(gündəlik qeydləri)
Çoxdandır ayağımın dəymədiyi Dram teatrda “Kabuslar”a baxdım.
Fasilə vaxtı rastlaşdığım jurnalist həmkarımın gözləri heyrətdən bərəlmişdi. Bircə kəlmə dedi: “Fantastika!”
“Pəri cadu”dan sonra Nicat Kazımovdan fərqli bir şey gözləməyə də dəyməzdi.
Eduardo de Filipponun “Kabuslar”ında maddi varlıqları – insanları və qeyri-maddi varlıqları - kabusları bir-birindən ayırmaq mümkün deyil. Rejissor da tamaşada bu xətti olduğu kimi saxlayıb və öz əlavələri ilə iki dünyanı bir-birinə qarışdırıb. İnsanı kabusdan, kabusu insandan ayırmaq mümkün deyil. Gerçək həyatdakı kimi.
Nicat Kazımov da, mən də maddi və qeyri-maddi dünyanın varlığına inanırıq. Və bunu da anlayırıq ki, bir başqası “Kabuslar”a tam başqa cür quruluş verərdi.
Deməli, hər şey qavrayışdan, beyni necə işlətməkdən asılıdır. Yəni beynin hər iki yarımkürəsi işləməlidir.
Bunu, təəssüf ki, rejissorların çoxuna şamil etmək olmaz.
Kulisdə möhtəşəm tamaşadan sonra alqışlardan, təbriklərdən nəfəsi kəsilmiş Nicat Kazımova dedim ki, “Kabuslar”dakı əlavələrinə görə də az irad eşitməyəcək. Aldığım cavab çox xoşuma gəldi: “Gedib əsəri oxusunlar”.
İnsanları mütaliəyə sövq etmək baxımından yaxşı üsuldur. Amma parabeyin insanın hətta oxudan belə nəsə anlayacağı yetərincə şübhəlidir.
Hər zaman maddiyyat düşüncəsində maddi varlıqların – insanların əhatəsində yaşamaq çox çətindir. Mən zəkalı kabuslar arasında olmağa üstünlük verərdim. “Kabuslar”ın qəhrəmanı kimi. Son da o – islaholunmaz romantik Paskuale də bu cür edir.
Tamaşaya baxdığım müddətdə özümü qeyri-maddi aləmdə hiss edirdim.
Teatr qapılarından çıxandan sonra maddi dünyaya qovuşdum – kabuslar aləminə.
Zəkalı kabuslar, parabeyin insanlar
14 iyul 2011
12:00
2204 dəfə oxunub