Məndən 20 qəpik istəyən qoca

Məndən 20 qəpik istəyən qoca
22 sentyabr 2016
# 11:53

Həddən artıq humanistlik sarsaqlıq əlamətidir...

Bunu məndən qabaq deyiblər, yoxsa özümdən uydurmuşam, yadımda deyil, ancaq yaxşı fikirdir...

Bu yazıya bir girişdi, sonrası sürüşdü...

Deməli, metrodan çıxmışam... Kimsə məni çağırır. Nədənsə mənə elə gəlir ki, kimsə mütləq məni çağırmalıdır...

O tərəf-bu tərəfə baxıram. Qoca bir kişidir. Yəni mənə görə qoca ha!!!

- A bala, gir qoluma, - deyir.

Aha, girdim qoluna. Astaca yeriyir, nəsə deyinir.

- Yaxşı eşitmədim, nəsə dediniz? - deyə nəzakət göstərirəm.

Yenə də nəsə mızıldanır. Ən azı yarım metrlik boy fərqimiz var (yaxşı, olsun iyirmi sm)...

- Qulağın ağır eşidir? – deyə o soruşur.

-Qayğılıyam, - deyirəm.

O isə öz növbəsində:

- Soruşuram ki, keçmişi qaytarmaq olar? – deyə yenidən sual edir.

Elə astadan danışır ki, heç Tanrı da onu eşitməz...

- O mənlik məsələ deyil, onluqdur, - deyə yuxarıya –Tanrı oturan künbəzə işarə edirəm.

Gülür:

- Mən də onu deyirəm də... Qırx il bu ölkəyə işləmişəm e...

- Hmmm...

- Nə xeyri!?

Bir az yürüyürük.

- Asta getsənə! Heç bilmirəm, mən səni aparıram, yoxsa sən məni!? –

Yenə də o deyinir, sanki məni muzdla tutub.

“Nəhlət şeytana” – ürəyimdə deyinirəm, “Sənə lazım idi ki, bu qocanı yedəyinə alasan!?”

- Səndə iyirmi qəpik omaz, avtobusa xırdam yoxdu.

- Tapılar, - deyirəm.

Zorla, addım-addım gedirik, elə bil tıxacdayıq...

Nəhayət çatdıq, canım indicə qurtaracaq.

- Əmoğlu, - deyə səkidə oturmuş avtobus sürücüsünə deyirəm, - onluğa xırda olmaz?

Qoca əlimdəki onluğu görüb:

- Özüm xırdalayaram, - deyir.

“Keçəl suya getməz...” – ürəyimdə fikirləşirəm.

Sürücü üzümə elə baxır ki, sanki ona on beş il iş kəsmişəm.

- O qoca üçün pul vermək istəyirəm, amma xırdam yoxdur, -izah edirəm.

Sürücü başa düşür, kabinəyə qalxıb, pulu xırdalayır və qocaya tərəf baxıb deyinir:

- Bunun da işi-gücü yoxdu e, axşama kimi avara-avara gəzir.

Avtobusdan uzaqlaşıram, amma qocanın sözləri qulağımdan sallanır, dayanacağa çatmaq istəyən sərnişin qapıdan asılan kimi, düşmür ki, düşmür:

- Qırx il bu ölkəyə işləmişəm e!!!

Sentyabrın ortası, 2016

# 2044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #