Qonşu qadına tamah salan molla

Qonşu qadına tamah salan molla
14 avqust 2024
# 12:25

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

Dostlarımdan birinin atası dünyasını dəyişmişdi. Yas yerinə getmişdim. Hər şeyin klişe davam etdiyi vaxtda, çəngəl səslərinin, qır-qırın müşayiəti altında molla nələrsə danışır, heç kim isə ona qulaq asmırdı. Qəfil mənimçün gözlənilməz olan bir şey baş verdi. Molla Əliağa Bakirin “Ata” qəzəlini deməyə başladı.

“Hər bir övlada şərəf, şöhrət ilə şan atadır.
Başa tac, qəlbə fərəh, təxti-süleyman atadır”.

Dovğamın sonuncu qurtumunu bilmədim necə uddum. Molla qəzəl deyir? Heyhat! Bu ki inqilabdır! Məclisdəki insanlar da maraqla dinləyirdilər. Bu marağı görən molla bu dəfə Məşədibabanın “Atasız” qəzəlini deməyə başladı.

“Olmasın dəhridə heç bir nəfər övlad atasız
Olmarıq bircə an aləmdə inan şad atasız”.

Bəlkə də, ilk dəfə idi ki, molla onun dediklərinə qulaq asan yas camaatı görürdü. Özünə də ləzzət eləmişdi. Ondan bəri heç bir məclisdə belə bir molla görmədim.

Amma hansı yasda oldumsa, molla özünü tək hiss eləməsin deyə o danışanda başımı “düzdür”, “eşidirəm” mənasında yuxarıdan aşağı yellədim.

Bütün bunlara baxmayaraq, bu mollalara, ümumiyyətlə, mollalığa yuxarı-aşağı baş yelləmirəm. Hətta özüm də mollalıq etmək sevdasına düşmüşəm, ey bəni-Adəmlər!

Hərçənd ki, xalqın tez-tez dilində dövr eləyən “mollalıq eləmə” ifadəsi yaxşıya yozulmur, amma mollanı süfrəmizin, qəbrimizin başında əyləşdirən də bizik.
Haqverdiyevə haq verməyən, Mirzə Cəlili zəlil gününə qoyan, Sabirin həyatını Sibirə çevirən insanlarıq, amma heykəllərinin önündə təzim edən də bizik.

Vaveyla!

Ey ölülər!

Qorxduğum müsəlmanlar!

Dərindən təəssüf ki, təhlükənin düz qucağında özümüzə dövlət yaratmışıq. Cənubdan gələn cahil küləklər bəzən hər şeyi vurub-dağıdır, bəzən isə aram-aram ovur, aşındırır.

Özlərini Allahın yanından gəlibmiş kimi aparan bu adamlar mollalar illərdir bu gəlmişliyə hörmət edən, süfrəsinin başında yer verən insanların inancından gen-bol istifadə ediblər. Bu azmış kimi neçə-neçə əclaflıqlara da qol qoyublar.

Məsələn, 2012-ci ildə Qubada qeyri-adi molla peyda olur. Qubanın Amsar kəndində yaşayan 49 yaşlı Şükür Fətəliyev inanc yeri kimi tanınan "Babagörükən" adlı yerdə mollalıq edir. Özünə övliya deyən bu adam həm əynindəki paltarlarını yaşıl geyinir, həm də əlindəki ağacdan hazırlanmış yaşıl qılıncla gəzir. Guya ki Allahın dərgahına qalxıb, ona vergi verilib.

2015-ci ildə Şəmkirdə rayonun kəndlərindən birində qurulan toy məclisi uzun illər davam edən böyük bir fırıldaqçılıq, qalmaqallı məsələnin sirlərini açır.

Evini “ziyarətgaha” çevirən şarlatan mollanın qıza təcavüz etdiyi ortaya çıxır.
Gəlin toy axşamı həyat yoldaşına iki il əvvəl 49 yaşlı Müsahib Vəliyev adlı fırıldaqçı seyidin ona bir stəkan su adı ilə dərman içirərək təcavüz etdiyini danışır.

Toyun səhəri günü bu xəbəri eşidən ailə üzvləri, çoxsaylı kənd sakinləri bu günə kimi kənddə rast gəlinməmiş belə bir rüsvayçı olaya görə ayağa qalxaraq, "molla"nın evini mühasirəyə alırlar. Mənzilin şüşələrini sındırıb, daş-qalaq etsələr də, çölə çıxan olmur.

2016-cı ilin 15 noyabrında molla evində başqa qadınla yaxalanır. Polis onları tutur və molla polisə “sən mənə heç nə edə bilməzsən, mən bu qadını alıram” deyir.
İstər Azərbaycanda, istərsə də Şərq ölkələrində bu kimi xəbərlər adamın gözünü yara edir. Qonşu Türkiyədə molla xəbəri çıxmasa, insanlar rahat yata bilmirlər.

Bizdə isə bu şarlatan dəstələri o qədər dərin kök salıblar ki, yaxın keçmişdə “Qaloş piri”nə qoşmadığımız zarafatlara görə təəssüflənməklə kifayətlənə bilmişik.

Əlimizdən başqa nə gəlir ki?!

Lerikin Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı olmur. O, sadəcə kənddə namaz qılan, kənd camaatından pul almaqla Yasin surəsi, Quran oxuyan şəxs olur.

Molla qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girir və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayır. 3 uşaq anası olan Zəkifə qışqırmağa başlayır və “evə oğru girib” deyərək qonşularını köməyə çağırır. Qadının qışqırdığını görən molla cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu amansızlıqla qətlə yetirir.

Zəkifənin həyat yoldaşı Rusiyaya işləməyə getmiş, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və Şuşada hərbi xidmətdə imiş.

Bəli, əvvəllər mollalar “xalqa xidmət başında” min hoqqadan çıxırdılarsa, indi daha da azğınlaşıb birbaşa “evə çatdırılma” ilə öz kariyeralarının zirvəsinə çatıblar.

O qədər vicdansızlaşıblar ki, ərinin Rusiyada çörək qazanmağa getməyindən, bir oğlunun şəhərdə işləməyindən, müharibədə döyüşmüş bir oğlunun hazırda Şuşada xidmət etməyindən, digər oğlunun isə meşəyə odun qırmağa getməyindən istifadə edib qadını zorlayacaq qədər gözləri qızıb.

Ailəsini dövlətə, insanlara etibar etmiş kişilərin namusuna göz dikmək insanlığa yaraşmır, o ki qaldı mollalığa, axundluğa.

Və nə təəssüf ki, qonşuluqdan gələn bu cahilliklə mübarizə aparmaq tarixin istənilən dövrlərində bizə torpaq almaqdan daha çətin bir məsələyə çevrilib. Torpaqları azad etdik, bəs ailəmizi, qızlarımızı, qadınlarımızı bu cahil-cühəlanın, gözləri qızmışların, saxtabaşların əlindən necə xilas edək?

Dövlətin bir edam cəzası da yoxdur ki, kökləri kəsilsin.

“Tütək səsi”ndəki Qılınc Qurban kimi qışqırmaq istəyirəm:

- Bu gün Cəbrayılı bağışlayaq, sabah da başqaları əsgər namusuna sataşmağa başlasınlar, hə?

Sonra elə ona cavab verən İsfəndiyar kişi kimi özümə təsəlli verirəm:

- İnamını itirmə, Qurban, inamını itirmə...

Və bir şeydə rahatlıq tapıram. O mollaya müharibəni də, əsgər namusunu da necə lazımdır sübut edəcəklər.

Ümumiyyətlə, kimə lazımdır bu mollalar? Ölüyə Quran oxumaq bu qədərmi çətin şeydir? Və yaxud da, ölüyə Quran oxumaq ölünün nəyinə lazımdır? Diri ikən Quran oxumayan adamın ölüsünə Quran oxuyanda onun Quransız həyatı imana gəlir?

İnsanların dini savadsızlığından istifadə edib pul qazanan bir dəstədir bu mollalar. Yas yerində dedikləri heç kimin vecinə olmayan, qaşıq-çəngəl səsindən səsi it-bat olan bu mollaları məncə, tarixin əski əlifbasının yanına göndərmək lazımdır.

Göndərmirsinizsə, özünüzü Mirzə Cəlil təəssübkeşi kimi göstərməyin, Sabirə söz deyəndə hay-şüvən salmayın.

Deyin ki, bəli, biz Mirzə Cəlililn, Sabirin dediyi insanlarıq…

Danabaşlarıq!

Amma siz Allah, əgər qarşınıza şairlərimizdən qəzəl-zad deyən molla çıxsa, bircə ona dəyməyin…

# 4172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #