Elza Seyidcahan Gömrük Komitəsindən nə istəyir?

Elza Seyidcahan Gömrük Komitəsindən nə istəyir?
22 iyul 2024
# 15:30

Kulis.az Eminqueyin "Şeirimizin Vaqif Mustafayevi" adlı yeni yazısını təqdim edir.

Xalqımızın şeir anlayışı formaca dördbucaqdır. Dörd misra olsun, üç misrada havadan-sudan danış, sözünü saxla dördüncü misraya. Əsas odur ki, qafiyən-zadın yerində olsun. Deyərdim ki, təkcə şeirə yox, elə hər şeyə dördbucaq baxır gözəl xalqım (dördbucaq – tərəfli eyni ölçüdə olan həndəsi fiqurdur!). Ölçüdən çıxmamalısan, xalqın düşüncəsi, geyimi, yaşayışı nə ölçüdədirsə, o ölçüdə olmalısan, onun ölçülərinə bərabər olmalısan. Qafiyədən çıxdınsa, hecanı pozdunsa – lənət olsun, bu kafirə!

Xalqın ölçülərini pozan adamlardan biri də Elza Seyidcahandır. Hər nə qədər “seyid” statusuna malik olsa da, Elza xalqın ölçülərindən elə çıxır ki, ona lənət də oxuyurlar, söyüş də söyürlər. Elza isə bunların heç birinə əhəmiyyəti vermir. O da dördbucaq xalqın bütün bucaqları ilə məzələnir, gah geyimi, gah da şeirləri ilə.

Elza Seyidcahanı müzakirəyə çıxaran, şeirlərini gündəm mövzusuna çevirən nəsə var. O nəsənin biri onun musiqiçi olmağıdır. O, sözlərin melodiyasını, ritmini gözəl bilir. Onun yazdığı şeirlərdə melodiyanı, ritmi duymayan adamlar heç toyda da düz-əməlli oynaya bilməyən adamlardır. Nəsənin digəri isə Elzanın xalqın dilində fırlanan beldən aşağı ifadələrdən ustaca istifadə etməyidir. O yaxşı bilir ki, xalqın ən çox sevdiyi və güldüyü şey beldən aşağı lətifələrdir. Kimi dindirsən, azı beş-on dənə beldən aşağı lətifə bilir. O yaxşı bilir ki, xalqın ən çox maraqlandığı xəbər başlıqları da beldən aşağı başlıqlardır. Buna görə də bütün beldən aşağı ifadələrdən maksimum yararlanır. Bu iki nəsənin sayəsində Bəxtiyar Vahabzadənin bircə misrasını belə əzbər bilməyən adamlardan Elzanı xəbər alsan, 99 faizi “Tikim sizin ağzınızı” misrasını deyib qaqqıldayacaq.

Bəs, yaxşı, el ilə bir yerdə Allahu Əkbər deməyib palaza bürünməsək, Elzanın bir dişə dəyən misrasını tapmaq olmazmı? Olar.

Elza Seyidcahan bir şeirində deyir ki, "tüpürüm sizə hündür ağac başından". İlk qulağa dəyişindən adama mənasız gəlir. Düşünürsən ki, bu nə qeyri-etik davranışdı? Ağacın başına çıxmaq bir ayıb, ordan camaata tüpürmək iki ayıb. Biraz düşünəndən sonra nəticə hasil olur ki, Elza haqlıdı. Nöşün? Oşün ki, buralarda həqiqəti yerdə nəinki demək, pıçıldamaq da təhlükəli zaddı. Çünki o həqiqət dördbucaqlı deyil. Ölçüləri xalqın ölçülərinə uyğun gəlmir.

Bu mənada “hərəyə bir ağac əkək” aksiyası da bizim xeyrimizədi. Ağac bol olarsa, basılmaz həqiqət! Elza Seyidcahan tüpürmək üçün ağacı da elə-belə seçməyib. O bilir ki, ağac kəsməklə bağlı 2010-cu ildə "Ətraf mühitin mühafizəsi haqqında" qanun qəbul edilib və bu qanuna əsasən, ağac kəsmək yalnız müvafiq icazə ilə mümkün olur. Qəşəng də cəriməsi var. 500 manatdan 3000 manata qədər. Ona görə də çıxdığı ağacı kəsən olmayacaq. İndi deyəcəksiniz ki, o qədər ağaclar olub, kəsib yerində bina tikiblər. Dedim axı, icazə almalısan, kəsiblərsə, icazə verilib.

Elza Seyidcahan “Get, işinlə məşğul ol” şeirində birbaşa xalqın özünə, kökünə müraciət edir və şair əcdadlarının yolundan davam edib nəsihət verir:

“Şikayət etməkdənsə
Axmaq adam.
Tənbəl adam.
Yaramaz adam.

Oranı qaşı, buranı qaşı.
İşin yoxsa
Get, nənənin, babanın
Qaşı, qaşı.
Qazanın aşı.

Üzüyü qaşı tanıdar
Üksüyü sapı qaraldar.
Sən də saplan öz iynənə.
Zolaq olaq, corab olaq.

Yuxarıda qeyd etdiyim kimi sözün melodiyasını, ritmini bilən Elza Seyidcahan həm də mənsub olduğu xalqın ritmini də gözəl duyur:

“Qonaq olaq
Tozanaq olaq.
Cukka cuka, cakka cuka
Cakkada Cuka, Cukka Cuka
Cukkada, cukkada
Rakkada, cukkada
Cukkada cukkada
Rakkada cukkada

Gəl kökümüzlə məşğul olaq
Adam olaq”.

Elza Seyidcahan yaradıcılığı “seyid” məqamına, bu məqamın ağırlığına, dini və fəlsəfi kökünə onun “Qadın bir şey istəyir” şeirində çatır:

“Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey”.

Şair qadının niyə qabırğadan yaradıldığını öz poetik dünyasında qadının incə məxluq olduğu, sığala, tumara ehtiyac duyması ilə yozur və qadın haqlarının tapdanmasına etirazını fəlsəfi şəkildə bildirir.

Elza Seyidcahan yaradıcılığının beldən aşağı xalq deyimlərilə iç-içə olmasından bəhs etdim. Bu iç-içəlik onun son dövrlər yazdığı “Soxun” şeirində daha qabarıq, daha üsyankar, daha sərt formada üzə çıxır. Bu şeirə ümumi baxsaq, şair bir-birini aldadan, bir-birinə kəf gələn adamları ifşa edir və etirazını, xüsusən, Gömrük Komitəsinə edir. Özü də, birbaşa xalqın öz dilində - “soxun” deməklə. Bu şeirdən də görünür ki, xalq onu şair kimi qəbul etməsə də, Elza Seyidcahan öz poetikası ilə xalqın daima yanındadır, onun dərdinə can yandırır.

Onun yaradıcılığı həm də obraz seçimləri ilə fərqli və zəngindir. Poetik dünyasında “Süpürgəçi” qadınlara da yer verən şair bu şeirində də misralarındakı etirazı genişləndirir, süpürgəçilərin işinin mahiyyətini biraz da dərinləşdirir.

“Qoşul mənə süpürgələ,
Sənətimizi süpürgələ,
Səhnəmizi süpürgələ,
Gəl bir yerdə ibrətimizi
Niyyətimizi,
Süpürə-süpürə heyətimizi,
Qeybətimizi,
Yığa-yığa qeyrətimizi
Küsdürə-küsdürə pislikləri
Uzaqlara,
Ucsuz-bucaqsız çöllərə
Süpürgələ, süpürgəçi”.

Elza Seyidcahan poeziyasının mövzu rəngarəngliyi bununla da bitmir. O, poeziyada daha bir yeniliyə imza atıb “Utan bığından” şeirini yazır. Şeirdə bığın xalqımızın tarixində necə önəmli bir simvol olduğundan söz açır:

“Sözünü deyib
Səngərimiz
Bığsız bizim nə Vətənimiz?
Bığın gərək dibi ola
Bığ dibinin cibi ola
Cibin dibi tikik ola”.

Şair düşünür ki, bığ kişilik simvolu olsa da, bığı burma igidlərimiz sözünü səngərdə desə də, gərək o bığı daşıyan kişilərin cibi də cırıq olmasın. O, bu misralarla dövrün reallıqlarını, maddi çətinlikləri göstərməyi uğurla bacarır.

“Bığ bilmir
Necə yusun dişini?”

Məni silkələyən misra isə bu misralar oldu. Elza Seyidcahanın poetik gözü bığı dodaqların üstündə dişləri yumağa hazır olan fırça kimi görür.

Düşünürəm ki, “Mən aktyoram”, “Son vida”, “Sənsiz”, “Toy adamları” kimi gözəl musiqi əsərləri ilə sevdiyim Elza Seyidcahan sözün Vaqif Mustafayevidir. Vaqif Mustafayev çəkdiyi filmlərlə də, “Space”-dəki fəaliyyəti ilə də böyük kütləyə daima ironiya ilə yanaşırdı. Elza Seyidcahanın ironiyası da cəmiyyəti Əbdülqəni kimi çaşdırır, tərs çevirir, öz ölmüş təfəkkürünün dəmir tabutuna kəllə vurdurur.

Xəlil Cübran deyir ki, şairlə alim arasında yaşıl bir çəmənlik var. Alim onu keçsə, müdrik olacaq, şair onu keçsə, peyğəmbər. Şairə bu yazımla uğurlar arzu edir, ona daha yeni obrazlar, poetik tapıntılar arzu edirəm və ümid edirəm ki, o "seyid" məqamından peyğəmbərlik məqamına adlaya biləcək.


# 2838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #