“Azərbaycanlıların ədəbiyyata nə dəxli var?”-MÜSAHİBƏ

“Azərbaycanlıların ədəbiyyata nə dəxli var?”-MÜSAHİBƏ
14 avqust 2014
# 11:38

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair, yazıçı Xanəmirdir. Xanəmirin ən sevdiyi əsər Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanı sizin sevdiyiniz əsərdir?

- Bir çox adama bu sual verilsə, mütləq bir yabançı ad çəkib bir yad kitabın adını hallandıracaq. Bugünkü bir qütbün bəşəriyyəti eksperimentə çevirən əxlaqı Avropa yazarlarının əsərlərindəki mahiyyətin sonucu deyilmi? Bilirsinizmi, bizim kimi toplumların əxlaqının üzərində hər türlü eksperimentlər aparırlar. Bəzən az qalıram deyəm ki, azərbaycanlıların ədəbiyyata nə dəxli var? Ədəbiyyat hara, Azərbaycan hara? Bizlər ədəbiyyatı, bədii əsəri yalnız ədəbiyyat, bədii mətn nümunəsi kimi qavradıqca, bizə eksperiment nümunə kimi baxmaqda davam edəcəklər.

“Qızlar bulağı” həm də uşaqlıq illərimin xatirəsidir. İlk ləzzətlə oxuduğum, sərbəst düşünə bilmə yetənəyimi özümə qaytaran, düşünmə imkanımı özümə hədiyyə edən əsərlərdən biri olmasıyla bahəm, bu əsər bir xalqın keçdiyi yolun qəribə bir insafsız salnaməsidir. Əsər var ki, onu oxuduqca, ancaq oradakı hidrogen və oksigen hadisələri, oksigen və hidrogen obrazları düşünürsən. Əsər var ki, oxuduqca beynində müəllif haqqında qəribə, hər kəsə bəlkə də fərqli cür yansıyan fərasətli fikirlər yaranır. Bu əsər hər şeydən çox mənə müəllifi dərketməyi öyrətdi.

Əsərdə tülək-tərlanı teyləyən, tükənməz türkcə ifadələr, səssiz, sükuta yer verən sadə dil yapısı vazkeçilməz gözəllikdir. İslamaqədərki, bir dünya dərki güdəmə qazandırılır. İslamaqədərki bir milli dərklə bütün inancları sınağa çəkir sanki. Bu əsərin bir özəllliyi də odur ki, bizə qədərki bütün monumental mətn nümunələrimizlə əlaqə qurmaq imkanı əldə edirik. Bu əsərdə Qarabağ adlı bir əraziyə yuxarıdan oğrun-oğrun zillənən bir göz var.

Ada fikir verin: bulaq sözü bul və ak - ağ sözləriylə dövriyyəyə girir. Ağ işıq deməkdir. İşığı axtar, bul, tap (mifik təfəkkür kanonlarında işıq kişini təmsil edir). Yazar ilk mesajını romanın adında verməklə, bu mədəniyyətin daşıyıcılarının qadınlarına deyir ki, ailə, millət, dövlət qurmaq üçün işığı, kişini bulun! Bu çox önəmli və tədqiq olunası bir mövzudur. O kişiləri ki, (o işığı) onlar milləti xaqanlığa, imperiya olmağa, ulusal kimliyimizin ötələrə bağlı mehrinin hər zaman təzə və tər qalmasını ər, ərən kimi qoruyacaqlar.

- Romanın strukturu maraqlıdır: “Yel ulusu”na mənsub Çapo adlı birinin XIX əsrin ortalarında Avropa dillərinə tərcümə edilmiş əsərini tələbə Əhməd oxumağa başlayır. Nəql edilən əhvalat isə dərs, mühazirə kimi danışılır. Sonra nağıl və rəvayətlər danışılır, sonra “Min bir gecə” nağılları kimi hadisələr bir-birinin içindən çıxır. Bir sözlə, bu əsərdə müasir roman texnikası ilə (roman içində roman), klassik nəsr qayda-qanunları qəribə şəkildə çuğlaşır. İstərdim, əsərin bu struktur özəlliyi barədə və bütün bunların romanın möhtəşəmliyinə qatqısından danışasınız.

– Dünya romançılıq ənənəsinin bu gün gəlib çıxdığı bir qayda, bir düzənlə çoxları tanışdır. Dünyanın ən maraqlı və yenilikçi sayılacaq, bestseller hesab ediləcək bir romanını göstər ki, “Qızlar bulağı” əsərinin orbitindən kənara çıxa bilsin. Bu o demək deyil ki, “Qızlar bulağı”ndan təsirləniblər. Söhbət ondan gedir ki, bir azərbaycanlı romanda da ilk yenilikləri edə bilib. Ümumiyyətlə, çağdaş romançılıq texnologiyasıyla vaxtından əvvəl silahlanmış bu romanın adını imkanım olsaydı, “Azərbaycan romanı” qoyardım. Müəllif bütün vasitələrdən, ədəbi imkan və yeniliklərdən istifadə edə bilib. Buyurun, oxuyun, görün, dekonstruktiv əməliyyatlar, milli dünya dərki bir bədii əsərdə necə təcəssüm edib.

Əsərdəki detalların ilk baxışdan adamı riqqətə gətirən nəsə var: ucsuz-bucaqsız astral dünyaya yol almaq, orda məskunlaşmaq izlənimlərini bizə ötürür. Bu əsərdə sonsuz, bitib-tükənməyən astral dünyaya ağırlığımızı salma ehtirasımızın hər zaman məna aləmi vasitəsi ilə, mənalar aləmindən sui-istifadə etməklə gerçəkləşdirmək istəyimizin qüvvətli olması məni özünə bağlayır. Bir də, əsərin texniki özəlliyindən daha çox, qoyduğu məsələlərin, qaldırdığı problemlərin roman janrındakı imkanlarda müəllif təəssübkeşliyi diqqətəşayandır. Bu təəssübkeşlikdə mədəniyyət cəbhəsindəki savaş şirnikdirici və özünə bağlayıcı öhdəlikdir.

Romanın əvvəlində belə bir qaranlıq yer qalır; Kəbusəy Ceynizə deyir ki, əsərin hamısını oxuma, bir hissəsini oxu. Oxunmayan hissələr isə Muğ (Muğan) və atırvanların (od keşikçisi, azərban) “Avesta”ya aid hissələridir. İstərdim bu qaranlıq məqamdan danışasınız.

– Roman nəzəri baxımdan yox, təfəkkür və ideya baxımından nbizə nəyinsə önəmi dərk etməyimizdə canfəşanlıq edə bilər. Romanın ideya tərəfi oyaqdır, işlək və əməkçidir. Onda alın tərindən və xarakterdən möhtəşəm bir heykəl yapmaq mümkündü. Romanın nəzəri tərəfi isə, həmişə yuxulu və tənbəllik ezackarlığını mənim üçün qoruyub-saxlayır.

Roman millətin milli təfəkkür və dünya duyumunun zamanın ictimai formasiya düzeyində hesab-kitabını aparır. Onun bədii qatı isə mədəniyyət savaşlarındakı itkilərin (millətin genetik yaddaşındakı hüceyrələrə kimi) zadəganlaşma bədəlini ödəyir.

Bizdəki zadəganlaşma sürəci hələ də xanlıq və bəylik etapında, sinifləşməsində ilişib qalıb. Bu gün də bəy kimi davranmaq demək, yağlı plov yeyib uzun bığları eşmək, kimisə qapında işlədib haqqını doğru-düzgün ödəməmək kimi prinsipial əhəmiyyət kəsb edən keyfiyyətlərin yaşadılması və inkişafı üzərində pərvəriş tapır. Dünən bəylik Azərbaycanda qoyun-quzu, mal-davar, əkin sahələri üzərində qurulurdusa, bu gün neft üzərində, boru üzərində, avropalı sayaqlıq üzərində cövlan eləyir. Hansı ki, bəyliyin, xanlığın lap yaddaşımızın dərinliklərində xaqanlığa, ər və ərənliyə dayalı ipucları, toxumları adamı yerindən yurdundan dəbərdir.

Müəllif deyir ki, bizim maraqlı, özü də səmavi kitablara, yazılara dayalı tariximiz var. Bəzi yerlərini tarixin qaranlıq məqamlarında xırsızlar yandırıb, ya kəsib, ya itirib, ya silib, yoxa çıxarıblar. Amma bu əldəki tarixlə də, yer üzündəki bir etnosun və mədəniyyətin kosmoqonik düzeydəki varidatıyla bütün izlərini bərpa etmək mümkündür. Yazar bu əsərlə bədii mətnlə düşüncə arealımızda bərpaçılıq instinktini ortaya atır. Bunu xalqın yaddaşıyla, ruhuyla, tarixiylə, ədəbiyyatıyla gerçəkləşdirməyin mümkün olacağına iman gətirməklə vurğulayır.

Əsas vurğulanan gerçək isə, əsərdə bütün detallar qadınlar üzərindən bədiiləşir, ədəbi şüura transfer edilir. Müəllif göstərmək istəyir ki, matriarxat qanun və yasalar etnik təfəkkürü mədəniyyətə cəlb edəndə, tarixin bəlli bir aşamasında millət başqaları tərəfindən zora, təcavüzə məruz qalır. Bunu da ən azından son 100 ildə açıq görürük.

– Qəhrəmanın bacısı Jinsuqla böyük qardaşı Eyzədəsb və atası evlənmək istəyir. O dövr üçün bu adətlər normal sayılsa da, əsərdə bir neçə yerdə bu adətə qarşı ikrah duyulur. Qəhrəman bir yerdə bacısının qardaşına ərə gedəcəyini biləndə deyir ki, “Jinduqutla, anam istisna olmaqla içimdə hamıya qarşı bir nifrətim vardı. Zərdüşt və Ahura Mazda da gözümdən düşmüşdü”. Eləcə də qəhrəman o dövrün adətlərinə normal baxmırdı. Sizcə, o dövrdə normal sayılan adətlərə qarşı yazıçı niyə konkret mövqe ortalığa qoyur və bu nə dərəcədə düzgündür?

– Sözsüz bu və ya bu kimi yaşantılar tarixin hansısa dönəmləri üçün keçərli sayılıb. Bəlkə də nə vaxtsa buna ah-nalələrimizdən köpmüş göylər də imkan verirdi. Bəşəriyyət bəlli bir aşamaya gəlib çatdıqdan sonra, göylər öz növbəti gedişatını etsə də, yerdəkilərdən bəzi toplumlar və mədəniyyətlər bu xoşgörü xəracını görməzlikdən gəlirlər (Göylərin mədəniyyətlərə verdiyi xəracı niyə görmək istəmirlər, anlamıram?). Bu da o etnos üçün və bəşəriyyət üçün qara yaraya çevrilir. Maraqlıdır, müəllif nə üçün bu əsəri yazır? (Hərdən elə bilirəm ki, yazar bu əsərini yazmaqla tariximizə və mədəniyyətimizə ehsan verir). Özü də hansı dövrdə. Sovet dönəminin ən şaqraq və şarlatan dönəmi başlamışdı. Millətlər atası, vahid xalq, bizim kimilərin 1920-ci ildən başlanacaq və yazılacaq tarixi... Sovet dönəmində yaşayan bir yazar xeyir ola, durub “Avesta”nı bəhanə edərək keçmişi qatıb-qarışdırır? Uluslardan, qədim tarixdən, əski tarixi yaşantıları bəhanə edərək, sovetləri qəbiləyə bənzədən bir əsər yazır. Ancaq bu qeyrətləri qarət olunmuş qibləsiz, yönsüz qəbilədə biz də varıq. Biz yerdən çıxmamışıq. Biz də özgür və böyük xalqlar kimi əzəldən mövcuduq. Bizim tarixi itirməklə, sağa-sola yozmaqla həqiqət olanı danmaq mümkün olsa da, ancaq belə antihəqiqətlərin cəmiyyətdə fəsadları üzə çıxacaq. Millətin tarıma çəkilmiş tarixindəki timsahları, devləri, əjdahaları, qamları, şamanları, bilgələri, xaqanları gizlətsən də, onun özünü gizlədə bilməzsən. Sadəcə olaraq, bizə kimliyimizi təsdiqləyən bir yazılı sənət, bəlgə lazımdır ki, orta bölgədə, iki sərhəd arasında qalmayaq, sərhədləri keçib mədəniyyətlərlə tanış olaq, bizi tanısınlar, bəşəriyyətin inkişafına öz töhfəmizi vaxtında verə bilək. İsa Muğanna ”İdeal”ı bu əsərin açıqlaması olaraq yazmışdı.

Torpaq üstə bu gün o qədər də savaş çıxmaya bilər. Çünki torpaqların da, vətənin də kosmik missiyası sanki insanların, xalqların intuitiv yaşam sahəsinin tərkibinə başqa “iksirlər” əlavə etdi, vətən, yurd anlayışı bu dünyada elmi-texniki – tərəqqinin dirənişi qarşısında siyasiləşdi. Ona görə də, zaman keçdikcə bəzi dəyərlərdə yerdəyişmə, bir-birinin qutsallığını daşıma, yüklənmə görəvi təbii qarşılanmalıdır. Bütün bunların sirri, sehri, gizlinləri də bu dəyərlərin simvollaşma sürəcidir, simvollaşma sonucunun gətirdiyi ekstazdır, həyəcandır. İnsanların yaşam təcrübəsində ən dəhşətli, ən devrimsəl, inqilabi olay, hadisə, onun dəyər verdiklərinin simvollaşmasıdır. Bundan qorxunc gerçəkləşmə yoxdur. Etnosların varlığı-yoxluğu simvollaşmada həll olunur. Bunun üçün xalqlar var ki, 1000, 1500 il zaman xərcləyir, mücadilə verirlər.

– Müsahibələrinizin birində deyirsiniz ki, 4 dəfə “Qızlar bulağı” romanının ardını yazmaq istəmisiniz, amma dediyinizə görə itib. Bu romanın ardını niyə, necə yazmaq istəyirdiniz və əsərin itməsinin səbəbini öz aləminizdə nə ilə əlaqələndirirsiniz?

– Əsərin itməyini, görünür, şüurumun dərinliyində özüm istəmişəm. Mən bir şey istəməyincə, mənimlə bağlı heç nə baş verməz: – Yaxşı, ya pis. Ola bilsin ürəyimcə yaza bilməmişdim. Bu əsər Azərbaycan romançılığına yeni bir yol göstərirdi. Təəssüf ki, zamanında bu istiqaməti nə ideya, nə bədii məziyyət, nə nəzəri baxımdan kimsə öz kiliminə büküb, əsərdə ötürülənləri yaxalaya bilmədi. Yalnız rəhmətlik İsa Muğanna yazarlıq məharətinə məsihlik qatıb şüuraltı axınıyla öz işini müəyyən şəkildə gördü.

Bu əsərin sizcə, əlahiddə ideyası nədir və bu gün qəbul edilməməyinin, çox sevilməməsinin kökündə hansı siyasi və dini dəyişim dayanır?

– Əsər çoxyönümlü qeyb olmuş, unudulmuş ideya tutumuna sahibdir. Əsərdə göstərilən bütün əhvalatlar, baş verən hadisələr, obrazlar müasir romançılıqdan xəbər verməklə yanaşı, ortaya dartışılmaz bir ideya qoyur: – sovet cəmiyyəti cəmiyyət deyil. Sovet xalqı yoxdur. Xədim olmuş sovet xalqı var. Belə bir xalq hansı məntiq əsasında öz doğru adını qazana bilər? (Gedib Berdiyayevin düşüncələr sistemini ələyən qələmi önündə baş əysinlər ki, belə bir filosofu vaxtında dəyərləndirmədilər). Bizlər müəyyən məziyyət və keyfiyyətlər daşıyan, bu keyfiyyətləri ruhumuzda və şüurumuzda, yaşantımızda mədəniyyətə çevirmiş bir millətik. Açığı, müəllif bu əsərdə millət olmağın dərki üçün bütün vasitələrdən istifadə edir. Biz pafos törəmələriyik. Ədəbiyyatın şeytan uşaqlarıyıq. Nə zaman axı ciddi, təmiz, lazım olan anlayışlara vaxtında sahib çıxmışıq? Yeniliyi nə vaxt görüb qiymətləndirə bilmişik?

Həzzə qapılmış (hedonik) insan özünü məqamın acgözlülüyünə tabe etdirmiş, dadandırmış əyləncə aşiqi, səhlənkarlıq qazancıyla yetinəndir! İndi “Partnas pərilərinin “ilahiliyi”ilə cazibədar meydan fahişələrinin arasındakı fərq itirilib”. Bütün zamanlarda baş kəsənlərə, qan içənlərə məbədlər ucaldıblar. Zaman keçir, bu məbədlər və onunla bağlı təəssüratlar özünə daha da müqəddəslik yükləyib mifləşir. Bu zaman keçmişə və yaradıcı gücə qarşı şarlatanlıq hökm sürməyə başlayır. Beləcə baş verənlər bizim daşıdığımız mədəniyyətin mahiyyətində mənalandırılır.

Bu meydan sulama olmasa, şər xeyrin üzərində əbədi səltənətini qurub sirləri aşkarlamaz, aşkarları sirləməz. Belə olan təqdirdə, göydəki mehtaba ilişmiş mədəniyyətin qədim izlərini və qalıqlarını oluşduran izlənimlər, heç bir homo-sapiens sərxoşluğuna mübtəla olmaz. Eləcə vəhşilik, barbarlıq deyib durar. Oysa biz “mədain xərabəlikləri”nin izlərini ələ verən mağaralardan ona görə ayrıldıq ki, yenidən içimizdə mağaralara qarşı isti ehtiraslar yarana bilsin. Nə olursa olsun, harmoniya sirrini qoruyub əzələdəki vədimiz hesabına sona doğru, yeni bir əzələ doğru sürükləmək, ya da özümüzə alışdırdığımızdan bu harmoniya və ritmdən qopmamaq sevdamız əsla suya gömülməməlidir. Yoxsa, tarixin qoynunda tarım çəkilmiş tale tarlamızda mədəniyyət toxumumuzun quruma ehtimalı qaçınılmaz olar.

Bu kitabda bir neçə hekayətdə bəraət hissinə qarşı aqressivlik var. Məsələn, Ərən (Nəbi) hekayə danışır və orda Həmədanlı bir tacir deyir: “Yüksək və ədalətli bir qüvvəyə inanma, dünya gərdişini, onda olan hadisələri izah etməkdən aciz qalmaq üçündür. Yaradılışa hakim ədalətli bir vəhdət varsa, dünyadakı ədalətsizliyi nə ilə izah edəsən?” Daha sonra babillilərin, misirlilərin öz inanc sisteminə bəraətləri diqqət çəkir. Yazıçı sanki bununla demək istəyir ki, Allah və Allahlar yoxdur, sadəcə insanın öz inanc sistemi var: o inancda hərə bir varlığa inanır. Bu barədə siz necə düşünürsünüz?

– Müəllifin yaşadığı cənazə törənli cəmiyyəti, dövrü qəbul etmədiyi, hətta şərindən ürkdüyü, şübhələndiyi məlumdur. Öncəliklə, mətndə müəllif inanclıdır. İlkin inanc, ilkin inanan yazarlar olar. İnanc yazan adamın yazısında əriyər, yazısını oluşdurar. Yazar inancındakı odun işıq olmadığına yanıldığını hesab edir. Çünki müəllif, konkret olaraq, bir zamanlar müstəqil bir dövlətdə və cəmiyyətdə yaşadı (Müsavat hökuməti). Özü bu dövlətin varlığını dəhşətli dərəcədə istəyənlərdən biridir. Qəfil bir rüzgar başqa bir cəmiyyətlə və sistemlə (sosializmlə) onu üz-üzə qoyur. Bu sistemlər, müəllifin metafizik itkiyə qarşı iy bilən inancını zədələyir. Qəlbinə qaralar salır. Müəllifin canı elə sıxılır ki, özünü tarixin ulartıdan qulaq tutulan ən ucqar köşələrinə, anlayışlarına ayılaraq atır. Babilləri, misirliləri qarışdırır. İnancları xırdalayır. Sorğulayır. Yenə də özünü və özü fonunda cəmiyyətdə bərpaçılıq işləri görmək istəyir. Özü də sözlə, yazıyla, ədəbiyyatla. O, qında gizlənmiş ilahi ədalət qanunlarını qəbul edir. Ancaq içində olduğu cəmiyyət, sovet quruluşu zahiri parlaqlıq baxımından ümid vəd etsə də, batini olaraq iy verir, qan qoxuyur, xalqlar və millətlər atasının qanlı qılıncı boynumuzun ardında parlayır. Bu minvalla da, yaşadığı cəmiyyətdəki sistemin anti-ilahi ədalət qanunlarıyla donatıldığını bildirmiş olur. Bununla kiflənib kifayətlənmir. Bir az da irəli gedərək, deyir ki, yüksək dəyər daşıyan ideya və inanclar var ki, onu bəzi toplumlar daşıya, qəbul edə, çəkə bilməz. Çünki o toplumlar sanki bəlli bir vaxtın arınmış arealında lənətlənmişlər. Ya da onlar həsəd apardıqları İlahi inanca hesablanmış vaxtlarını ötürmüşlər.

Söhbət ondan gedir ki, mədəniyyətin təməl izlənimləri və rüşeymlərini oluşduran əsərdəki məlum detallar harmoniya və ritm vasitəsi ilə vəhşiliyin, şərin harda və necə olduğunu, hansı məqamda üzərimizə gəldiyini açıqlığa qovuşdurur. Söhbət həm də o məqamdan gedir ki, Təsəvvüfdə “Vakfə” deyilən bir anlayış var. İki məqam arasında qalmaq, burada məhbus olmaq. Bunun səbəbi, bir öncəki məqamın gərəklərinin tam olaraq yerinə gətirilməməsi, o məqama haqqının tam verilməmiş olması, bu üzdən də bir sonrakı məqama ucalma (inkişaf) ləyaqətinin və əhliyyətinin qazanılmamış olmasıdır. İki məqam arasında həbs olub qalana vakf deyilir. Bax, bizlər bu əsərdən də göründüyü kimi, tarixin müxtəlif aşamalarında iki məqam arasında ilişib qalmış etnosun energetik məsuliyyətini qoynuna sıxmış mədəniyyətin yerində qıvrılan biçarə mənsublarıyıq.

– Hadisələrə, əhvalatlara, dini dəyişimlərə nəzər saldıqca bir məsələ diqqətimi çəkdi. Sanki yazıçı bu qədər geniş rakursdan baxaraq, əslində, məsələni bir yerə fokuslayır: tarixin bütün mərhələsində din də, adətlər də, dövlətlər də dəyişir: ancaq insan dəyişmir.

– Yox, insan dəyişmir... Bir sözlə, insanın xisləti həmişə cırdır, yetişməyib. İnsanda olan ilahi toxum, ilahi iksir var ki, bu zərrəbin əbədi zinətimiz kimi dəyişmir, ölmür, itmir. Çünki biz onu əzəldə Yaradanın yaratma savabından əmanət olaraq aldıq, bütün olan-qalan ilahi təəssüratdan xoşhallanan bütün mülkümüz varlığımıza yerləşdirildi. Allah öz imkanlarını, öz həqiqətini hər nə olursa-olsun, insanda müxtəlif şəkildə, fərqli yerimizdə sirrə çevirər, gizli saxlar, qoruyar. Çünki əks təqdirdə, Onun, “Mən bilinmək istədim, insanı yaratdım” ecazkar həqiqəti insanlıq sınırımızda çat verib sınmış sayılar. Allah ilkin həqiqətlərini redaktə etməyi sevmir. Bütün zədəli zamanları və dev yetişdirən dövrləri öz ilkin həqiqətində redaktə etməyi isə, dəyərini dikəltmək naminə dəhşətli dərəcədə sevir.

Əsas məslə sirr deyilən – etnosun milli varlıq harmoniyasının sirdən aldığı gücə aludəçiliyidir. Bu qaib aləmindən sürəkli olaraq yönləndirilmiş o sirrin erudisiyamızdakı füsunkarlığı nə qədər həzzə tutulubsa, bir o qədər də bəla sindromunun qaçınılmaz məşəqqətindən qurtula bilməmək dəhşətidir. Ancaq hər ikisi də eyni qaynaqdan başlanğıcını götürdüyündən tarixin müxtəlif keçid dönəmlərində bu eynilik elə itir ki, intellegent məkana nəzarət edənlər (ölkənin mənəvi elitasının şüuru, birliyi) bu oyunda özlərini qurban verməli olurlar: – 1937-ci il hadisələri kimi və eləcə də “1937-ci il hadisələrinin kökü lap qədimdə” olmasının təəssüratına da şüurlu qapılmaq...

Bir də var, sirri ələ keçirmək: – milli mədəniyyətin kosmoqonik sərgərdanlığını yazıyla ələ almaq. Məsələn, Mir Həmzə Seyid Nigari kimi şəxsiyyətlərin vaxtından öncə milli faciəni şeirsəl mətnlə möhürləməsi (Qarabağla bağlı yazını nəzərdə tuturam).

Bir də var, sirrə zor tətbiq etmək. Burdakı metodda intillegent komandanın energetikası (ölkənin mənəvi ərazisinə öz zəkasını paylayanlar) ilkin acıları, kosmik dalğaları varlığına hopduranda, xalq bundan xəbərsiz qalanda sirrin zorlanması başlayır. Bildiyimiz hər şey sirdir. Yaşadığımız və anladığımız hər şey sirdir. Əsər bütün bədii keçidlərlə Azərbaycanın qudsallıq epitafiyasının zorlandığını diktə edir.

– Çaponun qama çevrilməsi, əslində müqəddəsliyə, qüdsiyyətə ironiyadır, məncə. Yəni, ucalardan mədəd umanların yanında adi bir adam belə özünü müqəddəsə çevirə bilər. Əsərin əvvəlində də yazıçı bu məqama işarə edir: “İnsanlar acizlikdə çırpınaraq mövhum qüvvələrdən xarüqələr gözləyir”.

– Çevrilmədə heç vaxt ironiya baş vermir. Əksinə ironiya aradan çıxır. Qərbin zibilliklərdə qalmış bu həftəbecər yanaşmalarını bir tərəfə qoysaq pis olmaz. İroniya bütövlükdən çıxanda, yerini qutsallıq deyil, yerini maraq alır. Marağın estetik bədiyyatdakı hədəfi mədəniyyətin hidayətinə yol açmaqdır – deyərlər. Çevrilmədə, dönşümdə tərkib sonuca yansımaya bilər (Çünki əsər silsiləli mərhələdə xeyli keçidlərdən ibarətdir. Yazarın quruluş verdiyi roman yazı strukturu baxımından zamanı zamana, tarixi tarixə, sistemi sistemə, inancı inanca, cəmiyyəti digər cəmiyyətə ötürmə imkanlarına xidmət edir). İroniya intellegensiyaya nüfuz edib və mətn boyunca yayqınlığa dönüşəndə nəzəri bütövlüyülə zühur edir. Bəzən sevinməklə, təbəssüm etməyi bədii mətndə qarışdırmamaq lazımd;. Tərkib bütövün içində qapalı qala bilər. Əsas olan odur ki, çevrilmədə İlahi ədalət, İlahi Ədalət yasalarında bəzən şeytani bir hədəf kimi də görünür. Bu qorxunc məqam tarixin dəhşət saçan etaplarını, gedişatlarını qanla bəsləyir. 20 əsrdə Azərbaycan xalqının başına gələnlər. İtkiləri hesablayın, mümkünsə... genefondumuzu necə də məhv elədilər.

Əsərdəki bu cümlə müəllif adından həm də mətləbə vasitədir. Müəllifin də baş qatmaları, mətləbi vurğulamaq baxımından bəzən izi azdırmalıdır. Bu əsərdə belə məqamlar az deyil. Bu məlum fikirdir. Ancaq bu əsərdə elə anlaşılmır. Roman göstərir ki, müəllif romançılıq sahəsində incəliklərdən məharətlə istifadə edib. Müəllifin ironiyasından çox, etnosun qədərinə yazılmış bir gülüş daha çox dışa vurur (Əsərdəki müəllif inanclıdır). Romanda danışılan o qədim əhvalatlar kosmik güzəranını yenidən mənaya dönüşdürüb bədiiləşdirmək istəyən bir etnosun qədərindəki yazısının sizin ironiya dediyiniz həngaməsi daha çox eşq rituallı rəcəz bəhrli bəhanələrlə tarixi sitəmlər püskürür.

– Roman qəbilə quruluşuna qayıdışla bitir. Əsərdə məncə, yazıçı onu demək istəyir ki, insan yaşayaraq vəhşiləşib, təkmilləşməyib. Əsl alilik ümumilikdir, qəbilə quruluşudur. Xaqan, şah, dövlət olan yerdə rahatlıq, rifah və sülh olmayacaq. Bu ideya isə siyasət adamı kimi “Azərbaycan muxtariyyatı. Ayılın, tоplaşın!”, “Biz kimik və istədiyimiz nədir?” kimi məqalələrinə nəzər yetirdikdə Çəmənzəminlinin dünyagörüşü ilə üst-üstə düşmürdü. Siz necə düşünürsünüz?

Çəmənzəminli bir çox yazarlardan fərqli olaraq, ideoloq, fikir, düşüncə adamı idi. O, canlardan canlı çıxmış Azərbaycan cümhuriyyətinin müstəqilliyi yolunda müəllif kimi etibarlı əzab çəkmiş, cəhdlər etmiş, bu məfkurəyə-müsavatçılığa bağır basmış bir qələmdaşımızdır. Bu yerdə qəbilə quruluşuyla göstərirdi ki, sovetləri, onun ideoloji əsaslarına uyğun olaraq qəbilə quruluşundan heç bir fərqi yoxdur. Bu fikirləriylə sovet ideologiyasının vəhşi bir sistemə məxsus olduğuna diqqət çəkirdi. İnsan bu sistemdə zombiləşir. Elə deyildisə, niyə sovetlər dağıldıqdan sonra sosializmin bütün rüşeymləri indiyə kimi xeyli zaman keçməsinə baxmayaraq, daha da siyapır kimi varlığımıza hoparaq, bizdən uzaq durmur? Şeirimiz elə, nəsrimiz elə. Düşüncə tərzimiz sovet adamının düşüncəsidir. Şəxsiyyətə vurğunluq, yaltaqlıq, ikiüzlülüyü geniş vüsət almayıbmı? Yaltaqlıqdan böyük vəhşilik olarmı? Xalqın, dövlətin malını oğurlayan zehniyyətdən böyük vəhşilik olarmı?

Yazarın fikirlərində də təkmilləşmə, ya dəyişmələr gedə bilər. Sadəcə müəllif bu əsəriylə sosializm quruluşunun yaşama stimul verə biləcəyinə işarə etsə də, qəbilə sistemindən kənara çıxmamasıyla da təqdir elədikləri nüanslar var. Yəni istənilən ictimai-siyasi formasiya və sistemlərdə yaşamaq mümkündür, yetər ki, orda şərə qarşı gələn, şəri uzaqlaşdıran mühitə imkan yaradılsın və millətin kosmik rituallarına sədd çəkib onun ruhsal, mənəvi şəbəkəsinə virus salınmasın.

– O dövrdə ölüləri daxmalara qoyardılar, qurd-quş gəlib sümüyünü yeyərdi. Bu adət indiki reallıqla müqayisədə adamı dəhşətə gətirir. O dövrkü reallığını yazıçı maraqlı əks etdirib: “Bir dəfə tülək şahinə rast gəldim, – hasarın üzərində oturub dimdiyini daşa sürtürdü. – Jinduqt, Jinduqt! –deyə quşu bacıma göstərdim: – bax, anamın gözlərini didən bu quşdur, – dedim”. Bu səhnə mənə çox maraqlı gəldi. Romandasa təsirli səhnələr çoxdur. Sizinçün əsərdə ən maraqlı, təsirli məqam hansı oldu bəs?

Bu cür səhnələr romanda bəs deyincədir. Yazar bu səhnələrlə yaşadığı dövrün mahiyyət etibari ilə təsvir elədiyi dövrdən heç seçilmədiyini vurğulamaq istəyir. Çoxdur: məsələn, “Bunların yeganə silahı əllərindəki əsadan ibarət idi; yerə döyərək yavaş-yavaş yürüyüdülər. Arıq vücudları təəssüf doğururdu. Məni görməyən kimi üzərimə gəlirdilər. ...hamısının kor olduğunu dəhşətlə duydum”. Yaxud, “burası həm əzənlər düşərgahı imiş.

– Bunların kişiləri yoxdurmu? – deyə sual verdim. Qadın:

– Yox, – dedi, – bizlər kişiləri içimizə buraxmırıq”. Yaxud, “... şair içdi və gənclərə qarşı bəslədiyi hislərin baqiliyinə işarə olaraq, qədəhini qopuzunun üzərində sındırdı”. Yaxud, “Bir gün Qaman işdən dönərkən böyük çocuğu qarşısına yürüyüb dedi:

– Ata, əmim anamın üzündən öpdü.

Qaman hiddətindən titrədi və yetişən kimi qardaşını tutub boğmağa başladı”. Yaxud, “Adəti üzrə ev sahibinin arvadı qonağa hörmət edərək onunla yatmalı idi. Nada da adətə riayət edib, qəribin yatağına girdi...”. Digəri, “ – dünyada şərin kökünü kəsmək üçün bütün qadınlar Fərat çayına atılmalıdırlar. Söylə, hazır olsunlar!”, Başqa, “biz də adətə riayət etməli idik. Sonsuz qadınlara sovqat aparırdılar”. Bir başqası, “...xaqanın üzünün dərisi Okabayın cilovundan asıldı və kəlləsindən kasa yapılıb içində şərab içildi”.

Görünür, Allah müəyyən hislərimizin kosmik işləyişini tamamladıqdan sonra növbəti duyğularımızın ağalığına imkan verir. Bu hislər əxlaq piramidasına necə yüksəlir, bu başqa söhbətdir.

Bütün roman boyu təqdim edilən reallıq, amma bu cür praqmatikliklə, labüdlük önündə çarəsizliklə bitir: “Əhməd kitabı yumdu. Lakin fikir və xəyalı kitabdan ayrılmaq istəmədi. Çоpо, Nuşa, Cеyniz, şair Milnir, xaqan və Ərdica ətrafına tоplanaraq bütün macəraları ilə оnu əhatə еtmişdilər.Əhməd özünü “Yеl” ulusdaşı ədd еdərək “Türk mədəniyyəti sarayı” nı tərk еtdi. Gеniş qaldırımdan “Kоmmunist” küçəsinin оrtasına kеçər-kеçməz birdən sürətlə gələn tramvayın zəngi çalındı. Avtоmоbillərin parlaq işıqları gözlərinə çarpdı. Əsri şəhərin gurultusu, radiо, еlеktrik işığı və izdiham оnu ayıltdı. Həqiqi aləmin əzəmət və dəbdəbəsi bütün qüvvəti ilə önündə canlandı.Bu aləm qarşısında “Qızlar bulağı” еkranda göstərilən bir şəkil kimi sönüb gеtdi”. Yəni reallıq önündə tarix cavab verə bilmir. İstərdim əsərin bu cür pessimist ovqatda bitməsini izah edəsiniz.

– Sovet dönəmində sistemin bütün reallıqlarını, belə yırtıq-deşiklərini gözəyə-gözəyə göstərən ikinci bir əsrarəngiz əsərə rast gəlməmişəm.

Söhbət bir də hansı reallıqdan və hansı tarixdən gedir, bunu sorğulamamız, mühakimə etməyimiz gərəkir. O tarix ki, gedib bir ucu şumerlərə, iskitlərə, kimmerlərə, saklara, oğuzlara, muğlara, səma mədəniyyətinin Tanrısal simasına yansıyır. Tarix dalaraq mədəniyyətdə üzə çıxır. O tarix ki, gəlib metafizik sərgüzəştini “göz qamaşdıran işıqlarda” itirir, zahirdə, gözaldadıcı dəbdəbəli, sayrışan saraylarla və onun içindəki bayağı qorxaq, quşbeyinlərlə sən sadəcə olan-qalan qüdsiyyətini itirə bilirsən. Müəllif açıq surətdə, xalqın ruhunda birikmiş insiyativini qondarma bir ictimai-siyasi formasiyada, sosializm sisteminin boğanağında zorlandığını, üzünün açıldığını vurğulayır. Yaşadığımız bir öncəki sistemlə bu xalqın nə ailə quracaq əxlaqi gücü, nə də tarixin nikah masasına oturacaq həssaslığı, xarakteri var. Sadəcə bizi bir millət olaraq, gerçəkdən, zorladılar. Oysa biz ailə qurmaq, ev, eşik, ocaq olmaq kimi bir bəraətlə üzümüzün ağlığını qoruyub saxlayanlardan idik. Bizim millətin “qızlar”ının “bulağı”nda bulanıqlıq sovet sistemiylə təcavüzə məruz qalmış tarix və mədəniyyət heysiyyatımızın üzərindən sükutla, “təşəkkürlərlə” vaz keçəməyəcəyimizin qanlı salnaməsidir bu əsər. Bizim misilsiz genefondumuzu elə bir günə qoydular ki, onu bərpa eləmək yalnız İLAHİ QÜDRƏTİN rəhman və rəhm olan sifətinə qalıb.

# 5249 dəfə oxunub

Müəllifin son yazıları

# # #