Xəstənin kor olmasını gözləyən professorun böyük kəşfi

Xəstənin kor olmasını gözləyən professorun böyük kəşfi
26 aprel 2014
# 07:30

Kulis.Az Əziz Nesinin “Orijinal mikrob” hekayəsini təqdim edir.

Qaraqabaq professor assistentləri və qələbəlik tibb tələbələri ilə palataya girdi. Göz xəstəlikləri şöbəsinin müdiri olan professor sərtliyi, tərsliyi, qaraqabaqlığı və çox az danışması ilə tibb mütəxəssisindən çox Birinci Dünya Müharibəsinin generallarına bənzəyirdi. Soyuq adam idi. Yerli-yersiz ətrafındakılarla soyuq davranırdı. Təkcə tələbələri, asisentlər deyil, dostları da ondan çəkinir və yan gəzirdilər. Bütün bunlara baxmayaraq, tibb aləmində çox tanınırdı, bir çox beynəlxalq tibb təşkilatlarının üzvü idi. Elmi araşdırma və yazılarıyla tibb ədəbiyyatında özünəməxsus yeri vardı. Elə buna görə də ona böyük hörmət göstərirdilər.

Palatadakı çarpayıların önündə ən çox bir dəqiqə dayanırdı. Assistent həkimlər, professorlar onlardan bir şey soruşacaq deyə həyəcanlı idilər.

- Bu xəstə yenidir?

Solundakı assistent:

- Bəli, dünən gəldi.

- Nə olub?

- Hələ ki, bilmirik. Gözləri sancır və dayanmadan baş ağrısından şikayət edir.

Sancıdan qıvrılan xəstənin qanlı və irinli gözlərinə uzaqdan baxdı, dodaqlarının ucunda anlaşılmaz bir səs çıxartdı.

- Analizlər?

- Hamısını etmişik.

- Pes...

Çox qısa danışan professorun xəstə gözdən nümunə götürülmüş irini istədiyini anlamışdılar. Professor bəzən istəyini ingiliscə bu cür qısa sözlərlə ifadə edirdi.

Professor otağına getdi. Assistentlər bu sabahkı müayinədən yaxşı qurtarmışdılar. Xəstələrin əsl müayinəsi bundan sonra başlayacaqdı.

İki assistent xəstə gözdən irin nümunəsini götürdüklərini professora xəbər verdilər. Professor mikroskopun üstünə əyildi. Uzun bir müddət eləcə qaldı. Başını mikroskopdan qaldırıb gülümsəyirdi. İllərdir yanında işləyən assistent həkimlər müəllimlərinin gülümsədiyini ilk dəfə idi görürdülər. Professor rəfdəki qalın kitablardan bir neçəsini götürüb bir az vərəqlədi, oxudu. Arabir astadan “Tamam...”, “Bəli...”, “Hmmm...” kimi sözlər deyirdi. Onu ayaq üstə, diqqətlə izləyən iki assistentinə dedi:

- O biri yoldaşları da çağırın, tələbələr də gəlsin!

Professorun otağı tələbə və gənc həkimlərlə doldu. Qaraqabaq, güldüyünü ömründə heç kimin görmədiyi professor bayramda sevinən uşaq kimi idi; yoxsul bir uşağa bayramda heç gözləmədiyi vaxtda hədiyyə verilmiş kimi... O ağırlıqda adam yerində dayana bilmir, sanki qaynayır, mikroskopun ətrafında hoppanırmış kimi o yana-bu yana gedib gəlirdi.

- Uşaqlar, - tələbələrinə və assistentlərinə belə deyirdi, – böyük bir şans... Çox böyük bir şans... Orijinal, olduqca orijinal mikrobla rastlaşmışıq. Çox az görülən, rast gəlinən bir hadisədir. Belə bir hadisəni ömründə heç görməmiş həkimlər çoxdur. Siz hələ tələbə ikən bu cür bir hadisəylə qarşılaşdığınız üçün çox şanslısınız. Bu xəstəliyə milyonda, hətta beş-on milyonda bir rast gəlinir.

Professor əllərini ovuşdurur və tez-tez “orijinal bir mikrob” deyib dayanırdı.

- Bu mikrobu həyatımda ikinci dəfədi görürəm. Parisdə assistentlik etdiyim vaxt mənə professorum göstərmişdi. Xəstə bir Afrika sakini idi. Əgər müdaxilə olmasa bu mikrob gözə düşəndən qırx səkkiz saat sonra göz kor olur. Göz kor olan kimi də ağrılar dayanır. Onun üçün də təcili müdaxilə lazımdır. Assistentindən soruşdu:

- Ağrılar nə zaman başlayıb?

- Dünən səhər başlayıb, dünən gecə xəstəxanaya yerləşdirdik.

- Eh, deməli, müdaxilə olunmasa iyirmi dörd saat sonra gözləri görməyəcək. Ağrı çox qorxuncdur. Çünki mikroblar göz vəzlərinə yerləşib qısa müddətə yetişir və beynin görmə mərkəzinə yayılaraq oranı məhv edər. İndi hamınız sıra ilə gəlin mikrobu yoxlayın.

Assistent və tələbələr mikroskopa əyilib orijinal mikrobu müşahidə edərkən professor da dostluq etdiyi həkimlərə tibb adamlarına telefonla bu hadisəni xəbər verirdi. Xəbər deyil sanki bir müjdə verirdi. Özü əməlli-başlı peşə eşqinin həyəcanına dalmışdı.

- Möhtəşəm... Müdhiş bir şeydi. Hər zaman tapılan və rast gəlinən mikrob deyil. Hə... Deməli, siz heç görməmisiniz? Çox nadir mikrobdu, dostum. Türkiyədə bunu görən həkim olduğunu zənn etmirəm. Böyük bir entuziazm içindəyəm.

Dəstəyi asan kimi yanındakılara dedi:

- Gördünüzmü, deyir ki, o da belə bir orijinal mikrob görməyib. Hamısı da məşhur həkimlərdi, amma bu orijinal mikrobdan xəbərləri yoxdur.

Dayanmadan ora-bura, tibb dərnəklərinə, həkim birliklərinə zəng edir, ordakılara açıqlama verirdi:

- Mikrob açıq havada dərhal ölür, yaşamır. Buna görə də yoluxucu xəstəlik deyil. Yoxsa insanların hamısı dərhal kor olardı. Mikroba diqqət edin.

Mikrobun yaşaması üçün onu çox dəyərli, qiymətli bir əşya kimi qoruyurdu.

Həyəcandan günorta yeməyini belə unutmuşdu. Assistentlərinə mikrobla bağlı tapşırıqlar verirdi. Assistentlərdən ikisi bu orijinal mikrobun min qat böyüdülmüş şəklini çəkməli idi. Digər iki assistent isə tələbələrin də köməkliyi ilə orijinal mikrobu çoxaltmaq üçün kultura (bakteriyaları hazırlamaq üçün mühit) hazırlayacaqdı. Müxtəlif ortamda turşular, yağlar, ət suyu içində təcrübələr edəcək, nəticələri açıqlayacaqdılar. Professor özü isə bir tərəfdən kitabları qarışdırır, bir tərəfdən də qeydlər edirdi.

Həmin gün xəstəxananın göz şöbəsində orijinal mikrobla məşğul olmaqdan başqa bir işlə görülmədi. Tibb bacıları, xəstə baxıcıları, xadimələr belə orijinal mikrobla məşğul idilər. Xəstəxana yaranandan bəri hələ belə hərəkətli, belə canlı bir gün yaşamamışdı. Xəbəri eşidən o biri şöbələrin işçiləri də mikrobu görmək üçün göz şöbəsinə doluşmuşdular. Professor onlara şövqlə danışır, danışır, danışırdı.

Adətən belə olmasa da o gün axşam gec saatlara qədər göz şöbəsində işlədilər. Ertəsi gün fakültədə professorun verəcəyi konfrans üçün hazırlıqlar aparılırdı.

Professor evinə çox gec getdi. Hazırlayacağı elmi araşdırma üçün bütün gecə səhərə kimi çalışdı. Bu iş dünya tibb ədəbiyyatında çox önəmli bir yer tutacaq və çox maraqlı bir elmi araşdırma olacaqdı. O gecə demək olar ki, heç yatmadı. Bir qədər yatdı, onu yarıyuxulu, yarı oyanıq, qarabasmalar içində keçirdi. Tezdən xəstəxanaya qaçdı. Orijinal mikrob yaşayırdımı? Vacib olan göz vəzilərinin xaricində də mikrobu yaşada bilmək və çoxaldaraq təcrübələr keçirtmək idi. Bəli, mikrob çoxalmışdı, bir hissəsi də yaşayır, çoxalırdı.

Professor sevincindən az qala uçurdu. Gülür, qəhqəhələr atır, hər kəsi tərifləyir, hətta xadimələrlə də zarafatlaşırdı.

Fakültə zalında çıxışını xüsusi seçilmiş elm adamları böyük maraqla izlədilər.

Orijinal mikrobun üstündə təcrübələr davam etməkdə idi. Professor bu orijinal hadisəni ölkədən kənardakı məşhur həkim dostlarına, müəllimlərinə və tibb birliklərinə teleqrafla bildirdi.

Göz şöbəsi tam və nümunəvi bir elmi araşdırma mərkəzinə çevrilmişdi. Bütün həkim, assistent və tələbələr professorlarından özlərinə keçən peşə eşqinin coşqusu içində dayanmadan çalışırdılar.

Yuvarlaq və halqa formasında olan orijinal mikrobun yeni mühitdə forma dəyişdirdiyini, incəlib uzandığını müşahidə edən üç assistent bu sevincin təsiri ilə professorun qapısını döyməyi unudub otağına qəfildən girdikləri zaman arxasını onlara çevirib oturmuş müəllimlərinin barmaqlarını şaqqıldadaraq, sevinclə atılıb-düşdüyünü gördülər. Baş verənləri professora danışdılar. Professor dedi:

- Hamını bura çağırın.

Otaq yenidən doldu. Professor bu mövzuda bir kitab yazacağını onlara dedi. Bu vaxt birdən ağlına nəsə gəldi və soruşdu:

- Xəstə necədir?

Xəstənin həkimi olan assistent:

- Ağrıları kəsdi, dedi.

- Yəni?

- Artıq gözləri görmür.

Professor gülümsəyərək dedi:

- Yaxşı mən sizə demişdim. Qırx səkkiz saat içində müdaxilə olmazsa xəstənin gözləri görməz və ağrıları çəkilər. Dünən səhər ağrılar başladığına görə bu gün səhər artıq xəstənin gözləri görməməli idi. Elə deyilmi?

Assistent:

- Bəli... – dedi.

- Elm heç vaxt yanılmır. Mən sizə demişdim.

Professor ardınca assistentləri və tələbələri rəqs edirmiş kimi şən addımlarla orijinal mikrob üzərində yenidən çalışmaq üçün göz şöbəsinin laboratoriyasına girdi.

# 3468 dəfə oxunub

Müəllifin son yazıları

# # #