“Ay sənin ananı…”

“Ay sənin ananı…”
11 iyun 2011
# 10:00
Təxminən on iki il bundan əvvəlin söhbətidir. Təzəcə evlənmişdim. Günlərin birində arvadı da götürüb kəndimizə yollandım.

Uzun xoş-beşdən sonra gəlin yenicə evə alınmış pişik kimi qapı-bacada dolaşmağa, yerli şəraitə uyğunlaşmaq üçün gərdiş eləməyə başladı. Onu başa düşmək çətin deyildi – doğulub böyüdüyü Bakı həyatı ilə kəndin spartan ab-havası arasında uyuşmazlıqlar kefin istəyən qədərdir. Bunların çoxu kəndlə şəhər arasındakı ənənəvi uyuşmazlıqlardır. Lakin bunların sırasında elələri var ki, onları adi uyuşmazlıq və yaxud differensiasiya kimi qələmə vermək çox çətindir.
Deməli, kəndə getdiyimiz günün səhərisi, saat səkkiz radələrində ailəliklə oturub çay içirdik. Atam, anam, arvadım və mən. Atam müəllim idi, hər gün səhər tezdən qalxıb, anam heyvanları açıb buraxana qədər, samovarı qaynadar, hamımıza “çay qonaqlığı” verərdi.

Nə isə… Samovarın hamı üçün əlçatan məsafədə olmasına baxmayaraq, arvadım hər dəfə kiminsə stəkanı boşalan kimi cəld davranır, çayı özü süzürdü. Atam altdan-altdan gəlinini süzür, anamla baxışır və məmnunluqla gülümsünürdü. Küçədən qoyun-quzu mələşməsi, inəklərin movultusu eşidilirdi; bu vaxtlarda kəndin camaatı mal-qaranı sürüyə qatır. Lakin bu idilliya uzun sürmədi…

Əvvəlcə onu deyim ki, bizim ev kəndin düz ortasındadır. Məktəb binası, keçmiş sovxoz dəftərxanası, kənddəki yeganə dükan, feldşer məntəqəsi və “sovetlik” - bütün bunlar bizim evin həndəvərində yerləşir. Səhər-səhər naxırçı gəlib duz evimizin qənşərində dayanır, sonuncu kəndlinin öz inəklərini sürüyə qatmasını gözləyir.

Bu zaman inəklərini naxıra qatanlar dərhal çıxıb getmirlər, naxırçının başına toplaşıb, onunla dağdan-arandan söhbətləşir, zarafatlaşırlar.

Nə isə, oturub şirincə çay içdiyimiz yerdə küçədən ardı-arası kəsilməyən yeddimərtəbəli söyüşlər eşidilməyə başlamadımı!..

- Ayə, kimin oğlusan, a kopoğlu? - xırıltılı yoğun kişi səsi soruşdu.

- Səməndərin, - sərçə civiltisini xatırladan səs eşidildi.

- Ağzını-üzünü belə-belə elədiyim atana de ki, belə inək saxlamazlar. Yaxşı, tutalım, atan əhli-kefdi, bəs, anan itin qızı hara baxır?!
Üstündən az keçmiş həmin səs başqa birisini hədəf götürdü:

- Ayə, bu dananın tükü niyə tökülüb, a sənin ananı… Elə bil, dananın belində qaz otlayıb… - Səs öz şərhlərini mütləq ana-bacı söyüşləri ilə süsləyirdi.

Arvadım əvvəl-əvvəl özünü eşitməzliyə vurmaq istədi, amma eşikdəki səs durub-dayanmaq bilmədiyindən, qızarıb-bozarmağa, başını aşağı dikib sozalmağa başladı. Bunu da başa düşmək çətin deyildi – onun boya-başa çatdığı Bakı məhəlləsində belə söyüşlərin üstündə adamı “xosunbay” eləyərdilər.

Hələ-hələ arvad-uşağın içində söyülən söyüşlərə görə. Bunu televiziyalarda gedən kriminal xronikalardan da bilirsiniz, bəs: “bu gün filankəs filankəsi söyüş söydüyünə görə bıçaqlayıb” deyə.
Atam gəlinin özünü naqolay hiss elədiyini görüb, guya onu vəziyyətdən çıxarmaq üçün irad elədi:

- Fikir vermə, qızım, tərbiyəsiz g..verənin birisidi.

Burada nəzərə almaq lazımdır ki, həmin “tərbiyəsiz”in hardasa səksənə yaxın yaşı var idi.

İndi hər dəfə ədəbiyyatda arqo deyimləri və yaşlı nəslin qulağını cırmaqlayan küfrlə bağlı dartışmaları görəndə həmin hadisəni xatırlayıram və özümü gülməkdən saxlaya bilmirəm.

Ədəbiyyatda söyüş və küfrün yer alması bu günün məsələsi deyil. Ədəbiyyat vaxtilə ona pərçimlənmiş didaktik funksiasını itirdikdən bu yana söyüşlərə və bu semantik yuvadan olan digər “janr”lara (folklorda buna ayrıca janr kimi baxırlar) geniş qucaq açmış oldu.

Bu günlərdə ruscada Uelşin “İynəyə oturmaq” əsərini oxudum. Bu yüksək sənət əsərindən zövq almamaq mümkün deyil. Buradakı küfr kitab personajlarını canlı insanlara çevirmək vəsiləsidir yalnız. Dünya ədəbiyyatının klassiklərindən tutmuş müasir yazıçılara qədər saysız-hesabsız yazıçılar bizim həyayla “qeyri-normativ” leksika adlandırdığımız tərkibdən həvəslə istifadə etmişlər.

Bunların sırasında Puşkin, Tolstoy, Bulqakov, Coys və s. də yer alır. Coysun “Uliss”ini oxuyanlar bilir ki, buradakı yağlı söyüşləri hələm-hələm Azərbaycan dilinə tərcümə etmək indiki bir az başıpozuq zamanımızda belə müşkül iş kimi görünür.
Avropada, ümumiyyətlə, Qərbdə qeyri-normativ leksikadan istifadə ilə bağlı problemlər çoxdan zamanın arxivinə verilib.

Orada “ədəbli, söyüşsüz, mərifətli” mətnin yazılması sənələr öncə şərt olmaqdan çıxıb. Söyüş söymənin üstündə bir-birini bıçaqlayan yurddaşlarımız məni düzgün anlasın. Gerçək, xəyali olmayan həyatı qələmə alarkən yazıçının qeyri-normatif leksikadan yararlanması nomaldır.

Baxmayaraq ki, yazıçı istənilən halda kerçəkliyin estetik obrazını yaradır və bir növ onu modelləşdirir. Viktor Yerofeyevin Qərbdə də məşhurlaşmış “Moskva – Petuşki” əsərində bu leksika bütöv səhifələrlədir. Ancaq buna görə onu söyüb-yamanlayan yoxdur.

Bu gün Hollivudda çəkilən filmlər açıq-saçıq söyüşlərlə zəngindir. Doğrudur, bunlar əsasən “böyüklər üçün” çəkilmiş filmlərdir. Qoy heç kəs məni inandırmağa çalışmasın ki, söyüş söymək və küfr söyləmək bizim mentalitetimizə, mədəniyyətimizə-filana yaddır. Heç olmasa, öz “Oğuznamələr”imizdəki yağlı-buğlu arqolara nəzər salın. Adət-ənənədən, varislik-vərəsəlikdən danışarkən “Oğuznamələr”i görməzlikdən gəlməyin lütfən.

O zaman biz arqo deyimlərindən istifadə edənlərə qarşı niyə bu qədər öfkələnirik, bunu kəsdirə bilmirəm.

Sonda bu günlərdə rus qəzetilərindən birində rastlaşdığım bir çıxışı diqqətinizə çatdırım, gülün. Günümüzün hadisəsidir: məşhur italyan sənətşünası, İtaliya parlamentinin üzvü Vittorio Sqarbi parlamentin iclasında bir məmurun ünvanına küfr püskürür: “Bu kəmsavad məmur katso, bu nadan katso, bu cəhalətpərəst katso, bizə mədəniyyət abidələri ilə necə davranmaq lazım olduğunu öyrətməyə çalışır, katso!”

Diqqətinizə çatdırım ki, “katso” italyancada kişi cinsi orqanının adıdır.
# 4783 dəfə oxunub

Müəllifin son yazıları

# # #