Onları nə Amerika sevirdi, nə də SSRİ

Onları nə Amerika sevirdi, nə də SSRİ
4 dekabr 2013
# 08:30

1962-ci ilin dekabr ayının 1-də Nikita Xruşşovun Sovet Avanqard rəssamlarının sərgisinə gəlişi və sərgidə məlum çıxışı, onları olmazın sözlərlə təhqir etməsi keçmiş Sovet vətəndaşlarının bir çoxlarının xatirindədi. Ancaq çox az adam bilir ki, belə bir hadisə 1948-ci ildə ABŞ-da da baş vermişdi. Abstraksionistləri tənqid edən ABŞ prezidenti Harri Trumen belə bir irqçi fikir səsləndirmişdi: “Əgər bu incəsənətdirsə onda mən qottentotam (Afrikanın cənubunda yaşayan xalq).”

Konqresmenlər prezidenti dəstəkləyərək bildirirlər ki, büdcə vəsaitini belə şeylərə xərcləmək Amerikaya ayıbdır. Beləcə sərgini ləğv edərək əsərləri 95% endirimlə satırlar. Xalq da bu qərardan sevinir. Amerika xalqı da bunu incəsənət saymırdı. Sözgəlişi SSRİ-də də bu cür idi. Amma elə burdaca oxşarlıq bitir. SSRİ-də avanqard incəsənəti təqib edir, ABŞ-da isə oxşayıb bəsləyirdilər...

Mərkəzi Kəşfiyyat İdarəsi muzeydə

Amma bunu olduqca gizli edirdilər. Əməliyyat haqqında bir neçə MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) üzvü, MoMA-nın (Museum of Modern Art – Nyu-York Müasir İncəsənət Muzeyi) sahibi Nelson Rokfeller və onun ətrafında olan bir neçə nəfər bilirdi. Demək olar ki, onların hər biri təkcə abstrakt incəsənətlə deyil, həm də kəşfiyyatla əlaqəli idilər. Misal üçün, muzeyin direktoru Tom Breyden 1950-ci ildə SSRİ- ilə soyuq müharibə zamanı incəsənətə nəzarət etmək üçün MKİ –də yaradılmış beynəlxalq şöbəyə rəhbərlik edir.

İllər sonra bu sirrin üstü açılanda o belə deyirdi: “Biz bütün incəsənət adamlarını – yazıçıları, musiqiçiləri, rəssamları-birləşdirmək istəyirdik. Bununla göstərmək istəyirdik ki, Qərb və Birləşmiş Ştatlar azad incəsənət və intellektual fəaliyyətin tərəfdarıdır. Və SSRİ-dəki məsləkdaşlarından fərqli olaraq fəaliyyət azad göstərə bilirlər. Məncə bizim şöbə MKİ-nin ən vacib idarəsi idi, o soyuq müharibə zamanı çox böyük rol oynamışdı.” Amerika abstraksionistlərini Avropada tanıtmaq üçün Rokfeller və onun sevimli muzeyi xüsusi əməliyyata cəlb edilir. Bunun üçün büdcədən xeyli vəsait ayrılır.

Hoqqabaz və əyyaşlar

Niyə məhz kvadrat, düzbucaqlı, düz xətlər və başqa məzmunsuz, qeyri-konkret əsərlər çəkən abstrakt ekspressionistləri seçirlər? Bu da rəsmi versiya. Birincisi Sovetlərdə bu cür incəsənəti sevmirdilər. Xruşşov məsələsi də bunu təsdiq edir. Sovetlərin tənqid etdiyi hər bir şeyi isə asanlıqla onların əleyhinə işlətmək olardı. İkincisi bu əsl amerikan incəsənəti idi. Bunun kökləri rus avanqardına, kubizm, sürrealizm və başqa Avropa “izm”lərinə dayansa da bu vaxta amerikan rəssamlarından artıq böyük bir ordu əmələ gəlmişdi. Bu mühitdə mövcud olan qiyamçılar, əyyaşlar hoqqabazların isə tez-tez işlətdiyi fikir azad incəsənət idi. Azadlıq isə Amerikanın simvoludur. Bunların içində Cekson Pollok kimi qəzəbli kovboy, söyüşcül, dalaşqan, davakar, əyyaş əsl amerikan da var idi. O nəhəng kətanı yerə sərərək guya ekstaz halında onun üzərinə rəngləri necə gəldi çırtlatmaqla bütün kətanı boyayırdı. Tənqidçilər əmin edirdilər ki, onun əsərlərində təsir gücü, enerji və azadlıq var və bu da Amerika ruhu idi.

İkinci belə bir rəssam Mark Rotko idi. Melanxolik və depressiyaya meylli rəssam nəhəng kvadratlar, düzbucaqlı dördbucaqlar çəkir, amma Maleviçdən fərqli olaraq onları iki-üç rəngə boyayırdı.

Əməliyyatın rəhbəri Donald Ceymson abstraksionizm haqqında belə deyir: “Biz başa düşürdük ki, sosrealizmlə heç cür uyğun gəlməyən bu rəssamlıq Sovet incəsənətini olduğundan daha üslubçu, daha amansız və məhdud olmağa məcbur edə bilər. Moskva o zamanlarda öz sərt kanonlarından ixtiyari sapmanı çox amansız şəkildə tənqid edirdi. Buna görə də belə bir nəticə ortaya çıxırdı ki, SSRİ-də nə amansız şəkildə tənqid olunursa onu himayə etmək lazımdır. Əlbəttə, bu tip məsələlərdə himayəni yalnız MKİ vasitəsilə təşkil etmək olardı. ”

Bunu necə həyata keçirməli? Avanqard incəsənətin maliyyələşdirilməsi Konqres tərəfindən qadağan edilmişdi. Rəssamların özlərinin himayəsi gözlənilməz nəticələr verə bilərdi: Onların kommunist, trostkist və digər sol cərəyanlarına aid olmaları, MKİ-yə nifrət etmələri azmış kimi üstəlik də etibarsız idilər, himayədarlarının kim olduğunu bilsələr dünya miqyasında qalmaqal çıxara bilərdilər.

ABŞ-ın ikiqat qələbəsi

“Elə bu səbəbdən də gizlin fəaliyyət göstərməyə məcbur idik” – T. Breydon deyirdi. Buna görə rəssamların özlərini bu işdən uzaq tutmağa məcbur idilər. Heç bir rəssamı bu işə cəlb etməsələr də, onlara pulu birbaşa ödəməsələr də sərgilər təşkil edir, müqavilələr bağlayır, ziyafətlər təşkil edir, əsərləri baha qiymətə alırdılar. MKİ ilə əlaqə ortaya çıxmasın deyə bu işləri ictimai təşkilatları və fondları cəlb edərək büdcə vəsaitini onların vasitəsilə əldə etməklə təşkil edilirdi.

Açar rolunu isə MoMA və MKİ nəzdində yaradılmış bir neçə fond oynayırdı. Fondların başında isə öz adamlarını təyin edirdilər. Abstraksionizm sahəsində xeyli əməyi keçmiş Farfild Fonduna MoMA muzeyinin beynəlxalq məsələlər üzrə komissiyasının üzvü Culisus Fleyşman rəhbərlik edirdi. Əlavə edək ki, komissiyanın iclaslarında isə onun ətrafında çox nüfuzlu MKİ əməkdaşları olurdu.

Bu qəribə tarixçənin heç kəsin söz açmadığı bir aspekti də var. Nəticə etibarı ilə amerikalılar ikiqat qələbə qazandılar. Birinci soyuq müharibə cəbhəsində idisə, ikinci qələbə haqqında susurlar. Rokfeller və xüsusi əməliyyatın digər üzvləri abstraksionistlərin bütün əsərlərin alırlar. MKİ -nin əməliyyatından sonra isə əsərlərin qiymətini dəfələrlə qaldırılır. Beləcə Nyu-York avanqard incəsənətin paytaxtı titulunu Parisin əlindən alır. Maraqlıdır ki, bu “paytaxt”ın ABŞ-a gətirilməsi ideyası hələ 1920-ci illərdən Rokfellerin başında var idi. Bu uzun yolda ilk addım 1929-cu ildə MoMA-nın yaradılması oldu. Əgər belədirsə onda bir sual çıxır, bu əməliyyatda musiqini “sifariş” verən kim idi, MKİ, yoxsa....

# 3913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #