“Pamuk Ekodan daha yaxşı, daha oxunaqlıdır”

“Pamuk Ekodan daha yaxşı, daha oxunaqlıdır”
7 noyabr 2013
# 13:15

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz yazıçı Nəriman Əbdülrəhmanlıdır. N.Əbdülrəhmanlının ən sevdiyi əsər “Nobel” mükafatı laureatı Orxan Pamukun “Mənim adım qırmızı” romanıdır.

- Hansı bədii məziyyətlərinə və keyfiyyətlərinə görə “Mənim adım qırmızı” romanı sizin ən sevdiyiniz əsərdir?

- Mənə görə ədəbiyyat ilk növbədə sözün havasıdır, sözlə ruhun dərinliyinə enmək bacarığıdır. Pamukun “Mənim adım qırmızı” əsərində bu cür üstünlükləri gördüm. Romanda dövrün təsviri, yaxşı mənada oxucunu əldə saxlamaq üçün bədii avantüraları bilmək bacarığı, şəxslərin dili, fərqli üslublar, hər obrazın öz səsiylə danışması və bütün bunların romanın süjetinin yaranmasına xidmət etməsi çox unikal bədii faktdır. Ən əsası isə O.Pamukun özünəqədərki bütün üslublardan imtina edib öz fərqli üslubunu ortaya qoymasına görə roman diqqətimi çəkdi və ən sevdiyim əsərə çevrildi.

- Romandakı detektiv xətt olmasaydı, yəni Zərif Əfəndi ölməsəydi, Kəpənək, Leylək, Zeytun adlı obrazlar qatil kimi təqdim edilməsəydi, sizcə, əsər bu dərəcədə maraqla oxunardımı?

- Əvvəla deyim ki, Pamuk bu romanı yazmaq fikrinə düşməmişdən öncə Şərq miniatürləri barədə bioqrafik əsər yazmaq istəyirmiş. Sənədli-bədii kitab olacaqdı bu. Müsahibələrinin birində deyib ki, öz üslubundan imtina edib, fransız rəssamlığı üslubunda əsər yaratmaq istəyən rəssamın portretini yaratmaq istəyib, ancaq yazdıqca görüb ki, əsərdə nəsə çatmır, ona görə də romana detektiv xətt əlavə edib. Elə bil, fərdi portretdən kollektiv portret yaratmaq fikrinə düşüb. Əgər bunları da etməsəydi, əsər yenə də nəqqaşlıqla bağlı hissələri ilə maraqlı olacaqdı. Baş nəqqaş Osmanın sultanın xəzinəsində oturub qədim əlyazmaları, miniatürləri nəzərdən keçirmələri, üslubu şərhlər, bütün bunların rəvayətlərlə nəql edilməsi yenə də oxucunun diqqətini çəkəcəkdi. Romanda nəqqaşlıq sənətinin keçib gəldiyi yol, islam rəssamlığı, orta əsr dövrü, üslublar barədə əhvalatlar əminəm ki, bu əsəri oxuculara sevdirəcəkdi.

- Əsərdə bütün qəhrəmanların öz diliylə danışması, romana hansı bədii çaları qatır? Bu üslubi özəllik doğurdan maraqlıdır.

- “Mənim adım qırmızı” əsərinin ən gözəl bədii keyfiyyəti onun polifonikliyə, çox səsliliyə sahib olmasındadır. Əsərdə hər bir insanın, hətta əşyaların belə ətraf aləmə, hadisələrə öz münasibəti var, hər nəsnənin öz gözü var sanki. Pamuk çox unikal bir bədii texnika tapıb. Hətta cansız əşyaların hadisələri nəql etməsi də inandırıcı təsir bağışlayır, cizgi filmi effekti doğurmur. Oxucu sanki bütün bu səslərə, qulaq asır, rənglər dünyasını görür.

- Adı çəkilən romanda “sənəti qadağalar inkişaf etdirir” ideyası, islami yasaqlar fonunda görünür, sizcə, “gizli rəssamlıq” Osmanlı və türk rəsm sənətinə nələri qazandırıb və bütün bunlar haqqında danışdığımız əsərdə necə həll edilib?

- Pamuk üçün islam rəssamlığının təkamülünü əks etdirmək çox maraqlı mövzu olub. Bilirsiz ki, islam rəssamlığında insanın üzü çəkilə bilməzdi. Yaxud islam rəssamlığında prespektiv anlayışı yox idi, yəni bir əşyanın ölçüsünü digərinə nisbətdə əks etdirilməsindən söhbət gedə bilməzdi. Sultan Muradın elçisinin Venesiyaya gedib italyan rəssamlarının çəkdiyi şəkilləri görüb heyrətlənməsi faktı romanda əsas məqamdır. Heyrət etmişlər ki, insan, insan kimi çəkilib, at, at kimi. Yəni hər şey özünə oxşayır. İslam rəssamlığında isə real təsvir ola bilməzdi. Bütün bunlardan təsirlənən Muradın sarayda gizli nəqqaşlar saxlatdırması, öz portretini çəkilməsini əmr etməsi kimi tarixi faktlar olub. Pamukun romanı yazmaqda məqsədi o idi ki, necə olub islam rəssamlığı Qərb rəssamlığına keçid edib. Romanı oxuyub başa çatanda hiss edirsən ki, qədim Şərq miniatür sənətindən Qərb rəssamlığına keçid necə baş verib, bütün mənzərə oxucu üçün tam aydınlaşır. Bu mənada deyə bilərəm ki, romanda qoyulan problemlər öz həllini yüksək səviyyədə tapıb.

- Orxan Pamuka bu romanı yazmaq üçün material toplamaqda kömək edən Nazan Ölçer (kitabxanaçı) müsahibəsində Pamukun uşaq həvəsi ilə miniatür sənətini öyrənməsindən danışır. Eyni zamanda qeyd edir ki, Nişantaşında böyümüş bir insanın İslam dəyərlər aid nəqqaşlığı bu dərəcədə başa düşməsi qəribə görünürdü mənə. İstərdim Pamukun bu əsərdəki, dövr seçimindən və bu əsəri yazmaq fikrinə düşməsindən danışaq.

- Bilirsiz ki, Orxan Pamuk “Robert” kollecini bitirib, məktəbdə də ingilis dilində təhsil alıb. Onun həyat yoldaşını Amerikaya dərs deməyə dəvət edəndə, o da həyat yoldaşını tək qoymayıb Amerikaya gedib. Məhz həmin dövrdə Pamukda Şərqi Qərbdən görmək, Qərbin gözü ilə baxmaq meyli yaranıb. Amerikada boş vaxtı çox olduğuna görə ingilis dilinə tərcümə edilmiş Şərq ədəbiyyatı nümunələrini oxuyub. Bundan sonra Qərbdən Şərqi aydın görməyə başlayıb. O düşünüb ki, Qərb oxucusu üçün Şərqi necə tanıtmaq lazımdır. Orta əsrlərsə Osmanlının ən gözəl çağlarıdır. Pamuk Şərq mədəniyyətini və orta çağı dünya oxucusuna çatdırmaq istəyib, bunun sənət nöqteyi-nəzərdən də ən nümunəvi mərhələsi Şərq rəssamlığı və miniatürü idi. O yazıçı kimi mütəxəssisdən artıq öyrənib nəqqaşlıq məktəblərini və sonra romanı yazmağa başlayıb.

- Əsərdə üslubla bağlı ustalığı açan üç məqam var: Birincisi budur ki, rəssamlar atları ayağının ucundan çəkməyə başlayırlar, bununla da çəkəcəkləri rəsmi əzbər bildiklərini ustufca bildirirlər. İkincisi, Ustad Behcətin timsalında əsərin altına imza qoyulmamağı məqamı var,-rəsm o qədər Behcətin idi ki, imza qoymağa ehtiyac yox idi-bu da artıq üslubun kimə məxsus olmasına işarədir. Üçüncü isə kamillik mərhələsinə çatan rəssamların tuğ iynəsi ilə gözlərini kor etmələri o mənaya gəlir ki, sənətkarlıq son mərhələdə gördüklərini yox, görmədiklərini çəkməkdir. İstərdim üslubun ədəbiyyatda və sənətdəki rolunu, Şərq rəssamlığında bu cür məsələlərə münasibəti şərh edərək söhbətimizi davam edək.

- Kamillik elə bir zirvədir ki, o zirvəyə qalxandan sonra görməmək də, kor olmaq olar və insana zövq verər. İslam və Şərq sənətində belə məqamlar olub. Mənə elə gəlir ki, Pamuk bütün bunları yazmaqla, müasir dövrdə də, sənət məsələlərində üslub və dəsti-xəttin şərtiləşmədiyinə işıq salır. XVI əsrdə rəsmin altına imza qoyulmamağı əsas şərtlərdən olub, rəssam əsəri elə çəkməliydi ki, artıq onun əsərini kənardan baxanda kimə aid olduğu bilinsin. Əsl sənətkar öz üslubunu müəyyənləşdirməlidir ki, onun hansı nəqqaşlıq məktəbinə aid olduğu bilinsin. Həmin dövrdə Herat məktəbi, Təbriz məktəbi var idi. Hətta Çaldıran döyüşündə Şah İsmayıl Xətai Kəmaləddin Behcəti mağarada gizlətmişdi ki, mən ölsəm davamçım ola bilər, ancaq ondan yoxdur. Yəni sənətə bu cür yüksək qiymət verilən dövrdən yazıb Pamuk. Əsəri maraqlı edən amillərdən biri də ziddiyyətli dövrün seçilməsidir. Sualının ədəbiyyatla bağlı hissəsinə cavab olaraq deyə bilərəm ki, bu gün ədəbiyyatda tuğ iynəsindən “istifadə edəcək” yazar tapmaq çətindir. Bu da normaldır, çünki o dövrlə indiki zamanın arasında sənətə münasibət və sənətin şərtləri çox dəyişib. Bu gün üslub vasitəsiylə ancaq bir neçə müəllifi ayırmaq mümkündür, ədəbiyyatın ruhu yeknəsəqləşib. Səbəbsə müasir ədəbiyyatın sərbəstliyi ilə əlaqədardır. Orta əsrlərdə isə sənət əsərləri müəyyən kanonların içində yaradılırdı, ona görə də məktəblərə və üslublara mənsubiyyət ciddi qorunurdu.

- Tənqidçilər Pamukun romanının şifrəli qəhrəmanı sayılan ölü obrazını (Zərif Əfəndi) Folknerin “Yatağımda ölərkən” əsərinin qəhrəmanı ilə müqayisə edirlər, oxşarlıqları vurğulayırlar. Sizcə, bu iki əsər barədə hansı müstəvidə bağlılıqdan söhbət gedə bilər?

- Hər iki əsəri oxumuşam, müəyyən oxşarlıqlar var. Amma ədəbiyyatda bu cür bənzərliklər şərti məsələdir. Markesin “Üçüncü itaət” adlı hekayəsi var. Gənc bir oğlan ölür, anası qoymur meyiti basdırmağa, oğlan tabutun içində öz həyatını nəql edir. Cəmi 36 dramaturji situasiya var, bütün bədii ədəbiyyat bu mövzuların başında fırlanır. Biz bütün ərinə xəyanət etmiş qadın obrazlarına Anna Karenna deyə bilmərik axı. Situasiya oxşarlığından qaçmaq mümkün deyil.

- Xorxe Luis Borxesin “Tron” hekayəsindəki “yazar kitabına imza atmaz” ideyası “Mənim adım qırmızı”da da görünür. Əsəri nəql edənin kimliyi sona qədər bilinmir: Qaradırmı, yoxsa yazıçıdır və ya nəql edənlərdir? Yəni heç bir vahid nəql etmədən söhbət gedə bilməz. Sizcə, vahid üslubdan imtina ilə Pamuk sadəcə postmodernist oyun edirdi, yoxsa nə idi bu “müəllifsiz mətn” təqdiminin arxasında gizlənən məna?

- Borxesin “Tron” hekayəsini oxuyanda “imza qoymamaq” məsələsi mənə elə gəlmişdi ki, Şərqdən gəlmə düşüncədir. Çünki Borxes Şərq ədəbiyyatını və mədəniyyətini çox yaxşı bilən 3-5 yazıçıdan biridir. Borxesə görə də, əsər hər vədə müəllifi xatırlatmalıdır, müəllifə aidliyini bildirməlidir, belə olan halda isə imza qoymağa ehtiyac qalmır. Pamukun da müəllifsiz əsər yazması və ya çox müəllifli əsər yazması, yaxud əsəri müəlliflər arasında itirməsi onun yazıçı kimi üstünlüyüdür. Əsəri oxuyub bitirəndən sonra düşünürsən ki, görəsən, baş verənləri qələmə alan kim idi? Hətta əsəri yazıçının yaza bilmə ehtimalını unudursan.

- Romanda nəqqaşlıq sənətindən söhbət getsə də, üslubla bağlı mesajlar göndərilir. Məsələn, deyilir ki, “nəqqaşlıqda əsl məqsəd gözəlliyin əks edilməsi yox, nəqqaşın tutqusudur", yaxud “mən ağacı yox, ağacın mənasını çəkmək istəyirəm” kimi məqamlar var. Sanki, yazıçı hər vəchlə “sənət sənət üçündür”, sənəti bilənlər üçündür, oxucu üçün deyil mesajları verir. Bu barədə siz nə düşünürsüz?

- Mənə görə oxucuyla oynamaq baxımından bu yaxşı bir biclik üsuludur. Pamuk oxucunu cırnatmaq istəyən yazıçılardandır. O, bədii oyunları, oxucu psixologiyasını çox gözəl bilən yazıçıdır. Təəssüf ki, biz bu günəcən türk ədəbiyyatını Yaşar Kamalın, Əziz Nesinin simasında tanımışıq. Onlar üçün üslub 5-10-cu dərəcəli məsələdir. O tipli yazıçılar üçün əhvalatı hansı formada nəql etməyin ciddi fərqi yoxdur. Pamuk isə əsl üslubçudur. Pamuka qədər olan türk yazarlarından ancaq Əhməd Həmdi Tanpınarın əsərlərində üslubi və dil oyunları, fərqli bədii texnika ilə rastlaşmışam. Tanpınar üslub virtouzudur. Pamuk onun əsərlərindən təsirlənib, Tanpınar türk ədəbiyyatında modernizimin atası sayılır. Tanpınarın “Saatları ayarlama institutu” çox gözəl əsərdir. Deməli, hamı saatını eyni vaxta düzəldir ki, vaxt itkisi olmasın. Mənasızlığın anotomiyasını çox ustalıqla əks etdirir. Tanpınardan sonra O.Pamuk sübut etdi ki, ədəbiyyat təkcə təsvirçilik və nağılçılıqdan ibarət deyil, həm də dil, üslub və mövzu oyunlarıdır.

- Umberto Econun "Qızılgülün adı" romanı ilə O.Pamukun “Mənim adım qırmızı” əsəri barədə müəyyən paralellər var. Məsələn, bir neçəsini deyim:

- Əsərlərin adlarındakı oxşarlıq; “Qızılgülün adı" və “Mənim adım qırmızı”;

- “Qızılgülün adı” əsərindəki monastrın “Mənim adım qırmızı”da nəqqaşxana ilə əvəzlənməsi;

- “Qızılgülün adı”ndakı monastrda xristian qruplaşmaları arasındakı çəkişmələr, “Mənim adım qırmızı”da nəqqaşxanda islami təriqətlər arasında gedir;

- Hər iki əsərdə kohnəlmiş düşüncənin dağıdılmasının xilas kimi göstərilməsi faktı var

- Tarixə eyni kontesktdə müraciət görünür;

- Hər iki əsərdə cinayət motivinin əsaslılığı nəzərdən qaçmır;

- “Qızılgülün adı” əsərində kitabların, “Mənim adım qırmızı” rəsmlərin gizli saxlanılması amilləri var və s;

Sizcə, bu qədər oxşarlıq təsadüfüdürmü, yoxsa Pamuk müqayisəli ədəbiyyat mütəxəssislərinin dediyi kimi ciddi təsirə məruz qalıb, əsər plagiatdır?

- Sən bu qədər əsaslandırılmış oxşarlıqları sayandan sonra bilmirəm nə deyəm. Qəti deyə bilmərəm, ancaq plagiat səviyyəsində nələrinsə olmasına inanmıram. Ola bilər ki, Pamuk Ekonun əsərinin modelindən təsirlənsin. Situasiyalar oxşar ola bilər, amma situasiyaların təfərrüatı fərqlidir, ifadə etmək ustalığı başqadır. Məncə, Pamukun romanı Ekonun əsərindən daha yaxşıdır, daha oxunaqlıdır. Ola bilər tarixə münasibət modelində təsirlənmə kontestində oxşarlıq olsun, bu da ədəbiyyatda hansısa dərəcədə normaldır.

# 4031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #