Burda Ramiz Rövşənin bir kitabı, Anarın isə heç nəyi qalmayıb

Burda Ramiz Rövşənin bir kitabı, Anarın isə heç nəyi qalmayıb
25 oktyabr 2013
# 12:00

Sovet imperiyasını hərə bir cür xarakterizə edir. Kimi o günlərin xiffətini çəkir, kimi lənət yağdırır. Qapalı cəmiyyətdən azadlığa qovuşmağın sevinciylə bərabər prosesin ağırlığı və ağrısı artan xətt üzrə hərəkət etdi. İnsanlar psixoloji burulğanlara düşdü, ağır təbəddülatlardan keçdi, travmalar aldı.

Totalitar SSRİ-nin süqutu ilə postsovet məkanında, o cümlədən məmləkətimizdə başqa sahələr kimi kitab sahəsi də öz “payını” aldı. Müstəqilliyin gətirdiyi üstünlüklər kitab sənayesinin dadına çatmadı. Çıxışlarda, müsahibələrdə, verilişlərdə tez-tez kitaba hörmətin öldüyünü eşidirik. Kitab qaranlıq yolları aydınladan vasitədir. Kitab ideologiyadır. Leninin qəzet haqda fikirlərini kitaba şamil etsək kitab təbliğatdır, kitab təşviqatdır. Nə olsun ki, Adolf Hitler “Kitab yalnız ziyalılar və axmaqlar üçün” deyirdi…

Müstəqilliyimizin bərpasının yaşı 20-i ötsə də kitabla bağlı problem hələ də qalmaqdadır. ƏDV vergisi, kitab mağazalarının 90-cı illərin əvvəllərində özəlləşdirilərək ət, ərzaq, ayaqqabı dükanlarına çevrilməsi, insanların kitaba biganə münasibəti və sair. Bəs kitab dükanlarında çalışan satıcılar necə, minilliklərdən keçib gələn kitabı yayan adamlar kimi kitaba nə dərəcədə bələddirlər? Elə bu məqsədlə paytaxtda barmaqla sayılacaq sayda qalan kitab dükanlarına baş çəkdik.

***

Qapısından ilk içəri girdiyimiz mağaza Qız Qalasının yanında yerləşən hamının Elman dayı kimi tanıdığı Elman Mustafayevin kitab dükanı oldu. 45 ildir ki, kitabların arasında nəfəs alan, 5 il Bakı Kitab Evinin direktoru vəzifəsində çalışan Elman dayı artıq dükanda hökm sürən sakitliklə barışıb. Sovet dövründə dükanda 4 satıcısı olan Elman dayının artıq satıcıya ehtiyacı yoxdur. Dükandakı mənzərə onsuz da hər şeyi açıq göstərirdi:

“Kitab alan var ki, satıcısı da olsun?! 27 ildir burda işləyirəm. Sovet vaxtı dükana axın var idi. Yerli insanlar, xarici turistlər gəlirdi. Bir də görürdün 40 nəfər birdən girdi içəri. Biz işin axırında yorulurduq. İndi dükanda bir adamlıq iş yoxdur. İnsanlar kitab dükanlarını unudublar.

Ahıl yaşında işinin öhdəsindən gələn ağsaqqal bukinist kitabı təbliğ edənlərin böyük əksəriyyətinin kitabdan xəbərsiz olduğunu da bildirdi: “Təki alver olsun, pul qazansınlar. Kitabı heç də başqa şeylərlə yanaşı tutmaq olmaz. Kitabı yayan adam gərək kitabı bilsin”.

***

“İçərişəhər” metrostansiyasının qarşısındakı yeraltı keçiddə kitab satan Hilal Bağıyev hərbi xidmətdən sonra “Azərkitab”da işləyib, elə o vaxtdan işinin adı kitab satmaqdır. İlk işlədiyi yer Mərkəzi Univermaqdan aşağı, erməni kilsəsinin yaxınlığında yerləşən keçmiş “Maarif” mağazası olub. 1988-ci ildə “Kitab evi”nə, oradan da uşaq kitabxanasına gəlib. Uşaq kitabxanasında çalışa-çalışa Daxili İşlər Nazirliyinin qarşısındakı keçiddə kitabın xeyrini başa düşən insanların köməyilə dükan yaradıb. “İçərişəhər” metrostansiyasının qarşısındakı keçid təmir olunduqdan sonra ikinci dükanı orda açıb. Özü daha çox “İçərişəhər”in qarşısındakı keçiddə, oğlu Babək isə nazirliyin qarşısındakı dükana nəzarət edir. H. Bağıyev də Elman dayı kimi əlavə işçiyə ehtiyac görmür. Səbəb eynidir: “Çox kitab satılmadığı üçün əlavə işçiyə ehtiyacım yoxdur”.

İşinin vurğunu olan Hilal müəllimin az sayda müştərilərlə dialoqları onun bu işdə “bişdiyindən” xəbər verirdi: “Deyirlər kitab satanlar alim olur. Alim olmasam da, pis-yaxşı anlayışım var. İşimin peşəkarıyam, ancaq məndən də güclüləri var. Ömrüm çatdığı qədər kitab oxuyacağam. Amma indi işlə və səhhətimlə bağlı imkan olmur”.

***

“Yuxarıda, 132-də oxuyurdum. Dərs qurtaran kimi atamın yanına gəlirdim. Elə o vaxtdan kitabların arasındayam. Bu işə də məni bağlayan atam olub” – bu sözləri Hilal müəllimin oğlu Babək deyir. Babəkin sözlərinə görə artıq 7 ildir ki, nazirliyin qarşısındakı keçiddə kitab satır. Yavaş-yavaş kitab işinin dərinliklərinə varan Babəkin sözlərinə görə, kitablarla arası elə də pis deyil. İmkan olanda kitab vərəqləyir. İnsafən müəllifləri, əsərləri pis tanımırdı.

***

- Con Steynbekdən nə var?

- Hansı dildə?

- Fərqi yoxdur.

- “Adamlar və siçanlar” Azərbaycan dilində təzə çap olunub. Bir də rus dilində var, köhnə nəşrdi.

Bu dialoq İstiqlaliyyət küçəsindəki “Akademkitab” dükanında çalışan Vüsalə ilə dialoqumdan bir parçadır.

“Akademkitab” dükanında alıcı sarıdan vəziyyət yuxarıdakı dükanlardan fərqli deyildi. 4 nəfər satıcının çalışdığı kitab dükanında Vüsalədən başqa digər işçilər yaxalarını ələ vermədi. Kitabxanaçılıq fakültəsi üzrə təhsil alan 22 yaşlı Vüsalənin ilk iş yeri bura olub. Kitabxanalarda boş yer olmadığı üçün “Akademkitab”da işə düzəlib. Artıq iki ildir ki, “Akademkitab”da çalışır. Vüsalə dükanda ən çox satılan əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını, "Alatoran yayınları" seriyasından çap olunan Volterin “Fanatizm”, “Kandid” əsərlərini, dilimizə tərcümə olunan yeni əsərləri, İlqar Fəhmini oxuyub.

Seymur Baycanı oxumasa da satışda olan son kitabı “Mənim mübarizəm”, “Quqark” və “Körpüsalanlar” əsərlərinin adını bilir.

Gözümə Xalq yazıçısı Elçinin 10 cildliyi sataşır. Vüsalə Elçinin yazdıqlarını daha çox orta məktəbdə oxuduğunu, Ramiz Rövşənin vurğunu olduğunu deyir: “Ramiz Rövşəndən ancaq bir kitabı, “Gedək biz olmayan yerə” qalıb. Anardan, Maqsud İbrahimbəyovdan heç nə qalmayıb. “Bütün yaxşılıqlara ölüm” əsərinə görə Maqsud İbrahimbəyovu daha çox alırlar”.

“Akademkitab” dükanın sahibi Ramiz müəllim isə satıcılarından razı olsa da oxuculardan narazıdır. Satıcılarının kitabı beş barmağı kimi bildiyini söyləyən Ramiz müəllim əgər burda işləyirsə yazıçıları da, əsərləri də tanımağa borcludur deyir: “Satıcılarım işlərini gözəl bilirlər. İnsanlara necə lazımdı xidmət olunur, sadəcə oxucu yoxdur”.

***

İstiqlaliyyət küçəsində yerləşən digər kitab dükanında hökm sürən səssizlikdə havada uçan milçəyin belə ürək döyüntülərini eşitmək olardı. Dükanda iki nəfər kitab satışı ilə məşğul olur. Dükan sahibinin dediyinə 1993-cü ildən bu işin içindədir. Adını ciddi-cəhdlə gizlədən dükan sahibi satıcıları günahlandırmağın əleyhinədir: “Kitab çoxdur eee. Kitab satan professor deyil ki... Girib içəri, deyir Çerninin kitabı var sizdə? Çerni musiqidə də var, tibdə də var, deyirəm, Çerni? Təəccüb edir ki, sən onu tanımırsan? Belə sual verənlərə də mən başqa suallar verərəm, görüm mənim suallara cavab verə bilərlər?! Satıcıları günahlandırmaq lazım deyil. Sovet vaxtında gedib hardasa kurs keçirdilər, indi yoxdur axı elə şeylər. Əsas olan səndən istənilən kitabı tapıb verməkdir. Satıcı ən azından bilməlidir istənilən kitab onda var ya, yoxdur. Əgər dükana xeyir verməyən satıcıdırsa istəyir kitab dükanında yox e, lap aptekdə olsun, onu işdən uzaqlaşdıracaqlar ki, sən işi bilmirsən, fayda vermirsən”.

Sonda müdir satıcıları müdafiə etməklə bərabər Nizami Gəncəvini, Səməd Vurğunu, Anarı, Yusif Səmədoğlunu tanımamaq da olmaz dedi.

***

“Ali və Nino” kitab mağazalar şəbəkəsində çalışanların əksəriyyəti gənclər olsa da nə rəhbərlik, nə də alıcıların onlarla bağlı şikayətləri yoxdur.

***

Göründüyü kimi səssiz küləklərin əsdiyi kitab dükanlarında qalan tək-tük sanballı satıcılarla təəssüflər olsun ki, özümüzə təsəlli veririk. Bir-birimizin üzərinə diyirlədiyimiz, altına girməkdən çəkindiyimiz, həlli düyünə düşmüş problem isə hələ də qalmaqdadır. Təəssüf...

Kitaba hörmət etmək ümidi ilə...

# 2915 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #