeyi qeyd edən zaman pis adam olursan. Təəssüf ki, Pənah müəllim də dözümsüzlük etdi. Ancaq hesab eləmirəm ki, aramızda nəsə oldu. O öz aləmində bir jesti elədi, mən də öz aləmimdə o jestə cavab verdim. Siyasi debatda bu normal haldır.

- Sizin özünüz jurnalistlər üçün tikilən binadan mənzil alardınız?

- Cənab prezidentin verdiyi hədiyyəni hər kəs qəbul edər. Niyə də qəbul etməsin? Mənim şəxsən evim yoxdur. Ailə həyatı qurandan, yəni 2005-ci ildən kirayədə yaşayıram və bunu normal hesab edirəm. Çünki imkanım buna çatır. Bundan artığını edə bilmərəm. Amma hər hansı bir jurnalistin prezident tərəfindən bu cür mükafatlandırılmasını çox yüksək qiymətləndirirəm. Jurnalistin illərlə əməyi, fəaliyyəti var. Bu həmin əməyə, fəaliyyətə verilən qiymətdir.

- Haqqınızda belə deyilir: “Elçin Əlibəyli aqressivdir, qonaqları qoymur danışmağa”. Bu fikirlə razısınız?

- Hər bir aparıcının sosial maskası var. Sosial maska nədir? Mən kiməm, nə istəyirəm, niyə ora çıxmışam və mən qonağımdan nəyi almalıyam. Hər bir aparıcının özünəməxsus fərdi üslubu var. Bu da mənim üslubumdur. “El içində” verilişində aparıcılığım daha sərt idi. “Açıq söhbət”də debat olduğu üçün çalışıram ki, az müdaxilə edim. Lakin görəndə ki, qarşı tərəf hansısa bir həqiqəti gizlədir və yaxud da sualın cavabından yayınır təbii olaraq tələb edirəm ki, mövzu barədə danışsın. Axı biz insanların vaxtını alırıq. Niyə biz əsas məqamdan danışmayaq və problemin ətrafında dolanmaqla məşğul olaq? Bəli, bəzi hallarda tələb edirəm ki, konkret suala cavab versinlər.

- Aparıcı kimi çox qısa müddət ərzində uğur qazana bildiniz...

- Televiziya sahəsində 1995-ci ildən çalışıram. Bir çox layihələrdə iştirak eləmişəm. Efirə isə aparıcı kimi 2005-ci ildə çıxmışam. Aparıcı olmaq fikrim yox idi. Ondan sonra ard-arda verilişlər getdi. Bayaq dediyim sosial maska məsələsi var. Aparıcı o vaxt tamaşaçı tərəfindən sevilir ki, o, özü nə istədiyini bilir. Əgər aparıcı çıxıb efirə nə istədiyini bilmirsə təbii ki, uğur qazana bilməyəcək. Problem bundadır.

- Kulis.Az-ın “ƏN 5” layihəsində ən yaxşı 5 aparıcı arasından birinci yerə Vladimir Pozneri layiq görmüşdünüz. İstər Pozner olsun, istərsə də digər əcnəbi aparıcıların nüfuzu cəmiyyətdə çox yüksək olur. Bəs bizdə aparıcıların nüfuzu niyə aşağıdır?

- Çox maraqlı mövzudur və bu mövzu ətrafında kifayət qədər danışmaq olar. Telekanalların birinci olaraq səhvi ondadır ki, yaşlı aparıcılarla işləmirlər. Biz fikirləşirik ki, aparıcı ancaq cavan uşaq, cavan oğlan olmalıdır. Bu çox yanlış yanaşmadır. Xüsusən də xəbərlərdə. Orta yaşlı və yaxud yaşlı adamın verdiyi xəbərlə bir gəncin verdiyi xəbər eyni deyil. Bu birmənalı şəkildə belədir. Bizim telekanalların yaradıcı siyasətində səhv var. İkinci, aparıcının ictimai aləmdə çəkisi onun savadıyla, təcrübəsiylə ölçülür. Bir neçə ad çəkəcəm. İlhamiyyə xanım, Nərgiz xanım, Rafiq Hüseynov. Bunlar hamısı yetərincə potensialı olan insanlardır. Amma biz efirlərdə onlardan düzgün istifadə edə bilmirik. Siz təsəvvür edin ki, Rafiq Hüseynov çox maraqlı müsahibə ala bilərdi, çox maraqlı bir layihə edə bilərdi. Telekanallarımız daha çox gənclərə üstünlük verir. Telekanalların yaradıcı siyasətində problemlər var və bu problemləri həll etmək üçün konsepsiya olmalıdır. Mən belə bir konsepsiyanın olmasını çox istəyirəm. Kanalların qarşısında konkret tələblər qoyulmalıdır ki, unudulmuş, gözdən qaçmış məqamların üzərinə getsin, onu işıqlandırsın, həmin məsələləri diqqətdən kənarda saxlamasın. Konsepsiyanın olmaması nəticə etibarı ilə aparıcıların nüfuzuna xələl yetirir.

- Televiziyalarda tok-şouların azlığı da göz önündədir. Bu amil nə ilə bağlıdır?

- Bu sual əslində mənə yox, televiziya rəhbərlərinə verilməlidir. Yenə deyirəm yaradıcı siyasət konsepsiyası olmalıdır. Həmin konsepsiyada tok-şoular məsələsi daha çox qabardılmalıdır. Bəli, siz haqlısınız, tok-şoular cəmiyyətdə müəyyən problemlərin həllində iştirak edir. Gəlin bunu etiraf edək. Ən azı problem səslənir, müzakirə olunur, yaddaşlara salınır. Tok-şoular cəmiyyətin tənzimlənməsinin yollarından biridir. Tok-şoulara çox böyük ehtiyac var. Amma bilmirəm niyə azdır tok-şoular. Digər tərəfdən bizim televiziyalarda həm də analitika yoxdur. Analitikanın olmaması insanlarda düzgün rəyin formalaşmasına kömək etmir. Ancaq əslində kömək etməlidir. İnsanlar bilmir ki, nə düzdür, nə səhvdir. Yenə deyirəm hər bir kanalın konsepsiyası olmalıdır. Təəssüf ki, bizdə əksər verilişlər bir-birini təkrarlayır. Bunun da əsas səbəbi odur ki, şirkətlər prodakşnlarla işləmir. Televiziya özü veriliş istehsal edə bilməz. Televiziya ancaq xəbər istehsal etməlidir. Prodakşnlar keyfiyyətə, mövzu çeşidliliyinə fikir verir. Siz baxın Azərbaycanda uğurlu, keyfiyyətli verilişlərin böyük əksəriyyəti prodakşnlara aiddir. Televiziyalar dekonstruksiya olunmalı, fəaliyyət istiqaməti dəyişdirilməlidir.

- Sizin qəzetçilik təcrübəniz də olub...

- Bəli, “Vətəndaş həmrəyli” qəzetində bir müddət çalışmışam. Başqa bir qəzetdə yazmamışam.

- Adətən qəzetdən televiziyaya gedən adamın özü ilə bir diplomat söz apardığını deyirlər. Siz də daha çox sözdən istifadə edirsiniz. Yoxsa mən səhv edirəm?

- Onu siz daha yaxşı bilərsiniz (gülür). Çünki siz baxırsınız. Məndə məsələ bir az başqa cürdür. Mən televiziyada işləyə-işləyə qəzetdə çalışırdım. Təbii ki, qəzetin mənə çox böyük təsiri oldu. Bunu inkar eləmək olmaz. Bilmirəm bu kənardan necə görünür. Hər halda mən beləyəm və borclu deyiləm ki, hamı məni sevsin. Heç mən bunu arzulamıram da. Əsas odur ki, mən hansısa bir problemi qaldırmağa cəhd edirəm. Hesab edirəm ki, əsas iş budur.

- Müsahibələrinizdə Mirşahin Ağayevin məktəbindən danışırsınız.

- Bəli, danışıram.

- Bəs Elçin Əlibəylinin məktəbi yaranırmı?

- Mənim məktəbim yoxdur. Bunu demək insandan böyük məsuliyyət tələb edir. Çünki məktəbin olması üçün tədris etməlisən, dərs keçməlisən. Amma mən dərs keçmirəm. Əslində heç müraciət edəndə olmayıb ki, mənə hansısa bir yöndə istiqamət ver. Azərbaycanda çox az aparıcının məktəbi var. Amma Mirşahin Ağayevin həqiqətən də böyük məktəbi var. Bu faktdır, danmaq olmaz.

- Siyasətçilərlə bərabər həm də şou biznes nümayəndələri ilə rahat işləyə bilirsiniz.

- Onlar da cəmiyyətin bir nümayəndəsidir və heç də siyasətçilərdən az populyar deyillər. Ona görə də onların verilişdə qonaq olması, problemləri haqda danışmaq normaldır. Hesab edirəm ki, vacib məsələdir. “Açıq söhbət”də isə sırf sosial və siyasi mövzular qoyulur. Şou-biznes nümayəndələri olmur. Yeni bir layihəyə başlamaq istəyirəm. Artıq orda daha geniş müzakirə meydanı olacaq. Açığı deyim ki, şou biznes nümayəndələri tamaşaçılar tərəfindən sevilir və onların dediyi fikir yadda qalır, təsirli olur. Çıxışlarında intellektual yük olmasa da emosional yük var. Şou-biznes qarşısıalınmaz bir məsələdir. Amma Azərbaycan mentallığı şou biznesi xeyli yumşaltdı. Xüsusən də toyun vasitəsilə. Toy mədəniyyəti dünya şou biznesinin Azərbaycana gəlməsinin qarşısını aldı. Fikir verin, bu gün Azərbaycan şou biznesi kəskin sürətdə dünya şou biznesindən fərqlənir. İstər səviyyəsinə görə, istər baxışlar sisteminə görə. Misal üçün, Gürcüstanda başqa mənzərədir. Rusiyada tamam başqa mənzərədir. Şou biznes anlayışı Azərbaycanda özünəməxsus bir şəkil aldı. Bu məsələdə şadlıq evlərinin də çox böyük rolu oldu. Bizim müğənnilərin böyük əksəriyyəti bu sözü desəm, bu paltarı geyinsəm məni toya çağırmazlar fikri ilə hərəkət edir. Bir sözlə, hər şey səhnəyə, böyük sənətə yox, məhz toy biznesinə hesablanıb. Toy biznesinin də çox dəqiq, ölçülüb-biçilmiş qayda-qanunları var. Toy qaydaları qədər tabusu olan, ağır yükü olan ikinci bir qayda görmürəm. Hər bir vətəndaş toy qaydalarına əməl etdiyi kimi qanunlara əməl etsəydi çox güman ki, cəmiyyətdə bir çox problemlər öz həllini tez tapardı.

- Yeni kitab üzərində işləyirsinizmi?

- 2011-ci ildə “Televiziya nəzəriyyəsinin əsasları” kitabım çap olundu. Bu kitabla bağlı irad bildirildi ki, şrifti balacadır, oxumaq çətinlik yaradır. Ona görə bu kitabın təkrar nəşri haqda da düşünürəm. Amma iki kitabım artıq nəşrə hazırdır. Kitabların biri televiziya, ikincisi teatr haqqındadır Ancaq dizayn üzərində işləməyə vaxtım olmadı. Çünki istəyirəm ki, bir qədər fərqli olsun. İşlər gedir, yəqin oktyabr-noyabr ayına qədər çap olunar. İkinci kitabda teatr haqda yazdığım məqalələr, resenziyalar yer alıb. Gənc Tamaşaçılar Teatrının 20 ilini təhlil etmişəm. Sonra İrəvan teatrı haqda fərqli araşdırmam var. Bildiyiniz kimi müəllimimiz İlham Rəhimlinin bu barədə yazısı var. Ondan fərqli olaraq bəzi məqamlar var ki, mən ona başqa cür, tarixi aspektdə yox, sırf təhlil formasında yanaşmışam. Onlar bax, bu kitabda öz əksini tapacaq.

# 3367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #